Məhkəmə qərarları › İş №e-2(006)-4786/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4786/2025

06.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4786/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu və LPO "xxxx" ASC cəlb olunmaqla) " səhmlərin iddiaçının mülkiyyətinə verilməsi" tələbinə dair dair iş üzrə (açar sözlər: səhmlərin iddiaçının mülkiyyətinə verilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu və LPO "xxxx" ASC cəlb olunmaqla) " səhmlərin iddiaçının mülkiyyətinə verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - xx.xx.2012-ci ildə ********** Qeydiyyat №-si ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X11 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətin nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki,

1. Cəmiyyətin nizamnaməsinin 4.1-ci və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilsin: 4.1. Bankın nizamnamə kapitalı 50000000 (Əlli milyon) manat təşkil edir. 4.2. Bankın nizamnamə kapitalı hər birinin nominal dəyəri 20 (lyirmi) manat olan ******* (iki milyon beş yüz min) ədəd adi adlı səhmlərdən ibarətdir.

2. Cəmiyyətin nizamnaməsinə aşağıdakı bənd əlavə edilsin: 4.2.1. Bankın səhmdarları aşağıdakı şəxslərdir: Cavabdeh - Nizamnamə kapitalında faiz nisbəti 77,556 %; X8 - Nizamnamə kapitalında faiz nisbəti 20,00 %; X1 faiz nisbəti 2,44 %; X2 faiz nisbəti 0,0040 %. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2541/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı Fİikrət oğlundan xx.xx.2011ci il tarixli, 17 nömrəli kredit müqaviləsi üzrə 94399.89 manat əsas, 29665 manat faiz, 260.45 manat cərimə məbləği olmaqla, cəmi 124325.34 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

İddiaçı Cavabdeh qarşı "səhmlərin iddiaçının mülkiyyətinə verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus və X7 Reyestrində qeydiyyata alınmış adsız səhmlərindən, hər birinin dəyəri 20 manata olan cəmi 114.600 manat məbləğində 5.730 ədəd səhmlərin İddiaçı mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzaq qohumuq və ailəliklə mehriban münasibətləri olmuşdur. O, "xxxx" ASC-nin əsas səhmdarlarından biri olmaqla,əvvəllər həmin bankın müşahidə şurasının sədri vəzifəsində çalışmışdır. Bir müddət o özü də həmin bankda çalışmışdı. Bankların nizamnamə kapitalı əvvəllər on bir milyon manat olmuşdur. Sonradan həmin məbləğin minumum həcmi əlli milyon manat müəyyən edildi və həmin məbləğin banka qoyulmasına müddət verildi. Bu da bankın səhmdarlarının həmin məbləğin banka sərmayə edilməsi və ya əlavə səhmlərin cəlb edilməsi öhdəliyini yaratmışdır. Tələb olunan nizamnamə kapitalının məbləğ göstəricisinin təmin edilməsi üçün cavabdeh özündən banka pul vəsaiti qoyduğunu, daha sonra da yaxınların adına kredit müqaviləsi tərtib edib, həmin məbləği kredit verildiyi kimi rəsmiləşdirib, balansı düzəltmişdir. Əslində ortada heç bir pul vəsaiti olmamış və kredit də verilməmişdir. Həmin müqavilələr bankın lisenziyasının saxlamaq məqsədi ilə nizamnamə kapitalının tələb olunan göstərici həcminə çatdırmaq üçün bank daxili vəsaitini təşkiledən, səhmdarlar tərəfindən qoyulmuş sərmayənin artırılması görüntüsü yaratmaq üçün tərtib edilmişdir. Bu hal sonradan Mərkəzi Banka məlum olmuş və "xxxx" ASC-nin bank lisenziyasının ləğv edilməsinin səbəbi də elə bu kimi müqavilələr olmuşdur. Həmin müddətlərdə bir neçə belə kredit müqavilələri olmuşdur və onlardan biri də onun adına tərtib edilmiş, "xxxx" ASC ilə arasında xx.xx.2011-ci il tarixli, 17 saylı kredit müqaviləsidir. Əslində bu müqavilə həqiqəti əks etdirməyən, faktiki kredit vermə ilə müşayət edilməyən, yalnız bankın nizamnamə kapitalının ödənildiyini yerinə yetirildiyini pərdələmək niyyəti ilə uydurularaq bağlanmış əqddir. Ona görə də həmin müqavilə əsasında ona borc hesablamaq və ondan pul tələb edilməsi yol verilməzdir. Lakin adı çəkilən kredit müqaviləsi üzrə Kəpəz rayon Məhkəməsinin 2(043)-2541/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan 124.325 manat məbləğində kredit borcu qismində bankın xeyrinə tutulması qət edilmişdir və həmin borcla ondan tələbi ilə bağlı icra tədbirləri davam edir. Nəzərə alınmalıdır ki, onun adına tərtib edilmiş və bankdan ona kredit verilmiş kimi rəsmiləşdirilmiş 114.600 manat məbləğdə bankın kassa hesabına, səhmdar Cavabdeh tərəfindən mədaxil edildiyi eyni zamanda rəsmiləşdirilmişdir. Bunun hesabına hər birinin dəyəri 20 manat olmaqla, 114.600 manat məbləğində 5.730 ədəd səhm onun adına rəsmiləşdirilmiş və reyestrdə qeydiyyata alınmışdır. Göründüyü kimi həmin məbləğ həcmində onun banka krediti üzrə əsas borcu qalmaqla, eyni zamanda Cavabdeh adına rəsmiləşdirilmiş nizamnamə kapitalını təşkiledən səhmlərin həcminə görə, eyni məbləğdə vəsaiti bankdan alacağa malikdir. Əslində adına olan kreditlə ona yaradılmış borc hesabına əldə edilmiş və cavabdehin adına rəsmiləşdirilmiş 5.730 ədəd səhmlər ons aid edilməlidir. Ya da kredt borcu ona aid edilməlidir. Borcun ondan tələb edilməsinə dair məhkəmə aktı mövcudluğundan, borcun ona aid edilməsi mümkün olmadığından, həmin məbləğ hesabına əldə edilmiş səhmlər ona aid edilməlidir. Lakin cavabdehə dəfələrlə bu barədə müraciət etməyinə baxmayaraq, səhmləri adına rəsmiləşdirməsindən hər dəfə bir bəhanə ilə yayınır. Bu səbəbdən də səhmlər hazıra kimi onun adında, borcla bağlı öhdəlik də iddiaçının üzərində qalmaqda davam edir. Ona görə də məsələni məhkəmə qaydasında həll etmək məcburiyyəti yaranmışdır.

b) iddiaya etiraz:

İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları:

Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Fİikrət oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında həm müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun, həm də LPO "xxxx" ASC-nin nümayəndəsi olan X9 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinin tələbinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 98.2-ci maddəsinə əsasən səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyətəsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. 98.9-cu maddəsinə əsasən səhmdar cəmiyyətinin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya səhmdar cəmiyyətinin yaradılması haqqında qərarın qəbul edilməsini (səhmdar cəmiyyəti bir şəxs tərəfindən yaradıldıqda), səhmlərin təsisçilər arasında bölüşdürülməsini və nizamnamənin hazırlanmasını (qəbul olunmasını) əhatə edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və təqdim edilmiş sübutları məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi həm hüquqi, həm də faktiki baxımdan əsaslandırılmamışdır. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, cavabdehin adına qeydiyyata alınmış 5.730 ədəd səhmlər faktiki olaraq onun adına rəsmiləşdirilmiş kredit məbləği hesabına əldə edilmişdir və buna görə də həmin səhmlər onun mülkiyyətinə verilməlidir. Lakin məhkəmə qeyd edir ki, səhmlər mülki hüquq obyektidir və onların mülkiyyət hüququnun yaranması konkret hüquqi əsas – müqavilə, qanun və ya məhkəmə aktı ilə şərtləndirilir. Mülkiyyət hüququnun yaranması yalnız vəsaitin dolayı şəkildə hansısa əməliyyatda iştirak etməsi barədə iddia ilə deyil, hüquqi faktın mövcudluğu ilə mümkündür. Məhkəmə qeyd edir ki, iş materiallarında cavabdehlə iddiaçı arasında səhmlərin əldə edilməsi və ya sonradan ötürülməsi barədə hər hansı müqavilə, cavabdehin iddiaçı qarşısında səhmləri ona vermək öhdəliyini təsbit edən sənəd, səhmlərin iddiaçının vəsaiti hesabına və onun mülkiyyətinə keçməsi barədə hüquqi əsas mövcud deyildir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar cavabdehin onun vəsaitini mənimsəməsi, onun adından çıxış etməsi və ya səhmləri onun xeyrinə əldə etməsi barədə nəticəyə gəlməyə imkan vermir. Sübutetmə yükü İddiaçı Fİikrət oğlunun üzərində olduğu halda, bu hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" ASC-nin bank fəaliyyəti üçün verilmiş lisenziyası ləğv edilmiş, bankın fəaliyyəti dayandırılmışdır. Belə şəraitdə həmin hüquqi şəxsin səhmləri üzrə korporativ hüquqların – idarəetmədə iştirak, dividend əldə etmək və digər hüquqların realizəsi faktiki olaraq mümkün deyildir. Aktiv fəaliyyəti olmayan və lisenziyası ləğv edilmiş bankın səhmləri real iqtisadi dövriyyədə funksional hüquqi alət kimi çıxış etmir. Məhkəmə qərarı hüquqi nəticə doğuran və praktik baxımdan icra oluna bilən olmalıdır, halbuki fəaliyyəti dayandırılmış bankın qeyri-aktiv səhmlərinin bir şəxsdən digərinə keçirilməsi iddiaçının hüquqi vəziyyətini dəyişmir və onun iddia etdiyi kredit öhdəliyinə də hər hansı təsir göstərmir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı Fİikrət oğlunun Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu və LPO "xxxx" ASC cəlb olunmaqla) " səhmlərin iddiaçının mülkiyyətinə verilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Fİikrət oğlunun Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu və LPO "xxxx" ASC cəlb olunmaqla) " səhmlərin iddiaçının mülkiyyətinə verilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar