Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5956/2025 16.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ər-arvadın birgə mülkiyyəti olan əmlakında payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 (ər) ilə Cavabdeh1 (arvad) kreditor olaraq ona olan borclarına görə ödəmənin onların birgə nikah dövründə əldə etdikləri və sonuncunun adına rəsmiləşdirilmiş ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 63.1 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi üçün cavabdehlərin həmin əmlakda hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 46 saylı Notariat ofisinin 8İ-2888 saylı, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən, iddiaçı (tələbkar-kreditor) İddiaçı xeyrinə cavabdeh-borclu Cavabdeh2 vaxtında ödənilməmiş 53200 ABŞ dolları, manat məzənnəsi ilə 90440 manat pul, habelə tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Həmçinin Bakı şəhəri 46 saylı Notariat ofisinin 8İ-2887 saylı, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən isə iddiaçı-kreditor İddiaçı xeyrinə cavabdeh-borclu Cavabdeh1 vaxtında ödənilməmiş 80000 ABŞ dolları, manat məzənnəsi ilə 136000 manat pul, habelə tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd etmək istəmişdir ki, cavabdehlər ər-arvaddırlar. Belə ki, tərəflər xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 ilə xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh1 nikahları xx.xx.1987-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. Hər iki notariusun icra qeydi icra olunması üçün cavabdehlərin rəsmi qeydiyyatda olduqları Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2025-ciü il tarixli qərarına əsasən, şöbənin icraatında olan Bakı şəhəri 46 saylı Notariat Kontorunun 8i-2888 saylı xx.xx.2020-ci il və Bakı Şəhəri 46 saylı Notariat Kontorunun 8i-2887 saylı, xx.xx.2020-ci il icra sənədləri üzrə borclu Cavabdeh2 və Cavabdeh1 dair hissədə ümumi icraatda birləşdirilmişdir. Məlumat üçün bildirmişdir ki, borclu Cavabdeh2 ona olan borcundan ümumiyyətlə heç bir ödəniş aparmamış və ilkin icra qeydi üzrə olan 90.440 manat ödənilməmiş borcu bu günə qədər qalmaqdadır. Digər borclu olan onun arvadı-Cavabdeh1 isə borcundan müəyyən hissəvi ödəniş aparılmışdır. Belə ki, İntizar Xanməmədovanın ödənilməmiş 25.200 manat borcu qalmışdır. Borcun ödənilmiş hissəsi isə borcludan məcburi qaydada daşınar əşyaları satılmaqla qarşılanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025ci il tarixli məktubundan məlum olmuşdur ki, Cavabdeh1 adına ünvan 3 ünvanında yerləşən 63.1 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2005-ci il tarixli, 004396 nömrəli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə” tərtib edilmişdir. Göründüyü kimi həmin əmlak birgə nikah dövründə alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində aparılan məcburi icra tədbirləri çərçivəsində icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı 46 saylı Notariat Kontorunun 8i-2888 saylı, xx.xx.2020-ci il tarixli və 8i-2887 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh2 ümumi mülkiyyəti olan birgə nikah dövründə əldə edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 63.1 kv.m qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-339/2025 saylı, xx.xx.2025-ci tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 32 və 34-cü maddələrinə görə, nikah dövründə əldə olunmuş əmlak ərarvadın birgə mülkiyyəti sayılır. Həmin əmlak üzərində borclunun payı ayrıca müəyyən edilmədən həmin əmlak üzərinə həbs qoyula bilməz. “İcra haqqında” Qanunun 50-ci maddəsinə əsasən, icra tədbirləri yalnız borclunun mülkiyyətində olan əmlaka tətbiq edilir. Başqasına (o cümlədən həyat yoldaşına) məxsus pay üzərinə birbaşa yönəldilmə yolverilməzdir. İcra sənədi üzrə borclunun adına məxsus müstəqil əmlak müəyyən edilmədiyindən və nikah dövründə əldə edilmiş əmlak ər-arvadın birgə mülkiyyəti hesab olunduğundan, borclunun payı ayrıca müəyyən edilmədən icranın həmin əmlaka yönəldilməsi mümkün deyildir. Qərardaddan şikayət verilsə də, apellyasiya instansiya məhkəməsi qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin şikayətlə bağlı xx.xx.2025-ci il tarixli, 8(103)-538/2025 saylı qərardadında göstərmişdir ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olsa da, üzərinə həbs qoyulması tələb edilən əmlak birgə nikah dövründə əldə olunmuş əmlak olmaqla ər-arvadın birgə mülkiyyəti sayılır. Həmin əmlak üzərində borclunun payı ayrıca müəyyən edilmədən həmin əmlak üzərinə həbs qoyula bilməz. Həmçinin qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən, hazırda kreditor olaraq o, borclular Cavabdeh2 və Cavabdeh1 ona olan borcunun onların birgə nikah dövründə əldə etdikləri və sonuncunun adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən 63.1 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi üçün həmin əmlakda onların payının müəyyən edilməsi ilə bağlı müraciət etməlidir. Hazırkı iddia ərizəsi də həmin qeyri-yaşayış sahəsi olan əmlakın bölünərək əmlak üzərində hər birinin ½ hissədə pay hüququnun tanınması ilə bağlıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavbadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 Saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh2 adına Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0,219 ha həyətyanı torpaq sahəsi qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Sözügedən torpaq sahəsinin üzərinə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-35-19/2-12549/2025 nömrəli qərarına əsasən qoyulmuş həbs qeydə alınmışdır. Cavabdeh1 adına Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102, mənzil 5 qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Sözügedən mənzilin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(006)-348/2020 nömrəli qərardadına əsasən qoyulmuş həbs, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli, 75204/20-5-33 nömrəli məktubu və borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında icra məmurunun xx.xx.2025-ci il tarixli qərarına əsasən qoyulmuş həbs, habelə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli, 16092-75205/2020-5-1 nömrəli məktubu və borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında icra məmurunun xx.xx.2020-ci il tarixli qərarına əsasən qoyulmuş qadağa qeydə alınmışdır. Cavabdeh1 adına ünvan 3 ünvanında yerləşən 63,1 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2005-ci il tarixli, 004396 nömrəli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə” tərtib edilmişdir. Sözügedən daşınmaz əmlakın üzərində məhdudiyyət aşkar olunmamışdır İş materiallarında olan Bakı şəhəri 46 saylı Notariat ofisinin 8İ-2888 saylı, xx.xx.2020ci il tarixli icra qeydinin surətindən görünür ki, tələbkar İddiaçı xeyrinə borclu X1 vaxtında ödənilməmiş 53200 ABŞ dolları, manat məzənnəsi ilə 90440 manat pul tutulmalıdır. Bundan əlavə, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri 46 saylı Notariat ofisinin 8İ-2887 saylı, xx.xx.2020ci il tarixli icra qeydinin surətindən görünür ki, tələbkar İddiaçı xeyrinə borclu Cavabdeh1 vaxtında ödənilməmiş 80000 ABŞ dolları, manat məzənnəsi ilə 136000 manat pul tutulmalıdır. Bundan əlavə, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri 46 saylı Notariat Kontorunun 8i- 2888 saylı, xx.xx.2020-ci il və 8i-2887 saylı xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar borclu X2 ümumi mülkiyyəti olan birgə nikah dövründə əldə edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 63.1 kv.m qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə Nəsimi rayon icra şöbəsi tərəfindən verilmiş təqdimat rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 xx.xx.1987-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Xanməmmədov, arvada Xanməmmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 63,1 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. Tətbiq edlən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli № 1/2024 saylı qərarı: 6.42. Ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutma isə yalnız onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilə bilər. Bu cür yönəltmə kreditorun (kreditorların) tələbi əsasında Mülki Məcəllənin 224-cü maddəsində müəyyən edilmiş qaydaya və ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Həmin qaydalara (ardıcıllığa) riayət edilmədən ümumi əmlakın birbaşa açıq hərracdan satılması qanunsuzdur. 6.43. Eyni qaydaya ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın icra icraatı çərçivəsində ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi zamanı da riayət edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.
Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hər birinin öhdəliyi üzrə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Bu baxımdan iddiaçı cavabdehlər arasında birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi barədə iddianı verməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən 63,1 kv.m qeyri-yaşayış sahəsi cavabdehlərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma və nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, onların birgə nikah müddətində əldə etdikləri əmlakda hər birinin payı bərabər hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2. və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanında yerləşən 63,1 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə Cavabdeh1 payları müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi:
İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən 63,1 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə Cavabdeh1 payları müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Fərəcova