Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5908/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmlakın ipoteka yüklülüyündən azad edilməsi, kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmlakın ipoteka yüklülüyündən azad edilməsi, kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,bir az əvvəl iddiaçıya məlum olmuşdur ki, onun əri X7 17.08.2015-ci il tarixdə Cavabdeh2 ASC ilə kredit müqaviləsi bağlayaraq ümumi birgə əmlakları olan ünvan 1 ünvanındakı yaşayış evini girov qoymuşdur. İndi isə bank onları evlərindən çıxarmaq istəyir. Belə ki, iddiaçı X7 ilə 09.11.2004-cü ildə nikaha daxil olmuşdur, hazırda nikah münasibətlərindədirlər. ünvan 1 ünvanındakı yaşayış evinə dair hüquqlar 15.04.2011-ci ildə qeydə alınmışdır. Bu payları müəyyən edilməyən ümumi birgə əmlakdır. Əmlakın mülkiyyətçisi yalnız X7 deyil. İddiaçı da tam hüquqlu mülkiyyətçisidir. Bank iddiaçının hüquqlarını kobudçasına pozub, ona heç bir sənəd vermir, hər hansı tələbinə də məhəl qoymur. Onların məqsədi odur ki, ağır vəziyyətə düşən adamların evini dəyər-dəyməzinə əlindən alsınlar. Bu hadisələr barədə iddiaçının xəbəri olmamışdır. Belə ki, iddiaçının yoldaşı öz işi ilə bağlı halları evdə açıqlamır və bunlarla bağlı iddiaçıdan nə icazə, nə də ki, məsləhət almır. Lakin bir az olar ki, iddiaçıya məlum olmuşdur ki, həmin kredit müqaviləsindən yaranan borca görə evlərini əllərindən almaq istəyirlər. Vətəndaşın evini əlindən almaq son dərəcədə ədalətsiz və haqsız bir işdir. İddiaçının 1 böyük oğlu, 2 qızı var. Oğlunun ailə qurub yaşamağına yer lazımdır. Bankın qəddarcasına yaşayış evlərini ələ keçirməyə çalışması yolverilməzdir. Hamı bilir ki, banklar adamın ağır günündə faizlərlə pul verib sonradan vətəndaşın nəyi varsa hər şeyini ələ keçirirlər, vətəndaşı ailəsi ilə çöldə, düzdə qoyurlar. Onlar da bank tələsinə düşmüşlər. Heç bir bankın nümayəndəsi adama izah etmir ki, imzaladıqları müqavilə üzrə evlərini də, pullarını da, hər nəyiləri varsa hamısını ələ keçirib çöldə qoyacaqlar. Bunlar iddiaçıya da izah olunmamışdır. İddiaçının razılığı alınmamışdır. Paylar müəyyən edilməmiş ümumi birgə əmlak üzərində kredit müqaviləsi bağlayan bank iddiaçını nə kredit, nə də girov müqaviləsi üzrə tərəf kimi cəlb etməmişdir. İddiaçı müqavilə imzalanmamışdır. Kreditə görə ərini məhkəməyə verən bank evi onlardan almaq istəyəndə də, iddiaçını prosesə cəlb etməmişdir. İddiaçı evin məcburi alınması mərhələsində xəbər tutmuşdur ki, evlərini əllərindən alırlar. Göstərilənlərə əsasən ünvan 1 ünvanındakı fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməsi, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair Cavabdeh2 ASC ilə X7 arasında bağlanılmış 17.08.2015-ci il tarixli ipoteka müqaviləsi və həmin tarixli kredit müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, sorğunun cavabından göründüyü kimi iddiaçı müqavilənin imzalanmasından və evin ipotekaya qoyulmasından xəbərdar olmuş və bununla bağlı yazılı razılığını bildirmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş üzrə notariat işinin təsdiq edilmiş surətində olan Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsi tərəfindən 09 noyabr 2004-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X4 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 noyabr 2004-cü il tarixdə 1241 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Eminova soyadı verilmişdir. İş üzrə notariat işinin təsdiq edilmiş surətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə 4 saylı fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 15.04.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə notariat işinin təsdiq edilmiş surətində olan ipoteka saxlayan "xxxx" ASC ilə borc alan X2 və ipoteka qoyan X7 arasında bağlanmış 17.08.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında bağlanmış 17.08.2015-ci il tarixli 48-15 USD saylı kredit müqaviləsinin təminatı kimi X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi 270.000 manat bazar dəyərində qiymətləndirilmişdir. İş üzrə notariat işinin təsdiq edilmiş surətində olan İddiaçı tərəfindən yazılmış 14.08.2015-ci il tarixli ərizəsindən görünür ki, əri X5 məxsus olan ünvan 1 ünvanında 0,08794 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 92,56 kv.m. yaşayış, 56,0 kv.m. köməkçi, 148,56 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin kreditin təminatı üzrə ipotekaya (girov) qoyulmasına razıdır. İpoteka qoyulmuş həmin mənzilin ödəniş yönəldikdə öhdəsinə götürür ki, heç bir məhkəmə qətnaməsi tələb etməyəcək və onun satılmasına və ya hər hansı bir formada özgəninkiləşdirilməsinə heç bir etirazı olmayacaq. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 ASC ilə X2 arasında 17.08.2015-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ASC ilə X7 arasında 17.08.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanılmış və Əhliman Eminova məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin evinin ipoteka ilə yüklü edilməsinə dair razılıq vermişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ərinin mülkiyyətində olan ev onun xəbəri və razılığı olmadan ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsini və evinin yüklülükdən azad edilməsini xahiş etmişdir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən kredit müqaviləsinin tərəfləri ləğv prosesində olan Cavabdeh2 ASC və X1r. İddiaçı isə kredit müqaviləsinin tərəfi deyil və həmin müqavilə üzrə hər hansı hüquqa və vəzifəyə malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Eyni Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2-ci maddə). Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının kredit müqaviləsini mübahisələndirməyə (etibarsızlığını tələb etməyə) subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi kredit müqaviləsinin tərəfi olmadığından, onun hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddiaçının ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Mülki işin tam, hərətərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə tərəfindən Bakı şəhəri 53 saylı notariat ofisinə sorğu verilərək 17 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi ilə bağlı notariat işi tələb edilmişdir. Həmin notariat işində olan ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ipoteka verən X7 özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləşən 4 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İddiaçı isə 17 avqust 2015-ci il tarixli ərizəsi ilə (ərizədəki imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilməklə) ərinə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləşən 4 saylı fərdi yaşayış evinin ipotekaya (girov) qoyulmasına razılıq vermişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricən düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən kredit kartı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hazırkı halda iddiaçı qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Halbuki, məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın digər hissəsi, yəni əmlakın yüklülükdən azad edilməsi hissəsi kredit və ipoteka müqavilələrinin etibarsızlığı ilə birbaşa bağlı olduğundan, prosessual qənaət prinsipi baxımından həmin iddia da təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, ipoteka müqaviləsi 17.08.2015-ci il tarixdə bağlansa da, iddiaçı həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə təxminən 6 il sonra müraciət etmişdir. AR Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyinə görə Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Beləliklə məhkəmə AR Mülki Məcəllənin 354.1-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarda formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq üçün 1 il müddəti də ötürdüyü üçün, onun iddiası bu əsasa görə də təmin edilə bilməz. Məhkəmə həmçinin iddianın ipoteka yüklülüyündən azad edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbləri digər hissələrdə təmin edilmədiyindən və yüklülükdən azad edilmə hissəsi bu idda ilə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan iddia tələbi bu hissədə yəni ipotekaya xitam verilməsi hissəsində təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-5908/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5908/2021
25.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver