Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-554/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70.000 manat əsas borcun, 21.400 manat dəbbə pulunun, ödənilmiş 364 manat 20 qəpik dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi və ödəmənin Cavabdeh2 verilmiş **********87-05101-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən «İpoteka qoyana» (Cavabdeh2) məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 134,3 m2, yaşayış sahəsi 86,5 m2, yardımçı sahəsi 47,8 m2 olan 3 otaqlı mənzilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına həyata keçirilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 134,3 m2, yaşayış sahəsi 86,5 m2, yardımçı sahəsi 47,8 m2 olan 3 otaqlı mənzilin likvid dəyəri 70.000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən «Borc verən» «Borc alana» 70.000 manat məbləğində pul borc verir və «Borc verən» krediti «Borc alana» notariusun bankda olan depozit hesabı vasitəsilə ödəyir. Həmin müqavilənin 2-ci bəndinə əsasən «Borc alan» krediti 18 iyun 2022-ci il tarixədək «Borc verənə» qaytarmağı öhdəsinə götürür. 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin 8-ci bəndinə əsasən «Borc alan» müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda hər gecikmiş gün üçün borc məbləğinin 0,2 % həcmində dəbbə pulu ödəməlidir. Eyni zamanda, 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsindən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə 18 yanvar 2022-ci il tarixli ipoteka müqaviləsi bağlanılmışdır və ipoteka müqaviləsinə əsasən ƏMDK-nın yanında DƏDRXnin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh2 verilmiş **********87-05101-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən «İpoteka qoyana» (Cavabdeh2) məxsus olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 134,3 m2, yaşayış sahəsi 86,5 m2, yardımçı sahəsi 47,8 m2 olan 3 otaqlı mənzil ipoteka predmeti kimi ipoteka qoyan tərəfindən ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilir. Məhkəmənin nəzərinə çatdırırlar ki, tərəflər ipoteka predmeti olan əmlakın qiymətinə razılaşıblar. Belə ki, ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri «ipoteka qoyan»-ın və «ipoteka saxlayan»-ın razılığına əsasən 70.000 manat məbləğində müəyyən edilmişdir. Diqqətə çatdırırlar ki, kredit müqaviləsi ilə nəzərədə tutulmuş məbləğin ödənilməsi məqsədilə cavabdehlərə 01 noyabr 2022-ci il tarixdə pretenziya göndərilmişdir. Həmin pretenziyaya əsasən cavabdehlərə həmin məbləğin ödənilməsi məqsədilə 15 noyabr 2022-ci il tarixədək vaxt verilmişdir. Lakin cavabdehlər hələ də kredit müqaviləsinə əsasən nəzərdə tutulmuş məbləğ üzrə ödəniş etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdeh 155 gündür ki, borcun ödənməsini təmin etmir. 70.000 manat x 0,2 % (günlük) = 140 manat x 155 gün (ay) = 21.400 manat. 70.000 manat + 21.400 manat = ümumilikdə 91.400 manat iddia ərizəsi hazırlanan tarixə ödənilməlidir. Hesab edirlər ki, dəbbə pulu qətnamə icra edildiyi tarixədək cavabdehdən tutulmalıdır. Nəzərə çatdırırlar ki, 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin 13-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr üzrə məhkəmə aidiyyəti Bakı şəhəri Nəsimi rayon Məhkəməsi müəyyən edilir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən (Bakı şəhəri 51 saylı notariat ofisində 3M-124 reyestr sayı ilə bağlanmışdır) görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 18 iyul 2022-ci il tarixədək faizsiz olaraq 70.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh1 ödəmədiyi əsas borc 70.000 manat təşkil edir. İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 21.400 manat dəbbə pulu hesablanmışdır. Müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda hər gecikmiş gün üçün borc məbləğinin 0,2 % həcmində dəbbə pulu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin 18 iyul 2022-ci il tarixədək qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 134,3 m2, yaşayış sahəsi 86,5 m2, yardımçı sahəsi 47,8 m2 olan 3 otaqlı mənzili iddiaçıya ipotekaya qoymuşdur. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 70.000 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktubundan görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə və ipoteka qoyana xəbərdarlıq edilmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 364 manat 20 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 70.000 manat əsas borc, 21.400 manat dəbbə pulu və ödənilmiş 364 manat 20 qəpik dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı; tutma Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 134,3 m2, yaşayış sahəsi 86,5 m2, yardımçı sahəsi 47,8 m2 olan 3 otaqlı mənzilə yönəldilməli; həmin əmlak açıq hərracda satılmalı; əmlakın ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ödənilməli; iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 70.000 manat əsas borc, 21.400 manat dəbbə pulu və ödənilmiş 364 manat 20 qəpik dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 134,3 m2, yaşayış sahəsi 86,5 m2, yardımçı sahəsi 47,8 m2 olan 3 otaqlı mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın. Əmlakın ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-554/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-554/2023
11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver