Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5232/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “istintaq orqanının hərəkəti nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq ittiham verilərək barəsində seçilmiş həbslə bağlı ona maddi ziyan kimi 100.000 manat, mənəvi ziyan kimi isə 50.000 manat, hüquqi xidmətlə bağlı ümumi olaraq, 300 manat və iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 150.330 manatın cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2, X10, X4, X1, X3, X11 “ziyan vurmaqla ziyan vurmaqla dələduzluq faktına görə Bakı Şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7 02 noyabr 2017-ci il tarixli qərarından görünür ki, həmin tarixdə, X8 şikayət ərizəsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Daha sonra, Bakı Şəhəri Nizami rayon prokurorunun müavini Ramin Qocayevin 10 sentyabr 2018-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Polis idarəsinin İstintaq Şöbəsinin müstəntiqi Tural Hüseynov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 noyabr 2017-ci il tarixli qərarın əsassız olduğuna görə ləğv edilməsi və materialın əlavə araşdırılma aparılması üçün Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 aprel 2019-cu il tarixli protokola əsasən 02 aprel 2019cu il tarixdə şübhəli şəxs qismində cəlb olunmuşdur. Daha sonra, 04 aprel 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən 04 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək iddiaçıya həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakiminin-04 aprel 2019-cu il tarixli, 4(011)-190/2019 saylı qərarına əsasən isə, barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 aprel 2019-cu il tarixdən hesablanmışdır. Daha sonra, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 01 iyun 2019-cu il tarixli, 4(007)-133/2019 saylı qərarı ilə həbsdə saxlanma müddətim 20 gün, yəni 02 iyun 2019-cu il tarixdən 22 iyun 2019-cu il tarixədək uzadılmış, həmin Məhkəmənin 20 iyun 2019-cu il tarixli l(007)-235/2019 saylı qərarı ilə barəsindədə seçilmiş həbs qətimkan tədbiri, bu məsələyə məhkəmə hazırlıq iclasında baxılana qədər təsdiq edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli l(007)- 235/2019 saylı qərarına əsasən, Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi və məlikəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işi üzrə Bakı Şəhəri, Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin və Bakı Şəhər Polis İdarəsinin müxtəlif müstəntiqləri tərəfindən istintaq aparılmış, ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş, müxtəlif vaxtlarda iş üzrə istintaq müddətləri uzadılmış, yekunda iş məhkəməyə göndərilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 11 fevral 2020-ci il tarixli, 1(007)-13/2020 saylı bəraət hökmü çıxarılmışdır. Daha sonra, zərərçəkmiş şəxslər X12, X5, X6 tərəfindən apellyasiya şikayəti verilmişdir və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2020-ci tarixli, l(103)-478/2020 saylı qərarı ilə Nizami Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Barəmdə yuxarıda da qeyd etdiyi kimi seçilmiş həbs qətimkan tədbiri 09 iyul 2019-cu il tarixdə Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bu isə o deməkdir ki iddiaçı 02 aprel 2019-cu il tarixindən 09 iyul 2019-cu il tarixinədək 98 gün həbsdə qalmışdır. 09 iyul 2019-cu ildən 11 fevral 2020-ci ilədək isə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri iddiaçının üzərində olmuşdur. İddiaçının barəsində cinayət təqibinə başlandığı andan, 01.02.2019-cu il tarixədək həm iddiaçı, həm də ailə üzvləri dərin mənəvi iztirab keçirmiş, həmçinin maddi məhrumiyyətlərə məruz qalmışlar. İddiaçını tanıyanlar, o cümlədən iş üzrə zərərçəkmiş şəxslər iddiaçının barəsində cinayətkar kimi fikirləşmiş, son nəticədə ağır mənəvi iztirablar keçirmişdir. Həbsdə olduğu və barəsində cinayət təqibi getdiyi zaman yaxınları, həm də dost, həm də işgüzar əlaqələrim olduğu şəxslərdə iddiaçının barəsində təqsirkar kimi fikirlərin səsləndirilməsi iddiaçını mənəvi cəhətdən ən son həddə çatdırmış, dərin psixoloji hallar keçirmişdir. Hələ də bəzi şəxslər iddiaçının günahkar olduğunu və hansısa cinayəti, törətməyi düşünür ki, bu da iddiaçıya mənəvi cəhətdən həddindən artıq pis təsir göstərir. Bundan başqa yuxarıda da qeyd etdiyi kimi iş üzrə zərərçəkmiş şəxslər iddiaçı ilə qurmuş olduqları işgüzar münasibətlərinə görə tanış olduqlarına və buna görə pul verdiklərini qeyd etmişlər. Bu müddət ərzində həmin şəxslər demək olar ki, tanıdığı bütün ortaq tanışlara və tanımadığı şəxslərə iddiaçının onlara qarşı dələduzluq etdiyini və buna görə də həbs olunduğunu bildirərək işgüzar nüfuzuna həddindən artıq ciddi ziyan vurmuşlar ki, hələ də bu mənfi halları aradan qaldıra bilmir. Təkcə, yuxarıda qeyd etdiyi, barəsində seçilmiş həbs qətimkan tədbiri zamanı o, işləməmiş, bu müddət ərzində təxmini hesablamaları nəticəsində 100.000 (yüz min) manat maddi qazancı əlindən çıxmışdır. Eyni zamanda keçirmiş olduğu mənəvi iztirablarala bağlı iddiaçıya vurulmuş mənəvi ziyam 50.000 manat dəyərində qiymətləndirir və hesab edir ki, istintaq orqanının 03 il ərzində barəsində cinayət təqibi aparması iddiaçını daimi olaraq psixoloji basqı altında saxlamaqla ciddi mənəvi sarsıntılara qoymuşdur ki, hələ uzun müddət bundan sonra da o, reablitasiya olunmalı və normal həyata adaptasiya olunmalıdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 20 avqust 2021-ci ildə məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Etirazda qeyd edilir ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı hansı əmək fəaliyyəti ilə məşğul olması, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə hər hansı sübutlar təqdim etməmişdir. Halbuki Cinayət Prossesual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. İddiaçı isə ərizəsində heç bir əsaslandırma və sübut göstərmədən maddi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb edir. İddiaçı həmçinin mənəvi ziyana görə 50.000 manat ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin iddiaçı vəkilə hüquqi xidmətlərə görə 300 manat ödədiyini qeyd etmiş lakin bununla bağlı sübutlar təqdim etməmişdir. Belə ki, hüquqi yardımla bağlı sənədlər işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Belə olan halda məhkəməyə iddiaçı ilə bağlanılmış müvafiq müqavilələrin surətləri təqdim olunmalıdır. Daha sonra, iddiaçı onun cinayət işi ilə aidiyyəti olmayan Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində göstərmişdir. Halbuki, başqa şəxsin öhdəliyinə Maliyyə Nazirliyi məsuliyyət daşımır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçının həbsinə səbəb müvafiq orqanlar və şəxslər olmuşdur. Maliyyə Nazirliyi iddiaçının cinayət işində təqsirli bilinib, daha sonra isə işə xitam verilməsi mərhələlərinin heç birində faktiki olaraq iştirak etməmişdir. Belə olan halda Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulması həm iddiaçı tərəfindən, həm də məhkəmə tərəfindən sübut olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə istirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 1(007)-13/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilmiş və əməlində cinayət tərkibi olmadığına görə İddiaçı bəraət verilmiş, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxs X12 apelyasiya şikayəti yerərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixii, İ (007)-T3/'2Ö20 saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs İddiaçı əməlində Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələrində göstərilmiş cinayət tərkib əlamətlərinin olması, əsaslarına görə həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə İddiaçı cəza verilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2020-ci il tarixli 1(103)-478/2020 nömrəli qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 1 (007)-13/2020 saylı hökmü bəraət almış şəxs İddiaçı barəsində dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxslər X12, X5 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsində qeyd edilir ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayır və işin hallarını nəzərə alaraq hesab edir ki, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qanunsuz həbs etməyə görə vurulmuş maddi və mənəvi ziyana görə ona 150.000 manat məbləğində kompensasiya ödənilməsi barədə tələbi qismən 2500 manat məbləğində təmin edilməlidir. Bundan başqa, iddiaçı tərəfindən hüquqi xidmətlə bağlı ümumi olaraq, 300 manat cavabdehlərdən tutulmasına dair tələb irəli sürmüşdür. Belə ki, iş materiallarında olan 23 noyabr 2018-ci il tarixli 040411 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı “Kəngərli və Partnyorları” vəkil bürosunun hesabına xidmətlərin göstərilməsi üçün 100 manat məbləğində pul ödəmişdir. Bununla bağlı Məhkəmə hesab edir ki, həmin tələb də qismən təmin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan respublikası Maliyyə Nazirliyindən maddi və mənəvi ziyan üçün 2500 (iki min beş yüz) manat, hüquqi xidmətlə bağlı 100 (yüz) manat, dövlət rüsumu olaraq 10 (on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan respublikası Maliyyə Nazirliyindən maddi və mənəvi ziyan üçün 2500 (iki min beş yüz) manat, hüquqi xidmətlə bağlı 100 (yüz) manat, dövlət rüsumu olaraq 10 (on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-5232/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5232/2021
13.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver