Məhkəmə qərarları › İş №e-2(006)-5714/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5714/2024

16.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5714/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan, ünvan 1 ünvanındakı 0,0185 torpaq sahəsinə mülkiyyət hüquqularının həyata keçirilməsinə (o cümlədən, sərbəst istifadəsinə) Cavabdeh MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması, bu cür maneələrin yaradılmasının qadağan edilməsi, yaradılan maneələrə görə fərdi həyət evindən istifadə edilə bilməməyinə görə cavadehdən 54000 (əlli dörd min) manat vəsaitin alınaraq fərdi həyət evinin mülkiyyətçilərinə ödənilməsi, fərdi həyət evinin qəzalı vəziyyətə salınmasına görə həmin evin bərpası üçün evin dəyəri olan 350 000 (üç yüz əlli min) manat vəsatin, ödənilmiş dövlət rüsumunun və vəkilə çəkilmiş 320 manat xərcin cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

a) Məhkəmə prosesi:

2. Məhkəmə hazırlıq iclasında İddiaçı2 vəkil tərəfindən verilmiş vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi.

3. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verdiyi vəsatəti müdafiə edərək bildirdi ki, Nəsimi rayon məhkəməsinin icraatında (hakim: Nail Abbasov) Cavabdeh MMCnin hazırkı iş üzrə iddiaçılara qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş (yenilənmiş nömrə: № 2(006)-16/2024) vardır. Hazırkı işlə həmin mülki mübahisə eyni şəxslərin iştirakı olmaqla, eyni məsələ - hazırkı iş üzrə iddiaçıların mülkiyyətlərində olan fərdi ev və torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi ilə bağlıdır. Buna görə də bu işlərin bir icraatda birləşdirilməsi iş üzrə daha sürətli, düzgün qərar qəbul edilməsinə səbəb olar və məhkəmənin vaxtına və resurslarına qənaət edilmiş olar. Buna görə də hazırkı mülki işin məhkəmənin icraatında olan digər mülki işlə birləşdirilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, 2(006)-16/2024 nömrəli iş üzrə iddia ərizəsini (daxil olma tarixi: xx.xx.2021) və hazırkı mülki işi araşdıraraq hesab edir ki, hazırkı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir.

Əsaslandırıcı hissə:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

7. İddia ərizələrini araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin hərtərəfli həllinə nail olmağa imkan verəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-5714/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı2 və digərlərinə qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-16/2024 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə 2(006)-16/2024 nömrəsi verilməlidir.

Nəticə:

8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Vəsatət təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə e- 2(006)-5714/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı2 və digərlərinə qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-16/2024 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(006)-16/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar