Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4972/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60587 (altmış min beş yüz səksən yeddi) manat məbləğində pul vəsaitinin və 272 (iki yüz yetmiş iki) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-27/2019 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh 1 114 703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-718/2021 nömrəli qərarının “işin halları” bölməsindən görünür ki, "xxxx" MMC nizamnamə kapitalı 50% pay hüququ ilə İddiaçı1, 25% pay hüququ ilə İddiaçı2 və 25% pay hüququ ilə Cavabdeh məxsus olmaqla, xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-395/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində axtarış elan edilmiş və xüsusi ittiham qaydasında şikayət üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi Rayon Məhkəməsində baxılan 1(001)-395/2021 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilən Cavabdeh barəsində xx.xx.2011-ci il tarixli axtarış elan edilməsi haqqında qərar icra üçün Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 059-45068-1221 nömrəli məktubu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuşdur. Baş İdarənin İstintaq və təhqiqat idarəsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 192.2.2 və 213.1-ci maddələri ilə Cavabdeh barədə xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarış elan olunması haqqında qərar çıxarılmışdır. Həmin qərara əsasən Baş İdarənin Əməliyyat İdarəsində Cavabdeh tutularaq istintaqa cəlb edilməsi məqsədilə ******* nömrəli axtarış işi açılmış, bir sıra əməliyyat-axtarış tədbirləri aparılmaqla Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində mərkəzləşdirilmiş uçota qoyulmuşdur. O cümlədən, Cavabdeh xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi müəyyən edildiyindən barəsində dövlətlərarası axtarış elan edilmişdir. Lakin Cavabdeh haqqında məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilmədiyi üçün İnterpol kanalları vasitəsilə beynəlxalq axtarış elan etmək mümkün olmamışdır. Binəqədi Rayon Məhkəməsinin Cavabdeh barəsində xx.xx.2011-ci il tarixdə çıxardığı axtarış elan edilməsi haqqında qərar ******* nömrəli axtarış işinə əlavə olunmuşdur. Cavabdeh tutularaq respublikaya ekstradisiya olunması istiqamətində tədbirlər davam etdirilir. xx.xx.2023-cü il tarixli ********** №-li qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 272 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, ilkin məhkəmə araşdırmaları zamanı iddia ərizəsinin mahiyyətindən və əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, iddiaçıların cavabdehdən “pul” tələbinə dair hazırki iddia ərizəsinin əsasını onlar arasında olan kommersiya mübahisəsi təşkil edir. Belə ki, iddia ərizəsinin mahiyyətindən məlum olur ki, iddiaçılar və cavabdeh "xxxx" MMC-nin təsisçiləri olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh 1 114 703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmiş, apellyasiya və kassasiya instansiyası məhkəmələri həmin nəticəni təsdiqləmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hazırda iddiaçılar həmin qətnamə üzrə verilmiş icra vərəqəsində göstərilən məbləğin ödənilməmiş hissəsinin qəsdən gecikdirilməsinə görə cərimənin cavabdehdən tutulmasını tələb edirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər kommersiya münasibətləri olduğundan, hazırki mübahisə də təsisçilər arasında yaranan korporativ tələbdən irəli gələn kommersiya xarakterli mübahisədir. Ona görə də hazırki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli 6 №-li Qərarının 2.1-ci bəndi ilə 19-cu bəndin sonuncu cümləsində “kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər” sözlərindən sonra “(təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər)” sözləri əlavə edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 19-cu bəndində göstərilmişdir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 26-cı bənddə qeyd edilmişdir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə qeyd edilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqısatqısından ibarət tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında olan hüquq münasibətlərinin və mübahisənin predmetinin təsisçilər arasında yaranan korporativ tələb olması müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə görə, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır; 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməli və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 272 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 272 (iki yüz yetmiş iki) manat məbləğində pul İddiaçı2 geri qaytarılsın (qəbz №: **********). İddiaçıya hazırki iddia ərizəsi ilə aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4972/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4972/2023
07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver