Məhkəmə qərarları › İş №e-2(006)-5581/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5581/2025

30.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5581/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X10 oğlunun sədrliyi, X6 qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki ərizəsini nəzərə alıb ona vurulmuş 121900 (yüz iyirmi bir min doqquz yüz) manat maddi zərər və 100000 manat mənəvi zərərə görə kompensasiya şəklində 221900 (iki yüz iyirmi bir min doqquz yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq tam həcmdə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı istintaqı Dövlət Gömrük Komitəsində aparılan cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 308.2 və 311.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(101)- 166/2022 nömrəli hökmü ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən), F.A.Qəribov və S.S.Hüseynov) ona Azərbaycan Respublikası CM-in 308.2 və 311.3.1-ci maddələri ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər R.A.Qaraqurbanlı (sədrlik edən), V.Ə.Mursaqulov və M.Ə.Abbasov) iddiaçı CM-in 32.5, 312.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona CM-in 32.5, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş 2 (iki) il 2 (iki) ay azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilərək, 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1277/2023 nömrəli qərarı ilə (hakimlər T.L.Kazımov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və V.C.Cəfərov) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmünün məhkumlar İddiaçı və X3 aid hissədə əməlin tövsifinin və təqsirliliyin sübuta yetirilməməsi əsası ilə ləğv edilməsi və cinayət işinin həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-52/2024 nömrəli 16 sentyabr 2024-cü il hökmü ilə (hakimlər M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) təqsirləndirilən şəxs X1 müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti (o cümlədən İddiaçı barəsində) təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-316/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Teymur Əsədov tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. İlk öncə, qəbul edilmiş hökmlə iddiaçının təqsirsizliyi tam əksini tapmış və Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə də qərar qüvvəsində saxlanılmışdır. Bu müddət ərzində iddiaçı ciddi maddi və mənəvi əzablar keçirmişdir. Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovun ********* nömrəli məktubu əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/4225 nömrəli, 21 iyun 2021-ci il tarixli əmri ilə o, gömrük orqanlarından xaric edilmiş və gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi olaraq iddiaçı bütün vəzifə öhdəliklərini vicdanla yerinə yetirmişdir. Ona verilmiş əsassız ittiham isə öz təsdiqini tapmamışdır. Buna görə də 21 iyun 2021-ci il tarixdən iddia ərizəsi verilən günə kimi öz vəzifəsində xidmət apara bilmir, vəzifədə yüksələ bilmir və əmək haqqı ala bilmir. Bununla da iddiaçının hüquqları kobud şəkildə pozuntuya məruz qalmışdır. Dövlət Gömrük Komitəsində işlədiyi müddətdə aylıq olaraq 2300 (iki min üç yüz) manat məbləğində əmək haqqı almışdır. Lakin əsassız şəkildə işdən çıxarıldığı üçün 4 ildən artıq müddətdir, əmək haqqı ala bilmir. 4 il müddətində əmək haqqlarının artması mütləq olmuşdur. Aparılan hesablamalar nəticəsində 2021-ci il 21 iyun tarixindən iddianın məhkəməyə təqdim edildiyi günə kimi əlavə ödənişlər (əlavə müavinət və digər ödənişlər) olmadan aylıq əmək haqqının ümumi məbləği 121900 (yüz iyirmi bir min doqquz yüz) manat təşkil edir. Bu müddət ərzində qazanc əldə edə bilmədiyi ödəniş cavabdeh Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixədək müddətdə həbsdə saxlanılmışdır. O, 17 may 2021-ci il tarixdən 16 mart 2022-ci ilədək cəmiyyətdən kənar, azadlıqdan məhrum edilərək həbsdə saxlanılmışdır. Bu müddət isə 10 aylıq bir müddəti əhatə edir. Həmin müddət ərzində iddiaçının cəmiyyətlə əlaqəsi kəsilmişdir. Məhz edilmiş qanunsuzluqlar nəticəsində o və ailəsi həm dərin mənəvi, həm də maddi sarsıntı keçirmişdir. Belə ki, ilk öncə o, ailə başçısıdır, övladları var. İddiaçının həbsdə saxlanılması, əsassız ittihamla uzun müddət mübarizə aparması ona ciddi mənəvi əzab vermişdir. Verilmiş ittiham iddiaçının adını ciddi şəkildə ləkələmişdir. Buna görə onu tanıyan şəxslər, o cümlədən dostları, yaxınları iddiaçıdan uzaqlaşdılar. Həmin müddət ərzində o, həm maddi zərər, həm də mənəvi zərərə məruz qaldı. Həbsdə olduğu müddətdə və sonradan müalicələri ilə əlaqədar tez-tez həkim müayinəsindən keçdi, dərmanlar aldı. Həmçinin, iddiaçı barəsində əsassız şəkildə ittiham aparılarkən ailə üzvləri ciddi xəstəliklər keçirmiş, onlara ciddi mənəvi zərər dəymişdir. Yəni, təkcə iddiaçı deyil, ailə üzvləri də ciddi mənəvi zərərə məruz qalmışdır. Eyni zamanda, iddiaçıya hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, məhkəmə iclasları zamanı çəkilmiş məhkəmə xərcləri, qanunsuz olaraq həbsdə saxlanıldığı müddət ərzində çəkilmiş digər xərclər ailəsini maddi cəhətdən də sarsıtmışdır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı dövründə onların maddi vəziyyəti ağır olmuş və ona görə də iddiaçı hüquqi müdafiəsini təşkil etmək üçün borc almışdır. Borc alınmış maliyyə vəsaiti hesabına ona hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. İddiaçının günahsız olaraq, törətmədiyi bir cinayət əməlinə görə cəza çəkməyinə görə ona vurulmuş mənəvi zərərin qarşılığı olan 100000 (yüz min) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq ona ödənilməlidir. Məhkəmə hökmləri, qərarları, qətnamələri Azərbaycan Respublikasının adından çıxarıldığı üçün iddiaçı da cinayət prosesini həyata keçirən orqanın səhvi və suiistifadəsi nəticəsində ailəsinə vurulmuş ziyanın qarşılığı olaraq ödənilməli olan kompensasiyanın dövlətin hesabından tutularaq iddiaçının hesabına ödənilməsini tələb etmək məcburiyyətindədir. Buna görə də iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi ziyanın əvəzinin ödənilməsini tələb edərkən həm ziyanın nədən ibarət olmasını dəqiqləşdirməmiş, təsdiq edən sənədləri təqdim etmədən ümumi ifadələrlə kifayətlənmişdir. İddiaçı maddi zərər olaraq ödənilməmiş əmək haqqına görə kompensasiyanı cavabdehdən tələb etmişdir. Halbuki, sözügedən məsələ əmək mübahisəsi olduğundan, işçi ilə işəgötürəni arasında tənzimlənməlidir. İddiaçı mənəvi zərərin ödənilməsini də tələb edir. Mənəvi zərərin ödənilməsini tələb edən iddiaçı keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı öz barəsində mənfi fikir formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Cavabdeh iddiaçıya münasibətdə heç bir delikt törətmədiyi və ona ziyan vurmadığı halda, cavabdeh qismində Maliyyə Nazirliyinin göstərilməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə tərəfindən iş üzrə təqsirli vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirli vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, cavabdeh tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkət və hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi digər orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirli sayılmalı və iddia tələbinə həmin orqana (vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə, iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırki ərizəsini nəzərə alıb ona vurulmuş 131900 (yüz otuz bir min doqquz yüz) manat maddi zərər və 100000 manat mənəvi zərərə görə kompensasiya şəklində 231900 (iki yüz otuz bir min doqquz yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq tam həcmdə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi kimi fəaliyyət göstərdiyi dövrdə başlanılmış cinayət təqibi, ibtidai istintaq orqanlarının qanunsuz prosessual qərarları və məhkəmədə uzun müddət davam edən əsassız təqib nəticəsində o, qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmişdir. Aparılmış uzunmüddətli məhkəmə araşdırmaları nəticəsində ittihamların əsassız olduğu təsdiqlənmiş, son instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə onun təqsirsizliyi rəsmən müəyyən edilmişdir. Beləliklə, cinayət təqibi orqanlarının iddiaçı barəsində apardığı istintaq tam şəkildə qanunsuz hesab olunmuşdur. Qanunsuz başlanmış və uzun müddət davam etmiş cinayət təqibi iddiaçının şəxsi, ailəvi və sosial həyatında ağır nəticələr doğurmuşdur. Məsuliyyətə cəlb edilməsi faktiki olaraq iddiaçının əmək, sosial və iqtisadi fəaliyyətinə tam şəkildə mənfi təsir etmiş, o, gəlir əldə etmək imkanından məhrum edilmişdir. Cinayət təqibi altında olduğu müddətdə adının ictimaiyyət qarşısında məqsədyönlü şəkildə ləkələnməsi, vəzifə nüfuzunun sarsılması, sosial münasibətlərinin pozulması və ailə üzvlərinin psixoloji durumuna mənfi təsir göstərilməsi iddiaçıya real və ağır mənəvi zərər vurmuşdur. İddiaçı Dövlət Gömrük Komitəsində işlədiyi dövrdə aylıq olaraq 2.300 manat məbləğində əmək haqqı almış, uzun illər boyu əldə etdiyi nüfuzu həmin vəzifə ilə sıx bağlı olmuşdur. Barəsində başlanılmış əsassız cinayət təqibi və davam edən hüquqi araşdırmalar onun işləməsini, habelə başqa sahədə işə düzəlməsini tamamilə mümkünsüz etmişdir. İddiaçı hələ də heç bir yerdə işləmir. Həmçinin, onun tərəfindən Dövlət Gömrük Komitəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə də Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Uzun müddətdir işlədiyi işdən kənarlaşdırılması və fəaliyyətinin qeyri-müəyyən müddətə iflic edilməsi iddiaçı üçün təkcə iqtisadi deyil, daha çox dərin psixoloji sarsıntı və mənəvi iztirablara səbəb olmuşdur. Həmçinin, barəsində aparılan əsassız təqib səbəbindən ailəsinin gündəlik ehtiyaclarını təmin etmək üçün o, müxtəlif şəxslərdən borc almaq məcburiyyətində qalmışdır, hüquqi müdafiə üçün vəkillərə ödənişlər etmişdir. Bununla yanaşı, qanunsuz həbsdə saxlanıldığı müddət ərzində həm özü, həm də ailə üzvləri ciddi sosial, psixoloji və iqtisadi sarsıntılar keçirmiş, bu isə iddiaçıya vurulmuş ziyanın həm maddi, həm də mənəvi aspektlərini daha da artırmışdır. İstintaq və məhkəmə orqanlarının qanunsuz təqibi nəticəsində iddiaçıya 131.900 manat məbləğində zərər dəymişdir. O, Dövlət Gömrük Komitəsi tərəfindən ona ödənilməli olan əmək haqqını deyil, məhz qanunsuz təqib nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsini məhkəmədən xahiş edir. Vurulmuş mənəvi zərərin əsaslarına isə iddia ərizəsində geniş şəkildə izah verilmişdir. a) Məhkəmə prosesi: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək, ölkə xaricində olacağı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, iclasın onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, digərləri isə gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, əvvəlki məhkəmə iclaslarından birində iştirak etmiş iddiaçının vəkilinümayəndəsi Nümayəndə iddianı müdafiə edib bildirmişdir ki, iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək 10 ay müddətində əsassız yerə həbsdə saxlanılmışdır. Uzun müddət davam edən məhkəmə araşdırmalarının nəticəsi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun bəraət almasına dair məhkəmə qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu müddət ərzində iddiaçı həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, həbsdə olduğu müddətdə işləyə bilmədiyindən, ailəsinin saxlanılması və vəkil tərəfindən göstərilən hüquqi yardım xidmətlərinin ödənişi üçün borc almış, həbsdən azad olunandan sonra da heç bir yerdə işə girə bilməmiş, həmçinin özü və ailəsi ciddi psixoloji sarsıntı keçirmiş, əzab-əziyyət çəkmişlər. Hazırda tələb edilən maddi ziyanın əmək haqqı ilə əlaqəsi olmadığını, belə ki, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqı və digər ödənişlərin ödənilməsi üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edildiyini əlavə edib, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı 17 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.1-ci maddələri ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi hökm edilmiş, İddiaçı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-316/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Teymur Əsədov tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxslər İddiaçı və X5 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-52/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulsa da, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.1-ci maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə bəraət almış iddiaçı barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır, beləliklə, iddiaçıya bəraət verilməsinə dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı qanunsuz cinayət təqibinə məruz qalması nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, həm həbsdə olduğu müddətdə, həm də azadlığa çıxdığı vaxtdan indiyədək əmək fəaliyyəti ilə məşğul ola bilməməsi ilə bağlı cəmi 131.900 manat maddi, 100.000 manat mənəvi ziyanın ona ödənilməsini xahiş edir. c) Məhkəmənin mövqeyi: İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qaldığından, bununla bağlı 10 ay müddətində həbsdə saxlandığından, ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı həbsdə olduğu müddətdə işləyə bilmədiyindən ailəsinin saxlanılması və vəkil tərəfindən göstərilən hüquqi yardım xidmətlərinin ödənişi üçün borc aldığını, həbsdən azad olunandan sonra da heç bir yerdə işə girə bilmədiyini, buna görə də 131.900 manat maddi zərərə məruz qaldığını iddia edir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı tələb etdiyi bu məbləğin əvvəllər aldığı əmək haqqı ilə əlaqəsi olmadığını, məhz işləmədiyi müddətdə özünün və ailəsinin zəruri xərclərini ödəmək üçün aldığı borclarla bağlı olduğunu vurğulamışdır. Lakin iddiaçı bu zərərin real olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, iş materialları əsasında müəyyən olunur ki, iddiaçı Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi olmuş, ittiham olunması ilə əlaqədar da həmin orqanda tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı tərəfin təqdim etdiyi sənədlər və iddiaçının vəkili-nümayəndəsinin izahatı onu göstərir ki, o, Dövlət Gömrük Komitəsinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq cinayət təqibinə məruz qalması, bununla bağlı 10 ay müddətinə həbsdə saxlanması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Bütün bunlara görə ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin 100.000 manat məbləğində qiymətləndirilməsi mütənasib deyildir. Belə ki, məhkəmə iş üzrə bütün diqqətəlayiq halları – hüquq pozuntusunun xarakteri, davametmə müddəti, tətbiq edilmiş qətimkan tədbiri və s.-ni nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə: «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar