Məhkəmə qərarları › İş №e-2(006)-5058/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5058/2022

22.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5058/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı «zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-dan 10.931,92 (on min doqquz yüz otuz bir manat doxsan iki qəpik) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı ildə "xxxx" MTK ilə (bundan sonra cavabdeh) 42 saylı müqavilə bağlayaraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi, 15 saylı binanın yaxınlığında yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra həmin binanın girişində, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 112 kvm. olan, 2 otaqlı 1 saylı mənzilin ona satılması barədə müqavilə bağladılar. Müqavilənin dəyərini, hər kvadrat metr üçün 937,5 manat hesabı ilə 105.000 manat olaraq tam ödədi. Lakin evin mülkiyyət hüququna dair çıxarış alarkən məlum oldu ki, cavabdeh müqavilə şərtlərini pozub və ona təhvil verdiyi mənzilin ümumi sahəsi nəzərdə tutulduğundan 9,6 kv.m azdır. Başqa sözlə ondan 9.000 manat artıq pul alıb. Çıxarışı və texniki pasportu aldıqdan sonra cavabdehə müraciət edərək artıq aldığı pulun qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh pulu qaytarmadı mübahisəyə məhkəmədə baxılarkən keçirilmiş tikintitexniki ekspertizası nəticəsində müəyyən olundu ki, mənzilin ümumu sahəsi nəzərdə tutulduğundan 9,6 kvm deyil, 15 kvm azdır. Məhkəməyə verdiyi iddia ərizəsində 9,6 kvadrat metr mübahisələndirildiyi üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 9,6 kvm aid qətnamə çıxardı. Yəni iddia 9,6 kvm-ə verildiyindən 5.4 kvadrat metr sahəyə dair mübahisə həll edilməmiş qalmışdır. 5,4 kvm sahənin dəyəri (5,4*937,5) 5062,5 manat təşkil edir. Müqavilə şərtlərinə əməl etmədiyi üçün 5.062,5 manat cavabdehdən alınıb ona ödənilməlidir. xx.xx.2016-ci il tarixdən etibarən ondan artıq alınmış 13.685,5 manatın bank uçotunun faiz dərəcələrinə uyğun olaraq ona vurulmuş ziyan iddia ərizəsi tərtib edilən günə 5.747 manat təşkil edir. Beləliklə cavabdehin ona ödəməli olduğu məbləğ 5.062,5+5.747=10.809,5 manat təşkil edir. Ödənilən 122,42 manat dövlət rüsümu nəzərə alınaraq tələb olunan yekun məbləğ 10.931,92 manata bərabərdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 42 saylı "xxxx" müqavilənin surətindən görünür ki, “Satıcı” Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrarayon, R.Məmmədov küçəsi, 15 saylı binanın 1 saylı girişin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112 m2 təşkil edən 2 otaqlı, 15 saylı mənzili “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və mənzilə görə 105.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilən ödəniş “Alıcı” tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 71 nömrəli evin 15 saylı mənzil ( yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 71, M4, m5) tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 3059 nömrəli reyestr kitabının 285638 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrəli qeydiyyata alınmışdır. Mənzilin ümumi sahəsi 102,40 m2-dir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4488/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini, İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddiasının təmin edilməsi, 9.000 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4049 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 15 saylı mənzilin (DƏDRX tərəfindən verilmiş “Reyestrdən çıxarışda” yeni qaydalar ilə, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 71, M4, m5) faktiki sahəsi 97,05 kv.m təşkil edir. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixdə bağlanılmış 42 saylı "xxxx" müqaviləsində mənzilin ölçüləri (tikililərin eni, uzunluğu, konfiqurasiyası) qeyd olunmadığından həmin müqavilədə qeyd olunan sahə ilə DƏDRX tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestrindən” iddiaçının adına verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il olan “Reyestrdən çıxarışda” göstərilən ölçülərdəki fərqin hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmamışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli, 42 saylı "xxxx" müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrarayon, R.Məmmədov küçəsi, 15 saylı binanın 1 saylı girişin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112 m2 təşkil edən 2 otaqlı, 15 saylı mənzili “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və mənzilə görə 105.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş və “Alıcı” tərəfindən tam ödənilmişdir. Həmin müqavilədə mənzilin ümumi sahəsi 112 kv. metr, hər 1 kv.metrin qiyməti 937,5 manat kimi müəyyən edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixli, 42 saylı "xxxx" müqaviləsi üzrə MTK qarşısında yaranmış öhdəliyini tam şəkildə icra etmişdir. İşin mübahisələndirilməyən hallarından həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4488/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı verilməmiş 9,6 kv.m-lik sahəyə görə artıq ödənilmiş 9.000 manat məbləğində pulun cavabdeh "xxxx" MTK- dən tutularaq ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, MTK tərəfindən təhvil verilməmiş, lakin iddiaçı tərəfindən qalan sahə üzrə tam ödənilmiş pulun "xxxx" MTK-dan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinin tələblərinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Hazırkı işdə yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, qeyd edilən maddi hüquq normalarının tələblərini işinin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh "xxxx" MTK 112 kv.metr ölçülü mənzilin iddiaçıya təhvil verilməsi barədə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada yerinə yetirməmiş, bununla da iddiaçının müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuş, hüquqlarını pozmuşdur. Məhkəmə təhvil verilməli olan mənzilin 112 kv.metr təşkil etməli olduğunu, təhvil verilmiş faktiki sahənin 97,05 kv.metr olduğunu, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinə əsasən 9.6 kv.metrin (9.6 x 937,5= 9.000 manat) əvəzinə iddiaçıya müəyyən məbləğdə pul ödənilməsinin qət edildiyini, qalan ödənilməmiş sahənin (112-97,05-9.6) 5,35 kv.metr təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, təhvil verilməmiş sahənin əvəzi olaraq (5,35 x 937,5) 5.015,60 manat məbləğində pul "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın digər hissəsi ilə əlaqədar, yani 5.747 manat məbləğində pulun cavabdeh "xxxx" MTK-dan tutulması ilə əlaqədar qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanan həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə əsasən hazırki iddia qismən təmin edilməli, dəymiş zərər üzrə 5.015,60 manat və dövlət rüsumu kimi ödənilmiş 122 manatın 56 manatı məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəymiş zərər üzrə 5.015,60 manat və dövlət rüsumu kimi ödənilmiş 122 manatın 56 manatı, cəmi 5.071,60 manat (beş min yetmiş bir manat, altmış qəpik) məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar