Məhkəmə qərarları › İş №e-2(006)-5610/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5610/2025

06.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5610/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 4000 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 1 il əvvəl Hacıyev X6 İddiaçı 5450 manat məbləğində borc almışdır. Həmin məbləğin yalnız 1.950 manatı geri qaytarılmış, lakin qalan 4.000 manat bu günədək ödənilməmişdir. Borc verdiyi vaxtdan 4 ay keçdikdən sonra, iddiaçı özünün 4-cü dərəcəli xərçəng xəstəsi olması və Türkiyə Respublikasında müalicə almaq üçün bankdan 10.200 (on min iki yüz) manat məbləğində kredit götürməsi, həmin kredit üzrə hər ay 650 manat ödəniş etməyi səbəbindən borcun qalan hissəsinin də qaytarılmasını tələb etmişdir. X2 borcun qalan 4.000 manatını ödəyə bilməyəcəyini bildirmişdir. Bunun əvəzində isə cavabdeh iddiaçıya təklif etmişdir ki, bankdan götürdüyü 10.200 manat məbləği onun tanışı özünü sahibkar kimi təqdim edən X4 borc versin. Onların hər ikisi tərəfindən iddiaçıya izah olunmuşdur ki, bu halda həm 10.200 manat, həm də X5 iddiaçıya ayrıca olan 4.000 manat borcu cəmi 20 gün ərzində Ceyhun tərəfindən ödəniləcəkdir. İddiaçı bu şərtlərə inanaraq 10.200 manat məbləği məhz X4 borc olaraq vermişdir. Lakin, bu günədək nə həmin 10.200 manat, nə də X5 iddiaçıya olan 4.000 manat borcu geri qaytarılmamışdır. Qeyd olunan halları təsdiq edən sübut kimi X1 yazısı da mövcuddur. Bununla yanaşı həm X3, həm də Hacıyev X5 barəsində iddiaçı tərəfindən 19 saylı Polis Bölməsinə ərizə ilə müraciət edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı 4000 (dörd min) manat borc məbləğinin dərhal və tam şəkildə geri qaytarılmasını tələb edir. Cavadeh tərəfindən 4000 (dörd min) manat pul məbləğinin ödənilməsi öhdəliyinin könüllü icrası məqsədilə onun ünvanına pretenziya göndərilmişdir, lakin cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Həmçinin, cavabdeh yazılı olaraq bildirmişdir ki, iddiaçıya 5450 manat borcu var və öz qolu ilə bunu təsdiq etmişdir.

3. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianı tam şəkildə qəbul etdiyini, müalicəsi ilə əlaqədar faizlə pul götürdüyünü və hazırda 4000 manat faiz borcu var. Həmin borcu qəbul edir, amma maddi vəziyyəti pis olduğu üçün borcu hissə-hissə ödəyə bilər.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) İş materialları:

7. xx.xx.2025-ci il tarixli poçt qəbzindən və pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 4000 manat borc məbləğinin dərhal və tam şəkildə qaytarılması tələb edilmiş, əks halda, pretenziyanın təqdim olunma tarixindən etibarən 3 iş günü ərzində borc öhdəliyi icra edilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

8. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

9. İş materiallarına kiril qrafikalı əlifba ilə tərtib edilmiş, üzərində pul məbləğləri və imzaların əks olunduğu əlyazmalar da təqdim edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında borc münasibətləri olmuş, lakin borc müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilmədən, şifahi formada bağlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş əlyazmalar isə qanunla təsbit edilmiş formaya uyğun gəlmədiyindən yazılı borc müqaviləsi kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız (əhəmiyyətsiz) əqddir.

11. Hazırda, iddiaçı cavabdehə ümumilikdə 5450 manat məbləğində borc verdiyini, həmin borcun 4000 manatının indiyədək qaytarılmadığını iddia edərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə həm məhkəmənin əvvəlki iclasında izahatında, həm də yazılı ərizə təqdim etməklə iddianı tam etiraf edərək, iddiaçıdan müalicəsi məqsədi ilə pul götürdüyünü qəbul edir və iddiaçıya əsas borcunu ödədiyini, 4000 manat faiz borcunun qaldığını bildirir.

12. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh borca pul vermiş, lakin buna dair müqaviləni mülki qanunvericiliyin imperativ normalarına müvafiq olaraq bağlamamışdır. Belə ki, mülki qanunvericiliyin göstərişlərinə əsasən, tərəflər arasında olan pul məbləğlərinin (3000 manatdan çox olduqda) verilməsinə dair müqavilə yazılı formada bağlanmalı olduğu halda, heç bir yazılı müqavilə bağlanmamışdır. Tərəflər arasında yazılı qaydada borc müqaviləsi bağlanmadığı üçün ilkin verilmiş borc məbləğini müəyyən etmək mümkün olmasa da, iddiaçının izahatı və cavabdehin etirafı ilə bu məbləğin 4000 manatdan çox olması müəyyən edilmişdir. Bu səbəbdən də tərəflər arasında olan şifahi əqd məhkəmə tərəfindən etibarsız hesab olunur və mülki qanunvericiliyin tələblərinə görə, cavabdeh əqd üzrə aldıqlarının hamısını iddiaçıya qaytarmağa borcludur. Belə ki, tərəflər arasında olan mülki hüquq münasibətlərindən görünür ki, cavabdeh hazırki situasiyada iddiaçının vəsaiti hesabına əsassız varlanan şəxs hesab olunur.

13. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh öz növbəsində iddianı qəbul edərək, İddiaçı halhazırda 4000 (dörd min) manat borclu oluğunu etiraf edir.

c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 739.1, 739.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (hazırda qüvvədə olan redaksiyada). Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada); Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

16. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. 17.Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 4.000 (dörd min) manat məbləğində pul və iş üzrə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar