Məhkəmə qərarları › İş №e-2(006)-5136/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5136/2025

10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5136/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 210.800 manat borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 1/2 hissədə tutularaq ona ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 500,80 manatın isə cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 dəfə 2024-cü ilin aprel ayında hissəhissə 210.800 manat borc pul vermişdir. Həmin pul hesabına o əsassız varlanmışdır. İddiaçının borcluya şifahi əqd əsasında verdiyi 210.800 manat borc formaya riayət edilmədən bağlanmış əqd olduğundan etibarsız əqddir və əqdin etibarsızlığı bağlandığı andan hüquqi nəticəyə səbəb olmur, yəni hüquqi əsas aradan qalxmışdır. Pulun verilməsi aradan qalxmış əsasa söykəndiyindən həmin pulu əldə edən əsassız varlanmış sayılır. Borcun olması isə borclunun vatsap ani mesajlaşma və mübadilə sistemi üzərindən iddiaçıya göndərdiyi səsli mesajla, habelə şahidlər X7 və X2 ifadələri ilə təsdiq edilir. Belə ki, borclunun vatsap üzərindən iddiaçıya göndərdiyi səsli mesajdan görünür ki, borclu iddiaçıya 88.000 (səksən səkkiz min) ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 149.600 manat) borcu qalmasını etiraf edir. Bundan başqa, şahidlər X7 və X2 ifadələri ilə təsdiq edilə bilər ki, iddiaçı borcluya hissə-hissə 210.800 manat borc vermişdir. Çünki qeyd edilən pul vəsaiti həmin şəxslər vasitəsilə borcluya çatdırılmışdır. Borclu xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən həmin vəsaiti qaytara bilməmişdir. Belə ki, Çex Respublikası Tynişte nad Orlici şəhəri Rychnov nad Kneznou rayon bələdiyyəsinin qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsindən görünür ki, borclu xx.xx.2024-cü il tarixdə Çex Respublikası Tynişte nad Orlici 582 ünvanında vəfat etmişdir. Borclu öldüyü məqamadək hüquqları **********94-05101-093042 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı ilə qeydiyyata alınan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 4A ünvanda yerləşən 90 nömrəli mənzilə malik olmuşdur, yəni həmin mənzil miras aktivini təşkil edir. Həmin mənzil xx.xx.2024-cü il tarixli, 2V-127 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə keçmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-26625/2025-**********25 nömrəli məktubundan görünür ki, cavabdehlərin hər birinə mənzilin ½ hissəsi miras əmlak olaraq vərəsəlik qaydasında keçmiş və onların mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdehlər miras aktivi əldə etdiyindən miras qoyanın 210.800 manat borcunun ödənilməsi ilə bağlı öz payına mütənasib surətdə birgə borclu hesab edilirlər və həmin borcu tam ödəməyə borcludurlar və cavabdehlər miras aktivi əldə etdiyini iddiaçı bildiyi andan onlara qarşı tələb hüququ yaranmışdır. Cavabdehlər borclunun hesabına bərabər ölçüdə (½ hissədə) zənginləşdiyindən onlar həmin ölçüdə iddiaçı qarşısında miras əmlak hesabına borcun ödənilməsi öhdəliyi daşıyırlar. Bu baxımdan 210.800 manat borc məbləği cavabdehlərin hər birindən 105.400 manat olaraq tutulmalı və iddiaçıya ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, uzun illər ərzində mərhum İlqar Xəlilzadə ilə iş birliyi olmuşdur, İlqar ondan borc pul almış və sonradan da qaytarmışdır. Lakin bununla belə İlqarın ona hazırda iddia tələbində göstərdiyi həcmdə borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etməyərək, tələbin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, mərhum əri xaricdə avtomobillərin gətirilib ölkədə satılması ilə məşğul olmuşdur. Mərhum ərinin hazırki iddiaçı ilə iş birliyindən onun məlumatı olmamışdır. Mərhum ərinin bu qədər borcu olsa idi, ona bu barədə bildirirərdi. Həmçinin təqdim edilən səs yazısında mərhum əri məhz İddiaçı iddiada göstərilən məbləğdə borcu olduğunu bildirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin əsassız olduğunu hesab edərək bildirmişdir ki, araşdırmalar da təsdiq edir ki, iddia tələbi əsassızdır. Yeganə sübut olan səs yazısıdır ki, həmin səs yazısında da pulun olması, lakin kimlər arasında olması, pulun qaytarılıb-qaytarılmaması barədə məlumat öz əksini tapmadığından iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır. X13rdaşı ilə bir yerdə işləmişlər. Özünün bir evi vardı, sonradan həmin evi satdı. 2023-cü ilin may ayında qardaşının istəyi ilə ona 10.000 dollar məbləğində pul vermiş, qardaşı da həmin pulu mərhuma vermişdir. Sonradan qardaşı ondan 2024cü ilin mart ayında 25.000 dollar məbləğində pul yenə istəmiş və həmin pulu da mərhuma vermişdir. Sonradan xəbər çıxdı ki, Xəlilzadə İlqar vəfat edib. Əlavə suallara cavab olaraq isə onun tərəfindən Xəlilzadə İlqara pul verilmədiyini, pulu ona qardaşının verdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəsasətinə əsasən şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, İddiaçı onun tanışıdır, mərhum İlqarla da tanışlıq münasibətləri olmuşdur. X8 İddiaçı pul götürüb ona verməsini xahiş etmiş, o da pulu Şıxəlidən alaraq İlqara vermişdir. Pulu hansı tarixdə, hansı məbləğdə alması yadında qalmamışdır. Mərhumun danışığı zamanı onun borcu olduğunu eşitmişdir. Pulun Şıxəliyə qaytarılması barədə də məlumatı yoxdur. Əlavə suallara cavab olaraq isə İlqarla həyətlərində görüşdüyünü, pulu onun götürməsinə səbəb onunla tez-tez görüşmələri olmuşdur. Lakin hansı tarixdə və hansı məbləğdə pulu Şıxəlidən alaraq İlqara verməsini xatırlamır. İş materialları: Çex Respublikası Tynişte nad Orlici şəhəri Rychnov nad Kneznou rayon bələdiyyəsinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən ölüm haqqında şəhadətnamənin apostil edilmiş surətinə əsasən İlqar Xəlilzadə xx.xx.2024-cü il tarixdə Tynişte nad Orlici, 582 ünvanında vəfat etmişdir. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilən İİ-AZ seriyalı, 020340 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X12 və X3 arasında xx.xx.2002-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Xəlilzadə” soyadı verilmişdir. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsələri: arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X6 verilmiş **********94-05101-093042 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80.32 kv.m olan mənzildən ibarətdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh1 adına Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 4A, mənzil 90 qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 43 saylı NK-nın 2V-127 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mənzilin ½ hissəsi Cavabdeh2 adına özgəninkiləşdirilmiş, yerdə qalan ½ hissə isə Cavabdeh1 adında qalmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən iddia qaldırılması üçün iddiaçı tərəfindən 501 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 230687 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X9 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. X9 (satıcı) ilə X14 (alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 19.500 manata alıcının mülkiyyətinə vermişdir. İddiaçı (satıcı) ilə X10 (alıcı) arasında bağlanan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5A, mənzil 105-də yerləşən, ümumi sahəsi 127.3 kv.m, yaşayış sahəsi 63.8 kv.m, yardımçı sahəsi 63.5 kv.m-dən ibarət 3 otaqlı mənzili 124.500 manata alıcının mülkiyyətinə vermişdir. İş materiallarına həmçinin, cd-disk və “whatsapp” tətbiqi üzərindən edilən ekran görüntüləri əlavə edilmişdir. Məhkəmə iclasında dinlənilən “Whatsapp” tətbiqi üzərindən İddiaçı və mərhum İ.Xəlilzadənin danışıqlarına əsasən İ.Xəlilzadə iyun ayında borcundan ödəniş edəcəyini bildirmişdir, bundan sonrakı danışıqlarda isə İddiaçı qarşı tərəfdən yalnız hal-əhval tutmuş, borc barədə hər hansı fikir bildirməmiş, sonrakı tarixlərdə tərəflər arasında borcla bağlı hər hansı danışıq olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından göründüyü kimi iddiaçı Məmmədov X5 İlqar Rəhim oğluna 2024-cü ilin aprel ayında hissə-hissə 210.800 manat məbləğində borc pul verdiyini iddia edərək, hazırki tələbini irəli sürmüşdür. X12 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumun vərəsələri təyin edilmişdir. Bunlar işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı, X6 verdiyini iddia etdiyi borc pul məbləğini onun qanun üzrə vərəsələrdən tutulmasını tələb edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbindən, tərəflərin izahatından, şahid ifadələrindən aydın olur ki, iddiaçı öz tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı, X20a müəyyən məbləğdə borc pul verdiyini iddia etsə də, bu faktı təsdiqləyən birbaşa və qəti sübutlar təqdim etməmişdir. İlk növbədə, iddiaçı tərəfindən X20a iddia edilən məbləğdə borc pul verilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı, ərizəsində həmin borc pulun mərhuma Məmmədova Səadət və Rəhimov Ramiz adlı şəxslər tərəfindən çatdırıldığını qeyd etsə də, həmin şəxslər iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş və şahid ifadələri ilə iddiaçının qeyd etdikləri arasında ziddiyyət yaranmışdır. Şahidlərdən biri iddiaçının bacısıdır, həmin şahid ifadəsində qardaşının müraciətinə əsasən qardaşına pul verdiyini və qardaşının bildirməsinə görə həmin pulu İlqar Xəlilzadəyə verilməsini göstəriri. Digər şahid isə ümumiyyətlə tələb edilən pulun hansı vaxtda və hansı məbləğdə verilməsinə berlə aydınlıq gətirə bilmir.Əsas arqument kimi göstərilən iki şahidin ifadələri arasında ziddiyyətin olması, həmin borc pulun verilməsi faktını dəqiqliklə təsdiq etməyə imkan vermir. Bir şahid pulun iddiaçıya verildiyini, digəri isə iddiaçıdan alıb mərhuma verdiyini bildirir. Bu isə hadisənin konkret mahiyyətinə aydınlıq gətirmir və iddianın məhkəmə üçün inandırıcı və sübuta yetirilmiş hesab edilməsinə imkan vermir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi digər sübut kimi cd-diskə məhkəmə iclası zamanı baxış keçirilmiş, iddiaçının təqdim etdiyi səs yazısında, hər nə qədər pulun verilməsi və ödəniləcəyi barədə fikirlər səslənsə də, konkret olaraq kimin kimə hansı məbləğdə borcu olduğu açıqlanmır. Hətta həmin danışıqların hazırki iş üzrə iddiaçıya və mərhum şəxsə məxsus olması inkar edilməsə belə, borc pulun qaytarılmadığını iddia edən iddiaçının sonrakı tarixlərə aid danışıqlarda pulu tələb etməməsi də sual doğurur. Səs yazısı təkbaşına, dəqiq şəkildə borc münasibətini və iddia edilən məbləği təsdiq etmədiyindən, məhkəmə bu sübuta tənqidi yanaşaraq onu tələbin təmin edilməsi üçün mötəbər sübut kimi qəbul etmir. Həmçinin, məhkəmə tələbin pulun verildiyi zaman iddiaçının həqiqətən də həmin vəsaitə malik olmasına dair sübut qismində təqdim etdiyi alqı-satqı müqavilələrinə münasibətdə qeyd edir ki, həmin müqavilələr də iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, alqı-satqı müqavilələri yalnız iddiaçının müəyyən dövrdə vəsait əldə edə biləcəyini ehtimal etməyə imkan verir. Lakin bu, həmin vəsaitin konkret olaraq iddia edilən borc kimi verilməsi faktını sübut etmir. Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərinə görə, borc münasibətinin sübutu üçün təkcə vəsaitin əldə edilməsi faktı kifayət deyil - bu vəsaitin konkret şəxsə, konkret məqsədlə verilməsi də sübuta yetirilməlidir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqavilələri varsa da, pulun kimə və nə vaxt verildiyi, verilən vəsaitin həmin müqavilələrdən əldə edilən vəsait olması faktları sübutlarla dəstəklənmir. Bu səbəbdən, həmin müqavilələrin təkbaşına iddianın təmininə hüquqi əsas vermədiyi qənaəti doğrudur. Məhkəmə hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası əsassız hesab edilməklə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar