Məhkəmə qərarları › İş №e-2(006)-5252/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5252/2025

17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5252/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 30.000 manat məbləğində mənəvi zərər və 5.445 manat məbləğində maddi zərərin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən İddiaçı satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 02 ədəd sellofan bükümdə külli miqdarda ümumi çəkisi 6.146 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 07:45-də Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı evinin yaxınlığında saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 02 ədəd qara rəngli sellofan bükümdə ümumi çəkisi 6.146 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 1(106)-461/2024 nömrəli hökmü ilə (hakimlər: H.Bəhmənov (sədrlik edən), E.Xasməmmədov və P.Hacıyev) apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(102)-1332/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-461/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.1982-ci ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuşdur. xx.xx.2023-cü ildə həbs edilmiş, təqsirliliyi sübuta yetirilmədiyi üçün xx.xx.2024-cü ildə bəraət alaraq azadlığa çıxmışdır. O, 14 ay 28 gün müddətində qanunsuz və əsassız olaraq həbsdə qalmışdır. Beləliklə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçıya maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı ona vurulmuş ziyana görə kompensasiya almalıdır. Belə ki, İddiaçı xx.xx.2010-cu il tarixdən qanunsuz olaraq həbs edildiyi, yəni xx.xx.2023-cü il tarixədək «Zenit» X9 Cəmiyyəti İctimai Birliyində «sərbəst güləş» bölməsində məşqçi-müəllim vəzifəsində çalışmış, son əmək haqqı məbləği 2023-cü il üzrə 363 manat olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.3-cü maddəsinin mənasına görə hüquqları pozulmuş şəxsin itirdiyi əmək haqqı ona kompensasiya olaraq geri ödənilməlidir. Belə olan halda İddiaçı 15 aya yaxın müddət həbsdə olmaqla 5.445 manat maddi ziyana məruz qalmışdır. Eyni zamanda 15 aya yaxın müddətdə qanunsuz olaraq həbsdə saxlanıldığı üçün İddiaçı hər ay 2.000 manatdan hesablanmaqla 30.000 manat mənəvi zərər dəymişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 35.445 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ərizəsində məşqçi-müəllim vəzifəsində çalışdığını qeyd etmiş, lakin aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. Həmçinin qeyd edir ki, iddiaçının işdən azad olunmasının məhz bu cinayət işi ilə əlaqəli olub-olmaması barədə də hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Göründüyü kimi, iddia tələbinin maddi zərər hissəsində hüquqi əsası yoxdur və bu səbəbdən rədd edilməlidir. Bundan əlavə, iddiaçı mənəvi ziyana görə də kompensasiya ödənilməsini tələb etmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə 330 manat, ona qarşı ağır cinayət törədildikdə 165 manat, ona qarşı az ağır cinayət törədildikdə 55 manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə – 11 manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda, «Dövlət büdcəsi» ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifada edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilirsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habələ mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayet prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada aid etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaya etirazı nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Həmkarlar İttifaqları X1 xx.xx.2025-ci il tarixli 16-1-33/2-115/2025 saylı məktubundan görünür ki, İddiaçı – xx.xx.2010-cu il tarixli 41/k saylı sərəncama əsasən xx.xx.2010cu il tarixdən «Zenit» X9 Cəmiyyəti İctimai Birliyində, məşqçi-müəllim vəzifəsində işləmişdir. İşdən azad olunma səbəbi və tarixi: xx.xx.2023-cü il tarixli 36/k saylı sərəncama və Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən işdən azad olunmuşdur. İşlədiyi dövrə uyğun 363 manat əmək haqqı almışdır. Həbs olunduğu 13 iyul 2023-cü il tarixədək iş fəaliyyətini davam etdirmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər X5 (sədrlik edən), X7 və X3) İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 13 iyul 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-461/2024 saylı hökmündən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü ləğv edilmiş, İddiaçı Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilmiş və o, hazırkı hökm elan edildikdən dərhal sonra saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən həbsdən azad olunmuş, İddiaçı qanunsuz və əsassız olaraq tutulması, həbsdə saxlanılması, məhkəməyə verilməsi və cəza təyin olunması nəticəsində dəymiş zərərin ödənilməsi hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)-1332/2025 saylı qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-461/2024 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. “Zenit” X9 Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən “Zenit” X9 Cəmiyyəti İctimai Birliyində Sərbəst güləş bölməsində məşqçi-müəllim vəzifəsində çalışmışdır. Son aldığı məbləğ 2023-cü ildə 363 manat olmuşdur. Azərbaycan Həmkarlar İttifaqları X1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixli 41/K saylı sərəncama əsasən xx.xx.2010-cu il tarixdən “Zenit” X9 Cəmiyyəti İctimai Birliyində məşqçi-müəllim vəzifəsində işləmişdir. O, xx.xx.2023-cü il tarixli 36/K saylı sərəncama və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. İşlədiyi dövrə uyğun 363 manat əməkhaqqı almışdır. Həbs olunduğu tarix olan xx.xx.2023-cü il tarixinədək iş fəaliyyətini davam etdirmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş İddiaçı məxsus ********************AZN nömrəli hesabdan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə 312.95 manat əmək haqqı almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı qanunsuz və əsassız yerə kifayət qədər uzun müddət ərzində törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilmiş, barəsində cinayət işi ilə əlaqədar araşdırma aparılmış, ittiham aktı tərtib olunaraq prokurorluğa, daha sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilərək, bu vəziyyətin uzun müddət (14 ay 28 gün həbsdə saxlanılmışdır) davam etməsi işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur və ona yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyanın vurulması aşkardır. Məhkəmə, iddiaçının qanunsuz və əsassız yerə istintaqa cəlb edilməsi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 15.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 15.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməldə təqsirləndirilərək, rahatlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir. Bundan başqa, iddiaçı həbs edilmədən sonra əmək fəaliyyəti həyata keçirmiş və aylıq əmək haqqında malik olmuşdur. İddiaçı işini yerinə yetirməkdən özündən asılı olmayan səbəbdən, ona qarşı edilmiş qanunsuz hərəkətlər nəticəsində kənarda qalmış, hər ay almalı olduğu əmək haqqı və s. ödənişlərdən məhrum olmuş,nəticədə ona maddi ziyan dəymişdir.Belə ki,təqdim edilmiş hesabdan çıxarışdan iddiaçının hər ay 312,95 manat əmək haqqı alması müəyyən edilir. Belə olan olan təqdirdə onun 15 ay yaxın müddətdə itirdiyi gəlir məbləği (312,95x15=4694,25) 4694,25 manat olması müəyyən edilir. İddiaçıya yuxarıda qeyd edilən məbləğdə maddi zərərin dəyməsi təqdim olunmuş sübutlarla təsdiq edilir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 manat və maddi ziyana görə 4694,25 pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat və maddi ziyana görə 4.694,25 (dörd min altı yüz doxsan dörd manat, iyirmi beş qəpik) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar