Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4927/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, X3 qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin etməklə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 12.535,70 manat məbləğində maddi zərərin, 9.000 manat məbləğində mənəvi zərərin, 320 manat hazırki iş üzrə ödənilmiş hüquqi xərcin, ümumilikdə 21.855 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham edilmişdir. Ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanı tərəfindən İddiaçı qarşı Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)-72/2025 saylı hökmünə əsasən, İddiaçı ona elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-1266/2025 saylı qərarına əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)-72/2025 saylı hökmü X2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulmuşdur. Göründüyü kimi, müstəntiq onu qanunsuz olaraq az ağır cinayət etməkdə təqsirləndirdiyi azmış kimi, müstəntiq onu qanunsuz olaraq iki gün müddətinə müvəqqəti saxlama yerində saxlamış, bundan sonra onun azadlığının məhdudlaşdırılmasına əsas olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçməklə onun azadlıq hüququnu pozmuş, barəsində ittiham aktı tərtib edərək cinayət işini baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə vermişdir. Apelyasiya instansiyasında müdafiəsi üçün şəxsi hesabına vəkil tutmaq, məhkəmə iclaslarına gedib-gəlməklə, hər dəfə mənəvi əziyyət çəkməklə, qanunsuz olaraq azadlıq hüququnun məhdudlaşdırılması ilə o, mənəvi sarsıntılar keçirmişdir. Belə ki, İddiaçı 2 gün müddətində şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlaması, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri altında saxlaması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Başına gələn bu hadisələrlə əlaqədar tanışları arasında onun barəsində mənfi fikir formalaşmış, sağlamlığına zərər dəymişdir. Hazırda sağlamlığı ilə əlaqədar müalicə olmağı üçün maddi imkanı yoxdur. Həmçinin, məsuliyyətə cəlb olunmamışdan əvvəl fərdi əməklə məşğul olmuş və tutulmağı ilə əlaqədar gəlirlərindən məhrum olmuşdur. Ailənin yeganə qazanc gətirən şəxsi olmaqla azyaşlı uşağı vardır. Göründüyü kimi istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya kifayət qədər maddi və mənəvi ziyan dəymişdir. Təsadüfi deyildir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün nəticə hissəsində İddiaçı tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Elə bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırda Bakı şəhəri üzrə orta aylıq əmək haqqı 1.357,3 manat təşkil edir. İddiaçı tutulduğu, barəsində qətimkan tədbiri seçildiyi müddətdə işləyə bilməmişdir. 9 ay * 1357.30 = 12215.70 manat maddi ziyan ödənilməlidir. Eyni zamanda iddiaçı Apellyasiya instansiya məhkəməsində hüquqlarının müdafiəsi üçün Vəkil ilə hüquqi yardım haqqında müqavilə imzalamış və 320 manat ödəniş etmişdir. Həmin məbləğ maddi ziyan kimi nəzərə alınmalıdır. Cəmi maddi ziyan 12535,70 manat. Bundan başqa mənəvi ziyan qismində iddiaçıya 9000 manat ödənilməlidir. (9 ay * 1000 = 9000). İddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 12.325,50 manat maddi, 9.000 manat mənəvi ziyanın və 640 manat hüquqi xərclərin tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil ərizə verərək, iddia ərizəsində cavabdeh kimi Maliyyə Nazirliyinin qeyd olunmasına baxmayaraq, VÖEN səhv qeyd olunduğu üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin cavabdeh göstərildiyini bildirib, cavabdeh qismində Maliyyə Nazirliyinin əlavə olunmasını xahiş etmişdir. a) Məhkəmə prosesi: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili-nümayəndəsi Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək, iş üzrə bütün zəruri sübutların məhkəməyə təqdim edildiyini, iddia tələbinin həcminin artırılmasını barədə ərizə verildiyini bildirib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, digərləri isə gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-72/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, 04 iyul 2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs İddiaçı 06 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, İddiaçı bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Vəkil tərəfindən İddiaçı Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə 320 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş, İddiaçı CM-nin 234.1-ci maddəsilə bəraət verilməsinə dair Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 1(004) 72/2025 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Vəkil tərəfindən İddiaçı Nəsimi Rayon Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə 320 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir. İş materiallarına hüquqi yardım xərcinin ödənilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli qəbz, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış da əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsə də, təqsirliliyi sübuta yetirilmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə ona həmin maddə ilə bəraət verilmiş, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış, beləliklə, iddiaçıya bəraət verilməsinə dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı qanunsuz cinayət təqibinə məruz qalması nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, həmin dövrdə fəhlə fəaliyyəti ilə məşğul ola bilməməsi ilə bağlı ölkə üzrə orta aylıq əmək haqqına uyğun 12.325,50 manat maddi, 9.000 manat mənəvi ziyanın və 640 manat hüquqi xərclərin ona ödənilməsini xahiş edir. c) Məhkəmənin mövqeyi: İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qaldığından, bununla bağlı 2 gün müvəqqəti saxlama yerində saxlandığından, barəsində 9 ay 10 gün müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edildiyindən, ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı fəhlə fəaliyyəti ilə məşğul ola bilməməsinə görə ölkə üzrə orta aylıq əmək haqqına uyğun 12.325,50 manat maddi zərərə məruz qaldığını iddia etsə də, o, bu zərərin real olmasını sübuta yetirməmişdir. Belə ki, barəsində tətbiq edilən qətimkan tədbiri mahiyyət etibarilə onun işləməsinə maneə törətməmiş, sadəcə iddiaçı bu dövrdə qorxduğu üçün işləmədiyini bildirmişdir. Həmçinin iddiaçının cinayət təqibinə məruz qalmasından əvvəl də rəsmi işləməsi halı müəyyən edilməmişdir. İddiaçı yalnız qanunsuz olaraq cinayət təqibinə məruz qalması səbəbindən vəkil xidmətlərindən istifadə nəticəsində ona 320 manat maddi zərər dəyməsini təsdiq edən mötəbər sübutu – Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi haqqında müqaviləni məhkəməyə təqdim etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 320 manat məbləğində pul iddiaçının xeyrinə ödənilməlidir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq cinayət təqibinə məruz qalması, bununla bağlı 2 gün müvəqqəti saxlama yerində saxlanması, barəsində 9 ay 10 gün müddətinə polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Bütün bunlara görə ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin 9.000 manat məbləğində qiymətləndirilməsi mütənasib deyildir. Belə ki, məhkəmə iş üzrə bütün diqqətəlayiq halları (hüquq pozuntusunun xarakteri, davametmə müddəti, tətbiq edilmiş qətimkan tədbiri və s.) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2.500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 2.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə: «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 320 manat, mənəvi zərərin əvəzi olaraq 2.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 320 manat hüquqi yardım xərci cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat, mənəvi zərərin əvəzi olaraq 2.500 (iki min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №e-2(006)-4927/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4927/2025
26.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver