Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5998/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, iddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı «ödəniş hesabatının təqdim edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsi Cavabdeh MMC-yə qarşı «ödəniş hesabatının təqdim edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Kapital İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev, R.Rza və D.Əliyeva küçələrinin kəsişməsi, məhəllə 319 ünvanda fəaliyyət göstərən “X1” mehmanxanasına dair 2018-2019-cu illər üzrə “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatın bələdiyyəyə təqdim edilməsi və 2018-2019-cu illər üzrə yerli ödənişlərin qeyd olunan firma tərəfindən Bakı şəhəri Nəsimi bələdiyyəsinə ödənilməsi barə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus olan “X1” mehmanxanası Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliye R.Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsi, məhəllə 319 ünvanda iddiaçının inzibati ərazisində yerləşir. Qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər bələdiyyə büdcəsinə həmin oteldə qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla növbəti ayın 5-dək müəyyən edilmiş vəsaiti ödəməlidirlər. Lakin cavabdeh Nəsimi bələdiyyəsinin ərazisində mehmanxana xidməti göstərdiyinə baxmayaraq, qanunvericiliyin tələblərinə zidd olaraq 2018-2019-cu illər ərzində hesabatı Bələdiyyəyə təqdim etməmiş və qanunla müəyyən edilmiş ödəniş bələdiyyə büdcəsinə ödənilməmişdir. Bununla bağlı cavabdehə 01/767 saylı 30.07.2021-ci il tarixli bildiriş göndərilmiş və 02.08.2021-ci il tarixdə qəbul edilmişdir. Həmin bildirişlə cavabdehə 5 iş günü vaxt verilmişdir. İndiyədək cavabdeh tərəfindən hər hansı hesabat verilməmiş və ödəniş edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin subyektiv tərkibini və mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi iddiaçı Nəsimi rayon bələdiyyəsi ona məxsus ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehin vergi qanunvericiliyinə zidd şəkildə müəyyən müddət üçün hesabatı təqdim etmədiyinə və ödənişləri həyata keçirmədiyinə istinad edərək məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı «ödəniş hesabatının təqdim edilməsi və s.» tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı «ödəniş hesabatının təqdim edilməsi və s.» tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5998/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5998/2021
30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver