Məhkəmə qərarları › İş №e-2(006)-6034/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6034/2024

13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6034/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 0185/24 nömrəli mütəxəssis rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsi ilə müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında inşa edilmiş yaşayış kompleksinin B blokunda yerləşən 145 nömrəli mənzilin qiymətləndirilməsinə dair Cavabdeh MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə razı olmamasını qeyd edərək, rəyin ləğvini xahiş edir. İddiaçının tələbinin araşdırılması zamanı işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1456/2023 saylı qanuni qüvvəsini almış qətnaməsi əsasında X6 və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin 2(006)-101/2022 saylı iş üzrə 04 mart 2022-ci il tarixli qətnaməsinin təmir xərci olaraq 639057,5 manatın X3 və İddiaçı müştərək qaydada tutularaq X2 ödənilməsi hissəsində dəyişdirilməsi, X3 və İddiaçı təmir xərci qismində müştərək qaydada 595985 manat tutularaq X2 ödənilməsi, qətnamənin “X3 və İddiaçı müştərək qaydada faiz borcu kimi 45.267 manatın, borc olaraq 510000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36125 manatın tutulması” hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamənin çıxarılması, X1 “X3 və İddiaçı müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması” tələblərinin təmin edilməməsi, X1 “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, İddiaçı X1 xeyrinə 510 000 manatın tutulması, həmin iddia tələbinin qalan hissədə (X4 münasibətdə) təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1456/2023 saylı icra sənədi, borclunun əmlakı üzərinə həbsin qoyulması barədə xx.xx.2024-cü il tarixli qərar, qiymətləndiricinin dəvət olunması haqqında xx.xx.2024-cü il tarixli qərar və sair sənədlər əsasında Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış kompleksinin B blokunda yerləşən 145 nömrəli mənzilin qiymətləndirilməsi həyata keçirilmiş, mütəxəssis rəyinə görə əmlak 1.200.000 manat məbləğində dəyərləndirilmişdir. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadının 22-ci bəndinə əsasən, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Qərardadın 23-cü bəndinə əsasən, qanunverici kreditorların yönəltmə hüquqlarının mahiyyətini nəzərə alaraq, icra sənədi üzrə borclunun əmlakına yönəltmə ilə bağlı hərracın keçirilməsi qaydalarını (Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53, 61, 62-ci maddələri) ipoteka predmeti olan əmlakın hərracda satışı qaydalarından (“İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri) fərqli şəkildə tənzimləmişdir. Qərardadın 28-ci bəndinə əsasən, “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Həmin qərardada əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Həmin qərardada əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Həmin qərardada əsasən, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1456/2023 saylı qətnaməsi ilə tərəflər arasında məhkəmə mübahisəsinin həllinə nail olunmuş, qeyd edilən qətnamə icra olunması məqsədilə aidiyyəti İcra şöbəsinə yönəlmiş, icra məmuru tərəfindən borclunun mülkiyyətində icra sənədi üzrə tələbin yönələ biləcəyi əmlak aşkar edilmiş və həmin əmlakın qiymətləndirilməsi məqsədilə qiymətləndirmə şirkəti, yəni Cavabdeh MMC cəlb edilmişdir. Cavabdeh MMC tərəfindən öz növbəsində əmlakın qiymətləndirilməsinə dair müvafiq rəy verilsə də, İddiaçı həmin rəylə razılaşmayaraq, qeyd edilən rəyi mübahisələndirmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisə predmeti olan əmlak ipoteka predmetinə aid edilmədiyindən, həmin əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması ilə əlaqədar Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri tətbiq edilməli, habelə həmin məsələyə icra icraatı çərçivəsində baxılmalıdır. Belə olan halda hesab edir ki, iddiaçının hazırki tələblərinə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçıya izah edilməlidir ki, o, icra icraatı çərçivəsində hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, icra icraatı çərçivəsində hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar