Məhkəmə qərarları › İş №e-2(006)-4677/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4677/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4677/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Nəcəfov Arazxan Ponu oğlunun, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi İbrahimov Azər İbrahim oğlunun iştirakı ilə İddiaçı Nəcəfov Arazxan Ponu oğlunun cavabdehlər "xxxx" MMC-yə, Qədimbəyli Yusif Qafar oğluna, Qədimov Ənvər Qafar oğluna və Qədimbəyli Yunis Qafar oğluna qarşı «pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nəcəfov Arazxan Ponu oğlu cavabdehlər "xxxx" MMC-yə, Qədimbəyli Yusif Qafar oğluna, Qədimov Ənvər Qafar oğluna və Qədimbəyli Yunis Qafar oğluna qarşı «pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövriyyədəki əşyalarının dəyəri olan 300.000 manatın, 200.000 manat maddi zərərin, 300.000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi 168.000 manat faydanın, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehlər Qədimbəyli Yunis Qafar oğlundan, Qədimov Ənvər Qafar oğlundan, Qədimbəyli Yusif Qafar oğlundan və "xxxx" MMC-dən alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nəcəfov Arazxan Ponu oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildən 2016-cı ilə qədər Sədərək Ticarət Mərkəzində şuba və dəri geyimləri satışı ilə məşğul olmuşdur. İcarəyə götürdüyü 100 m2 mağazaya görə hər ay 6000 manat ödəniş etmişdir. Lakin 2015-ci ilin fevral ayında devalvasiya ilə əlaqədar icarə haqqında gecikmələr olmuşdur. Bu səbəbdən 2016-cı ilin mart ayının 30-da bazarın müdiri Qədimbəyli Yusif mühafizə işçiləri ilə birlikdə onun 300.000 manatlıq şubalarını müsadirə edərək aparmışdır. O, dəfələrlə müraciət edib müsadirə etdikləri şubalarını geri qaytarmalarını istəsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə, cavabdehin qanunsuz əməli nəticəsində onun maddi durumu çox acınacaqlı vəziyyətə düşmüşdür. Belə ki, o, yaşadığı evi "xxxx" ASC-yə girov qoyaraq 100.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində 300.000 manatlıq şubalarının müsadirə edilməsi səbəbindən və 7 il ərzində işsiz qaldığından banka ödəniş edə bilməmişdir. Şuşa Rayon Məhkəməsində həmin işlə bağlı çıxmış qətnaməyə əsasən ondan 78.000 ABŞ dollarında pul tutulması qət edilmişdir və o, sözügedən məbləği ödəyə bilmək durumunda olmadığından hal-hazırda yaşadığı ev hərracda satılmışdır. Bildirmək istəyir ki, həmin ev onun və ailəsinin yeganə yaşadığı yerdir və məhz cavabdehlərin qanunsuz əməlləri nəticəsində onun əlindən çıxmışdır. Belə ki, o, mağazadan istifadə etməklə ticarətlə məşğul olur, həm qazanc əldə edir, həm də dövriyyədəki mallarının sayını artırırdı. Lakin cavabdehlərin onun 300.000 manatlıq şubalarını müsadirə etməsi və illərdir ki, qaytarmaması səbəbindən həm biznesi məhv olmuş, həm 300.000 manatlıq əmlakından (şubalar) məhrum olmuş, həm də biznesinin çökməsi və krediti ödəyə bilməməsi səbəbindən yeganə yaşayış yeri əlindən çıxmışdır. Həmçinin onu da qeyd edir ki, ilk dəfə bu tələblə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir ki, həmin mülki işin gedişində onun şubalarının onlarda yox, "xxxx" MMC-də olduğuna dair arayış təqdim edərək məsuliyyətdən qaçmağa çalışmışlar ki, sonradan o, pulunu "xxxx" MMC-dən tələb etməklə bağlı iddia verərkən həmin arayışdakı imzanın saxta olduğu üzə çıxmışdır ki, bu da cavabdehlərin onun pulunu qaytaramamaq üçün atdığı digər bir qanunsuzluqdur. Halbuki onun 300.000 manatlıq əmlakını müsadirə etməsələr belə bir arayış da təqdim etməzdilər. Bu səbəbdən də hesab edir ki, iddiası tam haqlıdır və cavabdehlərdən tələbində qeyd etdiyi pul tutularaq ona ödənilməlidir. Beləliklə, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona xeyli maddi zərər dəymiş, həm 300.000 manatlıq dövriyyədəki əşyalarından, həm 200.000 manatlıq evindən, həm də 300.000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi faydadan məhrum olmuşdur. Milli bankın 2022-ci il üçün bank uçot dərəcəsi ortalama 7.75 % olmuşdur ki, 300.000 manat məbləğinin 7.75 faizi gündəlik təxminən 6.458 manat edir ki, xx.xx.2016-cı ildə verilən 300.000 manat məbləğdən xx.xx.2022-ci ilədək 2370 gün (79 ay) gecikmə olduğundan, həmin gecikmənin (2370 x 6458 = 15.305.460) və cavabdehlərin də həmin məbləği qəsdən yubatdığından o, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə tam haqlıdır. Beləliklə cavabdehlərin 300.000 manatlıq biznesini və pulunu mənimsəməsi nəticəsində həm biznesindən, həm də qazancından məhrum olmuşdur. Bu səbəbdən cavabdeh ona həm 300.000 manatını, həm 168.000 manat əldən çıxmış faydanı, həm 300.000 manat məbləğinin gecikdirilmiş vaxt üçün illik beş faizi olan 15.305.460 manatı, həm də maddi zərər olaraq evinin dəyəri kimi 200.000 manatı və 2.000 manat mənəvi zərəri ödəməlidir. İddiaçı Nəcəfov Arazxan Ponu oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi İbrahimov Azər İbrahim oğlu məhkəmə iclasında iddianı qəbul etmədi, iddia ərizəsinin əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Qədimbəyli Yunis Qafar oğlu məhkəməyə iddia ərizəsinə etiraz göndərərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli iddia ərizəsi tərəfindən araşdırılmışdır və tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia ərizəsinə iddiada göstərilən halların sübutuna dair məhkəməyə heç bir yazılı sübutun təqdim edilmədiyi görünür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. İddia ərizəsinə əlavə edilən sənədlərin təsnifatını Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsi izah edir. Belə ki, həmin maddəyə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. İddia ərizəsindən göründüyü kimi bu tələb də iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, iddia 4 cavabdehə qarşı yönəlmişdir, lakin kimdən nə istənildiyi və ya istənilən tələbin əsası olan sübutların nədən ibarət olması iddia ərizəsindən aydın olmur. İddia ərizəsinin onların mülahizəsinə əsasən tam perspektivsizliyini də diqqətə çatdırmaqla eyni zamanda bir hüququ fakta da diqqəti yönəltməklə qeyd etmək istəyir ki, iddiaçı tərəfindən iddia müddəti də buraxılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6cı maddəsinin 1-ci bəndində təsbit edilmiş «məhkəmə hüququ» məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (Ashingdane Birləşmiş Krallığa qarşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi «köhnəlmiş» tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Azərbaycan Respubikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında deyilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Qədimbəyli Yusif Qafar oğlu, Qədimov Ənvər Qafar oğlu və Qədimbəyli Yunis Qafar oğlu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Qədimbəyli Yusif Qafar oğlunun, Qədimov Ənvər Qafar oğlunun və Qədimbəyli Yunis Qafar oğlunun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi İbrahimov Azər İbrahim oğlunun izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı Nəcəfov Arazxan Ponu oğlu 2016-cı ilin mart ayının 30-da Y.Qədimbəylinin mühafizə işçiləri ilə birlikdə onun 300.000 manatlıq şubalarını müsadirə edərək apardığını bildirsə də, qeyd olunan mübahisə ilə bağlı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Pənahov Pənah Səməd oğlunun məhkəməyə göndərdiyi, cavabdeh tərəfindən saxta sübut təqdim edilməsi, bu səbəbdən sonuncu barəsində xüsusi qərardad çıxarılması barədə ərizəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi arayış Sumqayıt rayon Məhkəməsinin icraatında olmuş və mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmiş digər işlə bağlı olduğundan, eləcə də, hazırki mülki iş üzrə cavabdehlərin hərəkət və hərəkətsizliyində cinayət əlamətləri aşkar olunmadığından, cavabdehlərin barəsində xüsusi qərardad çıxarıla bilməz. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Nəcəfov Arazxan Ponu oğlunun cavabdehlər "xxxx" MMCyə, Qədimbəyli Yusif Qafar oğluna, Qədimov Ənvər Qafar oğluna və Qədimbəyli Yunis Qafar oğluna qarşı «pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nəcəfov Arazxan Ponu oğlunun cavabdehlər "xxxx" MMC-yə, Qədimbəyli Yusif Qafar oğluna, Qədimov Ənvər Qafar oğluna və Qədimbəyli Yunis Qafar oğluna qarşı «pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində («Elektron məhkəmə» informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar