Məhkəmə qərarları › İş №e-2(006)-537/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-537/2024

22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-537/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X54 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (hüquqi varis) Maraqlı şəxs QSC-nin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Maraqlı şəxs QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (hüquqi varis) qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “daşınmaz əmlakların bərpa edilərək təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Maraqlı şəxs QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (hüquqi varis) qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “daşınmaz əmlakların bərpa edilərək təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılmış 0,3071 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, 15/38 saylı Ayrıc Aktının əhatə etdiyi torpaq sahəsində, N.Vəzirov küçəsi 1, 3, 5 və 7 ünvanlarında, həmçinin, İ.İsmayılov (keçmiş Qabışev) küçəsi 58 ünvanında mövcud olmuş daşınmaz əmlakların bərpa edilərək, İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 618 saylı Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamı ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMCyə icarə əsasında ayrılmış 0,5495 ha torpaq sahəsinin 0,3071 ha hissəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin adına yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılmış 0,3071 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, 15/38 saylı Ayrıc Aktı verilmişdir. X60 ilə ayrılmış ərazidə yerləşən mənzillərin mülkiyyətçilərinə iddiaçı tərəfindən dəyəri ödənilmiş və mənzillər satın alınmışdır. Pul vəsaitlərinin alınmasına dair mənzil mülkiyyətçiləri tərəfindən, həmçinin, mənzillərdə qeydiyyatda olan şəxslər tərəfindən notariat qaydada təsdiq edilmiş ərizələr verilmişdir. Sonradan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamı ilə "xxxx" MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 618 saylı Sərəncamının və 13051 saylı inşaat pasportunun Cavabdeh MMCnin adına keçirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 1.1-ci bəndi ilə Cavabdeh MMC-nin üzərinə qoyulmuş vəzifələr yerinə yetirilmədən, yəni iddiaçının razılığı olmadan Cavabdeh MMC tərəfindən özbaşınalıq edilərək, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklar sökülmüşdür. Halbuki, Cavabdeh MMC-nin adına keçirilmiş Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq Cavabdeh MMC tərəfindən həll edilməli idi. Cavabdehin törətdiyi qanunsuz əməllər nəticəsində iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş hüquqları pozulmuşdur.

3. Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (hüquqi varis) Maraqlı şəxs QSC etiraz ərizələri ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişlər.

4. Etiraz ərizələri onunla əsaslandırılmışdır ki, ərazidə sakinlərin köçürülməsinə 2006-cı ildən başlanmışdır. Sakinlərin köçürülməsi və köhnə binaların sökülməsi işləri 2017-ci ilin aprel ayına qədər başa çatmışdır. "xxxx" MMC-nin 2013-cü ildə təsis edildikdən etibarən qanuni təmsilçisi, yəni rəhbəri İddiaçı özü olmuşdur. 2020-ci ildə "xxxx" MMC (Qanuni təmsilçisi hazırkı İddiaçı) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı inzibati icraat qaydasında iddia qaldıraraq xx.xx.2017ci il tarixli, 188 saylı sərəncamın etibarsız hesab edilməsini tələb etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həmin sərəncamın verilməsindən "xxxx" MMC-nin xəbəri olmamışdır. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2-1(112)-2133/2021 №-li qərarı ilə "xxxx" MMC-nin “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncamının və 13051 saylı inşaat pasportunun Cavabdeh MMC-nin adına keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Belə ki, məhkəmə belə qənaətə gəlmişdir ki, həmin sərəncamın verilməsinə "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixli qərarı və "xxxx" MMC-nin adından şəxsən iddiaçının özünün qanuni təmsilçisi qismində imzaladığı müraciəti əsas olmuşdur. Sərəncamın ləğv edilməsinə nail ola bilmədikdən sonra iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tamamilə qanunsuz və əsassızdır. İddiaçı qismində çıxış etməsi üçün pozulmuş və təmin edilməli olan subyektiv hüququ mövcud deyil. Belə ki, nə iddia ərizəsində sözügedən daşınmaz əmlaklar onun mülkiyyəti olmuşdur, nə də iddia ərizəsinə əlavə edilən sənədlər iddiaçının həmin əmlaklara hüquqlarını müəyyən edir. Subyektiv hüququ olmayan şəxsin belə hüquqlarının pozulduğunu iddia etməsi tamamilə əsassızdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* nömrəli Çıxarışda iddiaçının yalnız İ.İsmayılov (keçmiş Qabişev) küçəsi 58 ünvanda yerləşən köhnə kommunal tipli yaşayış binasının 4 №-li mənzilində 2 otaqdan ibarət 27,0 kv.m. yaşayış sahəsinə mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Ona görə də iddia predmeti bu otaqlardan başqa əmlak ola bilməz. Daşınmaz əmlaklar Cavabdeh MMC tərəfindən sökülmədiyi üçün o, hazırkı iddiaya cavab verməli şəxs sayıla bilməz. Yəni iddia əsl olmayan cavabdehə qarşı qaldırılmışdır. 58 saylı ünvanda yerləşən mənzillər təqribən 2015-2016cı illərdə sökülmüşdür. Bu faktı müvafiq MKTB-nin arayışı da təsdiq edir. "xxxx" MMC-nin Bakı Şəhər İcra Hakimiyyətinə yazdığı xx.xx.2017-ci il tarixli 02 nömrəli məktub "xxxx" MMC-nin direktoru, qanuni təmsilçisi, eyni zamanda hazırkı İddiaçı tərəfinən imzalanmışdır. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixli ümumi yığıncağının protokolundan görünür ki, iddiaçı direktor qismində etdiyi çıxışında təsisçilərin diqqətinə çatdırmışdır: “... götürülmüş kredit hesabına ki, ərazidə yerləşən əmlakların, yaşayış evlərinin köçürülməsinə baxmayaraq, bir çox işlərin tamamlanmasının maliyyə mənbələrinin cəlb edilməsi mümkün olmadığı üçün davam etdirilməsi mümkün deyil. Belə olan halda inşaatın aparılması qeyri mümkündür...”. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 188 saylı sərəncamında da cavabdehə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsini, vəsaitin ödənilməsini və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsini müvafiq qanunvericiliyə uyğun olaraq həll etmək vəzifəsi "xxxx" MMC-yə tapşırılmamışdır. Bu sənədlər təsdiq edir ki, xx.xx.2017-ci il tarixə, yəni ərazi xx.xx.2017-ci il tarixli, 188 saylı sərəncamla cavabdehə təsis ediləndən hələ xeyli əvvəl, orada yerləşən əmlakların, yaşayış evlərinin köçürülməsi başa çatdırılmışdır. Ona görə də həm cavabdeh, həm də iddiaçının (rəhbəri olduğu "xxxx" MMC-nin adından) Bakı Şəhər İcra Hakimiyyətinə yazdıqları müraciətlərdə yalnız hüquqlardan bəhs edilmiş, xx.xx.2014-cü il tarixli 618 saylı Sərəncamın 1.1-ci bəndi ilə müəyyən edilmiş vəzifə və öhdəliklərin keçməsindən bəhs etməmişlər. Bunun da nəticəsində Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 188 saylı sərəncamında cavabdehə ərazidə yerləşən əmlakların, yaşayış evlərinin köçürülməsi ilə bağlı hər hansı bir tapşırıq verməmişdir. İş materiallarında olan sənədlərlə təsdiq edilir ki, sözügedən ərazidəki daşınmaz əmlakların, o cümlədən iddiaçının sahibi olmuş yaşayış otaqlarının yerləşdiyi yaşayış binasının (İ.ismayılov küçəsi, ev 58) sakinləri əsas hissəsi 2014-cü ildə olmaqla, notarial qaydada yazdıqları ərizələrlə, bağladıqları əqdlərlə "xxxx" MMC-yə və "xxxx" MMC-yə mənzillərini sökməyə razılıq vermişlər. İddiaçının sahibi olduğu yaşayış otqalarına münasibətdə belə yazılı razılığın müəyyən edilməməsi iddiaçının öz əməlləri ilə əlqədardır. Belə ki, "xxxx" MMC-nin rəhbəri olaraq, o, ya özünün yazılı razılığına ehtiyac duymadan binanı sökmüşdür, ya da cavabdehə təhvil verilməli sənədlərin içindən özünün razılıq sənədlərini çıxarmışdır. İşin mübahisə olunmayan hallarından göründüyü kimi, iddiaçının sahibi olduğu yaşayış otaqları onun eyni zamanda rəhbəri olduğu "xxxx" MMC üçün ayrılmış inşaat ərazisində yerləşən yaşayış binasının müstəqil olmayan tərkib hissəsi olmuşdur. İddiaçının bilavasitə rəhbəliyi ilə həmin bina sökülmüş, sonra da ərazidə inşaat aparmaq hüququ cavabdehə ötürülmüşdür. Belə olan halda, iddiaçının öz otaqlarının sökülməsinə razılıq vermədiyi istisna olunur. Faktiki verilmiş belə razılığın yazılı sənəddə ifadə olunması zərurəti isə qanunvericiliklə tələb olunmur. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni onun mülkiyyətində olmuş 2 yaşayış otağının cavabdeh tərəfindən söküldüyünü sübut etməlidir. Məhkəmə yalnız iddiaçının bu hal barədə təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iddiaçı daşınmaz əmlakın cavabdeh tərəfindən söküldüyünü təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdeh tərəfindən hansı hüquq pozuntusuna yol verildiyini, hansı hüquq normasının tələblərini pozduğunu və hansı normativ hüquqi akta əsasən daşınmaz əmlakları bərpa etmək vəzifəsini daşıdığını göstərə bilməmişdir. İddiaçı cavabdeh hüquqi şəxsin ona məxsus yaşayış otaqlarını qanunsuz sökdüyünü iddia edirsə, onda ən azından, həmin otaqları sökmüş fərdlərin kimliyini, onların cavabdehlə əlaqəsini sübut etməlidir. Cavabdeh tərəfindən mülki məsuliyyəti yarada bilən hər hanı bir hüquq pozuntusunun törədildiyinə dair məhkəmənin, ibtidai istintaq orqanının, inzibati orqanların, digər dövlət orqanlarının və ya təşkilatlarının qəbul etdiyi hökm, qərar, yaxud başqa bir akt yoxdur. Hazırkı işdə iddia predmeti olan otaqların yerləşdiyi bina iddiaçının bilavasitə rəhbərliyi ilə söküldüyü üçün onun məruz qaldığı zərərin əvəzi ödənilməyə bilər. Bütün hallarda nəzərə alınmalıdır ki, iddiaçının sahibliyində olmuş 2 otaq çoxmənzilli yaşayış binasının qeyri-müstəqil tərkib hissəsi olmuşdur. Həmin bina digər hissədarların da razılığı ilə bütünlüklə sökülmüşdür. İndi isə bina bütünlüklə bərpa edilmədən iddiaçının sahibi olduğu otaqları bərpa etmək mümkün deyil. Digər tərəfdən, şəhərsalma planlarına və dövlət orqanlarının qəbul etdiyi aktlara əsasən həmin ərazidə yeni yaşayış binaları inşa edilməlidir. Beləliklə, iddiaçıya məxsus olmuş ayrıca 2 otağın əvvəlki vəziyyətinə bərpa edilməsi çoxlu sayda başqa sakinlərin və payçıların hüquqlarını pozmadan mümkün deyil. Eləcə də onların bərpası dövlət mənafelərinə ziddir. Odur ki, iddia tələbi, onun icrası mümkünsüz olduğu üçün də rədd edilməlidir.

5. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 etiraza dair mülahizələrini yazılı şəkildə məhkəməyə təqdim edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (hüquqi varis) Maraqlı şəxs QSC-nin vəkili-nümayəndəsi Vəkil2 iddiaya etiraz edib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin 2 otaqdan ibarət payı xx.xx.2009-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

11. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Qarşılıqlı razılaşma əsasında ayrılmış ərazinin bir hissəsində tikinti işlərinin layihələndirilməsi haqqında” xx.xx.2014-cü il tarixli 618 saylı Sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, CS-02 saylı razılıq məktubunu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, 02 saylı müraciətini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamı ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMC-yə icarə əsasında ayrılmış 0,5495 ha torpaq sahəsinin 0,3071 ha hissəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsinin müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MMC tərəfindən həll edilməsi və "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilərək, 0,2424 ha müəyyən edilməsi qeyd edilmişdir. Sifarişçiyə tapşrılmışdır ki, ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasıyaları aşkar edildikdə, Baş İdarəsi tərəfindən işlənməzdən əvvəl həmin kommunikasıyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. Bu Sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Sifarişçi Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdriyyəti ilə torpaq sahəsinə dair icarə müqaviləsi bağlamalı və Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyata alınmalıdır. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməzsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi”nin 73-cü maddəsi ilə tənzimlənir.

12. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 188 saylı Sərəncamından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, 01/H3 saylı müraciətini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2017-ci il tarixli, 02 saylı razılıq məktubunu nəzərə alaraq, "xxxx" MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 618 saylı Sərəncamı və 13051 saylı İnşaat pasportu Cavabdeh adına keçirilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2133/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs – Cavabdeh MMC) “Bakı şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" MMC-yə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncamının Cavabdeh MMC-nin adına keçirilməsi haqqında 188 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-13388/2022 nömrəli qərarından görünür ki, iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov və İlqar İsmayılov (keçmiş Qabışev) və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsi ünvanında yerləşən, X20 məxsus **********35-05101-093002 reyestr nömrəli daşınmaz əmlak; X6, X1, X32, X25 məxsus **********35-05101-093001 reyestr nömrəli daşınmaz əmlak; X7, X8, X12, X9, X21, X11, X15, X22, X16 məxsus **********19-10301 reyestr nömrəli daşınmaz əmlak; İddiaçı, X23 məxsus **********35-05101-093003 reyestr nömrəli daşınmaz əmlak; X26 məxsus **********35- 05101-093006 reyestr nömrəli daşınmaz əmlak; X4 məxsus **********35-05101-093009 reyestr nömrəli daşınmaz əmlak; X10 və X13 məxsus **********89-10301 reyestr nömrəli daşınmaz əmlak; X14 məxsus 209 nömrəli reyestr kitabında səhifə 30859-da 30/3343 qeydiyyat nömrəli daşınmaz əmlak; X24 məxsus 70 nömrəli reyestr kitabında, səhifə 10455-də 30/21817 qeydiyyat nömrəli daşınmaz əmlak; X17, X48, X2, X29 məxsus 188 nömrəli reyestr kitabında, səhifə 9452-də, 30/26315 qeydiyyat nömrəli daşınmaz əmlak; X3 məxsus 218 nömrəli reyestr kitabında, səhifə 32050-də 30/10702 qeydiyyat nömrəli daşınmaz əmlak və X18 məxsus 1105 nömrəli reyestr kitabında, səhifə 166058-də, 30/21346 qeydiyyat nömrəli daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydlərinin ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

15. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan görünür ki, Maraqlı şəxs QSC Cavabdeh MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.

16. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

17. Bakı şəhəri Nəsimi rayonu MKTB 59 saylı MKİS tərəfindən verilmiş 55 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İlqar İsmayılov (keçmiş Qabışev) küçəsi 58 saylı ünvan 2014-cü ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 saylı xx.xx.2004-cü il tarixli və 618 saylı xx.xx.2014-cü il tarixli sərəncamlara əsasən sökülmüşdür. Mənzillər söküldükdən sonra hesabat dayandırılmışdır. Təqribən 2015-2016-cı illər dövründə mənzillər sökülmüş, hesabatlarının dayandırılması haqqında xx.xx.2017-ci il tarixdə MKİS tərəfindən MKTB-yə məktub göndərilmişdir.

18. Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Cavabdeh MMC təsisçinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Maraqlı şəxs QSC-yə qoşularaq ləğv prosesinə daxil edilmişdir. MMC-nin aktiv bank hesabları və aktiv ƏDV qeydiyyatı ərizəsi olduğundan, ləğv olunub dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. MMC-nin aktiv bank hesablarının bağlanması və ƏDV qeydiyyatının ləğv edilməsi barədə sənədləri Baş İdarəyə daxil olduqda qanunamüvafiq baxılaraq dövlət reyestrindən çıxarılması təmin ediləcəkdir.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-13388/2022 nömrəli qərarı onlar tərəfindən icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır.

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2634 nömrəli ekspert rəyindən görünür ki, “GoogleEarth” internet xəritə proqramı vasitəsi ilə illər üzrə peyk şəkillərinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi ilə Nəcəfbəy Vəzirov küçəsinin kəsişməsində yerləşən baxış zamanı təqdim olunan ərazidə xx.xx.2014-cü il tarixədək müxtəlif tikililər mövcud olmuşdur. xx.xx.2015-ci il tarixli görüntüdə ərazinin şimal-qərb hissəsində (İ.İsmayılov küçəsinin istiqamətində) yerləşən tikililərin söküldüyü, xx.xx.2019-cu il tarixli və sonrakı görüntülərdə ərazinin şərq istiqamətində yerləşən tikililərin söküldüyü, xx.xx.2023-cü il tarixli görüntüdə isə ərazinin Nəcəfbəy Vəzirov küçəsi istiqamətində yerləşən tikililərin söküldüyü müəyyən edilir.

21. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

22. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Maraqlı şəxs QSC) “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3956/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamış, həmin qərardaddan verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verildiyindən, iş yenidən baxılması üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

24. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-13388/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almış və cavabdeh tərəfindən icra edilmişdir.

25. İş materiallarında, həmçinin, Vəzirov küçəsi, ev 3 ünvanı üzrə müxtəlif şəxslərin İddiaçı kompensasiya almasına və həmin ünvanların sökülməsinə razılıq vermələrinə dair verdikləri ərizələr və X5 Vəzirov küçəsi, ev 7-də özünə məxsus olan payı İddiaçı satmasına dair notariat qaydasında təsdiq edilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

26. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 618 saylı Sərəncamı ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMCyə icarə üzrə İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamı əsasında ayrılmış 0,5495 ha torpaq sahəsinin 0,3071 ha hissəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsinin müvafiq qanunvericiliyə uyğun olaraq həll edilməsi "xxxx" MMC-yə tapşırılmış, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 0,2424 ha müəyyən edilmişdir.

27. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamı ilə "xxxx" MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 618 saylı Sərəncamı Cavabdeh adına keçirilmişdir. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamının ləğvini tələb etsə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun iddiası təmin edilməmişdir. İddiaçı həmin sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası isə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır (sözügedən qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir).

28. Bakı şəhəri Nəsimi rayonu MKTB 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla müəyyən edilir ki, İlqar İsmayılov (keçmiş Qabışev) küçəsi 58 saylı ünvanında yerləşən mənzillər Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 saylı xx.xx.2004-cü il tarixli və 618 saylı xx.xx.2014-cü il tarixli sərəncamlara əsasən, təqribən 2015-2016-cı illər ərzində sökülmüş, MKİS tərəfindən hesabatların dayandırılması haqqında məktub xx.xx.2017-ci il tarixdə MKTB-yə göndərilmişdir.

29. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən isə “GoogleEarth” internet xəritə proqramı vasitəsi ilə illər üzrə peyk şəkillərinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi ilə Nəcəfbəy Vəzirov küçəsinin kəsişməsində yerləşən ərazidə xx.xx.2014-cü il tarixədək müxtəlif tikililərin mövcud olması, xx.xx.2015-ci il tarixli görüntüdə ərazinin şimal-qərb hissəsində (İ.İsmayılov küçəsinin istiqamətində) yerləşən tikililərin sökülməsi, xx.xx.2019-cu il tarixli və sonrakı görüntülərdə ərazinin şərq istiqamətində yerləşən tikililərin sökülməsi, xx.xx.2023-cü il tarixli görüntüdə isə ərazinin Nəcəfbəy Vəzirov küçəsi istiqamətində yerləşən tikililərin sökülməsi müəyyən edilir.

30. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov və İlqar İsmayılov (keçmiş Qabışev) və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsi ünvanında yerləşən daşınmaz əmlaklar məhv olduğundan, onlara dair dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, həmin qərar qanuni qüvvəsini aldığından, müvafiq İdarə tərəfindən icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır.

31. Məhkəmə araşdırmaları zamanı ərazinin hazırda boş olması müəyyən edilmişdir.

32. 2006-cı ildə Vəzirov küçəsi, ev 3 ünvanı üzrə müxtəlif şəxslər iddiaçıdan kompensasiya almasına və həmin ünvanların sökülməsinə razı olmalarına dair ərizələr vermiş, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin 2 otaqdan ibarət payı xx.xx.2009-cu il tarixdə iddiaçının adına qeydiyyata alınmış, xx.xx.2014-cü ildə iddiaçı ilə X19 arasında Vəzirov küçəsi, ev 7-də Mənsurə Əliyevaya məxsus olan payların iddiaçıya satılmasına dair notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.

33. Hazırda İddiaçı N.Vəzirov küçəsi 1, 3, 5 və 7 ünvanlarında, həmçinin, İ.İsmayılov (keçmiş Qabışev) küçəsi 58 ünvanında mövcud olmuş daşınmaz əmlakların bərpa edilərək, ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını; Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (hüquqi varis) Maraqlı şəxs QSC iddiaçının yalnız bir mənzilin 2 otağı ilə bağlı subyektiv hüququ olmasını, lakin həmin əmlakın bərpa edilməsinin başqa mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olacağını, əmlakların ümumiyyətlə cavabdeh MMC tərəfindən sökülmədiyini bildirərək, iddianın təmin edilməməsini xahiş edirlər.

34. Məhkəmə araşdırmaları zamanı, həmçinin, Cavabdeh MMC Maraqlı şəxs QSC-yə qoşulduğunu və hüquqi varisinin həmin QSC olduğunu bildirmiş, bununla bağlı Dövlət Vergi Xidmətinə verilmiş sorğu əsasında məhkəməyə təqdim edilmiş məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh MMC təsisçinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Maraqlı şəxs QSC-yə qoşularaq ləğv prosesinə daxil edilmiş, lakin aktiv bank hesabları və aktiv ƏDV qeydiyyatı ərizəsi olduğundan, ləğv olunub dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. Deməli, Cavabdeh MMC hələ ləğv olunmadığından, hazırda hüquqi şəxs kimi mövcuddur və məhkəmədə cavabdeh kimi çıxış edə bilər.

c) Məhkəmənin mövqeyi:

35. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin qanuni həlli üçün ilk növbədə, İddiaçı iddia tələbinə dair subyektiv hüququnun olub-olmaması məsələsinə müvafiq hüquqi qiymət verilməlidir. İş materialları əsasında yalnız ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin 2 otaqdan ibarət payının xx.xx.2009-cu il tarixdə iddiaçının adına qeydiyyata alınması, iddiaçı ilə X19 arasında Vəzirov küçəsi, ev 7-də Mənsurə Əliyevaya məxsus olan payların iddiaçıya satılmasına dair notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi olsa da, əmlakın müvafiq reyestrdə iddiaçının adına qeydiyyata alınmaması, iddia tələbində göstərilən digər əmlakların da sökülənədək başqa şəxslərin adında qeydiyyatda olması, belə ki, 2006-cı ildə Vəzirov küçəsi, ev 3 ünvanı üzrə müxtəlif şəxslərin iddiaçıdan kompensasiya almasına və həmin ünvanların sökülməsinə razı olmalarına dair ərizələri olsa da, həmin əmlakın iddiaçının adına qanuna müvafiq qaydada rəsmiləşdirilməməsi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyin daşınmaz əmlakla bağlı olan və hüquqi nəticələrə səbəb ola biləcək əqdlərin yazılı formada və notarial qaydada təsdiqlənərək bağlanmalı olması barədə tələbi imperativ xarakter daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının yalnız əvvəllər onun mülkiyyətində olduğu müəyyən edilən ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin 2 otaqdan ibarət payı və Vəzirov küçəsi, ev 7 ünvanında X5 adına qeydiyyatda qalmaqla, notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən ona satılmış paylar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir) ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ olmuş, digər əmlaklarla bağlı isə rəsmiləşdirmə müvafiq qaydada aparılmadığından, yəni əmlaklara dair notariat qaydasında təsdiq edilmiş yazılı əqdlər olmadığından və həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun N.Vəzirov küçəsi 1, 3, 5 və 7 ünvanlarında və İ.İsmayılov (keçmiş Qabışev) küçəsi, 58 ünvanında mövcud olmuş digər daşınmaz əmlaklarla bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

36. Əvvəllər bir hissəsi iddiaçının mülkiyyətində olduğu müəyyən edilən mənzilin yerləşdiyi İ.İsmayılov (keçmiş Qabışev) küçəsində olan daşınmaz əmlakların “GoogleEarth” internet xəritə proqramı vasitəsi ilə illər üzrə peyk şəkillərinə əsasən, xx.xx.2015-ci il tarixli görüntüdə artıq olmaması, yəni sökülməsinin, xx.xx.2023-cü il tarixli görüntüdə isə ərazinin Nəcəfbəy Vəzirov küçəsi istiqamətində yerləşən tikililərin sökülməsinin müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə istinadən məhkəmə qeyd edir ki, göründüyü kimi, iddiaçının mülkiyyətində olan əmlak müvafiq Sərəncam cavabdehin adına keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamından əvvəl sökülmüş, yəni əmlakı cavabdeh sökməmiş, barəsində notariat qaydasında müqavilə olan əmlak isə Sərəncamdan sonra sökülmüşdür. Lakin qeyd edilməlidir ki, hazırda mübahisəli ərazidə tikinti layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilməsinə dair müvafiq Sərəncamın cavabdehin adına keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamı qüvvədədir, deməli, ərazidə tikinti işlərini aparmağa məsul şəxs məhz cavabdeh MMC-dir.

37. Ərazidəki əmlakların müxtəlif vaxtlarda sökülməsi və həmin ərazinin boş olması, əmlaklar məhv olduğundan, dövlət reyestrindəki qeydlərinin məhkəmə qərarı əsasında ləğv edilməsi hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hal olduğundan məhkəmə hesab edir ki, iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsinə dair tələbinin təmin edilməsi mümkün deyildir. Çünki yuxarıda da qeyd edildiyi kimi, müvafiq Sərəncam qüvvədədir və ərazi hazırda boşdur. Bu, o deməkdir ki, gec-tez qeyd olunan ərazidə yeni tipli yaşayış və qeyri-yaşayış binaları tikilməlidir (İcra Hakimiyyəti tərəfindən verilmiş belə sərəncamların məqsədi Bakı şəhərinin abadlaşdırılması üçün şəhərin görünüşünə xələl gətirən köhnə tipli binaların sökülərək, yeni tipli binaların tikilməsi olur). Məhkəmə hesab edir ki, cavabdehin üzərinə əvvəllər bir hissəsi iddiaçıya məxsus olmuş mənzilin və barəsində iddiaçının sahiblik və istifadə hüququ olmuş digər mənzilin bərpa edilməsi barədə öhdəliyin qoyulması ilə bağlı qərarın qəbul edilməsi hüququn ədalət, mütənasiblik, vicdanlılıq və başqa şəxslərin hüquqlarına hörmət prinsiplərinə uyğun gəlmir. Çünki həmin ərazidən köçürülmüş çoxsaylı vətəndaşların (sakinlərin), eləcə də gələcəkdə inşa ediləcək binalarda mənzillər almış (əldə etmiş) digər şəxslərin yeni inşa ediləcək binalardakı mənzillərinə sahiblənmək kimi qanuni gözləntiləri mövcuddur. Belə olan halda məlum olur ki, hazırkı halda iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsi barədə tələbinin təmin edilməsi iqtisadi baxımdan çox böyük maliyyə xərcləri tələb etməklə yanaşı, həm də çoxsaylı digər vətəndaşların mənzil hüquqlarının bərpaolunmaz dərəcədə pozulmasına gətirib çıxarmış olacaqdır. Bunun isə həm iqtisadi-maliyyə xərcləri və infrastruktur baxımından, həm iddiaçı ilə həmin binalarda mənzil hüququ olan çoxsaylı digər vətəndaşların toqquşan maraqlarının tarazlaşdırılması baxımından, həm də qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğu aşkardır.

38. Çünki oxşar hallarla bağlı qanunvericilikdə xüsusi tənzimləmə nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 459.5-ci maddəsinə əsasən, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Deməli, hazırkı halda iddaçının cavabdehə qarşı mahiyyət etibarı ilə əvvəlki vəziyyətin bərpa edilməsinə dair tələbi təmin edilə bilməz. Bununla belə, sərəncamda prosesin sakinlərlə qarşılıqlı razılaşma əsasında həyata keçirilməsinin müvafiq tikinti şirkətinə tapşırılması nəzərə alındıqda, iddiaçıya izah edilir ki, əgər o, müvafiq sərəncamın icrası ilə əlaqədar hüquqlarının pozulduğunu (yəni ona məxsus əmlaka dair razılığının alınmadığını və ya ədalətli kompensasiya verilmədiyini və s.) hesab edirsə, onun kompensasiya tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

39. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 72, İİ hissə. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Maddə 139.1, 139.3. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1-146.2. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

41. “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə (LPO) qarşı “daşınmaz əmlakların bərpa edilərək təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

44. Məhkəmə mülki prosessual qanunvericiliyin xərclərin bölüşdürülməsi barədə tələbinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu məsələyə qiymət verilməsi üçün tərəflərin tələbinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə (LPO) qarşı “daşınmaz əmlakların bərpa edilərək təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar