Məhkəmə qərarları › İş №e-2(006)-478/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-478/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-478/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı, Cavabdehin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9400 manat maddi, mənəvi ziyan və 114 manat dövlət rüsumu onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən mənzilinin təmirinə 10.000 manat, əşyalara (bir ədəd 90 kv-m kondisioner, xalça 3 ədəd, bir ədəd matras və bir ədəd pərdə) 2400 manat, cəmi 12.400 manat maddi ziyanın, 5.000 manat mənəvi ziyanın və 142 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2004-cü il tarixdən inşa edilmişdir. Ev inşa edilən müddətdə elektrik şəbəkəsinə müraciət etmiş və bunun əsasında şəbəkənin işçiləri tərəfindən evə elektirik sayğacı quraşdırılmış, həmçinin evin daxilinə elektrik naqilləri çəkilmiş, elektrik enerjisinin təchiz edilməsi ilə əlaqədar alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində evdə olan zaman evin işıqları söndüyü üçün, Binəqədi Elektrik şəbəkəsinə zəng edib evin işığın söndüyünü və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Binəqədi Elektrik şəbəkəsinin əməkdaşları gələrək baxış keçirdilər bir şey olmadığını bildirib elektrik cəryanı qoşaraq getdilər. Təkrar işıqların yanıb söndüyündən xx.xx.2021-ci il tarixdə saar 11:00 radələrində təkrar olaraq şəbəkəyə zəng edərək məlumat vermişdir. 11 noyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində elektrik şəbəkəsinin iki əməkdaşı gələrək evin daxili elektrik xəttinə və çöldən evə gələn xəttə baxış keçirmiş, heç bir nasazlıq olmadığını və evin çölündən olan elektrik qoruyucu atdığı üçün evin işıqlarının söndüyünü bildirmişlər. Elektrik qoruyucusunu yandırdıqdan sonra evin elektrik enerjisi bərpa olunmuş və təkrar baxış keçirərək evi tərk etdilər. Onlar getdikdən 7-8 saat sonra, yəni 19:00 radələrində evin damından yanğın baş verdi. Yanğın söndürənlər gəlib qısa vaxtda yanğını söndürdülər. Yanğın nəticəsində evinin iki otağının dam örtüyü, bir otağın tavan hissəsi, otağın daxilində olan ev əşyaları yanğına məruz qalmış, yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən evin iki yataq, bir qonaq, mətbəxt və dəhliz otağının döşəməsi və divarlarında olan aboy, emusya və tavanın alçıpanına ziyan dəymişdir. Yanğına səbəb evin çöldən çəkilmiş elektrik sayğacına qədər olan elektrik şəbəkəsinə aid olan kabelin evin dam örtüyünün navalçasına sürtülməsindən kabelin izolyasiya örtüyü pozulmuş və bunun nəticəsində evin damının taxta atmalarının simlərinin qızması nəticəsində yanğın baş vermişdir. Yanğın nəticəsində ona tikinti üzrə təxminən 9000 manat, əşya üzrə 400 manat maddi ziyan dəymişdir. Yanğına səbəb Binəqədi Elektrik şəbəkəsinin əməkdaşlarının səhlənkarlığı nəticəsində baş verdiyi üçün cavabdehdən şikayətçidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə də cavabdehin əməkdaşlarının təqsirli olduğu görsədilərək, maddi ziyanın tutulması barədə məhkəməyə müraciət edilməsini bildirilmişdir. Ona cavabdehin əməkdaşları tərəfindən dəymiş 9400 manat maddi ziyanın ödənilməsini istəyir. Cavabdehin əməkdaşları tərəfindən edilmiş nöqsana görə ona mənəvi ziyan da dəymişdir. Mənəvi ziyanın məbləğini məhkəmə iclası vaxtınadək müəyyən edərək verəcəkdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbini tamamilə əsassız hesab edir. Belə ki, FHN-nin DYNX-nin 1-ci Ərazi DYNİ-nin tərtib etdiyi yanğın haqqında akt ilə və izahatlarla müəyyən edilmişdir ki, 11 noyabr 2021-ci il tarixində, saat 19 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, döngə 1 ünvanında yerləşən İddiaçı məxsus 57 nömrəli fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. "xxxx" ASC Biləcəri rayon Enerji Təchizatı və Satış İdarəsinin istismar şöbəsinin əməkdaşı hadisədən təxminən 2-3 gün əvvəl, havanın küləkli olmasından həmin evə gedən elektrik kabeli dayağın yuxarı hissəsindən qırılması ilə əlaqədar həmin ünvana gedib elektrik xəttinin qırılan hissəsini bərpa etmişdir. xx.xx.2021-ci il tarixdə həmin evdə baş vermiş yanğın hadisəsindən əvvəl və hadisədən sonra qeyd edilən ünvanda elektrik şəbəkəsində hər hansı qəzanın baş verməsi, gərginliyin artıb azalması, fasilələrin olması ilə bağlı müraciət daxil olmamışdır. "Elektrik enerjisindən istifadə qaydaları"nın 5.3.2-ci bəndinə uyğun olaraq enerji təchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi "kabelə daxil olduqda binanın xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında" müəyyən edilir. Məsuliyyətin sərhədini və yanğının baş verdiyi yeri nəzərə alaraq, mənzilin yanğından mühafizə edilməsi iddiaçının məsuliyyətindədir. Qeyd olunanlara əsasən hesab edir ki, "xxxx" ASC-nin İddiaçı qarşısında maddi ziyanın ödənilməsi öhdəliyi mövcud deyildir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, FHN-in DYNX-nin 1-ci Ərazi DYNl-nin tərtib etdiyi yanğın haqqında akt ilə və izahatlarla müəyyən edilmişdir ki, 11 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, döngə 1 ünvanda yerləşən, İddiaçı məxsus 57 nömrəli fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi evin elektrik sayğacına gələn elektrik naqilində yaranmış qısaqapanma nəticəsində baş vermişdir. xx.xx.2021-ci il tarixli Yanğın haqqında aktdan görünür ki, yanğın nəticəsində fərdi yaşayış evinin yataq otağı, bir ədəd döşək və dam örtüyünün 10 kv.metr sahəsi yanmışdır. Yanğına səbəb fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanmadan olması güman edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/532 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji malların qiymətinə müvafiq olaraq 4 adda malların istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri yoxlama yolu ilə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1210 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1271 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, döngə 1 ünvanında yerləşən İddiaçı məxsus 57 nömrəli fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi ziyan 9751 manat təşkil edir. Ekspert tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. "Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.3.1. hava budaqlanmasında-binada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda; 5.3.2. kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mən-zilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 2-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 2.3.3-cü bəndinə əsasən e Elektrik qurğularının və şəbəkələrinin istismarına cavabdeh şəxslər borcludurlar; 2.3.3.1. Elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların, eləcədə planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntularının aradan qaldırılmasına; 2.3.3.2. Qısa qapanmadan, artıq yüklənmələrdən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının texniki baxımdan saz olmasına müntəzəm olaraq nəzarət edilməsinə; 2.3.3.3. Elektrik qurğularının istismarı zamanı yanğın təhlükəsizliyinin təmin edilməsinə dair suallar üzrə təlimatların və təlimlərin keçirilməsi sistemini təşkil etmək. Həmin Qaydaların 2.3.5-ci bəndinə əsasən bütün elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri nominal vəziyyətlərdən müdafiə olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan, irəli sürülmüş tələbin əsaslı olması üçün baş vermiş hadisə zamanı zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçıya məxsus olmuş fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. İddiaçı yanğın hadisəsinin evin çöldən çəkilmiş elektrik sayğacına qədər olan elektrik şəbəkəsinə aid olan kabelin evin dam örtüyünün navalçasına sürtülməsindən kabelin izolyasiya örtüyünün pozulması və nəticədə evin damının taxta atmalarının simlərinin qızması nəticəsində baş verdiyini iddia etmiş və bu dəlilinin əsası olaraq FHN-in DYNX-nin 1-ci Ərazi DYNl tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Yanğın haqqında akta, habelə xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara istinad etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Yanğın haqqında aktdan və xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, həqiqətən də, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanma səbəbindən yanğının baş verməsi nəticəsindən evin bir hussəsi yanmışdır. Qeyd edilən aktın, habelə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarla müəyyən edilən halların əlaqəli şəkildə təhlilindən müəyyən edilir ki, iddiaçıya maddi ziyanın dəyməsi ona məxsus fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanma nəticəsində həmin evdə yanğının baş verməsi ilə bağlı olmuşdur. Dəymiş maddi ziyanın məbləği ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: İddia tələbindən göründüyü kimi iddiaçı həm mənzilinin təmirinə, həm də əşyalara görə ümumilikdə 12400 manat tələb edir. İddiaçıya evinə tikinti üzrə dəymiş maddi ziyan müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1271 nömrəli ekspert rəyini alaraq tədqiq etmişdir. Qeyd edilən Mərkəzin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi ziyan 9751 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi ziyanın məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməklə iddia göstərilən hissədə qismən təmin edilməldir. Belə ki, həmin rəyin əsassız olmasına əsas verən halların mövcudluğu məhkəmə tədqiqatı zamanı müəyyən edilməmiş, iş üzrə tərəflər həmin rəyi şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim edə bilməmişlər. Əşyalara dair maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin ziyana görə 2400 manat tələb etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən ekspertiza təyin edilməklə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/532 nömrəli ekspert rəyindən müəyyən olunur ki, yanğın zamanı iddiaçıya məxsus fərdi yaşayış evində 4 adda mallar yanmış və ekspert rəyi ilə onların dəyəri 1210 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, əşyalar üzrə dəymiş maddi ziyanın məbləği sözügedən ekspert rəyində göstərilən 1210 manat məbləğdə müəyyən edilməklə iddia göstərilən hissədə qismən təmin edilməldir. Beləliklə, xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş ziyanın fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanma nəticəsində həmin evdə yanğının baş verməsi və bununla iddiaçıya ümumilikdə 10961 manat (9751+1210) maddi ziyan dəyməsi sübuta yetmiş olur. Hazırda cavabdeh iddia ərizəsinə etirazında həmin hadisədə təqsirinin müəyyən edilmədiyinə istinad edərək iddianın əsassız olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə iclasında həmin elektrik xəttinin iddiaçının istifadəsində olan sağacdan çıxan deyil, sayğaca gələn elektrik xətti olduğu mübahisəsiz qaydada sübuta yetirilmişdir. Bununla da, həmin elektrik xəttinin cavabdeh təşkilatın balansında olması öz təsdiqini tapmış olur. Qeyd edilən hadisədə cavabdehin təqsirinin olması ilə bağlı isə məhkəmə qeyd edir ki, "Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyməsinə görə enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmçinin, "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın tələblərinə əsasən elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları (hazırkı halda "Azərişıq” ASC) tərəfindən həyata keçirilir. Beləliklə, işin araşdırılan hallarından bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus fərdi yaşayış evində yanğının, həmin evin elektrik sayğacına gələn elektrik xəttində baş vermiş qısa qapanma nəticəsində baş verməsi və bunun nəticəsində iddiaçıya 10961 manat məbləğində ziyan dəyməsi, qeyd edilən elektrik xəttinin cavabdeh "Azərişıq” ASCnin balansında olması və həmin xəttin saz vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh təşkilatın daşıması sübuta yetir. Bu səbəbdən məhkəmə iddia ərizəsinə etirazın dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, iddianın rədd olunması üçün əsas deyildir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, ona məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının (stress-əsəb) hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 300 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən fərdi yaşayış evinin təmirinə görə 9751 manat, əşyalara görə 1210 manat, cəmi 10961 manat maddi ziyan, mənəvi ziyana görə 300 manat və 142 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-dən fərdi yaşayış evinin təmirinə görə 9751 manat, əşyalara görə 1210 manat, cəmi 10961 manat maddi ziyan, mənəvi ziyana görə 300 manat və 142 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar