Məhkəmə qərarları › İş №e-2(006)-541/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-541/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-541/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qıznın katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Cavabdeh qarşı kommunal haqların tutulması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Cavabdeh qarşı Cavabdeh 915.32 manat məbləğində kommunal haqqın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: ünvan 1 ünvanında yerləşən Cavabdeh (bundan sonra Cavabdeh) məxsus olan mənzilin yerləşdiyi çoxmənzilli bina İddiaçı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən idarə edilir. ”Nərimanov-31” MMMC Nizmnamə ilə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüququ şəxsdir. MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərinin idarə edilməsindən ibarət olmuşdur. MMMC xx.xx.2022-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə bərpa edilərək daim işlək vəziyyətdə saxlanması fəaliyyətini həyata keçirir. MMMC-nin idarə heyətinin ümumi yığıncağının qərarı ilə çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin (MTK ilə bağlanmış müqavilədə qeyd olunan kv.metr) hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği 0,35 (otuz beş qəpik) manat təyin edilərək qərara alınmışdır. xx.xx.2023-cü il tarixdən etibarən hər kv.metr üzrə ödəniş haqqı 0.40 (qırx qəpik) manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, həmin maddənin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Məhkəməyə təqdim edilmiş kommunal ödəniş və borc cədvəlindən də görünür ki, cavabdeh MMMC yarandığı vaxtdan, yəni 2022-ci ilin fevral ayından bu günə kimi kommunal ödənişlər etməmişdir. Cavabdeh mənzilin mülkiyyətçisi olduğu andan kommunal xidmətlərə görə ödənişləri həyata keçirməlidir, MMMC isə bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Tərəflər arasında müqavilə imzalanmasa da, cavabdeh kommunal xidmətlərdən yararlanmış və bu günə kimi də yararlanmaqdadır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, mənzili 2012-ci ildə almış, 2020-ci ilə qədər orada yaşamışdır. Həmin ilin dekabrından orada yaşamır və kirayə də verməmişdir. 2023-cü ilə qədər yaşamasa da, kommunal ödəniş etmişdir. Bir dəfə gələndə liftin önündə “kim 1 gün ödəniş etməsə, liftdən istifadə edə bilməyəcək” qeydini görmüşdür, həmin gün atası ilə liftdən istifadə edə bilməyərək, 13-cü mərtəbəyə piyada qalxmıağa məcbur olmuşdur. Bununla bağlı narazılıq etsə də, lifti açmadılar, onunla kobud danışdılar, təhdid etdilər. Liftin pulun verməyəcək, amma digər kommunal ödənişləri edir. Cavabdeh yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: “X4” ASC ilə Cavabdeh arasında bağlanmış 10773 saylı xx.xx.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsindəki inşa etdiyi 8 saylı binanın, 1 blok 84 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 74,72 kv.metr olan mənzili alıcı Cavabdeh satmışdır. “X4” ASC-nin xx.xx.2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonıı, Əliyar Əliyev küçəsindəki, 1937 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 8-bina, İ-blok , 13-cü mərtəbədə, 74.72 m2 ümumi sahəsi olan 84 saylı mənzilin ümumi dəyəri 59776 AZN (əlli doqquz min yeddi yüz yetmiş altı manat, 00 qəpik) tam ödənilib, heç bir borcu yoxdur. İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 08 saylı ümumi yığıncağının qərarı ilə çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin (MTK ilə bağlanmış müqavilədə qeyd olunan kv.metr) hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləğinin xx.xx.2023-cü il tarixdən etibarən 0.40 (qırx qəpik) manat həddində müəyyən edilməsi qərara alınmışdır. Tranzaksiya adlı sənəddən görünür ki, Cavabdeh tərəfindən 915,32 manat ödənilməmiş məbləğ qalmışdır. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubua əsasən, İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti cavabdehə pul vəsaitinin ödənilməsini təklif etmiş, əks halda borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 122.1.3-ci maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10cu maddəsi). 139.1-ci maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarı: Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “X4” ASC ilə Cavabdeh arasında bağlanmış 10773 saylı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsindəki inşa etdiyi 8 saylı binanın, 1 blok 84 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 74,72 kv.metr olan mənzili cavabdehə satılmışdır, hazırda mənzil cavabdehin mülkiyyətindədir. İddiaçı tərəfindən göstərilmiş kommunal xidmətlərə görə haqq xx.xx.2023-cü il tarixdən hər 1 kv.m. üçün 0,40 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh aylıq ödənişləri mütəmadi olaraq ödəməmiş, buna görə də iddiaçı tərəfindən borcunun ödənilməsi ilə bağlı ona pretenziya məktubu ünvanlanmışdır. Lakin cavabdeh iddiaçıya yaranmış borcunu tam ödəmədiyindən iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddiaçı göstərilmiş kommunal xidmətlərə görə cavabdehin ona yaranmış 915,32 manat məbləğində borcunun və iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə görə çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə 2020-ci ilin dekabr ayından mənzildə yaşamadığını, orada yaşamamasına baxmayaraq 2023-cü ilə qədər kommunal ödənişləri etdiyini, mənzilinə gələrkən liftdən istifadə ilə bağlı MTK tərəfindən yaradılmış maneəyə görə ödənişləri etməyəcəyini bildirir. İddia tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, iddiaçı göstərilən xidmətlərin haqqını cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri və yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Cavabdeh məxsus mənzilin yerləşdiyi binanın idarəedici təşkilat qismində İddiaçı MMMC tərəfindən idarə olunması, çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi cavabdehin kommunal xidmətlərə görə haqları iddiaçıya ödəməli olması və mənzilin cavabdehin mülkiyyətində olması məhkəmə tərəfindən hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. Məhkəmə Cavabdeh dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı MMMC ilə cavabdeh arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə görə birbaşa müqavilə bağlanmasa da, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan Cavabdeh mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmasa belə bu hallar onu, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Göründüyü kimi Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal xidmət haqqında onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətdə iştirak etməmiş, bu səbəbdən onun İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə ödənilməmiş borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 915,32 (doqquz yüz on beş manat otuz iki qəpik) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia təmin edildiyindən, 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 915,32 (doqquz yüz on beş manat otuz iki qəpik) manat məbləğində xidmət haqqı və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar