Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-514/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, zərərin əvəzi 409,35 (dörd yüz doqquz manat otuz beş qəpik) manat məbləğində və dövlət rüsumu 30 (otuz) manat məbləğində cavabdehdən tutularaq ona ödənilməsi, keyfiyyətsiz xidmətin nəticəsində dəymiş mənəvi ziyan 100 (yüz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 oktyabr 2022-ci il tarixdə “QY4TPG” saylı sifarişə əsasən, “AZƏRBAYCAN HAVA YOLLARİ" QSC-dən “J2109” saylı (19 dekabr 2022-ci il tarixdə saat 07:00, Bakı – Praqa (gediş), və “J2110” saylı (26 dekabr 2022-ci il tarixdə saat 17:10, Praqa – Bakı (qayıdış) avia biletləri əldə etmişdir. Əldə etmək üçün tərəfindən 454,50 ABŞ dolları məbləğində pul ödəmişdir. Sonradan əlavə olaraq 216,37 AZN məbləğində ödəniş etməklə 26 dekabr 2022-ci il tarixli, Praqa-Baku uçuşunu 02 yanvar 2023-ci il tarixli uçuşu ilə əvəz etmişdir. Sonradan, 05 noyabr 2022-ci il tarixdə “AZƏRBAYCAN HAVA YOLLARİ" QSC tərəfindən (rəsmi elektron poçt vasitəsi ilə) ona 19 dekabr j2 109 olan uçuşu Bakı Praqa uçuşu təxirə” salınması barədə məlumat verilmişdir. Əlavə olaraq “Biz sizə bileti cəriməsiz başqa tarixə dəyişməyi və ləğv etməyi təklif edirik” bildirilmişdir. Həmin tarixlərə (19 dekabr – 26 dekabr 2022-ci il) tərəfindən oteldə qalmaq ödəniş edilmişdir. Bundan əlavə, Çexiya Respublikasına gəlmək imkanının müddəti (VİZA) 19 dekabr 2022-ci il tarixdən başlayaraq 8 gün təşkil edir. Cavabdeh "xxxx" QSC tərəfindən uçuş tarixinin dəyişməsi təklifi onu həm otelə ödənilmiş puldan, həm də qalmaq imkanından məhrum etdiyindən, əlavə olaraq 1182,48 AZN ödəniş edərək digər avia şirkətindən (X4) həmin tarixlərdə uçuş və qayıdış biletlərini əldə etmişdir. Bundan əlavə, 11 noyabr 2022-ci il tarixdə iddiaçı cavabdeh "xxxx" QSC-yə (elektron poçt vasitəsi ilə) müraciət edərək uçuş tarixinin təxirə salınmasının səbəbini bilmək istədikdə, sonuncu tərəfindən “Qış сədvəlinə keçidlə əlaqədar, bəzi rəyslər təxirə salınıb” bildirilmişdir. Tərəfindən cavabdeh "xxxx" QSC-yə pretenziya qaydasına müraciət edərək, avia biletinin ləğv edilməsini və dəymiş ziyanın tələb edilməsini xahiş etmişdir. Sonuncu isə, pretenziyaya cavab olaraq bir daha “Biz sizə bileti cəriməsiz başqa tarixə dəyişməyi və ləğv etməyi təklif edirik” elektron poçt vasitəsi ilə bildmişdir. İddiaçı qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan tərəflər arasında olan yazışmaların surətlərindən görünür ki, “AZAL” aviaşirkətinin 19 dekabr j2 109 olan uçuşu Bakı-Praqa uçuşu qış cədvəlinə keçidlə əlaqədar təxirə salınmışdır. Bu barədə məlumat şirkət tərəfindən iddiaçıya 05 noyabr 2022-ci il tarixdə bildirilmişdir. Şirkət iddiaçıya təxirə salınmış biletlə əlaqədar uçuşun cəriməsiz baqa vaxta keçirilməsini və ya ləğv edilməsini təklif etmişdir. Sonradan iddiaçı şirkətə müraciət edərək, yeni biletin alınması ilə əlaqədar əlavə ödənilmiş pulu, yəni çəkdiyi ziyanın əvəzinin ödənilməsinin 15 gün müddətində təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından aydın oldu ki, iddiaçıya ləğv edilmiş biletin əvəzi olaraq pul şirkət tərəfindən geri qaytarılmışdır. Sonradan iddiaçı başqa şirkət tərəfindən bilet almış, hazırda da məhkəməyə müraciət edərək sonradan aldığı biletə görə ona dəyən maddi ziyana görə əlavə 409,35 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Bakı-Praqa uçuşu qış cədvəlinə keçidlə əlaqədar ləğv edilmiş və biletə görə iddiaçı tərəfindən ödənilən pulu ona geri qaytarmışdır. İddiaçının hazırda cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulduğunu iddia etsə də, istinad etdiyi bu hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməlidir. Lakin, iş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdi. Eyni zamanda, məhkəmə iddia tələbinin mənəvi ziyanın iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona cavabdeh tərəfindən keyfiyyətsiz xidmət göstərildiyini iddia edərək ona dəymiş 100 manat məbləğində mənəvi ziyanın geri qaytarılmasını xahiş edir. Halbuki, məhkəmə tərəfindən cavabdehin keyfiyyətsiz xidmət göstərməsi halı aşkar edilməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəm qət etdi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-514/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-514/2023
12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver