Məhkəmə qərarları › İş №e-2(006)-4763/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4763/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4763/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Əliyev küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə “Opel Astra” markalı, ** DP *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yolnəqdiyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Abşeron RPİ-nin İXP ******* saylı protokola əsasən “Mercedes Benz 190” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh idarəetmə hüququ olmadığı (sürücülük vəsiqəsi və etibarnamə) barəsində İXM-nin 332.1-ci və 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbirləri görülmüşdür. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı ** DP *** dövlət nömrə nişanlı avtomobilə dəmiş zərərə görə PME ********** nömrəli sığorta şəhadətnaməsinə, xx.xx.2020-ci il tarixli İAS 200604 saylı sğorta ödənişi aktına əsasən “xxxx” ASC tərəfindən 1100 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 1100 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və 30 manat dövlət rüsumu, ümumilikdə 1130 manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə göndərilmiş bildiriş onun tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, məhkəməyə iddia ilə bağlı etiraz ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Mercedes Benz 190» minik markalı **-XE-*** dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır. İş üzrə Abşeron RPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 12.15 radələrində “Mercedes Benz 190” minik markalı, ** XF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. İş üzrə icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PME ********** nömrəli icbari sığorta haqqında şəhadətnaməsinə əsasən “Mercedes Benz 190” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. İş üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən «Opel Astra» markalı ** DP *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 1110 manat ziyan dəymişdir. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, İAS200604 saylı sığorta ödənişi aktına əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X5 tərəfindən idarə etdiyi «Opel Astra» markalı ** DP *** dövlət nömrə nişanlı avtomaşına 1110 manat ziyan dəymiş və bununla bağlı 1110 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, «xxxx» ASC tərəfindən X2 xx.xx.2020-ci il tarixli İAS200604 saylı sığorta aktına əsasən 1110 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə «xxxx» ASC tərəfindən Cavabdeh və X3 ünvanlanmış məktubundan görünür ki, “Mercedes Benz 190” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsində “Opel Astra” markalı, ** DP *** dövlət nömrə niaşnlı avtomobilə maddi zərər vurulmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı Cavabdeh avtomobili idarə etməyə əsasının (sürücülük vəsiqəsi və etibarnamə) olmadığı müəyyən olunmuşdurş. Bu səbəbdən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə uyğun olaraq zərərçəkənə ödəniləcək sığorta ödənişi Cavabdeh geri alınacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə olmadan idarə etdiyi və X3 məxsus icbari sığorta üzrə «xxxx» ASC-də sığortalanmış «Mercedes Benz 190» markalı ** XF *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Opel Astra” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1110 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Abşeron RPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.1-ci, 332.4cü maddələri ilə inzibati xəta törətmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1110 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü hadisə zamanı avtomaşını etibarnamə olmadan, yəni hüququ olmadan idarə etdiyindən, iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 1130 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, Abşeron RPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması və avtomaşını eitbarnamə olmadan idarə etməsi tam təsdiq olunmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüquq olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatları olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törədərkən avtomaşını etibarnamə olmadan idarə etdiyindən, iddiaçının cavabdehə qarşı ödənilmiş ziyanın geri alınması (subroqasiya) hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh «xxxx» ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1110 (bir min yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1130 (bir min yüz otuz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1110 (bir min yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1130 (bir min yüz otuz) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar