Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-558/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın üzərinə ona kompensasiya olaraq maddi zərər kimi – 116287 AZN məbləğ, fizikipsixoloji sağlamlığa zərərə görə 34000 AZN, mənəvi zərər kimi – həbsin hər günü üçün 283 AZN-dən olmaqla kompensasiya 500.000 manat, ailəsinin və özünün çəkdiyi iztirabların verdiyi mənəvi əzaba görə 150 min AZN kompensasiyanın öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 və 338.1-ci maddələri ilə ittiham olunmuşam və 15 yanvar 2018ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək həbs olunmuşdur. Gəncə Hərbi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 1-1(095)-163/2018 nömrəli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 vo 338.1-ci maddələrində nəzərdə tutulmuş cinayatləri törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2 1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə ona cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ila ona cinayatlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 04 (dord) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli 15 yanvar 2018-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qivvəsini alanadək dəyişdirilmədən saxlanılmışdir. Gəncə Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarı ilə qeyd edilən hökmdən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Hərbi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərar ilə müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərar kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Hərbi Məhkəməsinə Azərbaycan Respublikası Bas prokuroru Kamran Əliyev tərəfindən məhkəmənin 16 avqust 2018-ci il tarixi, 1-1(095)- 163/2018 nömrəli hökmündən verilmiş apelyasiya protesti və apelyasiya protesti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət daxil olmuş, vəsatət çoxsaylı müraciətlərin olması nəzərə alınaraq həmin cinayət işi ətraflı öyrənilərkən icraat zamani CPM-nin 303.3-ci maddəsinin tələblərinin kobud pozulması hallarının hazırda müəyyən edilməsi ilə əsaslandırılmışdır. Gəncə Hərbi Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərari ilə verilmiş vəsatət əsaslı olduğundan təmin edilmiş və buraxılmış apelyasiya protesti verilməsi müddəti bərpa edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1-1(104)-77/2022 nömrəli qərarı ilə apelyasiya protesti təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü və təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında məhkəmənin hazırlıq iclasının 13 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq mərhələsinə qaytarılmışdır. Onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməmişdir. 10 noyabr 2022-ci il tarixdə Gəncə Hərbi Məhkəməsinin icraatında məhkəma hazırlıq iclası zamanı dövlət ittihamçısı vəsatət verərək apelyasiya baxışında iştirak etmiş dövlət ittihamçısının vəsatətində göstərdiyi dəlillərlə razı olduğunu bildirərək ibtidai istintaq zaman hazırkı cinayət işi üzrə CPM-in 303.3.1, 303.3.3 və 303.3.8-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyini göstərməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 va 338.1-ci maddələri ilə təqsirləndirilməyimə dair cinayət işi üzrə icraata xitam verilməsini və cinayət işi materiallarının ibtidai arasdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, eyni zamanda barəsində seçilmiş həbs qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılmasını və həbsdə saxlanılma müddətinin iki ay müddətində uzadılmasını xahiş etmişdir. Həmçinin həmin hazırlıq iclasında müdafiəçisi vəsatət verərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini, ev dustaqlığı qətimkan tədbiri seçilməsini xahiş etmişdir. 10 noyabr 2022-ci il tarixdə Gəncə Hərbi Məhkəməsi dövlət ittihamçısının vəsatətini təmin etmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 va 338.1-ci maddələri ilə təqsirləndirilməyinə dair cinayət işinin baxılmasına xitam vermiş və cinayət işi göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai arasdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, müdafiəçimin vəsatətini rədd etmiş, barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirilmədən saxlamış və barəsində olan həbs qətimkan tədbirini 2 (iki) ay uzatmışdır. 6 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xüsusi mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri kiçik ədliyyə müşaviri X6 onunAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 va 338.1-ci maddələri ilə təqsirləndirilməyimə dair cinayət işinin icraatına təqsiri sübut edilmədiyə üçün Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verdi və məni dərhal həbsdən azad etmişdir. Beləliklə o, əsassız olaraq 4 (dörd) il, 10 (on) ay, 21 (iyirmi bir) gün həbsdə qalmışdır. O, 3 dəfə vəkil ilə müqavilə bağlayaraq bir dəfə 100 AZN, iki dəfə 200 AZN olmaqla ümumilikdə 500 AZN manat ödəmişdir. O həbsdə olarkən yanına gedib gəlmələri və sovqat üçün, bundan əlavə 4 il Qobustan həbsxanasına, 10 aydan çox 1 saylı Cəzaçəkmə Müəssisəsinə gedib gələrkən azı 9000 manatdan xərcə məruz qalmışdır. Rəsmi rəqəmlərlə hər məhbusa orta hesabla 7.97 avro (15 AZN) dövlət xərc çəkir. Bu yetərli məbləğ deyil və nəticədə məhbuslar minimal təminatlarını təmin etmək üçün qeyrirəsmi xərclər çəkəsi olurlar. Bu praktika müxtəlif müstəqil beynəxalq mənbələrlə, o cümlədən məruzəçilərin hesabatında ən yüksək səviyyələrdə əksini tapmışdır. Real xərclər məhbus ailələrini araşdıran müstəqil jurnalist araşdırmalarında detallı təsvir olunmuşdur. Onların ailə də bu ümumi yayılmış praktikadan yayına bilməzdi. Beləliklə, bütün növ məhbusun saxlanmasına çəkilən xərclərimiz ən azı ayda (1 görüş və sovqat olmaqla) 400 azndən çox olmaqla, 60 aya yaxın - 58 ay 21 gün ərzində bu olduqca ciddi bir məbləğ - 23000 AZN xərc edir. Təkcə yol pulu bir neçə ailə üzvünün Xaçmazdan gəlişi üçün hər gələndə (ayda azı 1 görüş) 40 azn-dən çox məbləğ qaçılmaz olaraq xərclənmişdir. Yol pulu normativləri ən aşağı həddi Tarif Şurasının (50 km-dən çox 1 AZNdən), Nazirlər Kabinetinin nəqliyyat xərclərinin də daxil edən ezamiyyət normativləri, rəsmi sərnişindaşıma xidmətləri qiymətləri ilə, eləcə də akademik-ekspertik mənbə olan elmi hesablamalardakı məbləğlər söylədiyimiz məbləğlərlə uyğun gəlir. Həmçinin cavabdeh öz əməkdaşlarının bizim rayona olan ezamiyyə xərcləri və onun tərkibində nəqliyat və digər bizim situasiyaya uyğun xərclər barədə məlumatları təqdim edərək, həmin məbləğlərdən də hesablamanı qəbul edə və asanlaşdıra bilər və s. Xüsusi sənədləşmiş sübutları olmayan xərclərlə bağlı, eləcə də mənəvi ziyanla bağlı məhkəmə təcrübəsində adətən bu cür qaçılmaz olaraq çəkilən xərclər məsələsi nəzərə alınır, obyektiv olaraq xərclərin qaçılmaz şəkildə çəkilmiş olması ən azından onların hamısının da olmasa bir qisminin tanına bilinməsi üçün əsas ola bilər. Həmçinin bu yalnız xərclərin bir hissəsidir. Qanunsuz həbsi ilə bağlı, öz və ata ailəsi olmazın əziyyətlər çəkib. Yerindən yurdundan olub, qohum əqrəba, dost tanış içində əsas olmadan amam məcburən başıaşağı gəzəsi olub, sosial izolyasiyasiyaya məruz qalıb, qınanıb, alçaldılıb. Sosial-psixoloji gərginlik və təzyiq ən yüksək həddə olub. İctimai qaydada etiraf olunduğu kimi bu iş bir ox parametrlərinə görə Azərbaycan tarixinin ən ağır, ən qanlı-qadalı, ən qorxunc və mübhəm işlərindən biri sayılır. Belə bir işdə, ailəsi onun taleyinə görə daimi narahatlıq və gərginlik altında olmuşlar. İttihamlar uzun müddəti, ən azı 12 ildən başlamaqla ömürlük məhumluğa qədər ağır cəzalana bilən ittihamlar olmuşdur. Uzun müddət də işdə siyasi yüksək iradənin müdaxiləsi olmayınca ədalətliliyə dair işıq ucu da olmayıb. Bunlar isə iztirabları ən yüksək həddə saxlayıb. Həmçinin, işgəncə görən oxşar şərlənənlərdən işgəncədən hətda sonra və həmçinin sonradan da ölənlər, ağır xəsarət alan, əlil olan o qədər adam var idi. Ölənlərin nəşinin yaxınlarına verilmənəsi, doğma kəndlərində doğmalarının yanında basdırılmağa imkan verilməməsi kimi ağır mənəvi-psixoloji zərbələr – bütün bunlar onun da və ailəsinin də başına gələ bilərdi. İşgəncədən sağ qalanların da fərdi fiziki-mənəvi və sosial-psixoloji məşəqqətləri heç də xəfif olmamış, indiyə kimi də ağır nəticələri davam etməkdədir. Həmçinin yurdun-yuvasından, evindən-təsərrüfatından ayrı düşərək, Bakıda köçüb, kirayələrdə qalıb, işsizlikdən əziyyət çəkib. Öz ailəsi başsız və gəlirsiz qalmış, həyat yoldaşı işləməmiş, bir körpə balasi atasız böyümüşdür. Atası onun işində mübarizə aparmaq, vəkil axtarmaq və tutmaq, yüzlərlə sayda dövlət idarələrinə qəbullara getmək, teleqramlar, ərizələr, şikayətlər göndərmək, digər ailələri tapıb onların övladlarının işində həm kömək etmək, həm təşkilatlandırmaq, həm də sübut toplamaq işini 2018-ci ildən bəri görməkdə davam etmişdir. Bütün bunlar isə qaçılmaz şəkildə mənəvi ağır psixoloji travmaları birə on artırıb. Ailəsi maddi çətinliklər ucbatından bir neçə dəfə müxtəlif vaxtlarda müxtəlif mənbələrdən ümumilikdə 1000 AZN-dən çox borc (əldən alınan borcları təsdiq edəcək sübutlar işin gedişatında təqdim ediləcək) və AccessBank-dan isə 25%faizlə 1200 AZN, ümumi həcmi 1500 AZNlik kredit götürəsi olub. Kredit sənədləri, əlavə olunur. Bu və digər halları isbat edə biləcək digər mümkün əllərində olan sübutlar işin araşdırılması təqdim ediləcəkdir. Həmçinin onun və ata ailəsinin yeganə gəlir mənbəyi şirniyyatçı anasının cüzi gəliri, həyət bacamızda kiçik kənd təsərrüfatı məhsullarımız olub. Bakıya köçməklə əlaqədar bu cüzi gəlirlərdə də kəskin azalma qaçılmaz olmuşdur. İndiyə kimi də təsərrüfatı bərpa edə bilməmişlərdir. Belə ki, ən əsas, ən mərkəzi və tarixi ailəvi yaşayış-dolanışıq mənbəyləri olan, ata-babasından qalma pay torpağı 1 ha 32 sot torpağın hamısını satası olmuşlardır. Həmin pul da həbsxana yollarında, hüquqlarının müdafiəsinə güclə, qismən kömək olmuşdur. Sotu tələsik satış ucbatından aşağı qiymətləndirilməklə satıldığı üçün burada da ikiqat ziyana düşmüşdürlər. Bu kənd təsərrüfatı əhəmiyyətli, illərlə aqrotexniki qulluq edilmiş, qorunmuş, daimi gəlir verən meyvə bağçılığı təsərrüfatı üzrə topraq sahəsi idi. İqtisadi qiymətləndirməsi bu baxımdan kadastr qiymət balı kifayət qədər yüksək olan torpaq idi. Ordan özləri satdıqları meyvəni şəhərdə pul verib alası oldular. Bu qiymətlər özü də inflyasiyada yüksəlmiş olmuşdur. Üstəlik, sadəcə quruca torpağın özünün qiyməti əmlak bazarında, o cümlədən torpaq alqısatqı bazarında inflyasiya səbəbindən artmışdır. Bunu rəsmi mənbələr də etiraf etmişdir. Beləliklə də, ailələrinə ən böyük iqtisadi ziyanlardan biri bu cür hallar nəzərə alınmaqla qiymətləndirilməli, həm real satışda zərər, həm torpaq qiymətlərində inflyasiya (satmasaydım indiki qiyməti), həm alınan pulun özünün maliyyə inflyasiyası, həm məhsuldarlığına görə illk əldən çıxmış fayda (meyvənin pulu, qiymət artımındakı fərq/inflyasiya) zərər kimi hesablanmalıdır. Bu zərərlərin indiyə kimi mənfi təsirləri qalmaqdan davam edir. Bununla onların əllərində sadəcə həyətayanı kiçik torpaq qalmaqla, əslində ailələri (öz və ata ailəm) bağçı təsərrüfatçıdan torpaqsız və işsiz sakinlərə çevirildilər. Kənddən şəhərə məcburi köç isə sosial-iqtisadi vərdiş, peşə vərdişi və sair bu kimi kəskin sosial fərqlər və onlardan irəli gələn əlavə çətinliklərə səbəb olmuşdur. Yaşlı atası və anası təsərrüfat işçiliyindən ixtisassız şəhərdə çarəsiz işaxtaranlara çevrilmişdirlər. Üstəlik bu zaman kənddə olan sosial dayağı da kəskin şəkildə itirdiklərindən bu dayaq da məhv olmuşdur. Xain ailəsi kimi damğalandıqlarından və camaatın üzünə baxa bilmədiklərindən, camaat da həm ictimai qınaqdan, həm də ən yüksək səviyyədə nəzarət olunan, olduqca ağır mövzulu, hərbi, prokurorluq və təhlükəsizlik orqanlarının nəzarətində olan bir işdə onlardan da çəkinərək ailəsi hər hansı ünsiyyətdən belə çəkinib qaçdıqlarından kənddən adi bir kömək, hansısa şəkildə şəhərdə iş tapmayanda kəndə qayıdıb mövsümi iş belə görmək şansı belə qalmamışdır, heç kim öz bağında onları işlətməmişdir. Şəhərdə isə bir tanışı, əlaqələri, sıx münasibətli qonumqonşu da olmamış, olan-qalan da eyni sosial izolyasya və məsafə saxlamış, bununla da hələ pandemiyadan əvvəl və onun dövründə ailəsi ikiqat sosial izolyasiyada və məsafədə yaşamalı olmuşdur. Çox çətinliklə şəhərə adaptasiya daha da çətinləşmiş, öz ailəsi ata ailəsi ilə birgə olduqca ağır iqtisadi duruma salmışdır. Bu hissədə ziyan təcili satışa görə 20000 AZN və illik əldən çıxan fayda 1500 AZN-dən olmaqla 6 il ərzində 8000 AZN, ümumilikdə 28000 AZN. Yeri gəlmişkən, vəziyyətlərinin hamının vəziyyəti kimi pandemiya səbəbindən daha da ağırlaşmışdır. İş və yaşayış yeri tapmaqda əlavə çətinlik yaranmış, üstəlik həbsxana xərcləri və nəqliyyat xərcləri kəskin artmışdır. Hər görüş (şəxsi görüş və sovqat çatdırma) hər ailə üzvü üçün əlavə test vermək gərəkdirirdi. İctimai nəqliyyat və hərəkət saaatları və digər nəqliyyat məhdudlaşdırılmaları, bunun xüsusən də müharibə dövründə əlavə çətinlikləri ailələrinin xərclərini xeyli artırmışdı. Hər ayda azı bir dəfə görüş, azı dörd şəxsdən hesabladıqda pandemiya rejimi üçün təkcə COVİD-19 testlərinin xərci 35 AZN-dən 140 AZN-dən iki ildə (140*12=)1680 AZN edir. Bu barədə sübut kimi həbsxanada görüş reyestri məlumatları rəsmi məhkəmə qaydasında tələb edilməlidir. Testi verməyənlər görüşə buraxılmırdılar. Baş tutan görüşlər isə özüyündə bu xərcin real çəkilməsinin sübutudur. Həmçinin pandemiyada artıq itirilmiş statusa görə, kəndli kimi də, təsərrüfatçı, sahibkar kimi də hansısa xüsusi köməyi də tam əldə edə bilməmişlər. Öz evindən kirayələrə düşmək nəticəsində əlavə ziyan qaçılmaz olub. Üstəlik də ucuz yerlərə düşdüyü üçün bu xərcləri rəsmiləşdirə bilməməyin nəticəsində sübutlarda da əziyyət çəkilir. Lakin bunun faktiki sübutları var və təqdim ediləcəkdir. Köç özü belə ayrıca xərcdir və dövlət özü söküntülərdə köçürdüyü şəxslərə köçə görə əlavə ödəyir. Beləliklə, köç və kirə məsələsində qaçılmaz xərclər, real bazar qiymətləri baxımdan bu 4 ildən çox müddətdə -ən azı 58 ay 21 gün, təqribən 60 aydan çox hər ayda azı 300 AZN-dən az olmamışdır. Bu isə azı 18000 AZN məbləğ edir. Buna görə də, burada qeyd edilənlər biz əslində on minlərlə AZN-lik məruz qaldıqları xərcin, o cümlədən borc-xərcin, torpaq satqısında və meyvə bağının əldən çıxmasından yaranmış əldən çıxmış faydanın itkisi, əlavə xərclərə məruz qalmağın, işsizlik, köç, kirə, həbxsana ziyarətləri və onların pandemiyaya görə artmış əlavə xərcləri və sair qeyd edilən ziyanların - ailəlikcə çəkdikləri xərclərin sadəcə bir qismidir. Maaş: Bundan əlavə həbs edilənədək özü əmək fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" MMC-də çilingər köməkçisi vəzifəsində işləmiş, aylıq 280 manat əmək haqqı almışdır. Həbsi ilə əlaqədar 05 aprel 2018-ci ildə iş yerini itirmişdir. Rəsmi olaraq 4 il 10 ay(58 ay) 21 gün işsiz qalmışdır. Daha sonra onun vəzifəsinin maaşı elə o həbs olunandan sonrakı ay şirkətdə artırılıb, 330 AZN-ə qaldırılmışdır. Həmin iş yerində qalsaydı bu günə kimi azı (280*58=16240 + 280/30,4=9,2*21=193)=16433 AZN olmaqla, 330 AZN-dən isə (330*58=19140 + 330/30,4=10,9*21 gün=228)=19368 manat əmək haqqı almalı idi. Həmçinin əmək bazarında maaşların ikili ödənməsi praktikası hamıya məlum olan faktdır və o da elə olmuşdu. Belə ki, real maaş 550 AZN az olmamaqla 550- 800 AZN intervalında dəyişir. Bu barədə ən bariz və başlıca sübut real əmək bazarı qiymətləridir. Publik resurslarda, ölkədaxili iş elanları üzrə ixtisaslaşmış internet resurslarında eyni sahədə fəaliyyət göstərən rəqib şirkətlərin əmək bazarındakı iş elanlarında maaşlar məhz 550 AZN-dən başlayır (Analoji elanlar əlavə olunur). Həmin real əmək haqqı qiymətlərindən hesablanmaqla (550*58= 31900 + 550/30,4=16,4*21=344,4)= 32244 AZN edir. Həmçinin real ödənməli olan məbləğin həqiqətən ən azı 550 AZN-dən yuxarı hesablanmalı olmasının daha bir təsdiqi elə hökumətin özünün əmək bazarı və minimum əmək haqqı siyasəti təsdiq edir. Belə ki, mən həbs olunanda minimum əmək haqqı 2017-ci ildə 130 AZN idi. Onun maaşı isə 280 AZN rəsmi hissəsindən götürdükdə belə həmin dövrün minimum əmək haqqından ən azı 217%, yəni 2 dəfədən də çox yuxarı olub. 58 ay 21 gündən sonra ölkədə minimum əmək haqqı özü 3 dəfəyə yaxın artıb, 345 AZN olmuşdur. Buna görə də, müvafiq olaraq (345*280/130=)743 AZN maaş edir. Beləliklə, 743 AZN-dən hesablanmaqla (743*58=43094 AZN + 743/30,4= 24.44 * 21=513 AZN=) 43607 AZN edir. Bu məbləğin əsaslandırılması üçün əlavə bildirir ki, baxmayaraq ki, şirkət həmişə bu əmsalı qorumayıb və əmək bazarında da bu işin qiymətində inflyasiya əmsalı kiçik olmuş, hər bir halda şirkət rəsmi olaraq 345 AZN –dən, real bazar qiyməti baxımdan isə 550 AZNdən az pul ödəmir. Vaxtilə etiraf edilən maaş ələ verilən ümumi cəmin təqribən 1/5-ni təşkil edir, 60 AZN fərq edirdi. Rəsmiləşən maaş m.ə.h.-dan 2,17 dəfə/217% fərq edə bilirdi. Hazırda isə rəsmiləşən maaş m.ə.h.-a daha yaxınlaşmışdır, ikiqat fərq yoxdur. Real (ələ nağd verilən) maaşın isə m.ə.h-a nisbəti 1/5-dən çox, 38%-i qədər (2/5) dəyişmişdir. Başqa sözlə, əgər gizlənən maaş real maaşın cəmi 1/5-i idisə, indi iki dəfədən çoxu artıb, 2/5 olmuşdur. Bununla da belə çıxır ki, vaxtilə rəsmi maaşla real bazar maaşı arasındakı əmsal nisbəti (130/280 (340)) indi 345/550(800) nisbətinə dəyişmişdir. Buna görə də, şirkətin real ödədiyi-rəsmiləşdirdiyi və real əmək bazarı qiyməti üçbucağında tənasübü necə qurulmalı baxımdan (bu isə real zərəri hesablamaq üçün zəruridir), minimum məbləğlərdən ortaya çıxan bu əmsaldan aşağı hesablanma olmamalıdır. Əks halda, ən minimal məbləğləri real məbləğ kimi götürsək, belə çıxmış olar ki, 340 AZN maaş almış adam cəmi 5 azn bu 6 ildə irəliləyib. Yaxud onun etiraf olunan hissəsi - 280 AZNdən götürsək, 6 ildə cəmi 65 AZN maaş irəliləməsi olmuşdur. Halbuki, bu müddətdə m.ə.h. 3 dəfəyə yaxın artmışdır. Belə formula inandırıcı olmazdı. Ona görə də, 345 AZN-dən deyil, 550 AZN-dən hesablanmalıdır. Şirkətin öz praktikasından, 1/5 (18+%) maaşı “gizlətmək” hissəsini üstünə gəldikdə, 345*120%=414 AZN-dən aşağı məbləğ etmir. İnflyasiya və digər indexləşmələr: O, şərlənərək həbs ediləndən bəri ölkədə həm ümumi, həm sahəvi –xüsusi inflyasiya daim olub: ərzaq bazarı, əmək bazarı, əmlak-kirayə və torpaq alqı-satqı bazarı və s. Hətta pandemiya səbəbindən daha kəskin vəziyyət müşahidə olunub. Buna görə də, bütün tanınacaq olan zərərlərin aid olduqları sahələr üzrə və ümumi ölkə inflyasiyası göstəricilərinə uyğun indeksləşməsi aparılmalı, indeksləşmə barədə zəruri məlumatlar və cvabdehin rəsmi tətbiq etdiyi hesablama metodları və praktikası cavabdehdən tələb edilməlidir. Məhdud qeyri-mütəxəssis əsaslı məlumatlarımızla onu bildiririk ki, Milli Bankın etiraf etdiyi və adətən alternativ beynəlxalq nüfuzlu mənbələr tərəfindən həmişə göstəricilərin süni şəkildə aşağı yazılmağına görə tənqid edilən rəsmi göstəricilərə, yəni mübahisə edilməzcəzinsə ən aşağı həddə inflyasiya 2018-ci ildə[10] 2.3%[11], 2019-cu ildə 2.5%[12], 2020-ci ildə 2.6%[13], 2021-ci ildə 12%[14], 2022-ci ildə ən pik həddi 15.6% olmuşdur. Müvafiq olaraq hər inflyasiya əvvəlki ilə münasibətdə hesablanırsa, 5 illik inflyasiyanın artış tendensiyası və onların adi toplanması üsulu ilə ən azı (2,66 + 5,16 + 12,61 +18.3 =)38%artıma səbəb olması aşkar görünür. Ödəniləcək 2018-ci ilin mayından bu yana hesablanmalı olan istənilən pulla kompensasiya edilməli olan maddi ziyan məbləğləri 38%əmsaldan az olmamaqla indeksləşməli, bu günün tələblərinə uyğun məbləğlər ödənməlidir. Təkcə 2022-ci ilin sentyabr ayında ərzaq məhsullarının ümumi illik inflyasiyanın formalaşmasında payı 60%ə bərabər olmuşdur. 2021-ci ildə 12 aylıq inflyasiya 12% və orta illik inflyasiya isə 6.7% təşkil etmişdir. X7 sabitliyi hesabatındakı rəsmi məlumata görə, 2021-ci ildə təcə ümumi inflyasiyanın artımına ərzaq məhsullarındakı qiymət artımı daha çox təsir etmiş: ərzaq məhsulları üzrə 12 aylıq inflyasiya 15.8% olmuşdur. İnflyasiyanın digər komponentləri olan qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templəri müvafiq olaraq 7.7% və 10% təşkil etmişdir. Beləliklə, ödənməli olan məbləğlər indeksləşdirilməklə, ən azı illik inflyasiyalar nəzərə alınmaqla ödənməlidir. Həmin vaxtdan bu yana həm maliyyə inflyasiyası, həm ərzaq inflyasiyası, həm satmağa məcbur olduğumuz torpaq satışında inflyasiya və s. baş vermişdir. Heç olmasa ümumi illik inflyasiya almalı olduğu rəqəmlərin üzərinə hər bir hadal əlavə olunmalıdır. Psixoloji-mənəvi səbəblərdən vurulan zərərə görə əsaslar: Bundan əlavə o əsassız ittiham və işgəncə edilməyi, dövlətə xəyanət kimi ağır cinayət və mənəvi iztirab verən cinayətdə əsasız ittiham edildiyim və təqsirli bilindiyi və ümumiyyətlə ibtidai araşdırma zamanı gördüyü işgəncələrə ciddi psixoloji travmalar almışdır. Onda PTC yaranıb, bu səbəbdən fiziki sağlamlığına zərər dəymişdir. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, dəfələrlə psixiaterapevtin seanslarına getmək, müxtəlif bahalı dərmanlarla müalicə kursları almaq, massaj seansları almaq, iynəterapiyası (akupunktuasiya), müalicəvi bədən tərbiyyəsi, manual terapiya, qrup və fərdi məşğuliyyətlər lazımdır. Həkim, bir seans qəbulu 102 manat təşkil edir, stasionarda bir gün qalmaq 122 manatdır. Beləliklə ona tamreabilitasiya və fiziki zərəri aradan qaldırmaq üçün 34 000 (otuz dörd min) manat vəsait lazımdır. Bundan əlavə əsassız məhkum edilməyi və 4 (dörd) il, 10 (on) ay, 21 (iyirmi bir) gün azadlıqdan məhrum edilməyi ona və ailəsinə böyük iztirablar gətirmişdir. Bu müddətin 4 ilini qapalı həbsxanada keçirmişdir. Oxşar işlərdəki praktikaya əsasən qapalı həbsxanada saxlanılan hər ay üçün azı 2000 manat, qeyri-qapalı həbsxanada saxlanılan hər ay üçün 1000 manatdan az olmamaqla mənəvi zərər təmin edilməlidir. Bu da ən minimal halda ona mənə ən azı (58 x 2000 + 11 x 1000=) 127.000 (yüz iyirmi yeddi min) manat mənəvi ziyan vurulduğunu göstərir. Analoji Tərtər işi qurbanlarından bəraət alanlardan Novruzov Bəhruz işində isə bu məbləğ daha əlverişli həddə hesablanmışdır (qərar əlavə olunur). Lakin bildiririk ki, ondan müqayisə edilməz dərəcədə işgəncə baxımdan əziyyət az çəkmiş, daha az cəza nəzərədə tutan əməllərdə ittiham olunub sonradan bəraət almış İlqar Məmmədovun işində, Ali Məhkəmə ona kompensasiya olaraq həbsdə qaldığı ümumilikdə 5 il 6 ay 9 gün üçün 234 min AZN, yəni 1980 günün hər gününə görə 118,30 AZN, aylıq 3545 AZN hesablamışdır. Hesab edirki, bütün parametrlər üzrə onun işi o qədər ağır bir iş olmuşdur ki, bu məbləğdən aşağı məbləğ ədalətli sayılmamalıdır. Qobustanda 4 il qapalı rejimdə, bütün sosial təbəqələr tərəfindən xain gözü ilə baxılaraq, televiziyaada proqoqandanın hədəfinə çevrilərək, onillərlə məhkum edilə bilinən əməllərdə ittiham edilərək yaşanan bir məhkumluq maddi kompensasiya edildikdə, bu hallar nəzərə alınmalıdır. Beləliklə 3545 AZN-dən 58 ay 21 günü - 1761 gün ümumilikdə 137032 AZN edir. Şərtlərin qat-qat ağır olmasını, xüsusən 4 il qapalı rejimdə məhbusluq yaşamağımı nəzərə alanda bu rəqəm azı 2-ə vurulmalı, onu hesabı ilə günə 283 AZN-dən (283*1761=) 500 000 (beş yüz min) AZN mənəvi ziyan kompensasiya edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 1(095)-63/2018 saylı hökmü ilə, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 və 338.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən İddiaçı təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 04 (dörd) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 15 yanvar 2018-ci il tarixdən hesab edilməsi, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 1(104)-100/2018 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 və 338.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin «16» avqust 2018-ci il tarixli, 1-1(095)-163/2018 nömrəli hökmü məhkumun müdafiəçisinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən, məhkumun müdafiəçisinin apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(102)-59/2020 saylı qərarı ilə, kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarı məhkum İddiaçı müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 150.2.1, 274 və 338.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2ci maddəsinə əsasən xitam verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi və onun dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilməsi , tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqda məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı vəkil ilə müqavilə bağlayaraq ümumilikdə 500 manat pul vəsaiti ödəmişdir. İş materiallarında olan “SoyuzAgroContract” tərəfindən təqdim edilmiş G37/23 saylı, 04 iyul 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2026-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək əmək haqqı 280 manat olmuşdur. İş materiallarına əlavə edilmiş X1 X3 psixoloqu tərəfindən verilmiş psixoloji rəydən görünür ki, Emil Abdulnasiroviçin diaqnostikası göstərmişdir ki, törətmədiyi ağır əmələ vətənə xəyanət məlinə görə işgəncələr görməsi və uzun müddət məhkum edilməsi nəticəsində ağır psixoloji ravmalar almış, post-travmatik ağır psixoloji sarsıntı keçirmişdir. Unsiyyətə meyllidir, özünəqapanıqdır, sosial həyata adaptasiya olmaqda çətinlik çəkir, insanlara qarşı inamsızlığı çoxdur, sosial ətrafa münasibətdə şübhəcil davranışlar müşahidə olunur və səbəbli aqresiyalara gətirib çıxarır. Əsəbidir, tez-tez emosional və aqressiv partlayışlar yaşayır. Əsəbi olduğu dönəmdə adekvat vəziyyətdə olmur. Yuxu tam deyil, tez-tez yaşadığı travmatik hadisələri yuxuda da görür. Bu halların mütəmadi yaşanması travmanın tez-tez vizualizasiya edilməsinə və travmanın təkrar-təkrar emosional yaşamasına səbəb olur. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Məhkəmə qeyd edir ki, İddiaçı əsassız olaraq 4 il 10 ay 21 gün müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyan kimi 116287 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə “SoyuzAgroContract” tərəfindən təqdim edilmiş G37/23 saylı, 04 iyul 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2026-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək əmək haqqı 280 manat olmuşdur. Göründüyü kimi, iddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində faktiki qazancından məhrum olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı vəkil ilə müqavilə bağlayaraq ümumilikdə 500 manat pul vəsaiti ödəmişdir. Tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə bu halda hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 17.020 (280 manat x 58 ay 21 gün + 500 manat) manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı 4 il 10 ay 21 gün əsassız həbsdə olduğundan və bu hal cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, həmçinin işgəncələrə məruz qaldığından ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 88.500 (1.500 x 58 ay 21 gün) manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın 88.500 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir. Məhkəmə iddiaçının fiziki-psixoloji sağlamlığına zərərin ödənilməsi məsələsi ilə bağlı qeyd edir ki, İddiaçı məhkəməyə ona fiziki zərərin vurulması ilə bağlı hər hansı bir sübüt təqdim etmədiyindən, iddiaçıya vurulmuş psixoloji zərər isə məhkəmə tərəfindən mənəvi zərər kimi qiymətləndirildiyindən, iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 17.020 (on yeddi min iyirmi) manat, mənəvi zərərə görə 88.500 (səksən səkkiz min beş yüz) manat, ümumilikdə 105.520 (yüz beş min beş yüz iyirmi) manat pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə maddi ziyana görə 17.020 (on yeddi min iyirmi) manat, mənəvi zərərə görə 88.500 (səksən səkkiz min beş yüz) manat, ümumilikdə 105.520 (yüz beş min beş yüz iyirmi) manat məbləğində pul tutularaq ona verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-558/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-558/2024
21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver