Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5518/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (istehlakçılarla iş Departamenti), Maraqlı şəxs1 MMC, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «cavabdehin hərəkətinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və s. tələbi»nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (istehlakçılarla iş Departamenti), Maraqlı şəxs1 MMC, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «cavabdehin hərəkətinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli vəkil orderi və xx.xx.2022-ci il tarixli, AR saylı, 800376 nömrəli etibarnamə iş materiallarına əlavə edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, verilən 800376 saylı etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Qeyd olunan Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qeyd olunan Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Bundan əlavə, iddia ərizəsinin xahiş etdi hissəsi aydın və dəqiq formada göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində gösərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddia tələblərinin aydın göstərilməməsi mülki işin gələcəkdə hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə yarada bilər. Bu hal, tələbin qeyri-müəyyənliyinə, dolayısı ilə iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət edir. Həmçinin məhkəmə “xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, xüsusi qərardad işdə iştirak edən şəxsin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar çıxarırsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (istehlakçılarla iş Departamenti), Maraqlı şəxs1 MMC, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «cavabdehin hərəkətinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və s. tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-5518/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5518/2022
01.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver