Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4699/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkilli Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərin kompensasiyası olaraq 45 000 manat və maddi zərərin kompensiyası olaraq 121,778.85 manat məbləğində itirdiyi qazanc-maddi zərər, 5800 manat məbləğində ailəsinin onun həbsdə olduğu müddətdə çəkdiyi xərclər və hazırda aldığı xəzasətlərin nəticəsi olaraq həkim tərəfindən yazılmış müalicəyə görə 300 manat məbləğində dərman və 1000 manat vəkil xərcləri olmaqla ümumilikdə 173,878 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 157/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş və o dərhal məhkəmə zalından azad edilmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir və hökm qanuni qüvvəyə minmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə saat 02:50-da şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməklə 18 iyun 2025-ci ilədək olmaqla ümumilikdə 02 (iki) il (04) ay 14 (on dörd) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə hökmündən göründüyü kimi, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən döyülmüş və qeyri-insani rəftara məruz qalmışdır. Polis əməkdaşları İddiaçı çəkiliş zamanı onların dediklərinə uyğun hərəkət etməyə və danışmağa məcbur etsə də,İddiaçı ilk 3 çəkiliş zamanı onlarla razılaşmayaraq, narkotik vasitənin ona aid olmadığını dediyi üçün həmin çəkilişlər yarıda kəsilərək, polis əməkdaşları tərəfindən yenidən dözülməz işgəncələrə məruz qalmış və onun qabırğası həmin polis əməkdaşları tərəfindən sındırılmışdır. Bundan sonra İddiaçı işəgəncələrə dözməyərək, məcbur olaraq polis əməkdaşlarının qanunsuz əmrlərinə tabe olaraq video çəkilişdə onların dediklərinə uyğun davranmış və sənədləri imzalamışdır. İddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması və döyülməsi haqqında istintaq zamanı şikayət versə də, həmin şikayət üzrə cinayət işinin başlanılmasının rədd edilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qəbuledilmiş və onun məruz qaldığı işgəncə faktıaraşdırılmayaraq, hüquqi qiymət verilməmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə İddiaçı pis rəftar və işgəncəyə məruz qalmasını faktı öz sübutunu tapmışdır. Belə ki, qeyd olunan hökmlə məhkəmə qeyd edir ki,(hökm - səh.29 ) cinayət işi materiallarında olan 04 fevral 2023-cü il tarixli“şəxsi axtarış və götürmə istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutlardır. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədə-qorxu,aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqətialçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bununla da məhkəmənin qanuni qüvvəsi olan məhkəmə hökmündən görünür ki, Allahverdi Qurbaov polis əməkdaşları tərəfindən qanunsuz və qeyri-insani rəftara məruz qalması nəticəsində fiziki zərərçəkməsi faktı tam sübuta yetirilmişdir. İddiaçı təqsirsiz olmasına baxmayaraq, polis əməkdaşları tərəfindən qeyri-insani və alçaldıcı rəftara məruz qalmış, fizikizorakılığa məruz qalmış, təhqir olunmuş və şərəf və ləyaqətini alçaldan davranışlara məruz qalmışdır. Polis əməkdaşları onu döymüş, ağır işgəncələrə məruz qoyaraq, törətmədiyi əməli etiraf etməyə məcbur etmişdilər. Ona qarşı göstərilən bu rəftar mənəvi sarsıntı keçirməsinə, dərin psixoloji əzab çəkməsinə və fiziki olaraq sağlamlığına zərər yetirilməsinə səbəb olmuşdur. İddiaçı qanunsuz həbsi nəticəsində ciddi fiziki xəsarətlər almış və onun sağlamlığında əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçı həbs edilməsindən təxminən 1 ay qısa müddət sonra onun anası yaşadığısarsıntı və əzab nəticəsində infarkt keçirərək ağır ürək əməliyyatı olmuşdur. Həbsdə olarkən ailəsi maddimənəvi məhrumiyyətlərlə üzləşmiş, ona dövlət orqanlarının səhvi nəticəsində yapışdırılmış “narko tacir” damğası ilə yaşamaq məcburiyyətində qalmışdır. Qanunsuz həbs edildiyindən şəxsiyyətinə və mənliyinə elə zərbə vurmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışır. Həyatın istənilən sferasında bunu hiss edir. İddiaçı qanunsuz olaraq, 02 (iki) il 04 ay (04) ay 14 (on dörd) gün həbsdə saxlanılmışdır. Bu müddət ərzində həm mənəvi olaraq əzab çəkmiş həm də, azadlıqda olduğu müddətdə əldə etdiyi qazancdan məhrum olmuşdur. Belə ki, həbs olunmamışdadn əvvəl İddiaçı fərdi olaraq kondisoner və soyuducu təmiri ilə məşğul olmuşdur. Onun “atb” bankda olan AZ03AZRT******************** nömrəli hesabından 12 avqust 2025-ci il tarixli çıxarışdan görünür ki, o fərdi əməyinin qarşılığında xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan 07 aylıq dövr ərzində yalnız kartına olan mədaxil məbləği 8,669.07 manat, "xxxx"da olan AZ70RBTA******************** nömrəli hesabından olan çıxarışdan isə görünür ki, 25 iyul 2022-ci ildən 05 sentyabr 2022-ci ilədək olan dövr ərzində isə 34366 (otuz dörd min üç yüz altımış altı) manat təşkil etmişdir. Hesab məlumatlarından göründüyü kimi, İddiaçı 2022-ci il ərzində fərdi əmək nəticəsində ümumilikdə 43035 manat olmaqla aylıq təxminən 3500 (üç min beş yüz) məbləğində qazanc əldə etmişdir. Hazırda İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi vəzifəsində çalışır, eyni zamanda fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmağa davam edir. Onun bu vəzifə üzrə aylıq əmək haqqı 613 manat təşkil edir. Bununla yanaşı, həbsindən əvvəl olduğu kimi, fərdi qaydada kondisioner və soyuducu təmiri ilə də məşğuldur. Bu fəaliyyətlərdən əldə etdiyi ümumi aylıq gəlir təqribən 4200 manat (613 manat rəsmi əməkhaqqı + 3586 manat fərdi gəlir) təşkil etmişdir. Beləliklə, əgər İddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməsəydi, 29 ay ərzində hər ay orta hesabla 4200 manat gəlir əldə edərək ümumilikdə 121,778.25 manat (yüz iyirmi bir min yeddi yüz yetmiş səkkiz manat iyirmi beş qəpik) qazanc əldə etmiş olardı. Bundan əlavə, İddiaçı həbsdə saxlanıldığı 29 ay ərzində ailəsi ona ayda 1-2 dəfə baş çəkmişdir. Hər dəfə Bakı İstintaq Təcridxanasına onun üçün təxminən 200 manat dəyərində sovqat təqdim edilmişdir.Ümumilikdə 29 ay ərzində göndərilən sovqatın ümumi dəyəri təqribən 5800 manat təşkil etmişdir. Bu sovqatların dəyəri Təcridxana əməkdaşları tərəfindən rəsmi qaydada qeydiyyata alınmışdır (sovqat olaraq) Anasının onun qanunsuz həbsi nəticəsində infarkt keçirərək əməliyyat olunmuş və hazırda müalicə olunur. Beləliklə, Allahverrdi Qurbanov ona dəymiş maddi ziyanın əvəzi olaraq, 121,778.85 manat itirdiyi qazanc-maddi zərər, 5800 manat məbləğində ailəsinin onun həbsdə olduğu müddətdə çəkdiyi xərclər və hazırda aldığı xəzasətlərin nəticəsi olaraq həkim tərəfindən yaılmış müalicəyə görə 300 manat məbləğində dərman və 1000 manat vəkil xərcləri olmaqla, ümumilikdə (resept və qəbz qoşma hissəsində əlavə olunur) maddiziyan və mənəviziyan olmaqla 173,878 (yüz yetmiş üç min səkkiz yüz yetmiş səkkiz min) manat zərərə məruz qalmışdır. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkilli Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə’’də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 Ne-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Həmçinin iddiaçı bəraət aldığını qeyd etsə də lakın bununla bağlı hər hansı müvafiq sübutları iş materiallarına əlavə etməmişdir. Qeyd olunlara əsasən iddia tələbinin tam həcmdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 164/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-157/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlin təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı İnstintaq təcridxanasında cəza çəkmiş və xx.xx.2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə həbs qərarı ilə həbs qətimkan tədbiri ləğv edilərək azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sitemi iş yerinə dair arayışın surətindən görünür ki, "xxxx" MMC-də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanılmış və 613 manat əmək haqqı olmaqla nəzarətçı vəzifəsində çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sitemi iş yerinə dair arayışın surətindən görünür ki, “X2 ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixə kimi 123 manat əmək haqqı olmaqla əməliyyatçı vəzifəsində çalışmışdır. İş materiallarında olan "xxxx" ASC-də olan AZ70RBTA******************** nömrəli hesabından xx.xx.2025-ci il tarixli olan çıxarışın surətindən görünür ki, 25 iyul 2022-ci ildən 05 sentyabr 2022-ci ilədək olan dövr ərzində İddiaçı kartına olan mədaxil məbləği 34366 manat təşkil etmişdir. İş materiallarında olan “Atb” bankda olan AZ03AZRT******************** nömrəli hesabından 12 avqust 2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində yalnız kartına olan mədaxil məbləği 8669.07 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Ağı Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. Məhkəmə, İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçının barəsində xx.xx.2023-cü il tarixdən “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli isə xx.xx.2023-cü il tarixdən olmaqla xx.xx.2025-ci il tarixədək (02 il 04 ay 14 gün=28 ay, 14 gün) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1000 manat hesablanmaqla 28500 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etmədiyinə görə, məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Beləki, maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutlar olmalıdır. İddiaçının “fərdi əmək nəticəsində aylıq 4.500 manat olmaqla cəmi 121.778.25 manat qazanc əldə edilməsinə və 5800 manat və 300 manat əlavə xərcinə” münasibətdə məhkəmə hesab edir ki, qanunsuz həbsdə qaldığı müddətdə vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddianın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəldilməsi hissəsində qeyd edir ki, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, bu ifadə ilə dövlət nəzərdə tutulur, dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ödənilmiş pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 1000 manat De Fendo Vəkil Bürosuna ödənilməsi razılıq əldə edilmiş, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qəbzlərlə qeyd edilən pul məbləği ödənilmişdir.Mülki-Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki,iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən ödənişə görə onun xeyrinə cavabdehdən 500 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 28500 manat məbləğində mənəvi zərərin əvəzi, 500 manat hüquqi yardımla bağlı vəkilə ödənilən pul ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 28500 manat və hüquqi yardımla bağlı vəkilə ödənilən 500 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-4699/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4699/2025
04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver