Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5118/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 40000 manat, fiziki ziyana görə isə 10000 manat olmaqla cəmi 70000 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətanamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi özünün 06 aprel 2024-cü il tarixli 1(099)-175/2024 saylı hökmünə əsasən vət.İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxıb, ona həmin maddə ilə bəraət vermişdir. Hökmün nəticə hissəsində göstərilir: “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin...”. İşin məhkəmə iclasında iştirak etmiş dövlət ittihamçısı Tale Səfərov apelyasiya protesti verməklə, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024-cü il tarixli 1(099)-175/2024 saylı hökmünün işin faktiki hallarına uyğun olmaması və məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması əsasına görə ləğv edilməsini və İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-603/2024 saylı qərarı ilə apelyasiya protesti təmin edilməmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-175/2024 saylı hökmü, həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin iclasında iştirak etmiş dövlət ittihamçısı İlqar Əsədov kassasiya protesti verməklə, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-603/2024 saylı qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(102)-320/2025 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İzah etmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır (yaşayış yerindən arayış iddia ərizəsinə əlavə edilir). 18 və 22 yaşlarında olmaqla 2 övladı var, lakin hazırda evli deyildir. Tutulanadək maşın ustası kimi fəaliyyət göstərmişdir. Lakin, rəsmi iş yeri olmamışdır. Həbsdən azad olunandan sonra isə maşın ustası kimi fəaliyyəti əmək müqaviləsi əsasında həyata keçirilmişdir. 18 yanvar 2023-cü il tarixində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə Lənkəran Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli 4(049)-30/2023 nömrəli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı həbs müddəti bir neçə dəfə uzadılmışdır. 18 yanvar 2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qanunsuz və əsassız olaraq həbsdə saxlanılmışdır. Tutularkən və bundan sonrakı dövrdə polis əməkdaşlarının fiziki və psixi zorakılığına məruz qalmışdır. Hətta vəziyyət o həddə çatıb ki, tutulandan bir neçə ay sonra, yəni 2023-cü ilin mart ayında haqsız tutulmasına etiraz edərək hər iki qulağını da kəsmişdir. Bütün bu haqsızlıqlar nəticəsində ona həm maddi, həm mənəvi, həm də fiziki (sağlamlığına) ziyan vurulmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024-cü il tarixli 1(099)-175/2024 saylı hökmünün 14-cü səhifəsinin sondan 3-cü abzasından görünür ki, ... ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə cəlb edilməsi üçün əks göstərişin olması müəyyən edilmişdir. Qeyd etmişdir ki, onun İİ qrup əlilliyi tutulanadək müəyyən olunmuşdur. İİ qrup əlil olaraq əhalinin həssas qrupuna aid olsa da, bu hal polis əməkdaşlarının qanunsuz hərəkətlərinə mane olmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024-cü il tarixli 1(099)-175/2024 saylı hökmünün 16-cı səhifəsinin son üç və 17-ci səhifəsinin ilk abzasından görünür ki, “- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən verilmiş İddiaçı adına açılmış 670/2023 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, İddiaçı 21 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, müayinə zamanı İddiaçı bədəni üzərində sağ dirsək oynağının içəri səthinin 3-4 sm ölçüdə, sağ əlin ön səthinin 1-2 sm ölçüdə, sol saidin yuxarı 1/3-nin ön səthinin 1-2 sm ölçüdə qərtməkli yaraları aşkar olunmuşdur. Bakı İstintaq Təcridxanasında tərtib olunmuş 26 aprel 2023-cü il tarixli «Atk» dan görünür ki, İddiaçı üzərinə baxış keçirilən zaman sol saidin və sol bazunun aşağı tərəfində kəsilmiş qərtməkli yara, sol qulaq seyvanının yuxarı tərəfində isə kəsilmiş yara xəsarətləri aşkar olunmuşdur. İddiaçı fakt ilə bağlı bildirmişdir ki, həmin xəsarətləri Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama yerində olarkən saxlandığı kamerada istintaqın gedişatına etiraz əlaməti olaraq alışqanın dəmiri ilə özü-özünə xəsarət yetirməsi nəticəsində almışdır. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş 28 noyabr 2023-cü il tarixli, 3-13-96/2-34747/23 nömrəli məktubdan və X3 və Tibbi yardımın X1 görünür ki, İddiaçı 19 yanvar 2023-cü ildə saat 04:40 radələrində Lənkəran ŞRPŞ-nin MSY-nə gətirilmişdir. X4 kitabında 65 nömrə altında qeydə alınıb, 19 yanvar 2023-cü il saat 10:15 radələrində həkim qeydiyyatı kitabında həkim müayinəsindən keçirilmiş, ilkin müayinə zamanı xəsarət aşkar olunmamışdır. 20 yanvar 2023-cü ildə saat 11:53 radələrində təkrar müayinə olunaraq praktik sağlam olduğu müəyyən olunmuş və 21 yanvar 2023-cü il saat 09:00 radələrində Bakı İstintaq Təcridxanasına etap olunmuşdur. Tələbnaməyə əsasən təqsirləndirilən şəxs 25 aprel 2023-cü ildə saat 15:10 radələrində təkrar Lənkəran ŞRPŞ-nin MSY-nə gətirilmişdir, X4 kitabında 453 nömrə altında qeydə alınıb, 25 aprel 2023-cü il tarixdə saat 15:14-də həkim müayinəsindən keçmiş, sol qulağın kəsilmiş yarası müəyyən olunmuş, həkim tərəfindən Tibbi Yardım qeydiyyat kitabında qeydiyyat aparılmışdır və 26 aprel 2023-cü ildə saat 09:50-də Bakı İstintaq Təcridxansına etap olunmuşdur. «təkrar məhkəmə-tibbi ekspertizası»nın 22 dekabr 2023-cü il tarixli T 879/2023 nömrəli rəyindən görünür ki, vətəndaş İddiaçı 23.01 və xx.xx.2023-cü il tarixlərdə İT-də müayinə olunarkən «sağ dirsək oynağının içəri, sağ əlin ön, sol saidin yuxarı 1/3-nin ön səthinin qərtməkli yaraları, sol qulaq seyvanının, sol bazunun aşağı 1/3nin ön-bayır, sol saidin ön-arxa və qarının ön səthinin çoxsaylı kəsilmiş qərtməkli yaraları» olması qeyd olunmuşdur. Qeyd edilən xəsarətlər (xarakteri, forma və rəngi) tam təsvir edilmədiyindən onların yetirilmə müddəti, eləcə də yetirilmə mexanizmi haqqında dəqiq fikir söyləmək mümkün olmadı, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Müayinə edilən xəsarətlərin xarakteri və lokalizasiyası onların istər təqsirləndirilən şəxsin özü tərəfindən, istərsə də kənar şəxs tərəfindən yetirilməsi mümkündür”. Qeyd olunanlardan da göründüyü kimi, tutularkən və bundan sonra polis əməkdaşlarının zorakılığına məruz qalması, qanunsuz həbsi, etiraz əlaməti olaraq qulağını kəsməsi, bir ildən artıq müddətə işləyib qazana biləcəyi puldan məhrumiyyəti, bədənində yaranan psixoloji problemlər və s. ona kifayət qədər böyük maddi, mənəvi və fiziki ziyan vurmuşdur. İİ qrup əlil kimi əhalinin həssas qrupuna aid olması da nəzərə alınmalı olan məqamlardandır. 18 yanvar 2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəzərə alınmaqla azadlıq hüququ 1 il 2 ay 19 gün pozulmuşdur. Bütün bu hallar isə məhkəmələrin hökmvə qərarlarında təsdiqini tapmış inkar olunması mümkün olmayan hallardır. Bu baxımdan hesab etmişdir ki, iddiası əsaslıdır və təmin edilməlidir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericilikdən irəli gəldiyindən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin, Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, praktikada fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda "müvafiq icra hakimiyyəti orqanı” qismində, Maliyyə Nazirliyi müəyyən edilməmişdir. Buna görə də hesab edirik ki, iddiaçıya dəymiş ziyan buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti şəxslər və ya cinayət prosesini həyata keçirən müvafiq orqanlar çıxış etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Digər tərəfdən sözügedən məhkəmə praktikasında bu tipli məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, buna görə də iddia tələbi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün . Məhkəmə iddia ərizəsini, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. İddiaçı məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi haqqında iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025ci il tarixli qərarı ilə İddiaçı barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq həbs olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdən (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün 1 səhifəsi) xx.xx.2024-cü il tarixədək (01 il 02 ay 18 gün=15 ay) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1000 manat hesablanmaqla 15000 manat məbləğində müəyyən olunmalıdır. İddianın “maddi ziyanın əvəzi olaraq 20.000 manatın tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, qanunsuz həbsdə qaldığı müddətdə vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “fiziki ziyana görə 10 000 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbinin bu hissəsini alışqanın dəmiri ilə özü-özünə xəsarət yetirməsi nəticəsində qulağının müəyyən hissəsinin kəsilməsi ilə əsaslandırmışdır. Qeyd etdiyi kimi xəsarət təhqiqat və istintaq orqanlarının əməkdaşları tərəfindən deyil, özü tərəfindən edilməklə onun əvəzinin tutulması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, bu ifadə ilə dövlət nəzərdə tutulur, dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Məhkəmə iddianın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 15.000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 15.000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-5118/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5118/2025
24.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver