Məhkəmə qərarları › İş №e-2(006)-5377/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5377/2025

04.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5377/2025 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2666,66 manat əsas borc, 133,33 manat faiz, 320 manat vəkilə ödənilən xidmət haqqı, 48 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3167,99 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Təhsil alan X1 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 943-23 saylı, xx.xx.2023-cü il tarixlimüqavilə bağlanılmışdır. Müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolu bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqıməbləğini“Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-cimaddəsinə əsasən 943-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə təhsil haqqı 5700 manat təşkil etməkdədir. Lakin cavabdeh tərəfindən təhsil haqqının az bir hissəsi olan-500 manat ödənilmiş, qalan 3166,66 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsilalanların ödənişləri hesabına formalaşır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh 2023-2024-cü il tədris ili üçün müqavilə bağlamış və sentyabr ayından tədris almağa başlamışdır. Cavabdeh ilkin ödənişdən başqa hər hansı bir ödəniş etməmişdir. Aylıq ödənişlər tələb edildikdə isə hər dəfə yaxın vaxtlarda ödəyəcəklərini bildirməklə, 5 aydan sonra övladı X2 liseydən çıxarmışdır. Təhsil aldığı aylara görə isə təhsil haqqını ödəməmişlər. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirik ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5% lə dəymiş zərər, vəkilə ödənilən 320 manat xidmət haqqı, 68 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. Hesab edir ki, 2023-2024-cü tədris ili = 9 ay 5700 manat : 9 ay = 633,33 manat x 5 ay = 3166,66 manat – 500 manat = 2666,66 manat x 5% = 133,33 manat. 2666,66 manat + 133,33 manat+320 manat vəkilin xidmət haqqı + 48 manat dövlət rüsumu = 3167,99 (üç min yüz altmış yeddi manat, 99 qəpik) manat cavabdehdən alınaraq Liseyə ödənilməlidir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Təhsil alan Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 943-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən və xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolundan görünür ki, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2023-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqıməbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən təhsil haqqı 5700 manat təşkil edir. Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə pul vəsaitinin ödənilməsini təklif etmiş, əks halda borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 48 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmış, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində təhsilalanın təhsil müəssisəsində 8-ci sinif Azərbaycan bölməsi üzrə təhsil xidmətləri göstərmiş, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini liseyə ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bu səbəbdən, məhkəmə iddianın 6500 manat borcun qaytarılması hissəsində əsaslı hesab edir. Məhkəmə iddianın 133,33 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün cəmi 133,33 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. İddia tələbinin “vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsinin qismən, yəni ağlabatan məbləğdə təmin edilməsi məqsədəmüvafiqdir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqi xidmətə görə ödənilmiş pulun 200 (iki yüz) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borca görə 2666,66 manat məbləğində əsas borc, 133,33 manat dəymiş zərər və hüquqi xidmətə görə 200 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 48 manat dövlət rüsumunun 45 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdan 2666,66 manat məbləğində əsas borc, 133,33 manat dəymiş zərər, hüquqi xidmətə görə 200 manat və dövlət rüsumunun əvəzi 45 manat, cəmi 3044,99 (üç min qırx dörd manat, 99 qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar