Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5229/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı8, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin qanuni təmsilçisi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh "xxxx" MMMC-yə qarşı liftdən istifadənin məhdudlaşdırılmasının və kommunal xidmət haqqının artırılmasının qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Nəsimi-61 MMMC-nin liftdən istifadənin ödəniş edilməməsi səbəbindən məhdudlaşdırılması barədə tətbiq etdiyi qaydanın qanunsuz hesab edilməsini, iddiaçıların və digər sakinlərin liftdən istifadə hüququna cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə və liftlərdən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, aylıq kommunal xidmət haqqının 1 kv.m üçün 40 qəpikdən 60 qəpiyə artırılması barədə cavabdehin qəbul etdiyi qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə və İddiaçı1 vəkil ilə müqavilə üçün ödədiyi 800 manat pul məbləğinin və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: İddiaçılar ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli binanın sakinləridir. Hər ay binanın saxlanılması və kommunal xidmətlərə görə müəyyən edilmiş ödənişləri edirlər. Lakin cavabdeh qurum tərəfindən bu ödənişlərin vaxtında edilməməsi və ya hər hansı səbəbdən ödənilməməsi halında sakinlərin liftdən istifadəsinə qadağa qoyulur. Bu məqsədlə sakinlərə verilmiş jeton və kartlar bağlanır, liftlərdə elanlar yerləşdirilir və ödəniş edilmədiyi halda liftdən istifadə hüququnun dayandırılacağı bildirilir. Belə məhdudiyyətlər sakinlərin mülkiyyət hüquqlarını pozur və normal yaşayış şəraitinə qanunsuz müdaxilədir. Evin alqısatqısı ilə bağlı müqavilə bağlanarkən onlarla “Draft Construction “MMC kommunal xidmətlərin göstərilməsi barəqə müqavilə bağlamışdır. Daha sonra müvafiq ödəniş qəbzlərini aldıqdan sonra məlum olmuşdur ki, "xxxx" MMC fəaliyyət formasını dəyişdirərək "xxxx" MMC-yə deyişmişdir. Daha sonra isə MMC də dəyişərək, Cavabdeh MMMC fəaliyyət formasında mövcudluğunu müvafiq qəbzlərdən öyrənmişlər. Çoxmənzilli binalardakı liftlər bütün sakinlərin ümumi paylı mülkiyyətindədir və ümumi mülkiyyətin istifadəsi yalnız bütün mülkiyyətçilərin razılığı ilə dəyişdirilə bilər. İdarəçilik fəaliyyəti sakinlərin mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. Bundan əlavə, cavabdeh tərəfindən ödənişlərin məbləği də əsassız şəkildə artırılmışdır. Belə ki, əvvəllər aylıq xidmət haqqı 40 qəpik olduğu halda, sonradan 60 qəpiyə qaldırılmış, lakin bu dəyişiklik heç bir əsaslandırma və sakinlərin ümumi yığıncağının razılığı olmadan həyata keçirilmişdir. Halbuki, Mənzil Məcəlləsinin 44 və 46-cı maddələrinə görə, ümumi mülkiyyətin idarə olunması və xidmət haqqının müəyyən edilməsi yalnız mülkiyyətçilərin ümumi yığıncağında qəbul edilən qərar əsasında mümkündür. Sakinlərin razılığı olmadan ödənişlərin birtərəfli qaydada artırılması qanunsuz hesab edilməlidir. Liftdən istifadənin kommunal ödənişlərin edilməməsi səbəbilə məhdudlaşdırılması yalnız sakinlərin ümumi yığıncağının qərarı və ya tərəflər arasında bağlanmış müqavilə ilə mümkün ola bilər. Belə razılıq olmadıqda liftdən istifadənin məhdudlaşdırılması qanunsuzdur və mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, həm liftdən istifadəyə qoyulmuş məhdudiyyət, həm də aylıq xidmət haqqının 40 qəpikdən 60 qəpiyə qaldırılması cavabdeh qurumun qanunsuz hərəkətləridir, mülkiyyətçilərin hüquqlarının pozulmasına gətirib çıxarır və qanunvericiliklə uzlaşmır. Habelə bununla bağlı onlar, müxtəlif qurumlara müraciət etmişlər. Polis orqanı onunla müvafiq söhbətlər aparıb, liftdən istifadəyə qoyulan məhdudiyyəti aradan qaldırmaq üçün tədbirlər görüb, lakin artıq bu sistem halını alıb. Məcburiyyət qarşısında qalıb bunula bağlı İddiaçı1 Vəkilə müraciət etmiş və 800 manat xərc çəkmişdir. Habelə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Cavabdehin etirazı: Cavabdeh "xxxx" MMMC-nin qanuni təmsilçisi X3 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələblərini əsassız və qanunsuz hesab edir: xx.xx.2025-ci il tarixdə Cavabdeh MMMC-nin sakinlərinin iştirakı ilə protokol tərtib olunmuş, ünvan 2 ünvanında yerləşən 2 bloklu yaşayış binasında aylıq xərc və tələbatların artıması nəzərə alınaraq, pilot lahiyəli bina üçün 0.20 qəpikdən 0.40 qəpiyə, qeyd olunan ünvanda mənzil almış sakinlər üçün isə 0.40 qəpikdən 0.60 qəpiyə qaldırlması qərara alınmışdır. Qeyd olunan ünvanda yaşayan sakinlər tərəfindən akt tərtib olunmuş, ünvan 2 ünvanında yerləşən Cavabdeh MMMC-nin sədri Növrəstə Bağırovanın sədr kimi fəaliyyəti yüksək qiymətləndirilmiş və ondan hər hansı bir narazılıq və tələblərinin olmadığı qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, adı iddia ərizəsində iddiaçılar qrafasında olan X10 vəsatətlə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsinin mövcudluğundan xəbərinin olmaması və belə bir ərizəni imzalamadığını məhkəmənin nəzərinə çatdırmışdır. Bu vəsatətdə qeyd olunan xüsusat məhkəmə tərəfindən mütləq şəkildə araşdırlmalıdır. Belə ki, A.Şərifov iddia ərizəsini imzalamamışsa ona iddia ərizəsini kim imzalamışdır, bu məsələ ilə bağlı müvafiq qərar qəbul edilməlidir. Belə olduğu halda, məhkəmə tərəfindən ekspertiza təyin edilməli, imzanın A.Şərifova məxsus olmadığı müəyyən edildiyi halda cinayət işinin başladılması ilə bağlı xüsusi qərardad qəbul edib, prosessual nəzarəti həyata keçirən prokurora göndərməlidir. Odur ki, məhkəmədən iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsi və X8 adından saxta imza edilib-edilməməsi məsələsinin araşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin iclasında iştirak edən iddiaçılar iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmənin iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X3 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 129, yeni qaydalarla ünvan 4 ünvanının mülkiyyətçisi İddiaçı1dır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 135, yeni qaydalarla ünvan 5 ünvanının mülkiyyətçisi İddiaçı2dır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 103, yeni qaydalarla ünvan 6 ünvanının mülkiyyətçisi İddiaçı4dır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 136, yeni qaydalarla ünvan 7 ünvanının mülkiyyətçisi İddiaçı3dır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 179, yeni qaydalarla ünvan 8 ünvanının mülkiyyətçisi İddiaçı9dır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 74 yeni qaydalarla ünvan 9 ünvanının mülkiyyətçisi X4r. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışına əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 75 yeni qaydalarla ünvan 10 ünvanının mülkiyyətçisi X4r. ünvan 11runda 7E-16 reyetr nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, X6 ona məxsus ona bütün daşınar və daşınmaz əmlaklara dair sərəncam verməsi və digər zəruri hərəkətlərin yerinə yetirilməsini İddiaçı6 etibar etmişdir. Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa (xx.xx.2024-cü il tarixli 1124-MM11-0320 nömrəli) əsasən Cavabdeh MMMC-nin qanuni təmsilçisi X2r. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən "Xidmət göstərən "Mülkiyyətçi" ya kommunal xidmət göstərir. ünvan 12 ünvanında yerləşən yaşayış binasının B blokunda 5 mərtəbədə yerləşən, ümumi sahəsi texkini pasportun göstəricilərinə əsasən 86.6 kv.m olan 129 saylı mənzili olan "Mülkiyyətçi" isə "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022ci il tarixli protokoluna və 01. 09.2022-ci il tarixli daxili əmrinə əsasən aldıqları mənzilin hər kv m. üçün 0.40 AZN xidmət haqqı ödəmək öhdəliyini üzərlərinə götürürlər. Cavabdeh MMMC-nin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokoluna əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16 ünvanlarında 2 bloklu yaşayış binalarında aylıq xərc və tələblərin artmasını nəzərə alaraq Pilot layihəli sakinləri 1 kv.m kommunal ödənilən aylıq pulu 0.20 qəpikdən 0.40 qəpiyə qeyd olunan ünvanda mənzil almış sakinlər isə 1 kv.m kommunal ödənilən aylıq pulu 0.40 qəpikdən 0.60 qəpik olması qərara alınmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli hesab ödəniş vərəqinə əsasən "xxxx" MMC-nin 2494.88 manat borcu olduğu qeyd olunmuşdur. «X5 and Engineering Group» MMC-nin xx.xx.2025-ci il tarixli hesab fakturasına əsasən liftə texniki xidmət üçün 410.64 manat tələb olunur. Cavabdeh MMMC-nin xəbərdarlıq məktubunda İddiaçı1 binanın təmizliyi, liftlərin texniki baxışı, su təminatı elektrik təhcizatı, 24 saat mühafizə, işçilərin əmək haqqları və s. üçün kommunal pulu yığıldığı nəzərinə çatdırılmış, buna baxmayaraq onun tərəfindən borc yarandığı bildirilərək, borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh MMMC-nin təsis yığıncağının xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh MMMC-nin İdarə Heyətinin iclasında AR Mülki Məcəlləsin, Mənzil Məcəlləsinə və mövcud kommunal xidmət müqavilələrinin şərtlərinə əsasən, kommunal ödənişlərini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə həyata keçirməyən sakinlərin lift xidmətindən istifadəsini təmin edən kartların müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar qəbul edilmiş, məəsələ səsverməyə çıxarılaraq təsdiq olunmuşdur. xx.xx.2025-ci il tarixli 1244 nömrəli qəbzə əsasən İddiaçı1 iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən və xx.xx.2025-ci il tarixli 753 nömrəli müqavilədən görünür ki, İddiaçı1 ona vəkil Nümayəndə tərəfindən hüquqi yardım göstərilməsi üçün 800 manat ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2 Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 2.1 Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: Maddə 43.2.5. Bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Maddə 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Maddə 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. Maddə 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. Maddə 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 45.7. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Maddə 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Maddə 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılardan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı9 və İddiaçı4 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli binanın mülkiyyətçiləri olmaqla, həmin binanın sakinləridir. Cavabdeh tərəfindən göstərilmiş kommunal xidmətlərə görə haqq xx.xx.2023-cü il tarixdən hər 1 kv.m. üçün 0,60 manat məbləğində müəyyən edilmişdir. İddiaçılar tərəfindən kommunal xidmər haqları ödənilmədiyindən, cavabdeh tərəfindən onların liftdən istifadəsi məhdudlaşdırılmışdır. Hazırda iddiaçılar xidmət haqqının məbləğinin qaldırılmasından narazılıq ifadə edərək, məbləğin 0.40 manat müəyyən edilməli olduğunu iddia edir, həmçinin liftə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 mübahisəli binada yerləşən mənzillərə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, tələb edilməsinə baxmayaraq, həmin şəxslər məhkəməyə mülkiyyət hüquqlarını və ya mənzillərin qanuni istifadələrində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. İddiaçılardan İddiaçı6 təqdim etdiyi - binada yerləşən iki mənzilin mülkiyyətçisi X6 tərəfindən ona verilmiş ümumi etibarnaməyə münasibətdə məhkəmə qeyd edir ki, həmin etibarnamə əmlaklara dair sərəncam vermək və sair səlahiyyətləri özündə əks etdirsə də, etibarnamənin İddiaçı6, mülkiyyətçinin adından məhkəməyə müraciət etmək və ya təmsil olunmaq kimi səlahiyyətlərini özündə əks etdirməsi müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən etibarnamə İddiaçı6 münasibətdə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq vermir. Qeyd edilməlidir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırıldığına görə İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 münasibətdə rədd olunmalıdır. Digər iddiaçılar – İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı9 və İddiaçı4 gəldikdə məhkəmə, onların iddia tələblərinin “kommunal xidmət haqqının artırılmasının qanunsuz hesab edilməsi” hissəsini əsassız sayaraq qeyd edir ki, kommunal xidmətlər haqqının 0,40 qəpikdən 0,60 qəpiyə artırılması MMC-nin xx.xx.2023-cü il tarixli qərarı əsasında həyata keçirilmiş, gündəlikdə duran məsələ səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir. Hətta iddiaçılardan İddiaçı4 da bu qərarla razı olduğunu qərarın sonunda imza etməklə bildirmişdir. İddiaçılar müvafiq qərarı bəyənməklə 2023-cü ildən başlayaraq son aylaradək xidmət haqqını qərarda müəyyənləşdirilmiş məbləğdə ödəmişlər, sonradan narazılığın yaranma səbəbi soruşulduqda İddiaçı1 MMMC-nin qanuni təmsilçisi və komendatı ilə aralarında yaranmış (binaya qulluqla bağlı yaranmış problemin aradan qaldırılmasına cavabdehin yardımçı olmamasına dair) münaqişədən sonra xidmət haqqı məbləğini mübahisələndirmək qərarına gəldiyini bildirmiş və digər iddiaçılar olan sakinlər də ona qoşularaq iki ilə yaxın müəyyənləşdirilmiş tariflə ödədikləri məbləğin azaldılmalı olması iddiasını irəli sürmüşlər. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3 və 135.2.4-cü maddələrinə görə isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi, yaşayış sahəsinin mülkiyyətçisi üçün isə – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Qeyd edilməlidir ki, binanın idarəçiliyini sahə mülkiyyətçiləri MMMC-yə tapşırmışlar. Binada sözügedən xidmətlərin faktiki olaraq MMMC tərəfindən verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, adından da göründüyü kimi, bina sakinləri tərəfindən təsis və idarə olunur, yəni belə cəmiyyətin qəbul etdiyi qərar, nə qədər ki, mübahisələndirlməyib, bina sakinlərinin iradəsini ifadə etməklə, icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar göstərilən xidmətlərin haqqını cavabdehə ümumi yığıncağın qərarında müəyyən edilmiş məbləğdə ödəmək vəzifəsi daşıyırlar. İddia tələbinin “liftdən istifadənin məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Hər iki normadan görünür ki, yaşayış binasının mənzildən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlər, lift şaxtası ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış binası çoxmənzilli binadır və iddiaçılar (İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı9 və İddiaçı4) həmin binada yerləşən mənzillərin mülkiyyətçiləridir. Belə olan halda, qanunvericiliyin tələbinə görə həmin şəxslər mənzillərindən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlərə ümumi paylı mülkiyyət hüququna malikdirlər. Mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur, bununla belə bu hüquq da mütləq deyil, qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərə məruz qala bilər. Bunun üçün də mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir. Çünki mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusion hüquqdur. Baxılan işdə belə bir qanuni əsas nə Mülki, nə Mənzil Məcəllələrində, nə də digər qanunlarda nəzərdə tutulmayıb. Həmçinin müəyyən edilib ki, iddiaçıların ümumi paylı mülkiyyətində olan liftdən istifadəyə hər hansı əsasla, o cümlədən xidmət haqqının ödənilməməsinə görə məhdudiyyət tətbiq edilməsinə dair şərtləndirməni nəzərdə tutan müqavilə tərəflər arasında bağlanmamışdır. Başqa sözlə, müdaxilənin müqavilə əsası da istisna edilib. Eləcə də, liftdən istifadə və ona məhdudiyyətin tətbiq edilməsi qaydaları ilə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının qərarı da yoxdur. Belə olan halda, cavabdeh MMMC-nin iddiaçıların liftdən istifadə qaydalarına, xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir və iddiaçıların bu müdaxilədən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən müdafiə hüquqları vardır. Belə ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh MMMC-nin iddiaçılara münasibətdə liftlərə məhdudiyyət qoyulmasının onlar tərəfindən xidmət haqqının ödəməməsi ilə bağlı izahını əsaslı saymır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılara münasibətdə yaşadıqları ünvanda yerləşən liftlərə cavabdeh MMMC tərəfindən tətbiq edilmiş məhdudiyyət ləğv olunmalı və həmin şəxslərin liftlərdən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyi cavabdeh MMC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh MMMC-dən tutularaq iddiaçılar İddiaçı1 ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 800 manatın 300 manat hissəsinin cavabdehdən tutulması işin hallarına uyğun olmaqla, ədalətli və ağlabatandır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı9 və İddiaçı4 münasibətdə ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli binanın liftdən istifadə hüququna Cavabdeh MMMC tərəfindən qoyulmuş məhdudiyyətlər aradan qaldırılsın və ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli binanın liftindən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyi Cavabdeh MMMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi, hüquqi xidmətlərin göstərilməsinə görə 300 manat Cavabdeh MMMC-dən tutularaq İddiaçı1 ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-5229/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5229/2025
09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver