Məhkəmə qərarları › İş №e-2(006)-539/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-539/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-539/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərçəkmiş X3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş zərərə görə ödənilmiş 700 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırmanın aparılması zərurəti yarandığından, Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsinə əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli baxış aktına əsasən xx.xx.2023-cü tarixdə Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən qonşusu X3 məxsus 12 nömrəli mənzilə su axıdılaraq qəza hadisəsi törədilmişdir. İş materiallarına əlavə edilmiş FMPG-2310281 nömrəli sığorta şəhadətnaməsinin 127666 nömrəli sığorta aktının surətindən göründüyü kimi, X3 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə 700 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bank qəbzinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə görə zərərçəkən X3 700 manat sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirlər ki, xx.xx.2023-cü il tarixdəki hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş baxış aktına əsasən dəymiş zərərin Cavabdeh məxsus mənzildən olduğu müəyyən edilmişdir. Bu səbəbdən hesab edirlər ki, ödənilmiş sığorta ödənişi, yəni 700 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, xx.xx.2024-cü il tarixli ərizələrində isə cavabdeh barəsində qiyabi qətnamənin qəbul edilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçı tərəfin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçı tərəfin yuxarıda qeyd olunan ərizəsi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-539/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil X1 xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 4 ünvanı ümumbirgə əsaslarla Cavabdeh adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 46 saylı NO-nun 4ə- 654 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. - Bakı şəhəri Xətai rayonu 91 saylı MKİS-nin əməkdaşının iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətinə əsasən Nəsrəddin Tusi 49 saylı evin 14 saylı mənzilinin sakini Cavabdeh mətbəxinin su xətləri partlamış nəticədə 2023-cü ilin noyabr ayının 7-8 tarixlərində onun qonşusu X1 mənzilinin su axmış, 12 saylı mənzilə ziyan dəymişdir. - İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2024-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 49 saylı evin 12 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ümumilikdə 700 manat pul vəsaiti tələb olunur. - xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, yuxarıda qeyd olunan sığorta hadisəsi ilə bağlı sığorta aktı tərtib edilərək, müvafiq sənədləşmə işləri aparılmış, sığorta hadisəsi nəticəsində ödəniləcək sığorta ödənişi 700 manat təşkil etmişdir. - Ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən mənzilə vurulmuş zərərə görə 700 manat pul vəsaiti X1 hesabına köçürülmüşdür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qanunun 35.2-ci maddəsinə əsasən bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Qanunun 35.4-ci maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Qanunun 36.1, 36.1.5-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilməlidir ki, işin məhkəmə tərəfindən araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mənzil X1 xüsusi mülkiyyətindədir. Sözügedən mənzil İddiaçı Sığorta Şirkətində sığortalanmışdır. 2023-cü ilin noyabr ayında baş vermiş sığorta nəticəsində mənzilə ziyan dəymişdir. Ziyanın məhz üst mənzildən su axıdılması nəticəsində dəydiyi müəyyən olunur. Belə ki, işdə olan akta görə üst mənzilin su xətlərinin partlaması nəticəsində su axıdılmış, nəticədə Y.Abbasovun mənzili zərərə uğramışdır. ünvan 3 ünvanında yerləşən mənzil sığortalandığına görə sığorta şirkətinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində mənzilə dəymiş ziyan 700 manat məbləğində qiymətləndirilmişdir. Mənzil mülkiyyətçisi qeyd edilən məbləğlə razı qalıb, sığorta ödənişini alması nəticəsində sığorta şirkətinin subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Məhkəmənin sorğusu əsasında daxil olmuş sənədlərlə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdə özgəninkiləşdirilmiş olsa da, sığorta hadisənini baş verdiyi dövrdə sözügedən mənzil Cavabdeh mülkiyyətində olmuşdur. Belə olan halda həyata keçirilmiş sığorta ödənişi həcmində cavabdeh sığorta şirkəti qarşısında mülki məsuliyyət daşıyır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında köçürülmüş 700 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Subroqasiya qaydasında köçürülmüş 700 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar