Məhkəmə qərarları › İş №e-2(006)-4613/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4613/2021

28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4613/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh1 ASC-yə qarşı «cavabdehlərin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə X7 arasında bağlanmış 16.12.2014-cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması və LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehlər LPO Cavabdeh1 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, 23 iyul 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə X7 arasında bağlanmış 16.12.2014-cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması; bundan sonra LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə xitam verilməsi; bu barədə məlumatların LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdehlər LPO Cavabdeh1 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, 09 avqust 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə X7 arasında bağlanmış 16.12.2014-cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması; bundan sonra LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə xitam verilməsi; bu barədə məlumatların LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, 27 sentyabr 2021-ci il tarixdə İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh1 ASC-nin əsl cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə əsasən sonuncu, digər zamin X2 ilə birlikdə LPO Cavabdeh1 ASC ilə tanışları X7 arasında bağlanmış 16.12.2014-cü il tarixli 1638/14 saylı kredit müqaviləsinə əsasən bankdan götürülmüş kredit üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. LPO Cavabdeh1 ASC tərəfindən X5 illik 27,08 % dərəcəsi olmaqla 18 ay müddətinə bank tərəfindən 10.000 manat məbləğində kredit verilmişdir. Kreditin verilməsindən sonra 2021ci ilin fevral-mart aylarınadək İddiaçı öhdəliyin lazımi qaydada icra olunmaması ilə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi, şifahi və yazılı məlumat verilməmişdir. 2021-ci ilin fevralmart aylarında İddiaçı kredit öhdəliyinin Turan Bayramov tərəfindən lazımınca icra olunmadığı telefon vasitəsi ilə bildirilərək, ondan həmin müqavilə üzrə zamin olduğu üçün borcun ödənilməsi tələb edilmişdir. Kredit ödənişinin hansı səbəbdən icra olunmadığını öyrənmək məqsədi ilə Turab Bayramovla əlaqə saxlanılsa da, o, həmin kredit müqaviləsi üzrə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən dövlət tərəfindən kompensasiya ödənişinin ödənildiyini bildirmişdir. Məhkəməyə təqdim etdikləri kompensasiya məbləğinin sorğulanması barədə çıxarışdan görünür ki, X3 LPO Cavabdeh1 ASC qarşısında kredit müqaviləsi üzrə 01 mart 2019-cu il tarixə əsas borcu 5.997 manat 67 qəpik olmuş, fərmana əsasən borcun azaldılmasına yönəldilmiş məbləğ 529 manat 27 qəpik təşkil etmiş, həmin ödənişdən sonra qalıq borcu 5.468 manat 40 qəpik olmuşdur. Həmçinin həmin çıxarışdan görünür ki, LPO Cavabdeh1 ASC ilə bağlanmış həmin kredit müqaviləsi restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmişdir. Tərəflərindən LPO Cavabdeh1 ASC-yə və onun ləğvedicisi ƏSF-ə dəfələrlə yazılı qaydada müraciətlər olunaraq, həmin kredit müqaviləsinin restrukturizasiya olunub-olunmaması barədə məlumat verilməsi xahiş olunsa da, onlar heç bir əsaslı səbəb olmadan qeyd olunan müraciətlərə guya həmin məlumatlar bank sirrini təşkil etdiyi üçün cavab verilməkdən imtina edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi Bankına da bu barədə müraciət olunaraq cavabdehlərin onların müraciətlərini əsassız olaraq cavablandırmadıqlarını bildirmişlər. Mərkəzi Bank tərəfindən cavabdehlərə həmin müraciətlərin 7 iş günü ərzində cavablandırılması bildirilsə də, bu da nəticəsiz qalmışdır. Daha sonra pandemiya səbəbindən ƏSF-in rəsmi elektron poçt ünvanına da eyni məzmunlu müraciətlər ünvanlasalar da, müsbət nəticəsi olmamışdır. Bir sözlə, ƏSF ləğv edilmiş bankın ləğvedicisi kimi iddiaçının müraciətlərini sanki heçə saymaqda davam edir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpasını təmin etmək arzusundadır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 6.16-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Lakin fərmanın icra olunması ilə əlaqədar mövcud təcrübədə bütün restrukturizasiya olunmalı kreditlərin hal-hazırkı günədək tam restrukturizasiya olunmadığı müəyyən olunmuşdur. Bunun səbəbləri kimi kredit təşkilatları tərəfindən fərmanın tələblərinin lazımınca icra edilməməsi, ölkə üzrə problemli kredit portfelinin həcminin çox böyük olmasına görə buna kifayət qədər vaxtın olmaması və Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilərək onun səlahiyyətlərinin Mərkəzi Banka həvalə edilməsi və s. göstərmək olar. Odur ki, mübahisə predmeti olan kredit müqaviləsinin hansı səbəbdən restrukturizasiya olunmamasını müəyyən etmək və qanunvericiliyin tələbləri pozulmuşdursa həmin pozuntuları aradan qaldırmaq səlahiyyəti hazırkı halda və vaxtda yalnız məhkəməyə aiddir. Yuxarıda qeyd olunan işin faktiki halları və məhkəməyə təqdim etdikləri sənədlərdən də görünür ki, mübahisəli kredit müqaviləsinin vaxtında restrukturizasiya olunmaması, ümumiyyətlə kredit müqaviləsinin lazımınca icra olunmaması barədə ona heç bir məlumat verilməməsi zamin İddiaçı hüquqlarının pozulması ilə nəticələnmişdir. O, bu hüquqpozma nəticəsində öz şəxsi məqsədləri üçün banklardan kredit götürməkdən məhrum olmaqla yanaşı, zamin kimi əlavə xərclərə məruz qalacaqdır. Əgər LPO Cavabdeh1 ASC Turab Bayramovun kredit müqaviləsi üzrə öhdəliyin müəyyən hissəsini, yəni dövlət tərəfindən qarşılanması məqsədi ilə ona dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləği qəbul edib, borcundan silmişsə bu o deməkdir ki, fərmana əsasən dövlətin tətbiq etdiyi güzəştdən yararlanmış, lakin özü vətəndaşa münasibətdə tətbiq etməli olduğu güzəşti etməkdən yayınmışdır. Bu isə hüquqlardan sui-istifadə deməkdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatət verərək, X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Sonradan, X7 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə onun arasında bağlanmış 16.12.2014-cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması; bundan sonra həmin kredit müqaviləsinə xitam verilməsi; bu barədə məlumatların LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddia ərizəsini eynilə İddiaçı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən iddia tələblərinin əsası kimi istinad etdikləri hallara – borcun restrukturizasiya edilməsinə dair banka 2019-cu ilin dekabrın 31-dək müraciət etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, restrukturizasiya ilə bağlı banka 2019-cu ilin dekabrın 31-dən sonra müraciət olunmuşdur. Məlumdur ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. İddia tələblərində də adı qeyd edilən Fərmanla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. Bütün bunlardan başqa, iş üzrə preyudisial əhəmiyyət kəsb edən, məhkəmənin qanuni qüvvəyə minmiş, Azərbaycan Respublikası ərasində icrası məcburi olan qətnaməsi mövcuddur. İş materiallarına əlavə olunmuş Zərdab rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli 2(035)-720/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X5, İddiaçı və X1 qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 6.004 manat 96 qəpik əsas borc, 1.300 manat 76 qəpik faiz, 549 manat 85 qəpik cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.885 manat 57 qəpik məbləğində pulun tutularaq iddiaçı Cavabdeh1 ASC-yə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumları müvafiq olaraq iddiaçıya və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxsə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. İddiaçı iddia ərizəsi üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddia ərizəsi üzrə ödənilmiş 10 manat dövlət rüsumu X5 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar