Məhkəmə qərarları › İş №e-2(006)-4736/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4736/2025

20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4736/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində İddiaçı əmək qazancının itirilməsinə görə 26.000 (iyirmi altı min) manat, “Verdiktum” Vəkil Bürosu ilə hüquqi yardıma görə bağlanmış müqavilələrlə bağlı ödənilmiş 950 (doqquz yüz əlli) manat və mənəvi zərərə görə 50.000 (əlli min) manat olmaqla, ümumilikdə 76.950 (yetmiş altı min doqquz yüz əlli) manat məbləğində ziyanın dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, İddiaçı guya satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıma cinayəti törətmişdir. Belə ki, ittiham aktına əsasən İddiaçı satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 2,273 qram kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Sabunçu RPİ-nin 13cü Polis Bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Bravo” marketin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 2,273 qram satış məqsədi olmadan saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə istintaqı zamanı toplanmış sübutlar göstərmişdir ki, ittiham əsassızdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 1(101)-512/2023 saylı hökmü ilə İddiaçı CM-nin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) üzrə törətməkdə ittiham olunduğu əmələ görə tam bəraət almışdır. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar etibarsız olub, cinayət təqibi qanunsuz metodlarla aparılmışdır. Belə ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən İddiaçı barəsində əsassız cinayət işi başlanmış, sübutlar saxtalaşdırılmış və o, 1 il 1 ay 9 gün müddətində əsassız olaraq həbsdə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cinayət işi açıq-aşkar əsassız, qanunsuz və qərəzli xarakter daşıyır və bunun nəticəsi olaraq barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmənin çıxardığı bəraət hökmü tam əsaslı və qanuni olmuşdur. Hesab edirlər ki, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı ciddi zərərə məruz qalmışdır. Cinayət təqibi prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində onun konstitusion hüquqları kobud şəkildə pozulmuş, ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Həmçinin qanunsuz cinayət təqibi və həbs onun ictimai mövqeyinə, şəxsi etibarına və əmək münasibətlərindəki sabitliyə ciddi şəkildə zərbə vurmuş, əlavə olaraq bu hallar ailə üzvlərinin də nüfuzuna və sosial çevrədə onlara münasibətə mənfi təsir göstərmişdir. Nəticədə iddiaçıya dəymiş maddi, fiziki və mənəvi ziyan dövlət tərəfindən, cinayət prosesi həyata keçirən orqanlar vasitəsilə ödənilməlidir. Cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində İddiaçı həbsdə saxlanıldığı müddətdə onunla görüşlərin təşkili, sovqatların göndərilməsi, məhkəmə iclaslarında iştirak və hüquqi yardımın göstərilməsi məqsədilə ailəsi tərəfindən əhəmiyyətli xərclər çəkilmişdir. Həmçinin, iddiaçı qanunsuz həbs və cinayət təqibi səbəbindən uzun müddət əmək fəaliyyətindən kənarda qalaraq qazanc əldə etmək imkanını itirmişdir. Yuxarıda qeyd olunan halların hər biri iddiaçıya maddi zərərin dəyməsi ilə nəticələnmişdir. İddiaçı azadlıqda olduğu dövrdə əmək fəaliyyətini qəssab kimi həyata keçirmiş, bu işdən orta hesabla aylıq təxminən 2.000 manat qazanc əldə etmişdir. Onun 1 il 1 ay 9 gün (təxminən 13 ay) qanunsuz həbsdə saxlanılması nəticəsində müntəzəm gəlir mənbəyindən məhrum edilməsi, əmək fəaliyyətinə qayıtmaq imkanlarının məhdudlaşması və həyatının normal axarından çıxması nəticəsində əhəmiyyətli maddi ziyanla üzləşdiyi aydın görünür. Qanunsuz cinayət təqibi ilə əlaqədar olaraq iddiaçının hüquqlarını müdafiə etmək məqsədilə müxtəlif mərhələlərdə vəkil xidmətlərindən istifadə olunmuşdur. Müqavilə əsasında 1-ci instansiya məhkəməsində bir vəkil, apellyasiya instansiyasında iki vəkil, Ali Məhkəmədə isə bir vəkil iddiaçının hüquqlarının müdafiəsini həyata keçirmişdir. Bundan başqa hazırki iş üzrə də hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq müqavilə əsasında vəkillə təmsil olunmaqdadır. Bu vəkillərin xidmət haqları üzrə bağlanmış müqavilələr və təqdim olunmuş qəbzlər əsasında ümumilikdə 950 (doqquz yüz əlli) manat vəsait ödənilmişdir. Bu yalnız xidmət haqqı üçün ödənilmiş minimum məbləğdir, burada yaranmış və ödənilmiş əlavə xərclər nəzərə alınmamışdır. Göstərilən xərclər cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri ilə birbaşa əlaqədar yaranmış və zəruri hüquqi müdafiənin təmin olunması məqsədi daşıdığı üçün maddi ziyanın bir hissəsi kimi kompensasiya olunmalıdır. Xüsusilə qeyd olunmalıdır ki, İddiaçı həbsdə saxlanıldığı dövr ərzində psixoloji baxımdan son dərəcə ağır vəziyyətlə üzləşmiş, uzunmüddətli əsassız həbs və qeyri-insani şəraitdə qalması nəticəsində ciddi mənəvi sarsıntılar keçirmişdir. Həbsdən azad olunduğu gündən etibarən onun psixoloji gərginlik, davamlı stress və sosial adaptasiya problemləri yaşadığı müşahidə olunmuş, bu hallar gündəlik həyat fəaliyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərmişdir. İddiaçı ilk gündən – saxlanıldığı andan başlayaraq cinayət təqibi həyata keçirən şəxslərin qanunsuz hərəkətləri və rəftarına məruz qalmış, onun müdafiə və digər prosessual hüquqları pozulmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının işgəncələrə məruz qalması, fiziki zor tətbiqi ilə üzərinə narkotik vasitə qoyulması və saxta etiraf alınması halları aşkara çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmünün təsviri və nəticəvi hissələrində də göstərilmişdir ki, cinayət təqibi orqanlarının kobud səhvi nəticəsində barəsində bəraət hökmü çıxarılan şəxsə vurulmuş ziyanın ödənilməsi hüququ vardır və bu hüquq ona izah edilmişdir. İddiaçının bəraət aldığı cinayət işində mövcud olan materiallar təsdiq edir ki, istintaq zamanı o, fiziki zorakılığa məruz qalmış və bu hallar məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Ekspertiza rəylərində iddiaçının bədənində müxtəlif dərəcəli xəsarətlər – döymə nəticəsində yaranmış hematomlar və qançırlar aşkarlanmışdır. Həmçinin, istintaq materiallarında əks olunmuş ifadəsində iddiaçı barəsində işgəncə, təhqir və qeyri-insani rəftar hallarını açıq şəkildə bildirmişdir. Bu faktlar onun fiziki və mənəvi iztirablar yaşadığını sübuta yetirən mühüm dəlillərdir və kompensasiya tələbinin hüquqi əsasını təşkil edir. Nəticə etibarilə, yuxarıda izah edilən hallar bir daha təsdiqləyir ki, iddiaçı – bəraət almış şəxs İddiaçı əsassız cinayət təqibi nəticəsində ağır fiziki və mənəvi iztirablara məruz qalmış, onun şərəf və ləyaqəti ləkələnmiş, istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qalaraq müxtəlif sənədlərə oxumadan və iradəsinə zidd olaraq imza atmağa məcbur edilmişdir. Həyatının bir ildən artıq bir müddəti ailəsindən, normal ictimai münasibətlərdən və azadlıqdan məhrum edilmiş şəkildə keçmişdir. Bu səbəbdən onun fundamental hüquq və azadlıqları pozulmuş, eyni zamanda mənəvi-psixoloji durumuna ağır zərbə vurulmuşdur. İddiaçının yaşadığı mənəvi iztirablar nəzərə alınmaqla, mənəvi zərər 50.000 (əlli min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı münasibətdə bu maddədə nəzərdə tutulmuş hüquqi nəticələr baş vermişdir – o, cinayət məsuliyyətinə qanunsuz cəlb edilmiş, qəti imkan tədbiri kimi həbs olunmuş və nəticədə barəsində bəraət hökmü çıxarılmışdır. Bu səbəbdən, Azərbaycan Respublikası onun maddi və mənəvi zərərinin tam həcmdə ödənilməsinə məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan hallar göstərir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası və ona dəymiş ziyanın kompensasiya edilməsi hüquqi baxımdan labüddür. İddiaçı barəsində çıxarılmış bəraət hökmü onun günahsızlığını təsdiq etməklə yanaşı, cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində hüquqlarının kobud şəkildə pozulduğunu da ortaya qoymuşdur. Yuxarıda qeyd olunan faktlar, hüquqi arqumentlər və sübutlarla təsdiqlənən hallar göstərir ki, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində İddiaçı həm maddi, həm də mənəvi ziyan dəymişdir və bu zərərin kompensasiyası qanunvericiliyin tələblərinə tam uyğundur. Bu baxımdan, İddiaçı qəssab kimi fəaliyyət göstərdiyi dövrdə orta aylıq qazancı təxminən 2.000 (iki min) manat təşkil etdiyindən, 13 ay müddətində qanunsuz həbsdə saxlanılması nəticəsində əmək fəaliyyətindən məhrum qalaraq itirdiyi 26.000 (iyirmi altı min) manat qazanc, hüquqi yardım və vəkil xərcləri üçün çəkilmiş və müvafiq sənədlərlə təsdiqlənən 950 (doqquz yüz əlli) manat, həmçinin fiziki zorakılığa və işgəncəyə məruz qalması, azadlıqdan və ailə həyatından məhrum edilməsi, ictimai nüfuz və şəxsi etibarına dəyən zərərin nəticəsi olaraq qiymətləndirilmiş 50.000 (əlli min) manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 76.950 (yetmiş altı min doqquz yüz əlli) manat məbləğində ziyanın Azərbaycan Respublikası tərəfindən, dövlət büdcəsi vəsaiti hesabına, birbaşa zərərçəkmiş şəxs – İddiaçı ödənilməsini ədalətli və hüquqi baxımdan zəruri hesab edir.

3. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi etirazla məhkəməyə müraciət edərək, İddiaçı maddi ziyana görə 26.950 manat və mənəvi ziyana görə 50.000 manat məbləğində kompensasiyanın Maliyyə Nazirliyindən ödənilməsi barədə iddia tələbinin Maliyyə Nazirliyinə aidiyyəti olmadığıdan həmin tələbin rədd edilməsi, işə əsl cavabdeh şəxslərin (orqanların) cavabdeh qismində cəlb olunmaqla, iddia tələbinə onlara münasibətdə baxılmaqla müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın olur ki, iddiaçıya qarşı Maliyyə Nazirliyi tərəfindən hər hansı hüquq pozuntusu və qanunazidd hərəkət törədilmədiyi halda, iddiaçı tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə qarşı irəli sürmüş, hüquq pozuntusu ilə əlaqəli şəxslərə qarşı konkret olaraq tələb irəli sürülməmişdir. Halbuki, iddia tələbi Mülki Prosessual Məcəllənin tələblərinə görə əsl cavabdehə yönəldilməlidir. Həmin iddia tələbi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı yönəldilməli olmadığından, habelə iddia tələbi üzrə Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunsuz hərəkət və hərəkətsizliyə yol verilmədiyindən rədd edilməlidir. Belə ki, iddia tələbi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericilikdən irəli gəldiyindən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, praktikada fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, qanunda “müvafiq icra hakimiyyəti orqanı” qismində, Maliyyə Nazirliyi müəyyən edilməmişdir. Buna görə də hesab edirlər ki, iddiaçıya dəymiş ziyan buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən ödənilməlidir. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti şəxslər və ya cinayət prosesini həyata keçirən müvafiq orqanlar çıxış etməlidir. Digər tərəfdən sözügedən məhkəmə praktikasında bu tipli məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia tələbi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, bildirdi ki, iddiaçı qeyri-rəsmi qəssab kimi fəaliyyət göstərdiyi üçün hazırda əmək fəaliyyətindən məhrum qalması nəticəsində dəymiş maddi zərərlə bağlı sübutları yoxdur. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı ailəsinin dolanışığını təmin etmək məqsədilə hər halda hansısa fəaliyyətlə məşğul olmuşdur. Bu səbəblə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-512/2023 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən, barəsində bəraət hökmü çıxarılmış İddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi və s. hökm edilmişdir.

9. Hüquqi yardımın göstərilməsi haqqında 192 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X1 müraciəti əsasında vəkil X5 tərəfindən İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə 130 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir.

10. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X4 tərəfindən 150.00 manat məbləğində cari hesabın artırılması əməliyyatı həyata keçirilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 128/2024 saylı Qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9 tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmaması, iş üzrə Bakı Ağır Cinayətlər Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 1(101)-512/2023 saylı hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Hüquqi yardımın göstərilməsi haqqında 542 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X2 müraciəti əsasında Vəkil tərəfindən İddiaçı Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə 150 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir.

13. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X7 tərəfindən 150.00 manat məbləğində cari hesabın artırılması əməliyyatı həyata keçirilmişdir.

14. Hüquqi yardımın göstərilməsi haqqında 539 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X2 müraciəti əsasında vəkil X5 tərəfindən İddiaçı Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə 150 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir.

15. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X7 tərəfindən 150.00 manat məbləğində cari hesabın artırılması əməliyyatı həyata keçirilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-1667/2024 saylı Qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Hüquqi yardımın göstərilməsi haqqında 380 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Vəkil tərəfindən İddiaçı AR Ali Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə 200 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir.

18. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 200.00 manat məbləğində vəkil qonorarı ödənilmişdir.

19. Hüquqi yardımın göstərilməsi haqqında 93 nömrəli xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Vəkil tərəfindən İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə 300 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir.

20. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 300.00 manat məbləğində cari hesabın artırılması əməliyyatı həyata keçirilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

21. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə Bakı Ağır Cinayətlər Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən sonuncu qanuni qüvvəsini almışdır.

22. Hazırda İddiaçı qanunsuz azadlıqdan məhrum etmə nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, azadlıqda olsaydı qəssab kimi əmək fəaliyyətini həyata keçirməklə əldə edə biləcəyi orta hesabla aylıq 2.000 manat, təxminən 13 ay müddətinə 26.000 manat qazancdan məhrum olduğundan, bundan əlavə, yaranmış hüquqi yardımın göstərilməsi zərurəti ilə bağlı 950 manat məbləğində xərc çəkdiyindən, ümumilikdə, 26.950 manat məbləğində maddi, 50.000 manat məbləğində mənəvi zərərin ona ödənilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

23. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 1 il 1 ay 9 gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.

24. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

25. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır.

26. İddiaçı qəssablıq edərək ayda orta hesabla 2.000 manat qazandığını, buna görə də həbsdə olduğu müddət ərzində 26.000 manat gəlirdən məhrum olduğunu bildirsə də, o, bu zərərin real olmasını sübuta yetirməmiş, rəsmi iş yerinin və gəlirinə dair sübutların olmadığını bildirmişdir.

27. İddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməsi səbəbindən vəkil xidmətlərindən istifadə nəticəsində ona 650 manat maddi zərər dəyməsini təsdiq edən mötəbər sübutları (Bakı Ağır Cinayətlər Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardım göstərilməsi haqqında müqavilələr və qəbzlər) məhkəməyə təqdim etmişdir. Bu müqavilələrdən üçü bilavasitə iddiaçının özü tərəfindən imzalanmasa da və ödəniş özü tərəfindən edilməsə də, hər bir halda onun mənafeyi üçün bağlanmışdır, ödənilmişdir və bu səbəblə məhkəmə hesab edir ki, həmin məbləğlər iddiaçının xeyrinə tutulmalıdır.

28. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 650 (altı yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

29. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 1 il 1 ay 9 gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddiaçının barəsində qanunsuz aparılan cinayət işi və iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi 50.000 (əlli min) manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Məhkəmə iş üzrə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 13.300 (on üç min üç yüz) manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 13.300 (on üç min üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

30. İddiaçı hazırki iş üzrə hüquqi yardım göstərməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pulu tələb etsə də, məhkəmə hesab edir ki, həmin ödəniş hazırki iş üzrə məhkəmə xərci kimi qiymətləndirilməli və iddia qismən təmin olunduğundan pulun 200 (iki yüz) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli, məhkəmə xərcinin qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

31. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

32. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

33. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

34. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

35. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

36. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.

37. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0.2-56.0.3. Bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

38. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

40. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

41. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

42. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

43. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

44. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

46. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 650 (altı yüz əlli) manat, mənəvi zərərin əvəzi kimi isə 13.300 (on üç min üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilmiş hüquqi yardım xərcinin 200 (iki yüz) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli, xərcin qalan hissəsi İddiaçı aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə:

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 650 (altı yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 13.300 (on üç min üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş hüquqi yardım xərcinin 200 (iki yüz) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilsin, xərcin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar