Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4838/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 (üç yüz min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsin xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, , Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli, 1(101)-667/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, İddiaçı barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi, İddiaçı yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin1(103)-393/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. İbtidai istintaq qanunsuz və əsassız olaraq İddiaçı oğlunun barəsində CM-nin 234.4.3-cü maddələri ilə ittiham irəli sürərək onu həbs etmiş heç bir əsas olmadan onun azadlığı əlindən alınmış və məhkəmə istintaqına çıxarılmışdır. Qanunsuz ittiham və həbs edilməsi azmış kimi, Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan sonra Apellyasiya məhkəməsi şəxsin təqsirliyi sübuta yetirilmədiyi üçün ona bəraət vermiş və məhkəmə zalından azadlığa buraxılmışdır. Dövlət orqanlarının etdiyi səhv nəticəsində qanunsuz və əsassız olaraq şəxs ailəsindən və cəmiyyətdən təcrid edilmiş, 36 ay, 22 gün müddətində törətmədiyi əmələ görə həbsdə saxlanılmışdır. İddiaçı bu müddət ərzində öz müalicəsini tam və yetərli şəkildə apara bilməmişdir. Ağır və əsassız ittihama görə məsuliyyətə cəlb edildiyindən onun ailəsi xəstə yaşlı valideyinləri istirab və əzab çəkmişlər, ailənin nüfüzu etibarı zədələnmiş, ailəsi məhz ağır ittihama görə ondan ayrılmışdır. Həbs edilənə kimi taksi fəaliyyəti ilə və avtomobil satışı ilə məşğul olurdum. Hər ay qazancım 3500-4000 manatdan çox olurdu. Mənim həbs edilməyim işimin itirilməsinə və çox böyük maddi və mənəvi zərər çəkməyimə gətirib çıxardı. Ailənin yeganə gəlir gətirən şəxsi əsassız və qanunsuz olaraq 3 ildən artıq həbsdə saxlanılmışdır. Yaxın qohumlarımın hər dəfə məni həbsxanada ziyarət etmək məcburiyyətində olmaları, öz qohumlarımın, ailə üzvləri və qonşuların gözü qabağında məni alçaldaraq məcburi polis avtomobilinə əyləşdirilərək polisə aparmaları, əli qandallı şəkildə onu kameraya çəkərək istintaq hərəkəti kimi qələmə vermək, hər dəfə öz ailəsinə və yaxınlarına törətmədiyi əmələ görə hesab vermək, onların suallarını cavablandırmaq ona çox böyük mənəvi sarsıntı vermiş, şəxsiyyətinə və mənliyinə zərbə vurmuşdur. Bütün bunlar hmçinin alçaldıcı və təhqiredici hərəkətlər ona maddi və mənəvi sarsıntı və əzab vermişdir.. İddiaçı mənəvi sarsıntı keçirmiş və mənəvi zərərin əvəzi olaraq 300.000 (üç yüz min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsin xahiş etmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Abşeron Rayon Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı mənəvi ziyana görə 300.000 manat məbləğində kompensasiyanın Maliyyə Nazirliyindən tutulması barədə iddia tələbinin Maliyyə Nazirliyinə aidiyyəti olmadığından həmin tələbin rədd olunmasını,i şə əsl cavabdeh şəxslərin (orqanların) cavabdeh qismində cəlb olunmasını, iddia tələbinə onlara münasibətdə baxılmaqla müvafiq qətnamə qəbul edilmədini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər, Suraxanı Rayon Məhkəməsinin 4(010)-306/2021 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, barəsində 4 ay “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-393/2024 saylı xx.xx.2024-cü il tarixli hğkmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli, 1(101)-667/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, İddiaçı barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi, İddiaçı yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, həmin hökmdən məhkum edilmiş şəxs İddiaçı apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarı ilə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, hökmündən cinayətlərin residivinə dair müddəalar xaric edilərək məhkum İddiaçıa təyin olunmuş 06 (altı) il azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 09 (doqquz) aya endirilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 1(102)- 2262/2023 saylı qərarı ilə məhkum İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının İddiaçı barəsində olan 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi 1(103)-393/2024 saylı xx.xx.2024-cü il tarixli hökmlə Məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin edilməsini, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli, 1(101)-667/2022 saylı hökmü ləğv edilməsini, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsini İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini və onun məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən baxılan iş üzrə müəyyən edilmişdir ki, iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində əsassız olaraq həbs-qətimkan tədbiri seçilmiş və müəyyən müddət azadlıqdan məhrum edilmişdir. Daha sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə iddiaçı bəraət almış, yəni onun törətməkdə təqsirləndirildiyi əməli etmədiyi təsbit edilmiş və cinayət məsuliyyətinə cəlb olunması qanunsuz hesab edilmişdir. Belə olan halda, iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edilməsi, cəmiyyət və ailə qarşısında mənəvi iztirab çəkməsi, şəxsi ləyaqətinin zədələnməsi və nüfuzunun sarsılması mənəvi zərərin mövcudluğunu şübhəsiz edir. Bu zərərin aradan qaldırılması üçün kompensasiyanın ödənilməsi qanunun tələbinə, ədalət və hüquqi dövlət prinsiplərinə tam uyğun hesab olunur. Nəticə etibarilə, iddiaçının qanunsuz həbsə məruz qalması və sonradan bəraət alması faktı nəzərə alınmaqla, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırkı halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, dövlətin adından dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması hüquq normalarının pozulmasına səbəb olmamışdır. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, azadlıqdan məhrumetmə ilə bağlı olmayan (“polisin nəzarəti altına vermə”) seçilmiş qətimkan tədbirinin 1 ayına görə şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 300 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı 08 iyul 2021-ci il il tarixdən xx.xx.2024-cü il tarixədək (36 ay 21 gün) əsassız olaraq həbsdə saxlanılması ilə ona dəymiş mənəvi zərərə görə 37000 (otuz yeddi min ) manat məbləğində vəsait ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 37000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-4838/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4838/2025
03.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver