Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4808/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və "xxxx" MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 ASC-nin əməliyyat sistemində və "xxxx" MMC-nin kredit bürosundan çıxarışında qeyd olunmuş 1,128,07 manat əsas, 1,411.17 manat faiz, cəmi 2539,24 manat borcun olmamasının müəyyən olunması və borcun olmaması barədə qeydin aparılmasının LPO Cavabdeh1 ASC-nin və "xxxx" MMC-nin öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsinə əsasən cavabdeh LPO Cavabdeh1 ASC əsl cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz olunmuşdur. Sonradan, İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 ASC-nin əməliyyat sistemində və "xxxx" MMC-nin kredit bürosundan çıxarışında qeyd olunmuş 1,128,07 manat əsas, 1,411.17 manat faiz, cəmi 2539,24 manat borcun olmamasının müəyyən olunması və borcun olmaması barədə qeydin aparılmasının LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və "xxxx" MMC-nin öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixində qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi gəlmiş və ondan 28 iyun 2013-cü il tarixinə 1128,07 manat əsas borc, 1696,93 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 2855 manat məbləğində borcun Cavabdeh1 ASC-yə ödənilməsi tələb olunmuşdur. O, məhkəmə iclasında iştirak edərək kredit götürülən tarixdə ümumiyyətlə ölkə ərazisində olmadığını və həmin imzanın ona məxsus olmamasını bildirdiyi üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş 18942 saylı, 18 dekabr 2013-cü il tarixli xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 2(007)-2447/2013 saylı mülki isin 4-cü vərəqəsində olan Cavabdeh1 ASC-nin Yasamal filialı ilə X4 arasında bağlanmış F2-1299 saylı 14 dekabr 2007-ci il tarixli kredit müqaviləsində “borcalan” qrafasındakı imza; 9-cu vərəqəsində olan ödəniş cədvəlində "borcalan" qrafasındakı imza - X4 tərəfindən yox, basqa səxs tərəfindən icra olunmuşdur. Bununla da, bəlli olmuşdur ki, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh, yəni onun arasında kredit müqaviləsi bağlansa da, həmin kredit müqaviləsi onun tərəfindən imzalanmamış, heç bir vəsait götürülməmiş və bank qarşısında heç bir öhdəliyi yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmənin 14 yanvar 2014-cü il tarixli, 2(007)-76/2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi "X1 Company" MMC-nin ona qarşı "kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması"na dair iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Qeyd olunan müddətdən sonra ona hər hansı borcunun olması və ya adına olan kreditin yenidən əlavə fazin hesablanması barədə məlumat verilməmişdir. O, bankla arasında olan mübahisənin yekunlaşdığını fikrləşirdi. Bir müddət əvvəl ölkə banklarından birinə kredit götürmək üçün müraciət etdikdə ona bildirilmişdir ki, adına Cavabdeh1 ASC-də kredit var və həmin kredit məbləğini ödəmədiyi üçün həmin kreditə uzun müddətdir ki, faiz hesablanır. Halbuki, Cavabdeh1 ASC-dən heç bir kredit məbləğini götürmədiyi məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bankın hansı haqla və əsasla faiz hesablaması ona bəlli olmamışdır. Hətta "xxxx" MMC-dən çıxarışda qeyd olunmuşdur ki, guya o, sonuncu dəfə 2017-ci ilin 10 fevral tarixində ödəniş etmişdir, eyni zamanda əsas və faizlərin gecikdirilmiş günlərin sayı 3883 gündür. “Onun adından əsassız olaraq saxta kredit müqaviləsinin bağlanmasını bildiyi və bunu təsdiq edən qətnamə olduğu halda görəsən 2017-ci il tarixdə nə üçün ödəniş etməli idi???” Buna görə də, 09 sentybr 2024-cü il tarixdə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna onun bankın əməliyyat sistemində və "xxxx" MMC-nin kredit bürosundan çıxarışında qeyd olunmuş borcunun olmamasının müəyyən olunması və borclu olmamağı barədə qeydin aparılması barədə müraciət etmiş, lakin 18 sentyabr 2024-cü il tarixli 12-5/2Ə-9xx-xx-1723/2024 saylı məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsi əsas öhdəliyin xitamına səbəb olmur və borcun silinməsi üçün əsas deyildir. Eləcə də qeyd edilmişdir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(007)-76/2014 saylı qətnaməsində Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Göründüyü kimi, onun müraciətinə formal yanaşılaraq heç bir araşdırma aparılmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilərək, iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, iddia tələbinə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında izahatında bank tərəfindən 2014-cü il tarixində İddiaçı iddia tələbi ilə müraciət edildiyini, məhkəmə icraatı zamanı məhkəməxətşünaslıq ekspertizasının təyin edildiyini, əldə edilmiş ekspert rəyi əsasında sənədlərdə əks olunmuş imzanın başqa şəxs tərəfindən icra olunduğunun müəyyən edildiyini, nəticədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı münasibətdə iddia tələbinin rədd olunduğunu qeyd edərək, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-76/2014 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin cavabdeh İddiaçı qarşı «kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması» tələbinə dair iddiası rədd edilmişdir. İddia tələbinin rədd edilməsində əsas – bank tərəfindən məhkəməyə təqdim edilmiş kredit müqaviləsinin cavabdeh İddiaçı tərəfindən imza edilməməsi, bu səbəbdən sonuncunun heç bir öhdəliyinin yaranmaması, iddiaçının (bankın) irəli sürdüyü cavabdehdən borcun tutulması barədə tələbinin əsaslı olmaması çıxış etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-76/2014 saylı qətnaməsindən apelyasiya şikayəti daxil olmadığından yekun məhkəmə aktı 27 mart 2014-cü il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. "xxxx" MMC-dən əldə edilmiş çıxarışa əsasən İddiaçı LPO Cavabdeh1 ASC qarşısında icra edilməmiş əsas borcunun 1128,07 manat, faiz borcunun 1411,17 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı yuxarıda qeyd olunanlarla bağlı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi şəkildə müraciət (pretenziya) edərək, məsələ ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli, 12-5/2-Ə-9xxxx-1723/2024 saylı cavab məktubunda iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsi əsas öhdəliyin xitamına səbəb olmadığı və borcun silinməsi üçün əsas hesab edilmədiyi, eləcə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-76/2014 saylı qətnaməsində Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı bildirilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, xx.xx.2007-ci il tarixli, F2-1299 saylı kredit müqaviləsi İddiaçı tərəfindən imzalanmadığı və bununla da onun tərəfindən müqavilə ilə üzərinə hər hansı bir öhdəlik götürülmədiyi təqdirdə, iddiaçının adının həmin müqavilə üzrə Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması sonuncunun hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı hüquqi əsas yoxdur. Bununla da, məhkəmə hesab edir ki, müvafiq müqavilə üzrə borc öhdəliyinin iddiaçıya aid olmadığı halda "xxxx" MMC-nin məlumat bazasında əks olunması sonuncunun hüquqlarının əsassız olaraq pozulmasına səbəb olmuşdur. Nəticədə iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. - 6.3-cü bəndinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır. - 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlərlə Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında iddiaçının barəsində mövcud olmadığı halda borc öhdəliyinin qeyd edilməsi öz təsdiqini tapdığından, həmin məlumatlarda düzəlişlərin edilməsi zəruridir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı xx.xx.2007-ci il tarixli, F2-1299 saylı kredit müqaviləsi üzrə 1128,07 manat əsas, 1411,17 manat faiz borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, hazırki qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2007-ci il tarixli, F2-1299 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixli, F2-1299 saylı kredit müqaviləsi üzrə 1128,07 manat əsas, 1411,17 manat faiz borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2007-ci il tarixli, F2-1299 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4808/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4808/2024
06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver