Məhkəmə qərarları › İş №e-2(006)-524/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-524/2025

19.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-524/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat kredit borcu və ona hesablanmış 7700 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bank kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin, vəkil xidmət haqqı üçün ödənilmiş 520 manat pulun və evin təmir adı altında aldığı 1300 ABŞ dollarının ödənildiyi zaman Azərbaycan Respubliaksı manata olan məzənnəsi ilə olmaqla, cəmi 37042,45 manat pul vəsaitinin və 202 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh mülkiyyətində olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi,3006-cı məhəllə, ev 10, mənzil 178, yeni qaydalarla Bakı şəhəri R.Cəfərov küçəsi, 19, M16, m2 ) alınması üçün "xxxx" ASCdən kredit məbləği götürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli EE001217145 saylı kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarılmaq şərti ilə götürdüyü krediti qızı ilə nikahda olan Cavabdeh vermişdir. Bank tərəfindən iddiaçıya 7700 manat faiz hesablanmışdır. İş üzrə cavabdeh bankın iddiaçıya verdiyi kreditdən faydalansa da, əsas borcu və ona hesablanmış faizləri də qaytarmamışdır. Bundan əlavə, Cavabdeh yaşadığı mənzilin təmiri üçün iddiaçı Nəcabət Rəsulzadədən 1300 ABŞ dolları borc almış, eyni zamanda xx.xx.2022-xx.xx.2024-cü il tarixinədək ümumilikdə 6612 manat cavabdehə məxsus bank kartına köçürülmüşdür. İddiaçı dəfələrlə verilmiş borcun geri qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh qeyd olunan borcun ödənilməsindən imtina etmiş, əsas kimi, iddiaçının qızı Ülkər xanımın cavabdehin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmalı olması ilə əlaqələndirmişdir. Tərəfimizdən xx.xx.2024-cü il tarixində cavabdehə sonuncu xəbərdarlıqla pretenziya məktubunun göndərilməsinə baxmayaraq şəxs yenidən hərəkətszilik göstərmiş, borcun ödənilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığına görə iddiaçı hüquqlarının məhkəmədə müdafiəsi üçün “Arbitrium” Vəkil bürosu ilə xx.xx.2024-cü ildə 291 saylı müqavilə bağlamış, bununla əlaqədar 520 manat xidmət haqqı ödəmişdir. Eləcə də, iddiaçı məhkəməyə iddia ərizəsi verilməsi üçün 202 manat dövlət rüsumu ödəmişdir ki, bu məbləğlər cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Daha sonra Cavabdeh iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı Bakı şəhəri, Nəsimi rayon məhkəməsində "pul tələbinə dair” iddia qaldırmış və iddia ərizəsində qeyd etmişdir ki, “o, mənə mülkiyyətimdə olan mənzilin (Bakı şəhəri, ünvan 6, yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi 19, ev 16, mənzil 2) alınması üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürmüşdür”. Belə ki, iddiaçı Rəsulzadə Nəcabət iddia ərizəsində göstərmişdir ki, “05,05.2023-cü il tarixli, EE001217145 saylı kredit müqaviləsinə əsasən 20.000 manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarmaq şərti ilə götürdüyü krediti mənə vermişdir. Bank tərəfindən ona 7700 manat faiz hesablanmışdır". Bildirmək istəyir kı,o, birgə nikah dövründə ev almamışdır. Həmin ev xalası Firəngiz tərəfindən özünə alınmışdır. Belə kı, anası X4 adına xüsusi mülkiyyət olaraq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, ev 33, mənzil 8 olmuşdur. Xalası ŞabanZadə Firəngizin adına isə xüsusi mülkiyyət kimi DƏDRX-də ünvan 4 olmuşdur. Xalası ilə anası aralarında xx.xx.2018-ci il tarixində bağışlama müqaviləsi bağlamışlar. Həmin bağışlama müqaviləsinə əsasən anası X11 mülkiyyətində olan, özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, ev 33, mənzil 8-i xalam X5 bağışlamış, xalası X9 isə özünə məxsus, xüsusi mülkiyyətində olan ünvan 4-ni anasına bağışlamışdır. xx.xx.2023-cü il tarixində xalası özünə məxsus, xüsusi mülkiyyəti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, ev 33, mənzil 8-i X1 və özünə Bakı şəhəri, ünvan 6, yeni qaydalarla AZİ 102, Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi 19, ev 16, mənzil 2-ni almışdır. cavabdehin mənzil şəraiti pis olduğundan və yaşamağa mənzili olmadığından xalası həmin evi ona bağışlamışdır. Xalası X28lə xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi ilə evi cavabdehə bağışlamışdır. İddiaçı onun ev almağı məqsədilə bankdan pul götürüb ona verməmişdir. Bu səbəbdən də hesab edir ki, onun 20.000 manat bankdan götürdüyü pulu və onun 7700 manat məbləğində faizini ondan tələb etməsi həqiqətə uyğun deyil və rədd edilməlidir. X12 evi bağışlayacağını bildirdikdə o, xx.xx.2023-cü il tarixində bankdan 20.000 manat pul götürmüşdü ki, evi yüngül təmir etdirsin və hər ay onun kreditini ödəmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “guya həmin mənzili təmir etdirmək məqsədilə ona 1300 ABŞ dolları pul vermişdir". Bildirmək istəyir ki, yalandır. Təmir üçün o bankdan 20.000 manat pul götürmüşdü. Əksinə anası vəfat etməzdən əvvəl cavabdehin qızına, yəni keçmiş həyat yoldaşına 1300 manat pul vermişdi ki, üstünə əlavə edib ona şuba alsın. Əksinə o, xx.xx.2023-cü il tarixində 2580 manata “İphone 14 Pro Max" markalı telefon almış və iddiaçıya vermişdir. İddiaçı ona bildirmişdir ki, xəstədir, evdə ev işlərini görməyə çətinlik çəkir, qabyuyan maşına ehtiyacı var və o, xx.xx.2021-ci il tarixində 859 manata "Samsung” markalı qabyuyan maşın alıb ona vermişdi. Hal-hazırda telefon da, qabyuyan maşın da onların evindədir. Daha sonra İddiaçı iddia ərizəsində qeyd etmişdi ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ümumilikdə 6612 manat ona məxsus bank kartıma pul köçürtmüşdür. Bildirmək istəyir ki, cavabdehin qızının, yəni keçmiş həyat yoldaşının bank kartı olmadığından iddiaçı qızına lazım olan şeyləri almaq üçün, uşağa qulluqla bağlı onun kartına pul köçürmüş və həmin pul ailələrinin ehtiyaclarının ödənilməsinə sərf edilmişdir, yəni birgə yaşadıqları dövrdə ailələri üçün xərclənmişdir. Cavabdeh də işləyirdi və əmək haqqı alırdı, həmin əməkhaqqını ailənin saxlanmasına sərf edirdi. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Fidar qızının iddia ərizəsi qeyri-obyektivdir, böhtandır və rədd edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi,3006-cı məhəllə, ev 10, mənzil 178, yeni qaydalarla Bakı şəhəri R.Cəfərov küçəsi, 19, M16, m2) alınması üçün "xxxx" ASC-dən kredit məbləği götürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli EE001217145 saylı kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarılmaq şərti ilə götürdüyü krediti qızı ilə nikahda olan Cavabdeh vermişdir. Bank tərəfindən iddiaçıya 7700 manat faiz hesablanmışdır. İş üzrə cavabdeh bankın iddiaçıya verdiyi kreditdən faydalansa da, əsas borcu və ona hesablanmış faziləri də qaytarmamışdır. Bundan əlavə, Cavabdeh yaşadığı mənzilin təmiri üçün iddiaçı Nəcabət Rəsulzadədən 1300 ABŞ dolları borc almış, eyni zamanda xx.xx.2022-xx.xx.2024-cü il tarixinədək ümumilikdə 6612 manat cavabdehə məxsus bank kartına köçürülmüşdür. İddiaçı dəfələrlə verilmiş borcun geri qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh qeyd olunan borcun ödənilməsindən imtina etmiş, əsas kimi, iddiaçının özü Ülkər xanımın cavabdehin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmalı olması ilə əlaqələndirmişdir. Tərəflərindən xx.xx.2024-cü il tarixində cavabdehə sonuncu xəbərdarlıqla pretenziya məktubunun göndərilməsinə baxmayaraq şəxs yenidən hərəkətszilik göstərmiş, borcun ödənilməsindən imtina etmişdir. Bunları nəzərə alaraq iddinın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia ərizəsi tam olaraq əsassızdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş səs yazıları pritenziya məktubu cavabdehə göndərildikdən sonra qeydə alınmışdır. İddiaçı bildirir ki, onun mülkiyyətində olan evin alınması üçün "xxxx" ASC-dən kredit götürmüşdür. Həmin kreditin məbləği 20 min manat həcmində olmuşdur. Bildirmək istəyirik ki, həmin mənzili cavabdeh birgə nikah dövründə almamışdır. Sözü gedən ev cavabdehin xalası Firəngiz xanım tərəfindən özünə alınmışdır. Cavabdehin anası Gülnarə xanımın müllkiyyətində Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən mənzil, xalası Firəngiz xanımın mülkiyyətində isə Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən mənzil olmuşdur. Cavabdehin xalası ilə anası arasındakı xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən, xalası Səbail rayonu ərazisində yerləşən evi cavabdehin anasına, anası isə Yasamal rayonu ərazisində yerləşən evi cavabdehin xalasına bağışlamışdır. xx.xx.2023-cü ildə cavabdehin xalası mülkiyyətində olan Yasamal rayonu, İnşaatçılar prospekti ünvanında yerləşən mənzili X6 və özünə Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən mənzili almışdır. Yaşayış yerim olmadığına görə və çətinlik çəkdiyi üçün, xalası həmin mənzili cavabdehə bağışlamışdır. Həmin bağışlanma müqaviləsi xx.xx.2023-cü ildə bağlanmışdır. Burdan da aydın olur ki, həmin mənzil birgə nikah dövründə alınmamış, xalası tərəfindən cavabdehə bağışlanmışdır. İddiaçı bankdan pul götürüb, ev almaq üçün cavabdehə heç nə verməmişdir. Xalası Hüseynə ev verəcəyini bildirdikdə, Hüseyn bankdan kredit götürmüşdür. Bu kredit evi təmir etdirmək üçün Hüseyn tərəfindən götürülmüşdür. Bunları nəzərə alaraq iddinın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) vaxtı və yeri barədə xəbərdar edilsələrdə tərəflərin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM serialı, 234426 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X2 adına xüsusi mülkiyyət kimi xx.xx.2005-ci il tarixində hüquqi qeydiyyatdan keçmişdir. - Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixdən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş X10 ilə X11 arasında arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzili X8 bağışlamışdır. - Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AN-İ seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42.7 kv/m olan mənzil satıcı X10 tərəfindən alıcı X20 137.500 manat məbləğə satılmışdır. - "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, CL- EE001217145 saylı Kredit müqaviləsinə 20.000 manat məbləğində kredit verilmişdir. - Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin hesabdan çıxarışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə 20.000 manat məbləğində kredit götürmüşdür. - Real Əmlak Daşınmaz Əmlak Agentliyinin Beh haqqında razılaşmadan görünür ki, Cavabdeh beh verən qismində, X16 beh alan qismində çıxış edərək Nəsimi r, R.Cəfərov küç, 19, m.16, m2 ünvanında yerləşən 92 kvm olan daşınmaz əmlakın alqı-satqısı ilə bağlı razılaşma imzalamışlar. - AN-İ seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 92 kv/m olan mənzil satıcı X16 tərəfindən alıcı X7 154.000 manat məbləğə satılmışdır. - Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdən X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş X10 ilə Cavabdeh arasında arasında bağlanılmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır. - Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcunu 3 gün ərzində bütövlükdə geri ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki iş materiallarına flaşdisk, whatsapp yazışmaları və iddiaçının bank hesabından çıxarışlar əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırkı iddia tələbi 4 hissədən ibarətdi:

1. 20000 (iyirmi min) manat kredit və ona hesablanmış 7700 manat faiz borcunun geri qaytarılması;

2. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bank kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin geri qaytarılması;

3. evin təmir adı altında aldığı 1300 ABŞ dolların geri qaytarılması;

4. vəkil xidmət haqqı üçün ödənilmiş 520 manatın və 202 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması. Məhkəmə iddia tələbinin “20000 (iyirmi min) manat kredit və ona hesablanmış 7700 manat faiz borcunun cavabdeh tərəfindən geri qaytarılması” hissəsi ilə bağlı onu qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında hər hansı borc müqaviləsi bağlanmadığına görə hazırki münasibətlər öhdəlik hüquq münasibətləri bağlı müddəalar yox qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh mülkiyyətində olan mənzilin (Bakı şəhəri, ünvan 6, yeni qaydalarla Bakı şəhəri R.Cəfərov küçəsi, 19, M16, m2 ) alınması üçün "xxxx" ASC-dən kredit məbləği götürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli EE001217145 saylı kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarılmaq şərti ilə götürdüyü krediti qızı ilə nikahda olan Cavabdeh vermişdir. Bank tərəfindən iddiaçıya 7700 manat faiz hesablanmışdır. İş üzrə cavabdeh bankın iddiaçıya verdiyi kreditdən faydalansa da, əsas borcu və ona hesablanmış faziləri də qaytarmamışdır. Bununla bağlı məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən mənzilin alınması üçün 20.000 manat məbləğində Bankdan kredit götürdüyünü bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin mənzil cavabdehə X10 tərəfindən bağışlanmışdır. Bundan əlavə iddiaçı həmin evin cavabdeh tərəfindən alındığını, xalasının adına sadəcə formal olaraq müqavilə bağlandığını bildirərək iş materiallarına əlavə edilmiş “beh haqqında” razılaşmanın Cavabdeh tərəfindən imzalandığına istinad etsə də, həmin razılaşmanın cavabdeh tərəfindən öz xalasının nümayəndəsi kimi imzalaması həmin evin onun tərəfindən alınmasının öz təsdiqini tapması üçün yetərli deyildir. Bundan əlavə həm iş materiallarına əlavə edilmiş bank çıxarışlarından, həm də tərəflərin nümayəndələrinin izahatlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001217145 saylı Kredit müqaviləsi üzrə bütün ödənişlər iddiaçının özü tərəfindən həyata keçirilmişdir. Məhkəmə bundan əlavə iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş flaş disk formatda səs danışıqlarına münasibətdə qeyd edir ki, həmin səs danışıqları gizli yolla əldə edildiyi və şəxsi olduğu üçün bu səs danışıqları sübut kimi qəbul edilə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.201-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı 20.000 manat kredit məbləğini cavabdeh üçün götürdüyü bildirsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bank kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin geri qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, cavabdeh isə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, cavabdehin qızının, yəni keçmiş həyat yoldaşının bank kartı olmadığından iddiaçı qızına lazım olan şeyləri almaq üçün, uşağa qulluqla bağlı onun kartına pul keçirtdiyini və həmin pul ailələrinin ehtiyaclarının ödənilməsinə sərf edildiyini, yəni birgə yaşadıqları dövrdə ailələri üçün xərcləndiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı 6612,45 manat pul vəsaitinin cavabdehə borc olaraq verilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, 6612,45 manat pul vəsaiti İddiaçı tərəfindən cavabdehin bank hesabına iddiaçının qızı ilə birgə nikah dövründə olduğu zaman köçürüldüyündən və tərəflər arasında həmin məbləğin borc qismində verildiyi barədə hər hansı müqavilə və ya mötəbər sübut mövcud olmadığından məhkəmə qeyd edir ki, İddiaçı cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkmişdir. Mülki Məcəlləyə əsasən bir şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə əvəzsiz qaydada başqa şəxsə verməsi (onu zənginləşdirməsi) bağışlama hüquq münasibətlərinə (666.1-ci maddə) uyğun gəlir. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir şəxsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür. Oxşar mübahisələr üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəflər arasında hər hansı digər əqdin bağlanmadığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olmadığı müəyyən edilsin. Deməli, hazırkı mübahisənin düzgün hüquqi həlli üçün həmin vəsaitin bilavasitə cavabdehə verilməsinə dair tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması, həmçinin iddiaçı tərəfindən ödənildiyi iddia edilən pul vəsaitlərinin bağışlama olubolmaması hallarına hüquqi qiymət verilməlidir. İddiaçı cavabdehlə qızının nikah münasibətləri kəsildiyindən cavabdehin kart hesabına köçürdüyü 6612,45 manat pul vəsaitinin cavabdehdən geri tələb etsə də, iş üzrə müəyyən edilmiş hallar əsasında cavabdehlə iddiaçının qızının nikahlarının pozulduğu halda iddiaçının onu zənginləşdirmək üçün çəkdiyi xərcləri (bağışlananları) geri qaytarmaq öhdəliyinin yaranması sübut edilmir. İddiaçı xərcləri çəkərkən qızı ilə cavabdehin nikahlarının davam edəcəyinə inanmış ola bilər, lakin bu hal pul vəsaitinin bağışlama niyyəti olmadan cavabdehə verilməsinin öz təsdiqini tapması üçün yetərli deyildir. Məhkəmə iddia tələbinin “evin təmir adı altında aldığı 1300 ABŞ dolların geri qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu xüsusatlarla da bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia bu hissədə də rədd edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 220 manat dövlət rüsumunun və 520 manat hüquqi xidmətin göstərilməsinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin bu hissəsi üzrə qeyd edir ki, iddia tələbi pul hissəsində təmin edilmədiyindən, bu hissədə də tələb təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar