Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-587/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən 1 saylı mənzildə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh2 ilə 24 dekabr 2004-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il tarixində Leyli adlı övladı anadan olmuş, övladı anadangəlmə “serebral iflici, mikrosefoliya” xəstəliyi aşkar edilmişdir. Cavabdehlə rəsmi nikaha daxil olmağına və birgə yaşamağına baxmayaraq, bir müddət keçdikdən sonra, onların arasında ailə münasibətləri pozulmuş və onların nikahı formal olaraq yalnız rəsmi sənəd üzərində qalmışdır. Belə ki, Cavabdeh2 narkomaniyadan əziyyət çəkdiyindən, onların övladı anadan olarkən qüsurlarla doğulmuş və uşaq doğulduqdan bir müddət sonra, cavabdeh nə ona, nə də öz övladına baxmamış və rəsmi nikahı olmasına baxmayaraq, onlar ayrı yaşayırdı. Övladı anadan olduğu gündən hazırki vaxtadək yataq xəstəsi olmaqla, ona iddiaçı qulluq edir və maddi cəhətdən də ehtiyyacı olan hər bir şeyini o və valideyinləri təmin edir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə aralarında nikaha xitam verilmiş və 2009-cu ilin mart ayının 07-də ona Suraxanı rayon VVADQ şöbəsindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 azyaşlı uşağın saxlanılması üçün aylıq 60 manat məbləğində aliment, əlavə xərc kimi 40 manat, övladının 3 yaşına çatana qədər isə əlavə 20 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra, alimentin artırılmasına dair o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 160 manat aliment və 100 manat əlavə xərc olmaqla 260 manat pulun Cavabdeh2 tutularaq ona ödənilməsi qət edilmişdir. Övladıyla bağlı onu bildirir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumata əsasən, X12 “çox ağır əqli gerilik, dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq, davranış və dayaq-hərəki apparatının pozuntuları ilə İQ-0, Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə müddətsiz birinci qrup əlildir. Onlar ayrıldığı andan bu günə qədər cavabdeh onlara heç bir maddi yardım göstərməmiş, ondan məhkəmə qərarı əsasında tutulmuş alimentləri hazırki vaxtadək ödəmir, məhkəmə qətnaməsinə əsasən birgə nikah dövründə əldə etdiyi əmlakın satılması hesabına onun xeyrinə tutulmuş vəsaiti ödəməkdən imtina edir. Yalnız icra məmurlarının köməyi ilə ödənilməsi nəzərdə tutulmuş vəsaitin bir hissəsi, yəni 44.100 manat hissəsi cavabdehin adına olan əmlaka yönəldilməklə, həmin əmlak satılması üçün açıq hərraca çıxarılmış və satılmadığından, borcun bir hissəsi olaraq daşınmaz əmlak “Hərracın nəticələri haqqında” YP №135 saylı xx.xx.2021-ci il tarixli Protokolla ona verilmişdir. Yerdə qalan digər məbləğlər isə, yəni 60.000 manata yaxın olan məbləğlər bu günə qədər cavabdeh tərəfindən ödənilmir. Bundan sonra, DƏDRX-nin BƏİ tərəfindən ünvan 2 ünvanda yerləşən 1 saylı mənzillə bağlı adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Mənzil ilk olaraq Cavabdeh1 mülkiyyətində olmuş və xx.xx.2016-cı ildə onunla X7 arasında üç il müddətinə icarə müqaviləsi bağlanmışdır. Sonradan Cavabdeh1 mülkiyyətində olan mənzili oğlu Cavabdeh2 adına rəsmiləşdirilmiş və bu zaman artıq İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərar əsasında qətnamələrin icrası məqsədi ilə həmin mənzilin üzərinə həbs qoyulmuşdur. Mənzil Cavabdeh2 adında rəsmiləşdirildikdən sonra da belə X5 icarəyə verilməkdə davam etdirilirdi. Cavabdehlər mübahisəli əmlakda qeydiyyatda olsalar da, onlar bir gün olsun belə bu mənzildə yaşamamışlar. Həmin mənzildə olan qeydiyyatları formal xarakter daşımışdır. Belə ki, adıçəkilən mənzil birinci mərtəbədə yeləşməklə və yaşayış üçün əlverişsiz olduğundan, qonşuluqda un məmulatlarının satışı kimi fəaliyyət göstərən şəxsə yuxarıda göstərdiyi kimi, daim icarəyə verilmişdir. Həmin mənzil onun mülkiyyətinə keçdikdən sonra belə, onunla X4 arvadı X10 ilə xx.xx.2022-ci il tarixində icarə müqaviləsi bağlanmış və o da mənzili onların istifadəsi üçün icarəyə verir. Adı çəkilən mənzil artıq üç ilə yaxındır ki, iddiaçının mülkiyyətində və sahibliyində olmasına baxmayaraq, cavabdehlər adı çəkilən mənzildən pasport qeydiyyatından çıxmırlar. Onların mənzildə qeydiyyatda qalmaları, onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehlərin onun mənzilində qeydiyyatda qalması, onun həmin mənzillə bağlı hər-hansısa əqdlərin bağlanmasına maneələr törədir, onlara ünvanlanan məktubların onun mənzilinə gəlməsi ona xoş olmur, əlavə kommunal haqların ödənilməsinə gətirib çıxarır ki, bunun nəticəsində də onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozulur. O, öz mülkiyyətində olan mənzil barəsində istədiyi kimi sərəncam verə bilmir, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilmir ki, bu da onun digər hüquqlarının pozulması deməkdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nərimanov VVADQ Şöbəsinin AZ-İ seriyalı 711685 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X12 anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 084543 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X11 arasında olan nikah xx.xx.2008-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3734/2008 nömrəli xx.xx.2008-ci il tarixli icra sənədinin icrasının təmin etmək məqsədilə icra sənədi üzrə borclu Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz kücəsindəki 18 saylı evin 01 saylı mənzilinin üzərinə həbs qoyulması və qərarın icra olunması üçün İqtisadiat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. «X1 Mərkəiz» MMC-nin YP №135 seriyalı xx.xx.2021-ci il tarixli Hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3395/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası məqsədilə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən 1 saylı mənzill İddiaçı 44100 manata satmışdır. Bakı şəhəri 05 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyətində olan ünvan 2 ünvanda yerləşən 1 saylı mənzili X8 aylığı 100 manat ödənilmək şərti ilə icarəyə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqqi Şəxsin 3-21-3-02/2- 14659/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 3 ünvanında yerləşən 1 saylı mənzil xx.xx.1995-ci il tarixində X2 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra sözügedən mənzil: Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunun xx.xx.1996-cı il tarixli, 3MA/879 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6; Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunun xx.xx.1996-cı il tarixli, 3M-A-462 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3; Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə/2-247 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1; 1 saylı Bakı "ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə/1124 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Həmin mənzil "X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 135 nömrəli hərracın nəticələri haqqında protokoluna əsasən İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görnür ki, ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının qayınanası, Cavabdeh2 isə iddiaçının keçmiş əridir. ünvan 2 ünvanda yerləşən 1 saylı mənzil Cavabdeh1 mülkiyyətində olmuş, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən digər Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. “Hərracın nəticələri haqqında” xx.xx.2021-ci il tarixli Protokola əsasən mənzili İddiaçı əldə etmiş və onun adına xüsusi mülkiyyət kimi xx.xx.2022-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin isə həmin mənzilə dair hər hansı hüquqları qalmadığından, hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Belə ki, ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına olan qeydiyyat yazıları ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqları itirilmiş, iddiaçının isə bu ev üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdehlər həmin ünvanda qeydiyyatda olsalar da, hazırda həmin ünvanda yaşamırlar. Buna görə də, cavabdehlərin mübahisəli evdən istifadə hüquqları qala bilməz və itirilmiş hesab edilməlidir. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilinə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Eyni zamanda, iddiaçı dövlət rüsumunun ödənilməsini tələb etmədiyindən ödənilmiş rüsum məbləği iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilinə dair istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-587/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-587/2025
15.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver