Məhkəmə qərarları › İş №e-2(006)-502/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-502/2025

15.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-502/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin səhlənkarlığı nəticəsində **********356690 №-li plastik kartdan silinən 2538 manat məbləğində pulun geri ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş olan 46 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh ASC-nin müştərisidir və həmin bankın məhsulu olan Kartmane adlanan plastik kartın istifadəçisidir (Kartın nömrəsi: **********3566900) xx.xx.2024-cü il tarixində səhər saatlarında, yəni 07:16-da həmin plastik kartdan 2538 manat məbləğində pul məxarici olmuşdur. Bu məxaric barədə sms bildiriş gəlsə də, həmin sms-də göstərilən kodu təsdiq etməmiş, ümumiyyətlə, həmin pulun kartın balansından silinməsi üçün hər hansısa təsdiqləyici hərəkət etməmişdir. Lakin buna baxmayaraq məlum olmayan səbəblərə görə kartın balansından 2538 manat miqdarında pul vəsaiti silinmişdir. Bununla bağlı bir neçə dəfə şifahi şəkildə bankın xidməti şöbəsinə müraciətlər etsə də, bank işçiləri tərəfindən ona hər hansısa dəstək göstərilməmişdir. Bu cür halın baş verməsində Cavabdeh ASC məsuliyyət daşımaqdadır. Belə ki, plastik kartın məxfliyi və təhlükəsizliyi məhz bank tərəfindən təmin edilməli idi. Buna baxmayaraq, bank tərəfindən plastik kartın təhlükəsizliyi qorunmamış, kartdan ona məxsus olan yüksək məbləğdə vəsait məlumatı olmadan silinmişdir. Bu halın aradan qaldırılması üçün bank aid pulun hansı məqsədlərlə kartdan silinməsi barədə araşdırma aparılmalı, həmin məbləğin qaytarılmasını təmin etməli idi. Mövcud vəziyyətin həll olunması üçün cavabdeh tərəfə yazılı şəkildə də müraciət etməli olub. Cavabdeh bank 08.08.24-cü il tarixində cavab məktubu göndərmişdir. Həmin məktubda guya ki, mobil tətbiqidə kənar şəxsin müdaxiləsi olmuş və bu zaman pul köçürülməsi prosesi həyata keçirilmişdir. Həmçinin cavabdeh iddia edir ki, pul başqa plastik karta köçürülən zaman təhlükəsizlik kodu təsdiq edilmişdir və buna əsasən də, digər karta ötürülmüş olan pulun qaytarılması mümkün deyildir. Bununla da, cavabdeh tərəf məsuliyyəti öz üzərindən atmışdır. Halbuki bu hal məhz cavabdeh tərəfindən tam olaraq araşdırılmalı və öz həllini tapmalı idi. 2538 manat məbləğində pul mobil telefonuna gələn sms bildirişdə göstərilən kod heç bir təsdiq edilmə hərəkəti olmadan kartdan silinmişdir. Cavabdeh ASC kartdan silinən 2538 manat məbləğində pulu təzədən onun kartına geri ödənilməlidir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş bildiriş poçt xidməti tərəfindən “köçüb” qeydi ilə ona çatdırılmadan geri qaytarılmışdır. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı mobil tətbiqinə kənar şəxslər tərəfindən giriş edilmişdir. Mobil tətbiqə giriş yalnız müştəri məlumatlarının 3-cü şəxsə təqdim edildiyi təqdirdə daxil olunması mümkündür. Mobil tətbiqə giriş edildikdən sonra xx.xx.2024-cü il tarixdə 2538 AZN vəsait "xxxx" ASC-yə məxsus olan **********497950 plastik kart hesabından c2c edilmişdir. Müştəri müraciəti əsasında qarşı tərəfə müraciət edilmişdir, lakin vəsait "xxxx" ASC-yə məxsus olan 521367******6654 digər plastik kart hesaba köçürülmüşdür. Sözügedən əməliyyat təhlükəsizlik kodunun təsdiqi ilə icra olunması səbəbilə vəsaitin qarşı tərəfin razılığı olmadan geri qaytarılması mümkün deyil. Bununla bağlı hüquq mühafizə orqanına və ya qarşı Banka müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı məxsus **********3566900 nömrəli kart hesabından çıxarışdan görünür ki, həmin kartdan xx.xx.2024-cü il tarixində, saat 7:18-də 2400 manat və saat 7:45-də 138 manat pul köçürməsi baş vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsində verdiyi izahatında onun xəbəri olmadan kartından 2538 manat pul vəsaitinin köçürülməsini bildirmişdir. xx.xx.2024-ci il tarixli qərara əsasən material aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə verilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin baş təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixində "xxxx" ASC-dən pulun nağdlaşdırılması barədə məlumatların əldə edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilməsi barədə vəsatət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(060)-305/2024 nömrəli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 xx.xx.2024-cü il tarixli, ********* nömrəli qərarına əsasən, AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bakı Şəhəri Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı müraciəti mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 2024/529 nömrəli məktubundan görünür ki, 5261********6900 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə saat 7:18-də 2400 manat və 7:45-də 138 manat Cavabdeh ASC-yə məxsus mobil tətbiq vasitəsilə **********497950 nömrəli "xxxx" kartına köçürülmüşdür. Mobil tətbiq Cavabdeh ASC tərəfindən tam idarə olunduğundan və kart transferi əməliyyatının keçirildiyi zaman OTP SMS xidməti birbaşa bank tərəfindən təşkil edildiyindən bu barədə məlumat "xxxx" MMC-nin verilənlər bazasında aşkar edilməmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli “uçota dair arayışı”dan görünür ki vergi ödəyicisinin əməliyyatları xx.xx.2019-cu ildən xx.xx.2024-cü il tarixinədək dayandırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 5/586 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən: - “Tədqiqat prosesinin təsviri” hissəsinin 1 ci bəndində göstərilən səbələrə görə ekspert qarşısında qoyulmuş 1-ci və 2-ci suallarda göstərilən - bankda olan kart hesablarına, (o cümlədən bankın əməliyyatların aparılmasını təmin edən prosessinq sisteminə kibermüdaxilə olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat aparılması mümkün olmadı. - Bank tərəfindən təqdim edilən məlumatlara əsasən, xx.xx.2024-cü il tarixində qısa intervallarla üç ədəd (03) OTP kodu “+99*** *** ** **” mobil nömrəsinə təhlükəsizlik kodları göndərilmişdir. - xx.xx.2024-cü il tarixində müştərinin hesabı üzrə ümumilikdə dörd (04) əməliyyat qeydə alınmışdır ki, onlardan ikisi C2C formatında aparılmış kartdan-karta pul köçürmələri, digərləri isə həmin əməliyyatlarla bağlı tutulmuş xidmət haqları ilə əlaqədardır. - Məlumat üçün bildirilir ki, kartdan karta köçürmələr C2C (Consumer-to-Consume əməliyyatlarının həyata keçirilmə üsullarından biri olub, fiziki şəxslər arasında birbaşa maliyyə vəsaitlərinin ötürülməsini təmin edir. Bank tərəfindən müştərilərə təhlükəsizlik kodların göndərilmə əsaslarının müəyyən edilməsi məhkəmə kompüter-texniki ekspertizasın predmetinə aid deyildir. - Bank tərəfindən təqdim edilən məlumatlarda Abdullayevə Nuridə Sədətqulu qızına aid profil üzrə əməliyyatların hansı cihazla apaerıldığı barədə məlumat verilmədiyindən, həmin sual üzrə tədqiqat aparılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən **********356690 nömrəli plastik kart iddiaçının istifadəsinə verilmişdir. İddiaçı özünə məxsus kart hesabından xx.xx.2024-cü il tarixində səhər saatlarında 2538 manat pul vəsaitinin xəbəri və iştirakı olmadan silindiyini bildirərək, bu cür halın baş verməsində bank məsuliyyət daşıdığından, yəni, bankın plastik kartın məxfliyi və təhlükəsizliyini təmin etməməsi səbəbindən pul vəsaitindən məhrum olduğu üçün ona cavabdeh bank tərəfindən 2538 manat zərərin vurulduğunu iddia edir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi əməliyyatlar "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə aparılmış, mobil tətbiqə qoşulan zaman iddiaçının banka təqdim etdiyi şəxsi nömrəsinə (+99*** *** ** **) OTP (birdəfəlik kod) göndərilmişdir. Bank tərəfindən iddiaçıya təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş SMS göndərilmişdir. İddiaçıya məxsus **********356690 nömrəli bank kartı vasitəsilə xx.xx.2024-cü il tarixində ümumilikdə dörd (04) əməliyyat qeydə alınmışdır ki, onlardan ikisi C2C formatında aparılmış kartdan-karta 2400 manat və 138 manat pul köçürmələri olmuşdur. İddiaçı Sumqayıt Şəhər Polis İdarəsinə şikayətlə müraciət edərək, onun xəbəri olmadan kartından 2538 manat pul vəsaitinin köçürülməsini bildirmiş, Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə qeyd edir ki, hazırda istintaqı aparılan faktın bankın hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən edilmir. Əksinə, məhkəmə araşdırması zamanı təsdiq olundu ki, cavabdeh "xxxx" ASC tərəfindən təlimatların tələblərinə riayət edilmiş, müştərilərin şəxsi məlumatlarının və hesablarının qorunması üçün bütün zəruri tədbirləri görmüşdur. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, plastik ödəmə kartı - əsasən kredit, ödəmə və debet (hesabdan nağd vəsaitlərin alınması) kart olaraq bilinən, vəsaitlərin mübadiləsi, pulun saxlanılması, məsafədən ödənişlərin həyata keçirilməsi, başqa hesablara pulun köçürülməsi və digər əməliyyatlar üçün istifadə olunan vasitədir. Belə ki, kart vasitəsilə yuxarıda qeyd olunan əməliyyatlar müxtəlif üsullarla (postterminal vasitəsi ilə pul ödənilməsi, ATM vasitəsi ilə hesabdan nağd vəsaitlərin alınması, internet resursları vasitəsilə online pul köçürmələri, ölkə daxili və ölkə xarici hesablara pul köçürülməsi və s.) müxtəlif vasitələrlə həyata keçirilir. Plastik kartların aid olduğu hesaba dair məlumatlar kartın məxsus olduğu müəsissə tərəfindən saxlanılır, kartın istifadəçisi və həmin müəssisə tərəfindən idarə olunur. Kartlarda informasiya təhükəsizliyinin təmin edilməsi üçün (kartın nömrəsi, PİN-kod, təhlükəsizlik şifrəsi, bank resurslarına aid şifrələr, kredit limiti, əməliyyatların tarixçəsi və s.) xüsusiyyətlərin qorunmasına diqqət yetirilməlidir. İddiaçı özünə məxsus kart vasitəsilə köçürmələrin onun tərəfindən həyata keçirilmədiyini bildirsə də, öz istifadəsində olan mobil nömrəsinə göndərilmiş kod və digər məlumatlara görə məsuliyyəti özü daşıdığından, həmin məlumatların istifadə olunması nəticəsində hesabındakı pul vəsaitinin başqa hesablara köçürülməsində cavabdeh bank tərəfindən iddiaçıya ziyan vurulması halı müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Beləliklə də, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: -zərərin mövcud olması; -zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus pul vəsaitlərinin başqa hesablara köçürülməsində cavabdehin hər hansı təqsirli hərəkət yaxud hərəkətsizliyi ilə bağlı olmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən iddia rədd olunmalıdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı ona cavabdeh tərəfindən maddi ziyan vurulması ilə bağlı öz hüquqi mövqeyini (bank hesabından köçürmələrin həyata keçirilməsində cavabdehin təqsirini) sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar