Məhkəmə qərarları › İş №e-2(006)-4701/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4701/2025

15.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4701/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil İnstitutuna qarşı qərarın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil İnstitutuna qarşı qərarın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 iyun 2025-ci il tarixdə Lisey və Gimnaziyalara qəbul olunmaq üçün mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etmiş X1 imtahan nəticələrinin ləğv olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın X3 hissəsində etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, övladı X3 27 iyun 2025-ci il tarixdə Lisey və Gimnaziyalara qəbul olunmaq üçün mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etmiş və əsas imtahanda 45 suala düzgün cavab verərək mümkün 50 baldan 50 bal toplamışdır. Nəzərə alınsa ki, azyaşlı uşaq verəcəyi imtahan üzrə hazırlıqlara getmiş, imtahan zamanı həyacan keçirmiş və buna görə də o, bir valideyn kimi azyaşlı uşağın imtahan nəticələrindən razı qalaraq onu rayonların birində yerləşən kəndə yay istirahətinə göndərmişdir. Bir müddət keçdikdən sonra cavabdeh zəng edərək azyaşlı uşağı 17 iyul 2025-ci il tarixdə keçiriləcək yeni imtahana dəvət etmişdir. Yeni keçiriləcək imtahanın nəyə görə keçiriləcəyi barədə heç bir məlumatı olmasa da, azyaşlını kənddən istirahət etdiyi yerdən imtahana gətirmişdir. Həmin yeni imtahandan sonra belə məlum olub ki, guya Lisey və gimnaziyalara qəbul üzrə keçirilmiş mərkəzləşdirilmiş imtahanın nəticələrinin təhlili zamanı müəyyən edilmiş uyğunsuzluqlar əsasında övladı əlavə araşdırmaya cəlb olunmuşdur. Ona görə bu araşdırmanın nəticəsi olaraq təkrar qiymətləndirmə aparılmışdır. Təkrar qiymətləndirmənin nəticələri, əsas imtahanla müqayisədə ciddi fərq təşkil etdiyindən, bu vəziyyət komissiya tərəfindən əhəmiyyətli uyğunsuzluq kimi dəyərləndirilmiş və azyaşlının imtahan nəticəsinin ləğv olunmasına qərar verilmişdir. Cavabdehin əsası isə ondan ibarətdir ki, “təkrar qiymətləndirmə zamanı komissiya tərəfindən əsas imtahanda təqdim olunan suallarla eyni və ya oxşar səviyyədə bilik və səriştələri ölçən tapşırıqlar təqdim edilmiş, əsas imtahanda 45 suala düzgün cavab verərək mümkün 50 baldan 50 bal toplayan şagird, təkrar qiymətləndirmə zamanı 10 sualdan yalnız 3 suala düzgün cavab verərək 30% nəticə göstərmiş, təqdim olunan 10 sualdan 3-ü imtahan zamanı şagirdin cavab kitabçasında yer alan, yəni əvvəlki mərhələdə doğru cavab verdiyi sualların analoqları olmuş və buna baxmayaraq, şagird həmin sualların da yalnız 1-ni doğru cavablandırmışdır. Ona görə də, təkrar qiymətləndirmənin nəticələri, əsas imtahanla müqayisədə ciddi fərq təşkil etdiyindən, bu vəziyyət komissiya tərəfindən əhəmiyyətli uyğunsuzluq kimi dəyərləndirilmiş və azyaşlının imtahan nəticəsinin ləğv olunmasına qərar verilmişdir. Belə ki, yuxarda qeyd etdiyi məlumatları cavabdehə ünvanladığı mürciətə cavab aldıqdan sonra bilmişdir. Bundan sonra həmin azyaşlının imtahan nəticələrinin ləğv olunması barədə qərarı əldə etmək üçün dəfələrlə müraciət etsə də, bu günədək həmin qərarı əldə edə bilməmişdir. Həmçinin onu da qeyd edir ki, cavabdeh tərəfindən azyaşlı barəsində hərəkətlər nə təhsil haqqında qanunda, nə də ki, mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydalarında nəzərdə tutulmamışdır. Digər tərəfdən, cavabdeh nəzərə almamışdır ki, azyaşlı 10 yaşı uşaq test üsulu ilə imtahana hazırlaşmış, imtahan vermiş nəticə əldə etmişdir. Sonradan ona məlum olmayan və onun təqsiri olmadığı səbəbdən nəticələri ləğv olunaraq təkrar açıq imtahana cəlb olunmuş və nəticə əldə edə bilməmişdir. Görünür azyaşlı çəkdiyi əziyyətin bir andaca ləğv olunmasından stressə düşmüş, ilk imtahandan sonra arxayınlaşaraq bildiklərinin bir hisəssini unutmuş, həmçinin heç bir hazırlığa getmədən ikinci imtahanda iştirak etmiş və nəticə əldə etməmişdir. Baxmayaraq ki, ikinci imtahan suallarının vərəqindən görünür ki, azyaşlı bütün sualların üzərində çalışma aparmış, lakin psixoloji sarsıntı və həyacan keçirtdiyi üçün nəticələri səhv olmuşdur. Birinci imtahan ilə ikinci imtahanın sualları da fərqli olmuş, ikinci imtahanın suallarının bəziləri isə olimpiada keçirilən zamanı təqdim olunan imtahan suallarına oxşarı olmuşdur. X1 Lisey və gimnaziyalara qəbul üzrə keçirilmiş mərkəzləşdirilmiş imtahanın nəticələrinin ləğv olunması barədə qərar oğluna aid hissədə etbarsız sayılmalı və məhkəmə tərəfindən müvafiq qaydada qətnamə qəbul olunmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Təhsil İnstitutuna qarşı hazırkı iddianın ümumi məhkəməyə aidiyyətini müəyyən etməyə əsas verən hal yoxdur. Belə ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli 1107 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun bazasında yaradılmışdır. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, fasiləsiz fundamental və tətbiqi tədqiqatlar həyata keçirən, təhsilin bütün pillələri üçün məzmun hazırlayan, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi sahəsini, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri, praktiki məsələləri araşdıran elmi-tədqiqat müəssisəsidir. Məhkəmə hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu fəaliyyətindən irəli gəlmişdir. Odur ki, məhkəmə mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranan münasibətlər inzibati mübahisə kateqoriyasına aid olduğundan, tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq inzibati məhkəmədə baxılmalıdır Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil İnstitutuna qarşı qərarın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil İnstitutuna qarşı qərarın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar