Məhkəmə qərarları › İş №e-2(006)-554/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-554/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-554/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 70465 manat, mənəvi ziyana görə isə 50000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanaraq 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən narazı qalaraq müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)- 45/2022 saylı qərarı ilə şikayət qismən təmin edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü “İddiaçı AR CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 il müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilsin” hissəsində dəyişdirilmiş, tərəfindən törədilmiş əməl AR CM-nin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2ci maddəsinə tövsif edilmiş və AR CM-nin 322.2-ci maddəsi ilə təqsirli bilinmişdir, lakin həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar AR Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclası zalından azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından narazı qalan dövlət ittihamçısı kassasiya protesti, onun müdafiəçisi isə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1077/2022 saylı qərarı ilə müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-238/2023 saylı qərarı ilə müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. AR Cinayət Məcəlləsi 69.3-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-cil tarixədək həbsdə olduğu 2 (il) 6 (altı) ay 18 gün müddət Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1832/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-238/2023 saylı qərarı dəyişdirilmiş, törətdiyi əməl AR CM-nin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsini tövsif edilmişdir. AR CM-nin 75.1.1-ci maddəsinə əsasən AR CM-nin 322.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CPM-nin 44.2.1-ci tələblərinə uyğun olaraq ona cəza təyin edilməmişdir. O, cəza çəkdiyi cəzaçəkmə müəssəsindən dərhal azad edilmişdir. Nəticədə o, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək 2 il 6 ay 18 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək isə 9 ay 13 gün, ümumilikdə 3 il 4 ay, azadlığı qanunsuz məhdudlaşdırılmaqla, barəsində aparılan cinayət təqibinin ibtidai araşdırılması qeyri-obyektiv, qərəzli keçirilmiş, məhkəmə istintaqı zamanı isə məhkəmə ədalətli və hərtərəfli araşdırma aparmadan, həqiqəti əks etdirməyən, mötəbər olmayan cinayət işinin materiallarında olan sübutlara əsaslanmaqla tam qanunsuz və əsassız olaraq AR CM-nin 182.2.1-ci və 182.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1832/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd edir ki, “işin faktiki hallarından da göründüyü kimi əməlin Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrinə tövsif edilməsi qanuni deyildir”. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla İddiaçı və M.A.Mirzəyevin əməllərində Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrinin tərkibi olmadığı, onların əməllərində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsinin aşkar müəyyən edildiyi halda, həm ibtidai istintaq, həm də işə baxan birinci instansiya məhkəməsi yalnız zərərçəkmiş şəxs A.Qasımovun digər sübutlarla uzlaşmayan ziddiyətli ifadələrinə istinad etməklə kifayətlənmiş və iş üzrə düzgün nəticəyə gəlinməsi və məhkum edilmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli olmasını qənaətinə qəlmişdir”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 42-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş yekun hökmündən görünür ki, ona istintaqın başlanğıcından CMnin 182.2.1 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham qanunsuz və əsassız olub. Yəni barəsində çıxarılmış qanuni qüvvəyə minmiş hökmdə əməlində CM-nin 182.2.1-ci və 182.2.4-cü maddəsinin tərkibi aşkar olunmayıb. Qeyd edilməlidir ki, AR CM-nin 322.2-ci maddəsinin sanksiyasına əsasən həmin maddə ilə təqsirli bilinən şəxslər üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni, ona əvvəlcədən həmin maddə üzrə ittiham elan olunsaydı, birinci instansiyadan etibarən azadlıqdan məhrumetmə ilə bağlı olmayan və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası ala bilərdi. O, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir, məhkəmə təcrübəsində məhkumluğu olmayan şəxslərə müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən yuxarı həddinin təyin edilməsi mövcüd deyil. Lakin, o, faktiki olaraq, 2 il 6 ay 18 gün və 9 ay 13 gün, ümumilikdə 3 il 4 ay həbsdə saxlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, İddiaçı hüquq-mühafizə orqanlarının AR Cinayət Məcəlləsinin 322-ci (özbaşınalıq) maddəsinə əsasən onun barəsində tətbiq olunmuş hökmü və buna müvafiq olaraq tətbiq olunmuş cəzanı qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 50.000 manat, maddi ziyana görə 70.465 manat, ümumilikdə 120.465 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. İddia tələbi rədd edilməlidir. İlk növbədə bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. Digər tərəfdən iddia ərizəsində də qeyd edildiyi kimi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iddiaçıya hər hansı bir cəza təyin edilməmişdir Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs qismində cəlb olunmuş Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və məhkəmədən iddianın rədd edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanmalı olması hökm edilmişdir. Yuxarıda göstərilən hökmdən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-45/2022 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş və İddiaçı tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilmiş və Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə təqsirli bilinmişdir, lakin həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalından azad edilmişdir. Yuxarıda göstərilən qərardan kassasiya protesti və kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1077/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının İddiaçı barəsində xx.xx.2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-238/2023 saylı qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-cil tarixədək həbsdə olduğu 2 (il) 6 (altı) ay 18 gün müddət ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. Cəzasının əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. Yuxarıda göstərilən qərardan kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1832/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-238/2023 saylı qərarı dəyişdirilmiş, İddiaçı törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsini tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən CM-nin 322.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci tələblərinə uyğun olaraq ona cəza təyin edilməmişdir. O, cəza çəkdiyi cəzaçəkmə müəssəsindən dərhal həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək 2 il 6 ay 18 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək isə 9 ay 13 gün olmaqla, ümumilikdə 3 il 4 ay həbsdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 20.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 20.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Belə ki, işdə olan sənədlərin araşdırılması nəticəsində İddiaçı əslində Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi halda araşdırmanın düzgün aparılmaması, sübutlara düzgün qiymət verilməməsi nəticəsində Məcəllənin 182.2.1 və 182.2.4-cü maddələri üzrə məsuliyyətə cəlb edildiyi müəyyən olunur. Məhkəmə araşdırmaları uzun müddət çəkdiyi üçün 3 ildən artıq müddət ərzində (daha dəqiq deyilsə 3 il 3 ay 31 gün) həbsdə saxlanılmışdır. Nəticədə məhkəmə icraatı İddiaçı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə təqsirli olduğu əməl üzrə cəzanın təyin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə aparılmış araşdırma nəticəsində İddiaçı nəticə etibarı ilə Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsini, cinayət qanunvericiliyi ilə törətdiyi əmələ görə bir neçə alternativ (cərimə, islah işləri və sair) cəzanın təyin edilməsi imkanının, törədilmiş əmələ görə ən ağır halda 2 ilədək azadlıqdan məhrumetmə cəzasının təyin edilə biləcəyi ehtimalını və şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və digər halları nəzərə alıb, mənəvi ziyanın məhz 20000 manat məbləğində müəyyən edilməli olmasını ədalət baxımından məqbul hesab edir. Bundan başqa, iddia tələbi təkcə mənəvi ziyanın deyil, maddi ziyanın ödənilməsi ilə bağlı olsa da, həmin hissədə iddia tələbi kifayət qədər əsaslandırılmamış, iddiaçıya həqiqətən də maddi ziyanın dəydiyi sübuta yetirilməmişdir. Bu səbəbdən mənəvi ziyan tələbindən fərqli olaraq məhkəmə hesab edir ki, maddi ziyan tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 20000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 20000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar