Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-468/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı «xxxx» ASC-nin xeyrinə dəymiş ziyana görə 1.247 manat 05 qəpik sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət (bank xidməti) haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 tərəfindən idarə olunan, Cavabdeh1 məxsus «Mitsubishi Pajero İO» markalı avtonəqliyyat vasitəsi ilə «xxxx» ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı «İveco Crealis» markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2018-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. «xxxx» tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JN *** dövlət qeydiyyat nişanlı «İveco Crealis» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1.247 manat 05 qəpik müəyyən edilmişdir. «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən «xxxx» ASC tərəfindən dəymiş ziyana görə 1.247 manat 05 qəpik məbləğində sığorta ödənişinin zərər çəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərər çəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərər vuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 27 manat 14 qəpik məbləğində vəsaitin «xxxx» ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, zərər çəkən avtonəqliyyat vasitəsinin təmiri üçün «xxxx» ASC tərəfindən sığortalıya ödənilmiş 1.247 manat 05 qəpik məbləğində vəsaitin subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «xxxx» ASC tərəfindən ona qarşı 1.247 manat 05 qəpik məbləğində dəymiş ziyanın ödənilməsinə görə məhkəməyə iddia yönəldilmişdir. Bununla bağlı qeyd edir ki, zərərin qiymətləndirilməsi ilə əlaqədar zamanında iddiaçı tərəfindən ona heç bir məlumat verilməmişdir və onunla heç bir razılaşdırma aparılmamışdır. Hazırda ziyanın məbləği ilə bağlı ona qiymətləndirmə aktı, sığorta aktı, hadisə yerindən sxem, foto və ya video material təqdim edilməmişdir. Yolnəqliyyat hadisəsinin iştirakçısı kimi bildirir ki, hadisənin digər iştirakçısı «İveco Crealis» markalı sərnişin daşıyan avtobusa hadisə yerində vizual baxışda da əhəmiyyətli zərərin dəymədiyi görünürdü. Bufer hissəsində azacıq cızıq var idi. Heç bir detal zədələnməmişdir və sınmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı tərəfindən dəymiş zərərin əsassız olaraq artırılmasına onda əsaslı şübhələr yaranmışdır. İddiaçı tərəfindən tələb edilən 1.247 manat 05 qəpik məbləğlə razı deyil. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixdə bağlanmış C-MİC-0460/18 nömrəli sığorta müqaviləsinə əsasən «xxxx» MMC-yə məxsus olan «İveco Crealis» markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. Sığorta məbləği 201.449 manat 17 qəpik təşkil etmiş, sığorta xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə etmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 tərəfindən idarə olunan, Cavabdeh1 məxsus «Mitsubishi Pajero İO» markalı avtonəqliyyat vasitəsi ilə «xxxx» ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı «İveco Crealis» markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. xx.xx.2018-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən («xxxx» təmir mərkəzi tərəfindən tərtib olunmuş) «İveco Crealis» markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəymiş ziyanın aradan qaldırılması üçün) 1.056 manat 82 qəpik vəsait tələb olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/6043 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «xxxx» təmir mərkəzinin xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «İveco Crealis» markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1.000 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən «xxxx» ASC tərəfindən 1.247 manat 05 qəpik məbləğində sığorta ödənişinin «xxxx» MMC-yə ödənilməsi qərara alınmış və həmin sığorta ödənişi xx.xx.2019-cu il tarixli ödəniş orderinə (tapşırığına) əsasən «xxxx» MMCnin hesabına köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, Cavabdeh2 tərəfindən mülki hüquq pozuntusu törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1.247 manat 05 qəpik sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. 100 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, vurulmuş zərər yalnız zərəri vurmuş Cavabdeh2 tutulmalıdır. Məhkəmə cavabdehdən tutulmalı olan məbləği müəyyən edərkən, ekspert rəyində qeyd olunan məbləği əsas götürmür. Çünki, «xxxx» təmir mərkəzinin müəyyən etdiyi zərər məbləği (ƏDV xaric) ekspert rəyi ilə müəyyən edilmiş məbləğ arasında cüzi fərq var (qüsur aktında 1.056 manat 82 qəpik, ekspert rəyində 1.000 manat). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.247 manat 05 qəpik sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun. 100 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-468/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-468/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver