Məhkəmə qərarları › İş №e-2(006)-60/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-60/2024

26.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-60/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı1 MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 210-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin Nəsimi rayonu, N.Qardaşları küçəsi ev 61 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 134 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh2 və istifadəçiləri digər cavabdehlər Cavabdeh3, X7 və Cavabdeh1 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçmələri və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1.-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəflərindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə, ona mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onun mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh1 ünvan 1 üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 61 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı1 MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 161 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı1 MMC tərəfindən Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra iddiaçının direktoru X11 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh1 ünvan 1 üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 61 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı1 MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının 5-ci blokunun 5-ci mərtəbəsində 179 kv.metr ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı1 MMC tərəfindən Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, X8, X3 və Cavabdeh1 ünvan 1 üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, N.Qar laşları küçəsi 61 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında tikiləcəz çoxmərtəbəli yaşayış binası da 161 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış banası tikilənədək Pilot-16 MMC tərəfindən Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 61 saylı fərdi yaşayış evinin daxili ölçülər nəzərə alınmaqla 1-ci və 2ci mərtəbənin faktiki sahəsi 143.25 kv.m, həyətyanı sahə 26 4 kv.metr və həm içdən-içə, həm çöldən-çölə ölçülər nəzərə almaqla faktiki ümumi sahəsi 197 kv.m təşkil edir Qeyd edilir ki, cavabdehlərə məxsus Bakı şəkəri, Nəsimi rayonu, N.Qardaşlan küçəsi 61 saylı fərdi yaşayış evi özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 180-ci məddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya dzıki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı nüraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş obyektinin sahəsinin və həcminin hesablanması qaydaların" 4.1-ci əsasən mərtəbənin sahəsi bayır divarların daxili səthləri hüdudlarında ölçülür. İddia tələbinin dəqiqləşdirilməsi zəruriyyəti yaranmışdır. Ekspert rəyinə əsasən əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 61 saylı fərdi yaşayış evinin daxili nəzərə alınmaqla 1ci və 2-ci mərtəbənin faktiki sahəsi 143.25 kv.m sahəyə 20% dilməklə 171.9 kv.metr təşkil edəcəkdir. Lakin, onların layihəsində 171.9 sahə mövcud olmadığından cavabdehə "xxxx" MMC tərəfindən 7 kv.metr əlavə edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 5-ci blokun 5-ci mərtəbəsində 179 kv.m ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi mümkündür. 5.Daha sonra Cavabdeh2 etiraz ərizəsi təqdim edərək, İddiaçı1 MMC-nin ona və ailə üzvlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. 6.Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ‘Pilot-16" MMC R.Rahim və ailə üzvlərinə qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndələri məhkəməyə müraciət etməzdən əvvəl evinə gələrək müvafiq qaydada onlarla razılaşmışlar. Lakin sonradan onun ailəsinə qarşı hörmətsizlik edərək barələrində məhkəmədə iddia qaldırmışlar. Buna əsasən onlar Konstitusion hüquqlarından istifadə edərək evin- daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsinə qəti şəkildə razılıq vermirlər. Qeyd edir ki, 1990-cı ilin may ayında R.Rahim Zakir adlı bir şəxsdən ünvan 3 ünvanındaki evi almışdır. Sözügedən evi Zakir özü vaxtı ilə bakıda yaşayan ermənidən almışdır, o vaxtlar Azərbaycanda vəziyyət çox gərgin idi. 1990-cı ilin sentyabr ayında o, öz ailəsi ilə həmin evə köçərək və bugünədək həmin evdə yaşayır. Sözügedən evin işıq, qaz, su abonent müqavilələri və kartları onun adınadır. Onun qızı xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1 ümumi xəstəlik səbəbindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə zamanı birinci qrup əlillik dərəcəsini almışdır. Onun vəziyyəti çox acınacaqlıdır. Hazırda ailəsi böyüyüb və sözügedən evdə artıq 3 ailə yaşayır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, izahatında qeyd etmişdir ki, onların yaşayış sahəsinin rəsmi sənədi olmasa da, onun faktiki sahəsi 206.9 kv.m-dir. O, həmin sahəni müstəqil olaraq ölçdürmüşdür. Ona görə də iddia tələbini qəbul etmir. Sonda iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda istifadə etdikləri sahənin çıxarışı yoxdur. İddiaçının təklif etdiyi sahə ilə razı deyildir. Çünki həyətyanı sahə nəzərə alınmayıb. 8.Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 9.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə iddiaçının nümayəndəsini və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10.Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı Sərəncamına əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı1 MMC-nin istifadəsinə verilmişdir. Hazırda İddiaçı1 MMC ünvan 4 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi əmlakını söküntüyə təhvil vermədiyi üçün hazırki iddianı qaldıraraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh1 ünvan 1 üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 61 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı1 MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının 5-ci blokunun 5-ci mərtəbəsində 179 kv.metr ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı1 MMC tərəfindən Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaçı tərəfindən həyətyanı sahənin nəzərə alınmadığını və yaşayış sahəsinin faktiki olaraq iddiaçının qeyd etdiyi ölçüdən daha artıq olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini tələb edir. b) Mülki işin materialları: 12.Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı Sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı1 MMC-nin istifadəsinə verilmişdir. 13.Mülki işin materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 118 nömrəli Arayışdan görünür ki, Novruzov Qardaşları küçəsi, ev 61 özbaşına tikintidir. Sahibi Cavabdeh2dur. Cavabdeh2, Cavabdeh3, X7 və X9 daimi qeydiyyatdadırlar. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli, **********46 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı1 MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı1 MMC-yə ayrılmasına etiraz etmirlər. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, X10, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı1 MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi-İddiaçı1 MMC, Layihəçi-Bakı Dövlət Layihə İnstitutu). 16.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 02/767 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı1 MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 saylı məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. 17.Mülki işin materiallarında olan AR DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilən arayışlardan görünür ki, Cavabdeh2, Cavabdeh3, və X9 ünvan 5 ünvanı üzrə qeydiyyatdadırlar. 18.Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial təyinatlı qeyriyaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binaların tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC-yə 4,5 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi xahiş olunmuşdur. 19.Mülki işin materiallarında olan 17 aprel 2020-ci il tarixli, 1576 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı1 MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır. 20.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli, 02/1321 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Ak.H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı1 MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı1 MMC-nin xx.xx.2020-ci il tarixli 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvanda İddiaçı1 MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMCyə göndərilmişdir. 21.Mülki işin materiallarında olan məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2024-cü il tarixli, 3-16-16/2-10/7796№-li Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, 61 nömrəli yaşayış evin daxili ölçülər nəzərə alınmaqla 1-ci və 2-ci mərtəbənin faktiki ümumi sahəsi 143.25 kv.m., həyətyanı sahə 28.4 kv.m. və həm içdəniçə, həm çöldən-çölə ölçülər nəzərə alınmaqla faktiki ümumi sahəsi 197 kv.m. təşkil edir. Yaşayış evinin ayrı-ayrılıqda ölçüləri rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, 61 nömrəli evinə dair texniki pasport və çıxarış iş materiallarında olmadığından qərardadın birinci sualı üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 22.Mülki işin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında Sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlildir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 23.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçı tərəf cavabdehlərin mülkiyyətində olan evin sökülməsinə səbəb həmin evin özbaşına tikili olması və müasir tələblərə cavab verməməsi ilə əlaqədar olmasına istinad etsə də, həmin evin sökülməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbləri baxımından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməli idi. 24.Belə ki, Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Yəni, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. 25.Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 26.Konstitusiyanın 13-cü və 29-cu maddələrinin tələblərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 27.Konstitusiyanın 26-cı maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsınə təminat verir". 28.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 29.Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. 30.Həmin Məcəllənin 28.3-cü maddəsinə görə mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. 31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 32.Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 33.Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 34.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X6 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. 35.Belə ki, mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X6 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 36.1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). 37.Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. 38.«X12rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa-Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. 39."Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. 40.Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 41.«İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. 42.Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. 43.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyubqoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. 44.Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub-pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. 45.Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83). 46.Hazırki iş üzrə tərəflər arasında mənzilin ölçüsü barədə mübahisə yarandığından məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilmiş rəy əsasında müəyyən edilmişdir ki, mənzilin faktiki sahəsi 143.25 kv.m, həyətyanı sahə 28.4 kv.m, həm içdən-içə, həm çöldən-çölə ölçülər nəzərə alınmaqla faktiki ümumi sahəsi 197 kv.m təşkil edir. Sonradan iddiaçı tərəf həmin rəyi nəzərə alaraq, iddia tələbinin dədiqləşdirilməsi barədə ərizə təqdim etsə də, mənzilin özbaşına tikinti olduğunu əsas gətirərək və həyətyanı sahəni nəzərə almadan cavabdehlərə yalnız faktiki sahənin üzərinə 20% gəlməklə ümumilikdə 179 kv.m sahənin verilməsini təklif etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə artırılma ilə bağlı təklif irəli sürülsə də, iddiaçı tərəf bunu qəbul etməmişdir. Hətta iddiaçı tərəf cavabdehlərin istifadəsində olan həyətyanı sahəni də nəzərə almadan hazırki tələbi irəli sürmüşdür. Halbuki, məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlərin mülkiyyət hüquqları baxımından onların faktiki istifadəsində olan həyətyanı sahə də nəzərə alınmalı idi. Məhkəmə həmçinin qeyd edir ki, həyətyanı sahə cavabdehlərin öz mənzillərinin istifadəsi ilə bağlı olmuş və həmin sahəyə xidmət etmişdir. Bu kimi halın nəzərə alınmaması isə iddiaçı tərəfindən ədalətsiz kompensasiyanın verilməsi kimi qiymətləndirilməklə mülkiyyət hüququna birbaşa müdaxilədir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdehlərə vermək istədiyi (təklif etdiyi) 179 kv.m sahəni təşkil edən mənzilin həqiqətən təsdiq edilmiş layihə sənədlərinə əsasən mövcudluğuna dair rəsmi sənədləri məhkəməyə təqdim etməmiş, yalnız iddia həcminin artırılması barədə ərizədə formal olaraq qeyd etmişdir. Bu isə gələcəkdə iddia təmin olunacağı təqdirdə mənzil mövcud olmadığından icrasına ciddi maneələr yaratmaqla yeni iddiaların yaranmasına səbəb olacaqdır. Lakin bu hallarla iddianın rədd edilməsi gələcəkdə daha artıq kompensasiya miqdarı ilə (təsdiq edilmiş layihə sənədlərinə əsasən) iddiaçının məhkəməyə yenidən müraciət edilməsinə maneə deyildir. 47.Məhkəmə bu yerdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikasının Konstitusiyası hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin, hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. 48.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində həmçinin, göstərilmişdir ki, istər dövlət ehtiyacları, istərsə də ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 49.Göründüyü kimi, Konstitusiya mülkiyyətin özgəninkiləşdirilməsi üçün mülkiyyətin dəyərinin ödənilməsi, mülkiyyətin ödəniləcək dəyərinin ədalətli olması, bu dəyərin öncədən ödənilməsi şərtlərini müəyyən etmişdir. 50.Məhkəmə iddiaçının cavabdehlərin mülkiyyətində olan evin (mənzilin) və evin yerləşdiyi istifadədə olan torpaq sahəsinin könüllü alınması və alınma ilə bağlı qanunvericilikdə irəli sürülmüş şərtlərə əməl etmədiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının qeyd etdiyi əsaslar hazırda iddianın əsaslı sayılması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. 51.Məhkəmə, həmçinin iddiaçı şirkətin cavabdehlərə mənzillərinin əvəzinin sonradan tikiləcək binadan veriləcəyini bildirməsinin də sonuncuların mülkiyyət özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilməsi kimi konstitusyon müddəanın prinsinin pozulması kimi qiymətləndirir. Məhkəmənin qənaətinə görə Konstitusiyada mülkiyyətin dəyərinin öncədən ödənilməsi şərtinin müəyyən edilməsi məhz mülkiyyətçinin maraqları baxımındandır. Əslində sonradan ödəmə (və ya başqa alternativ şərtlər) yalnız mülkiyyətçilərin razılığı ilə ola bilər ki, bu da tərəflərin arasında bağlanmış müqavilələr yolu ilə həll edilməlidir. 52.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 53.Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 54."Bakı şəhərinin Suraxanı, Nəsimi, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1-ci hissəsinin 1.2.-ci bəndinə əsasən, adları çəkilən İcra Hakimiyyəti orqanları" 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfındən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpağ sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını" təmin etməlidirlər. 55.Məhkəmə qeyd edir ki, göründüyü kimi, sözügedən qərar, fıziki şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsinin tikinti şirkəti tərəfindən əldə edilməsi zamanı dəyərinin ödənilməsini və ya torpaq sahəsinin əvəzləşdirilməsini müəyyən edir. Həmçinin, qərar vətəndaşlara ədalətli kompensasiya (müvafiq mənzillər və torpağın dəyərinin (ödənilməsi, yaxud əvəzləşdirilməsi) ödənilməsini nəzərdə tutur və bunu tikinti şirkətlərinin üzərinə bir vəzifə olaraq qoyur, bu işə nəzarəti də icra hakimiyyəti orqanlarına həvalə edir. 56.Lakin, işin araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdehlərin mülkiyyətlərində olan əmlakını söküntüyə təhvil verməməsini iddia edərkən onların mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsini dəyərinin ödənilməsi ilə bağlı müzakirələr aparmasına dair sübutlar təqdim etməmişdir. Başqa sözlə, MMC cavabdehlərlə aralarında yalnız müqavilə bağlanmaq yolu ilə xüsusi mülkiyyətində və istifadələrində olan sahələrin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsində, cavabdeh tərəf isə mülkiyyətlərində və istifadələrində olan sahədən bu şərtlər əsasında çıxmamalarında israrlıdırlar. 57.Məhkəmə 30 may 2024-cü il tarixli, 3-16-16/2-10/7796№-li rəyinə Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə uyğun qiymət verərək qeyd edir ki, cavabdeh mülkün ümumi sahəsinin 206.9 kv.m olmasını bildirmələrinə və ekspertin ünvan 7 ünvanında yerləşən yaşayış evinin faktiki sahəsinin 143.25 kv.metr, həyətyanı sahəsi isə 28.4. kv.metr, içdən-içə, çöldən-çölə ölçülər nəzərə almaqla faktiki ümumi sahəsinin 197 kv.metr olduğu müəyyən etməsinə baxmayaraq, hazırki məqamda həmin rəy sübut əhəmiyyətli sənəd kimi qiymətləndirilmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında cavabdehlərin faktiki istifadəsində olan sahələrin dəyərinin sökülmə ilə bağlı kompensasiya olunması ilə əlaqədar aralarında heç bir razılıq əldə edilməmişdir. 58.Beləliklə də məhkəmə bütün bu qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzil və torpaq sahəsindən çıxarılmaları ilə bağlı iddiaçının tələbləri cavabdehlərin mülkiyyət hüquqlarının qorunması baxımından əsassız olduğu üçün İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilə bilməz. 59.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 60.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 61.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 62.Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 63.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı1ndən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar