Məhkəmə qərarları › İş №e-2(006)-4573/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4573/2022

06.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4573/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Rövşən Əhmədov mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Rövşən Əhmədov mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilmiş İddiaçı 4927 manat 38 qəpik pulun tutulmasına dair xx.xx.2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyetsredə qeyd edilmiş icra qeydinin ləğv edilməsi, vəkilə ödənilən 100 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu, cəmi 200 manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı cavabdehdən 5000 manat qədər kredit götürmüşdür. Lakin həmin kreditin böyük bir hissəsi geri qaytarılmışdır. Bunlara baxmayaraq Cavabdeh İddiaçıya qarşı Bakı şəhəri 14 Saylı Notariat Kontoru vasitəsi ilə xx.xx.2020-ci il tarixli İcra Qeydini tərtib etdirib və iddiaçıdan 4907 manat pulun ödənilməsi tələb olunur. İddiaçı bu icra qeydindən Nəsimi rayon icra şöbəsində 2022-ci ilin sentaybr ayında məlumat sahibi olmuşdur. Həmin icra qeydi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması səbəbilə ləğv olunmalıdır. İddiaçı cavabdeh "xxxx" ASC-dən 5000 manat kredit alsa da, həmin kreditin böyük bir hissəsini geri qaytarıb, lakin cavabdeh yenə 4907 manat pul tələb edir. Bu isə mübahisəli bir durumdur. Bundan başqa Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarının 161-ci bəndinin 3-cü hissəsində deyilir ki, “Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir”. Belə bir bildiriş iddiaçıya göndərilməyib. İddiaçı bu qeyddən təkcə Nizami Rayon məhkəməsindən ona bildiriş gəldiyi vaxt xəbər tutub. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilmiş İddiaçı 4927 manat 38 qəpik pulun tutulmasına dair xx.xx.2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmiş, bankın Problemli kreditlərlə iş departamentinin direktoru E.Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə proseslərinin çox olması səbəbinə görə baxış iclasında nümayəndənin iştirakının təmin edilməsinin qeyri-mümkün olduğunu qeyd edərək iclasın onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Rövşən Əhmədov məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin, cavabdehin nümayəndəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli 161-xx.xx.2018-003012 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı istehlak məqsədləri üçün 52 ay müddətinə illik 25 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit vermiş, İddiaçı krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddət və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, müqavilədən görünür ki, İddiaçı müqavilənin hər səhifəsi ilə yanaşı, 24-cü bəndində də ünvan və rekvizitləri göstərilməklə “borc alan” qismində müqaviləyə imza etmişdir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli 161-xx.xx.2018-003012 saylı kredit müqaviləsinə Əlavə № 1 olan ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" ASC-dən götürdüyü 5.000 manat kredit məbləğini xx.xx.2018-xx.xx.2022-ci il tarixlərində hər ay 158.40 manat, sonuncu ay, yəni xx.xx.2022-ci il tarixində 155.58 manat ödəməyi öhdəsinə götürmüş, “borc alan” qismində cədvələ imza etmişdir. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli 161-xx.xx.2018-003012 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 637.37 manat, 20 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 4927,38 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 14/A4092 nömrəli bildirişdən görünür ki, İddiaçı tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 4844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) borc məbləği barədə notariusun icra qeydinin aparılması barədə xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, "xxxx" ASC icra qeydi əsasında borcun tutulması barədə ərizə ilə Bakı şəhəri 14 saylı Notariat Kontoruna müraciət etmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli 8İ-975 nömrəli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı 161-11.06 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4907 manat 38 qəpik (dörd min doqquz yüz yeddi manat, otuz səkkiz qəpik), ödənilmiş 20 (iyirmi manat) manat dövlət rüsumu olmaqla, cəmi 4927 manat 38 qəpik (dörd min doqquz yüz iyirmi yeddi manat, otuz səkkiz qəpik) tutulması nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan “Regoin Ekspress”in 025592 nömrəli qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvanına xx.xx.2019, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində göndərilmiş bildirişdə “ünvan bağlıdır” qeyd edilmişdir Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev tərəfindən Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-975 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Mülki işin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu İddiaçı icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Mülki işin materiallarında olan elektron portaldan çıxarışdan görünür ki, borclu İddiaçı adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, borclu İddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 4927.38 manat məbləğində borcun tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli, reyestrdə 8İ-975 nömrə ilə qeyd edilmiş İcra qeydinin icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Sözügedən icra sənədi üzrə heç bir ödəniş aparılmamış və borcun qalığı bu günə 4927.38 manat təşkil edir. Əldə olunmuş məlumata əsasən borclu İddiaçı hal-hazırda "xxxx" MMC-də (VÖEN: **********, hüquqi ünvanı: AZ1007, ünvan 3 işləyir. Digər məcburi icra ödənişləri ilə yanaşı, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2, 63-65-ci maddələrinin tələblərini rəhbər tutaraq, icra sənədini borclunun əmək haqqından birdəfəlik və ya vaxtaşırı tutmalar aparılması üçün iş yerinə göndərməsini, tutulacaq vəsaitin bank rekvizitlərinə (ASAN-3 şöbəsi, filial kod: 805089, müxbir hesab: AZ03NABZ********************, SWİFT code: İBAZAZ2X) köçürülməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin Balcıoğlu Logistik MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 4907.38 manat borc və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-975 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi borclunun əmək haqqısına yönəldilməsi üçün Balcıoğlu Logistik MMC-yə göndərilərək İddiaçı əmək haqqısından hər ay 50% məbləğində tutulması və tutulan məbləğin bilavasitə tələbkar "xxxx" ASC-nin hesabına köçürülməsi, bundan sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən borcludan tutulmalı pul məbləğinin 7% həcmində icra ödənişinin (344.91 AZN) borcludan tutulub Nəsimi rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsi təklif olunmuşdur. Tutulma başa çatdıqda icra vərəqəsində tutulmalar haqqında qeyd aparılmalı və mühasibin imzası və idarənin möhürü ilə təsdiq edildikdən sonra dərhal icra qurumuna qaytarılması qeyd edilmişdir. Mülki işin materiallarında olan sorğu əsasında daxil olmuş Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-975 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, İddiaçı cəmi 4927.38 manat borc tutularaq "xxxx" ASC-nə ödənilməlidir. İcra qeydi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə daxil olmuş və bildiriş tərəfə göndərilmiş, lakin könüllü müddət ərzində tələb borclu tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF sistemi vasitəsilə borclu İddiaçı mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakın olmadığı müəyyənləşdirilmişdir. İcra zamanı müəyyən olunmuşdur ki, iş üzrə borclu Qurbanov X2 Logistik MMC-də çalışır. Nəsimi rayon icra şöbəsi tərəfindən tələbkar "xxxx" ASC-nin xeyrinə göstərilən borcun tutulmasını təmin etmək məqsədilə sözügedən idarəyə xx.xx.2022-ci il tarixdə borclu İddiaçı əmək haqqından tutulması barədə məktub göndərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilən mübahisəsiz hal ondan ibarət olmuşdur ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli 161-xx.xx.2018-003012 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya şəxsi məqsədlər üçün 52 ay müddətinə illik 25 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmiş, iddiaçı isə müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı isə müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bütün səhifələrinə imza etməklə müqavilənin şərtləri ilə razı olduğunu açıq-aşkar ifadə etmişdir. Lakin sonradan iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Cavabdeh Azərbaycan Beynəlxalq Bankı” ASC iddiaçının öhdəliyinin icrasının təmini məqsədilə İddiaçı onun bank qarşısında 4844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) məbləğində icra edilməmiş öhdəliyin mövcud olması barədə və bu öhdəlik 20 gün müddətində icra edilmədiyi halda notariat icra qeydinin aparılması üçün müraciət ediləcəyi barədə bildiriş göndərilsə də bildiriş borclunun ünvanının bağlı olması səbəbindən sonuncuya çatdırılmamış, bununla da iddiaçı onun banka borclu olan məbləği mübahisələndirə bilməmiş və faktiki olaraq bu hüquqdan məhrum olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən icra qeydi cavabdeh "xxxx" ASC-nin müraciəti əsasında verilmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələbləri pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvercilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Notariat ofisi isə ərizə istisna olmaqla ümumiyyətlə heç bir sənəd təqdim edilmədən icra qeydini aparmışdır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri notariat fəaliyyəti baxımından vahid ərazi olduğundan icra qeydinin Bakı şəhəri Nəsimi rayonu ərazisində aparılması qanun pozuntusu hesab edilməməlidir. Belə ki, həm icra qeydini verən notariat ofisinin yerləşdiyi Nəsimi rayonu, həm də borclunun qeydiyyatda olduğu Nizami rayonu Bakı şəhərinin inzibati ərazi vahidləridir, Bakı şəhəri isə notariat fəaliyyəti baxımından vahid dislokasiya ərazisi sayılır. İcra qeydini vermiş notariat orqanının rəsmi adından da göründüyü kimi (Bakı şəhəri 14 saylı Notariat Ofisi) o, Bakı şəhərinin hər hansı bir rayonuna təhkim edilməmişdir və onun fəaliyyəti Bakı şəhərinin bütün ərazisini əhatə edir. Bundan başqa, icra qeydinin Bakı şəhəri daxilində bu və ya digər notariat ofisi tərəfindən aparılması borclunun mahiyyət üzrə hüquqlarına təsir etmir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh "xxxx" ASC iddiaçının öhdəliyinin icrasının təmini məqsədilə İddiaçı tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 4844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) borc məbləğinin mocud olması barədə və 20 gün müddətində həmin borc ödənilmədiyi halda notariat icra qeydinin aparılması üçün müraciət ediləcəyi barədə xx.xx.2019-cu il tarixli, 14/A4092 nömrəli bildiriş göndərsə də İddiaçı həmin bildirişi faktiki əldə etməmişdir və bununla da, iddiaçı onun banka borclu olmasına dair məbləği mübahisələndirə bilməmiş və bu hüquqdan məhrum olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, xx.xx.2019-cu il tarixli, 14/A4092 nömrəli bildirişdə İddiaçı banka 4844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) məbləğdə borcun mövcud olması qeyd edilsə də icra qeydi 4907.38 (əsas borc üzrə 4269.61, faiz borcu üzrə 637.37 manat) məbləğə dair aparılmışdır, yəni belə olan halda bildiriş iddiaçıya çatdırıldığı təqdirdə də, notarius borcun mübahisəsiz olduğuna əmin ola bilməzdi. Bundan əlavə məhkəmə sorğusuna əsasən əldə edilmiş “İcra qeydi”nin aparılmasına dair notariat işində bankın (tələbkarın) “Notariat icra qeydi haqqında” ərizəsi istisna olmaqla başqa sənəd aşkar edilməmişdir, deməli belə çıxır ki, notariusa ümumiyyətlə ərizədən başqa heç bir sənəd təqdim edilməmiş və bununla belə icra qeydi aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın 161-ci bəndinin 10-cu abzasında qeyd edilmişdir ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür. Çünki MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşımaqla yanaşı, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki iş üzrə iş materiallarında olan qaimədən görünür ki, bildiriş iddiaçının ünvanın bağlı olması səbəbindən çatdırılmamışdır. Beləliklə iddiaçının kredit müqaviləsi ilə yaranan öhdəliklərə mübahisənin olub-olmaması müəyyələndirilməmiş, yəni iddiaçı icra qeydinin verilməsi barədə ümumiyyətlə məlumatsız olmuş, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən borcun məbləğinin mübahisəsiz olduğunu araşdırılmadan "xxxx" ASC-nin xeyrinə İddiaçı 4927,38 (dörd min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat pulun tutulmasına dair aparılmış 24 yanvar 2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyestrdə qeyd edilmiş icra qeydi aparılmışdır. Təlimatın 162-ci bəndində qeyd edilmişdir ki, İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin xeyrinə İddiaçı 4927,38 (dörd min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat pulun tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən aparılmış 24 yanvar 2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyestrdə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. İş materiallarından müəyyən olunur ki, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən icra qeydi digər cavabdeh "xxxx" ASC-nin müraciəti əsasında verilmişdir. İcra qeydinin verilməsi üçün cavabdeh "xxxx" ASC-nin müraciəti əsas olmuşdur. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi verərkən İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin xeyrinə İddiaçı 4927,38 (dörd min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat pulun tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən aparılmış 24 yanvar 2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyestrdə qeyd edilmiş icra qeydi ləğv edilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar