Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4877/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 06 sentyabr 2020-ci il tarixdə Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və o cinayət məsuliyyətinə cəlb edilmişdir. Aparılmış məhkəmə istintaqının nəticəsində Sumqayt Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyi sübuta yetmədiyindən bəraət verilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-127/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1782/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ağır ittihamla təqsirləndirilmiş və 06 sentyabr 2020ci il tarixdən 28 mart 2021-ci il tarixədək, daha sonra isə 28 oktyabr 2021-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək qanunsuz olaraq həbsdə saxlanılmış və onun azadlıq hüququ pozulmuşdur. Ümumilikdə İddiaçı 1 il 7 ay 26 gün azadlıq hüququndan məhrum edilmişdir. Həmin müddət ərzində onun özü çox böyük sarsıntı keçirmişdir. O ailədə yeganə qazanc gətirən şəxs olduğundan və həbsdə olduğundan ailə üzvlərinin maddi durumu kəskinləşmişdir. Onlar bağ sahəsində gilas əkib becərərək onun satışından əldə edilmiş qazanca əsasən dolanırlar. O, həbsdə olduğu müddətdə ailə vəziyyəti kəskin olmuş və nəticədə qardaşı X1 Həsənovun ailəsinin dolanışığını təmin etmək üçün özünə məxsus olan Xaçmaz rayonu Qədəşoba kəndində yerləşən 0,92 a torpaq sahəsini dəyərindən çox ucuz qiymətə, yəni 5000 min manata sataraq pulunu İddiaçı ailəsinə vermişdir. Bu müddət ərzində onun ailə üzvləri dolanışıq üçün digər şəxslərdən də kifayət qədər borc almışlar. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Xaçmaz rayon polis şöbəsinin əməkdaşı Rüfət Paşayevin təhriki ilə narkotik vasitə heroin olması iddia olunan kütlənin İddiaçı tərəfindən əldə edilməsi, daşınması və evində saxlanılması heç bir qanuni əsas olmadan baxış istintaq hərəkəti keçirməsi adı ilə 06 sentyabr 2020-ci il tarixli polis əməliyyatı zamanı eləcə də bundan sonra həyata keçirilmiş ibtidai istintaqın gedişində təqsirləndirilən şəxs İddiaçı həmin təhrikedici hərəkətlər, yəni polisin müdaxiləsi olmadan törətdiyi və yaxud törətməyə hazırlaşdığı hər hansı bir əməl məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır və buna görə də iş üzrə müvafiq bəraət hökmü çıxarılmışdır. Lakin qeyd olunan müddətdə İddiaçı 06 sentyabr 2020-ci ildən 28 mart 2021-ci il tarixə və 28 oktyabr 2021-ci ildən 01 dekabr 2022-ci il tarixədək, yəni 1 il 7 ay 26 gün heç bir əsas olmadan istintaq təcridxanasında saxlanılması, bu azmış kimi barəsində bəraət hökmü çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən protestlərin verilməsi və məhkəmə istintaqının davam etdirilməsi ona mənəvi ziyan vurmuşdur. Bu müddət ərzində qardaşı tərəfindən torpağının satılaraq onun ailəsinə verilməsi qardaşının da maddi vəziyyətini ağırlaşdırmışdır. Qeyd olunan müddət ərzində ailəsi sarsılmış, özünün qapalı müəssisədə qaldığı müddətdə səhhətində ciddi problemlər yaranmış, gilas bağı ilə dolansalar da, həmin bağ sahəsi dəyərindən çox aşağı satıldığından, o müflis olmuşdur. İbtidai istintaq orqanı onu hədələyərək, bildirmişlər ki, əgər bu ittihamı qəbul etməsə, onda arvadını da tutacaqlar. İddiaçı məhz bundan sonra razılaşmış və məhkəmə istintaqı zamanı isə cinayəti törətməməsi sübuta yetirilmişdir. Bundan sonra o polisin dedikləri ilə razılaşmışdır. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui istifadəsi nəticəsində İddiaçı vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Hətta yaşadığı ərazidə belə onu narkotik vasitənin satışı ilə məşğul olan şəxs kimi tanınmışdır. Bu da ona mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Halbuki cinayət işinin məhkəmə istintaqı zamanı aparılan araşdırmanın nəticəsindən məlum olur ki, onun əməlində cinayətin əlaməti olmamışdır. Buna baxmayaraq onun cinayət təqibi zamanı uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətndə də ciddi problemlər yaranmışdır. Qanunsuz saxlanıldığı 1 il 7 ay 26 gün müddətində mənəvi sarsıntı keçirmişdir, hətta ilk dəfə buraxıldıqdan bir neçə ay sonra o tutulduqda artıq polis provokasiyasının qurbanı olduğunu düşünmüşdür. Qeyd edilənlərə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(124)- 127/2022 saylı hökmünə əsasən İddiaçı barəsində bəraət hökmü çıxdığından Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 20 000 (iyirmi min) manat, mənəvi ziyana görə isə 25 000 (iyirmi beş min) manat pulun, habelə ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumunun və hüquq yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul dilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı 06 sentyabr 2020-ci il tarixdə Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində Azərbaycan Respublikası CMnin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və o, cinayət məsuliyyətinə cəlb edilmişdir. Aparılmış məhkəmə istintaqının nəticəsində Sumqayt Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyi sübuta yetmədiyindən bəraət verilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı birinci instansiya məhkəməsinin hökmü protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1782/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ağır ittihamla təqsirləndirilmiş və 06 sentyabr 2020-ci il tarixdən 28 mart 2021-ci il tarixədək, daha sonra isə 28 oktyabr 2021-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək qanunsuz olaraq həbsdə saxlanılmış və onun azadlıq hüququ pozulmuşdur. Ümumilikdə İddiaçı 1 il 7 ay 26 gün azadlıq hüququndan məhrum edilib. Həmin müddət ərzində onun özü çox böyük sarsıntı keçirmişdir. O, ailədə yeganə qazanc gətirən şəxs olduğundan və həbsdə olduğundan ailə üzvlərinin maddi durumu kəskinləşmişdir. Onlar bağ sahəsində gilas əkib becərərək onun satışından əldə edilmiş qazanca əsasən dolanırlar. O, həbsdə olduğu müddətdə ailə vəziyyəti kəskin olmuş və nəticədə qardaşı X1 Həsənovun ailəsinin dolanışığını təmin etmək üçün özünə məxsus olan Xaçmaz rayonu Qədəşoba kəndində yerləşən 0,92 a torpaq sahəsini dəyərindən çox ucuz qiymətə, yəni 5000 min manata sataraq pulunu İddiaçı ailəsinə vermişdir. Qeyd olunan müddət ərzində ailəsi sarsılmış, özünün qapalı müəssisədə qaldığı müddətdə səhhətində ciddi problemlər yaranmışdır. Cinayət prosesini həyata keçirən orqanların səhvi və suiistifadəsi nəticəsində İddiaçı vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Hətta yaşadığı ərazidə belə onu narkotik vasitənin satışı ilə məşğul olan şəxs kimi tanınmışdır. Bu da ona mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Halbuki cinayət işinin məhkəmə istintaqı zamanı aparılan araşdırmanın nəticəsindən məlum olur ki, onun əməlində cinayətin əlaməti olmamışdır. Buna baxmayaraq onun cinayət təqibi zamanı uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətndə də ciddi problemlər yaranmışdır. Qanunsuz saxlanıldığı 1 il 7 ay 26 gün müddətində mənəvi sarsıntı keçirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş və gəlməmələri barədə hər hansı bir məlumat verməmişlər.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 06 sentyabr 2020-ci il tarixdə Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və o, cinayət məsuliyyətinə cəlb edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-127/2022 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Sumqayıt Apellyasiya Məhəkəmsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli, 1(105)-147/2023 saylı qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-127/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışı, apellyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1782/2023, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində Sumqayıt Apellyasiya Məhəkəmsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-147/2023 saylı qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-127/2022 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun, məhkəmə iclas zalından dərhal azad olunması, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in Maliyyə Plan İdarəsinə təhvil verilmiş 780 manat məbləğində pul əsginasları onun sahibi İddiaçı qaytarılsın, iş materiallarında olan 19 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması, həmçinin iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd elektron tərəzi, eləcə də ümumiikdə 509,88 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, hazırki cinayət işindən cinayət törətmiş şəxslərin müəyyən edilməsi məqsədi ilə ayrılmış ********* saylı cinayət işi üzrə maddi sübut kimi saxlanılması, bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah olunması, İddiaçı bəraət verildiyindən iş üzrə olan məhkəmə xərclərinin ona aid edilməməsi hökm edilmişdir.
9. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhəkəmsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-147/2023 saylı qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-127/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin təmin edilməməsi qərara alınmışdır.
10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1782/2023, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya protestinin təmin edilməməsi, İddiaçı barəsində Sumqayıt Apellyasiya Məhəkəmsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-147/2023 saylı qərarının dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
12. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».
13. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
14. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
16. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
17. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
19. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il).
20. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 20.000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz .
21. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
23. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
24. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68)
25. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93)
26. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur.
27. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.
28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
29. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
31. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
32. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
33. İşin mübahisəsiz halıdır ki, iddiaçı 1 il 7 ay 26 gün azadlıq hüququndan məhrum edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
34. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 20 ay müddətinə azadlıq hüququndan məhrum edilməsinə görə 20.000 manat (bir ay üzrə 1000 manat x 20 ay) məbləğində müəyyən olunmalıdır.
35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 20.000 (iyirmi min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.
36. Məhkəmə hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir.
37. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
38. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə «Presedent» vəkil bürosunun hesabına 300 (üç yüz) manat ödənilmişdir.
39. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, «X6» Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsimə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
40. Belə olan halda, qeyd edilən 225 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən könüllü qaydada ödənildiyindən və cavabdeh isə dövlət orqanı olduğundan (“X6” AR Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları rüsumdan azaddır) iddia tələbi bu hissədə rədd edilməlidir.
41. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin və hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manatın əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin və hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manatın əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.