Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-606/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 Qalibiyyət oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında iddiaçının qızı X5 ilə Cavabdeh nişanlanmış, həmin ilin fevral ayında toyları olmuş, xx.xx.2023-cü il tarixdə rəsmi boşanmışlar. Həmin vaxt Cavabdeh iddiaçının ailəsinə bildirmişdir ki, mənzili var, mənzili yeni mebel və məişət avadanlıqları ilə təmin etmiş, buna görə qızın cehiz əvəzi olaraq 35000 manat pul istəməşdir. İddiaçı şahidlər X1 və X2 yanında öz evində Cavabdeh 18400 ABŞ dolları məbləğində pul vermişdir. Bundan əlavə, Cavabdeh ilə Nigar İsayevanın toy mərasimi Bakı şəhərində “Cratos” Şadlıq sarayında keçirilmişdir. Toy mərasimin xərcləri 25000 manat olmuş və tam xərclər 25000 manat olmaqla iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh toy mərasiminə xərclənən pulun yarısını, yəni 10000 manat hissəsini iddiaçıya ödəməlidir. İddiaçı qızı Nigar İsayeva (Dadaşzadə) ilə Cavabdeh qısa müddətdə ailə münasibətləri pozulmuş, boşanmışlar, X9 Dadaşzadənin mənzilindən köçmüş, əşyalarını götürüb iddiaçının evində yaşayır. Göstərilənlərə əsasən, Cavabdeh 18400 (on səkkiz min dörd yüz) ABŞ dolları ödənilən günə olan məzənnə ilə Azərbaycan Respublikası manatı ilə, bundan əlavə 10000 (on min) manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 214 (iki yüz on dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 18400 ABŞ dolları ödənilən günə olan məzənnə ilə Azərbaycan Respublikası manatı ilə, bundan əlavə 14000 manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 226 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, 2022-ci ilin dekabr ayının 18 də iddiaçının qızı ilə cavabdehin həri mərasimi olub. 2023-cü ilin 6 dekabr tarixində isə nişan mərasimləri olmuşdur. Daha sonra cavabdeh və onun atası iddiaçı, onun həyat yoldaşı və qızını qonaq çağırmış və onlara surprizləri olduğunu bildirmişdir. Onlar getdikdən sonra cavabdehin atası onlara bildirmişdir ki, yaşadıqları binanın 7-ci mərtəbəsində cavabdehin atası yaşayır, 14-cü mərtəbədə isə cavabdehə ev alınıb. Daha sonra isə iddiaçı və onun ailəsini 14-cü mərtəbədə yerləşən evi göstərmişlər. İddiaçı və onun ailəsi evin artıq tam təmirli və bütün zəruri əşyalarla təmin olduğunun şahidi olmuşdur. Bu zaman cavabdehin atası bildirmişdir ki, evə əşyaları o almışdır və bu zaman 35 min manatdan artıq xərc çəkmişdir. İddiaçının qızı tərəfindən hər hansı cehizə ehtiyac yoxdur. Onlar cehizə çəkmək istədikləri 35 min manatı cavabdehə versinlər. İddiaçı və onun ailəsi də bununla razılaşıb. Bundan bir neçə gün sonra cavabdeh və onun atası iddiaçıya uzun bir siyahı təqdim edir və cavabdehin atası bildirir ki, cehizə xərcləmək istədiyiniz pulla bu qeyd etdiyim siyahıdakı hədiyyələri qızınıza bizim yerimizdən alarsınız. İddiaçı siyahıya baxdıqda görmüşdür ki, orada qeyd edilənlər 35 min manatdan daha artıq bir vəsait tələb edir. Həmçinin, onların bir çoxu artıq qızında var olduğundan yenisini almağa zərurət yoxdur. Sadəcə zəruri bir neçə şeyi alıb ki, buna da 3-4 min manat civarı xərc çəkilib. Yerdə 18400 ABŞ Dolları vəsait qalıb ki, onu da cavabdehə vermək üçün saxlayıblar. Daha sonra cavabdeh onlara qonaq gəldikdə mətbəxdə saymış və əşyalar üçün çəkilmiş xərclərə dair qəbzlərlə birlikdə cavabdehə təqdim etmişdir. Bunu məhkəməyə təqdim etdikləri şahidlər də, görmüşlər. Daha sonra toya hazırlıq mərhələsində cavabdehin atası iddiaçının həyat yoldaşına “whatsapp” vasitəsi ilə siyahı atmış və bildirmişdir ki, oğlunun toyudur istəyir ki, təmtəraqlı keçsin. Həmçinin, bildirmişdir ki, müğənni İlqar Muradov onun tanışıdır. Bundan başqa bir neçə müğənni adlarını da siyahıda qeyd etmişdir və əgər razı olarlarsa, adları siyahıda qeyd edilən müğənilər toyda müğənni kimi iştirak edəcəyini bildirmişdir. Toy üçün isə “Gratus” şadlıq sarayı ilə artıq danışdığını qeyd etmişdir. Siyahıda qeyd edilən şeylər üçün isə təxminən 25-26 min manat vəsait tələb olunmuşdur. İddiaçı və onun həyat yoldaşı bildirmişdir ki, bu qədər məsrəfə zərurət yoxdur. Lakin cavabdehin atası bildirmişdir ki, onun bir oğlu vardır və istəyir ki, təmtəraqlı toyu keçirilsin. İddiaçı və onun həyat yoldaşı da məcbur qalıb razılaşmışlar. Nəticə də toy keçirilib və hər şey cavabdehin atasının istədiyi kimi baş tutub. Toyun səhəri günü iddiaçının həyat yoldaşı və cavabdehin atası restorana çəkilmiş xərcləri ödəmək üçün getmişlər. Toyda 300 nəfərə yaxın iddiaçı tərəfdən və 70-80 nəfər isə cavabdeh tərəfindən iştirak edib və hərə öz gələn qonaqları üçün tələb olunan pulu ödəyib. Dekor və musiqçilər üçün isə ayrıca 26 min vəsait tələb olunub. Cavabdehin atası bildirmişdir ki, üzərində o qədər pul yoxdur. Sadəcə 3 min manat pulu vardır. İddiaçının həyat yoldaşı bildirmişdir ki, 23 min manat pulu özü versin. Daha sonra cavabdehin atası onun 10 min manatını qaytarsın. Nəticədə, iddiaçının həyat yoldaşı 23 min manat pul verib. Lakin nikah uzun çəkməyib və iyul ayında artıq iddiaçının qızı ilə cavabdeh boşanıb. Daha sonra iddiaçı və onun həyat yoldaşı cehizi geri tələb ediblər. Lakin cavabdehin atası həmin əşyaları özü aldığını və verməyəcəyini bildirib. Belə olan halda iddiaçı cehiz üçün verdikləri pulu geri tələb edib. Cavabdehin atası isə bunun ona heç bir aidiyyatının olmadığı və cavabdehdən istəmələrini bildirib. Onlar da məcbur qalıb məhkəməyə müraciət etdilər. Hesab edir ki, cavabdeh cehiz üçün verilən 35 min manatı bütünlükdə geri qaytarmalıdır. Ona görə ki, həmin 35 min manatdan iddiaçı tərəfindən alınmalı olan hədiyyələri cavabdeh tərəf almalı idi. İddiaçı onun adından həmin hədiyyələri almışdır. Ona görə də 35 min manat tam olaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, müğənnilər və dekor üçün çəkilən və iddiaçı tərəfindən ödənilən 10 min manat da cavabdeh tərəfindən geri qaytarılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, qızının nişanından sonra cavabdehin atası Mehman onları evinə qonaq çağırdı. Dedi ki, “sizə sürprizimiz var”. Qızı, yoldaşı və o, onlara getdilər. Mehman onları 14-cü mərtəbədə yerləşən evə apardı və bildirdi ki, bu evi oğlu üçün hazırlamışdır. Hər şeyi var. Evdə olan əşyalara da 35 min manat xərc çəkmişdir. Daha sonra Mehman ona uzun bir siyahı verdi. İddiaçı baxdı ki, orada qeyd edilənlərin çoxusu qızında artıq vardır. Yenisinə ehtiyac yoxdur. İddiaçı həmin pulla bir sıra xırda əşyalar aldı və bu 4 min manata yaxın pul tutdu. Sonra Mehmanla danışdı ki, o, cehiz hazırlayır, onun vaxtı yoxdur. O da ona bildirdi ki, həmin pulu versin Orxana onlar qızı ilə gedib özləri alsınlar. Daha sonra Orxan onlara qonaq gəldikdə pulu götürdü, saydı və 18400 ABŞ Dolları pulu əşyalara çəkdiyi xərcləri göstərən qəbzlərlə birlikdə Orxana verdi. Orxan da pulu götürüb cibinə qoydu. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 Qalibiyyət oğlu iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iş materiallarında sadəcə “whatsapp” yazışması vardır ki, yalnız orada 35 min manatdan söhbət açılır. O da bu işdə cavabdeh olan şəxsin deyil, fərqli bir adamın söhbətidir. Həmin sübut mötəbər sübut kimi qəbul edilə bilməz. Qəbul edilsə belə, orada Orxana 35 min manatın verilməsi öz təsdiqini tapmayıb. İddiaçı qeyd edir ki, pulu verərkən Orxan pulu saymadı. Yəni pul verilsə belə, onun 35 min manat olması da sübuta yetirilmir. Ümumilikdə isə Orxana heç bir pul verilməyib. Bu yalandır və heç bir sübutla subuta yetirilmir. Bu sadəcə qızı boşanmış ailənin qisas almaq məqsədi ilə irəli sürdükləri yalan bir iddiadır. Bundan başqa, iddiaçı qeyd edir ki, o, pulu verdi ki, “gedin bu pulla qızıma hədiyyələr alın”. Bu da absurddur. Əgər elə idisə pulu elə öz qızına verərdi ki, o özünə nə istəyir alsın. Toyla bağlı bildirir ki, toyda cavabdeh tərəfindən 30 nəfər, iddiaçı tərəfdən isə 300-dən çox qonaq iştirak edib. Ona görə də xərcləri ola bilsin ki proporsional olaraq bölüblər. Müğənnilərə gəlincə, Orxanın o məsələlərlə bağlı heç bir məlumatı olmayıb. Müğənniləri o seçməyib, danışmayıb, onlarla bağlı xərcin ödənilməsində iştirak etməyib və bununla bağlı heç bir fikir bildirməyib. Bundan başqa, müğənnilərə nə qədər pulun verilməsi ilə bağlı da sübut təqdim edilməyib. İş materiallarında sadəcə iddiaçının öz əli ilə yazıb imzaladığı sənəd vardır ki, o, filan qədər pulu Orxana verdi. Bu mötəbər və faktı təsdiq edən sübut deyildir. Nə qədər ki, həmin sənədi Orxan təsdiq etməyib bu sənədin heç bir hüquqi əhəmiyyəti yoxdur. İddiaçı tərəfin öz qızlarına nə isə almaqlarına gəlincə isə onlar onlardan cehiz üçün heç bir pul tələb etməmişlər. Cehiz də alınmayıb. Cavabdehin atası sadəcə bildirib ki, cehizə ehtiyac yoxdur. “O pulla qızınıza nə isə almaq istəyirsizsə özünüz bilərsiniz”. Onun onlara aidiyyatı yoxdur. Ona görə də iddia tələbi tam əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Təxminən xx.xx.2023-cü ildə cavabdeh və onun atası Mehman onlara gəlmişdi. Bundan bir neçə gün öncə isə o, həyat yoldaşı, yəni hazırki mülki iş üzrə iddiaçıya qızının cehizi üçün 20 min ABŞ Dolları və 2 min manat pul vermişdi. Mehman bildirmişdi ki, evdə gördükləri mebellərin dəyəri 35 min manat təşkil edir və onun əvəzində onlara əşyaların pulunu verərlər. O da yoldaşına pulu ona görə vermişdi ki, onlara 35 min manat pul versin. Axırda qeyd etdiyi gün oturdular, yemək yedilər. Həmin gün evdə yoldaşının rəfiqəsi və qulluqçu da var idi. Daha sonra yoldaşı pulu mətbəxdə sayaraq onlar çıxanda Orxana verdi və bilirdi ki, burada 18400 ABŞ Dollar pul var. 35 min manatın müəyyən hissəsini hədiyyələr almışlar. Bu da onların qəbzləridir. Toyun xərcləri ilə bağlı bildirmişdir ki, toyun səhəri gün o, yoldaşı və Mehman adminstratorun yanına hesablaşmaq üçün getmişdilər. Həmin hərə öz qonağının sayına uyğun yerinin haqqını ödədi. Müğənnilər və dekorla bağlı isə 26 min pul tələb olundu. Bu zaman Mehman bildirdi ki, 3 min manat pulu vardır. Bildirdi ki, yerdə qalan 23 min manatını o versin, daha sonra o, özünə düşən hissəni qaytarar. O da bununla razılaşdı.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun rəfiqəsi və ailə dostudur. Pul verilərkən orada idi, bu işin əvvəlində yaxından şahidlik etmişdir, alış-verişlərin edilməsində, cehizlərin alınmasında, yerləşdirilməsində yaxından iştirak etmişdir. Orxan qonaq gələndə, nişanda və s. görmüşdü. İddiaçı Orxana pul verdiyi gün yemək yedilər. Nigar, yəni iddiaçının qızı gəlib dedi ki, Orxan gedir. Eminə xanım da yuxarıdan pulu gətirərək mətbəxdə onların yanında saydı və aldıqları əşyalar üçün çəkdikləri 4 min manata yaxın xərci təsdiq edən qəbzlərlə birlikdə Orxana verdi. Pul rezinin arxasında idi. Tarix yanvar ayının 15-i idi. Orxana 18400 ABŞ dolları pul verildi. Pul veriləndə o, Ulduz xanım, Orxan müəllim, Eminə xanım, Nigar və Rafiq müəllim var idi. Pul cehiz üçün verilmişdir.
9. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının qızı cavabdehlə 2023-cü ildə ailə həyatı qurmuş, lakin bir müddət keçdikdən sonra onlar rəsmi şəkildə boşanmışlar. Hazırda iddiaçı qızı üçün cehiz əvəzi olaraq cavabdehə 18400 ABŞ dolları məbləğində pul verdiyini iddia edərək, həmin pul vəsaitinin, həmçinin toy mərasiminə xərclənən pulun yarısının, yəni 14000 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddia qaldırılması üçün ödənilən 226 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbi ilə razı deyildir.
b) Mülki işin materialları:
11. Mülki işin materiallarında olan əlyazmadan görünür ki, həmin əlyazmada 2023cü ilin yanvar ayında müxtəlif əşyalar alındığı, eyni zamanda 18400 ABŞ dolları məbləğində pulun Orxana verildiyi qeyd edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
14. Məlum olduğu kimi hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
15. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı).
16. Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur.
17. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
18. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
19. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
20. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.https://e-qanun.az/framework/46944
21. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».
24. Hazırki halda məhkəmə iddia tələbinin iki hissədən yəni 18.400 ABŞ dolları və 14.000 manat məbləğində pulların cavabdehdən tutularaq iddiaçıya ödənilməsindən ibarət olmasını əsas gətirərək ilk öncə tələbin birinci hissəsi olan 18.400 ABŞ dolları vəsaitin tutulmasının əsaslı olub-olmasına qiymət verməyi zəruri hesab edir.
25. Belə ki, iddiaçının iddiası bu hissədə subyektiv iddiaçı olmaması səbəbindən rədd edilməlidir. Mülki iş materiallarından və izahatlardan aydın görünür ki, iddiaçının qızı X5 Cavabdeh ilə nikaha girmiş və bundan əvvəl ona cehiz əşyalarının alınması barədə müzakirələr getmişdir. X4 atası tərəfindən cehiz əşyaları üzrə hesablanmış 35.000 manat məbləğ cavabdehin evində hazır əşyaların (cehiz) əvəzi olaraq nəzərdə tutulmuş və bu vəsaitin 18.400 ABŞ dolları hissəsi cavabdehə verilməsi iddia edilmişdir. Bu hal üzrə məhkəmə qeyd edir ki, əgər cehiz əşyaların əvəzi olaraq cavabdehə və ya digər şəxsə pul verilmişdirsə , o halda iddiaçı cehiz əşyaların sahibi X5 olmaqla yalnız cehiz əşyalarının tələbi irəli sürə bilərdi. Lakin qeyd edilən cehiz əşyalarının hansı hissələrdən ibarət olması, haradan alınması, hansı hissəsinin qiymətinin nə qədər olması müəyyən edilə bilmədiyindən cehiz əşyalarının geriyə tələb edilməsidə qeyri-müəyyən qalacaqdır. Lakin məhkəmə qeyd edir ki, cehiz əşyaları deyil onun dəyərinin (verilmiş pulun) istənilməsidə əsassızdır. Belə ki, iddiaçı tərəf cavabdehə 18.400 ABŞ dollarının verilməsini iddia etsədə bununla bağlı mötəbər sübutları təqdim etməmişdir. Bu halda yalnız geriyə qalan cavabdehin əsassız varlanması ilə bağlı olmuşdur ki, bu halda məhkəmədə öz təsdiqini tapmamışdır.
26. Bundan əlavə məhkəmə həmçinin qeyd edir ki, şahid ifadələri bir başa sübut növü olmamaqla dolayı (əlavə, bərkidici) sübut növü kimi qiymətləndirilməlidir. Bu halda isə iddiaçı tərəf cavabdehə pulun verilməsini yalnız şahid ifadəsi ilə təsdir etmişdir ki, bu halda iddiaçı tərəfindən təqdim edilən şahid ifadələri sübut növü kimi qəbul edilə bilməz.
27. Məhkəmə iddianın ikinci hissəsi olan 14.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələbin özüdə məhkəmə araşdırması nəticəsində iki hissədən ibarət olmuşdur. Birinci hissəsi 4000 manat , yəni cehiz əşyaları üçün ödənilmiş 35.000 manat puldan qalan (35.000 manat- 18400 ABŞ dolları = 4000 manat) 4000 manat, ikinci hissə isə toyun xərcləri ilə bağlı razılaşdırılmış 10.000 manat hissə. Bu halda mıəhkəmə ilk öncə 35.000 manatdan geriyə qalan 4000 manat pulun tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının özü qızına könüllü olaraq 4000 manat civarında hədiyyə almış və həmin hədiyyələrdə şəxsi əşyalar olmaqla qızına məxsus olmuşdur (hüquqi mövqe –qətnamənin 12-27 abzasları) . Bu halda şəxsi əşyaların iddiaçının qızında olması səbəbindən 4000 manat hissəsinin cavabdehdən tələb edilməsi əsassız olmuşdur .
28. Məhkəmə iddianın toy xərci kimi 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə alınması hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilən vəsait toy xərcləri ilə bağlı olmuş və bu xərclərin tərəfləri nə hazırki cavabdeh nədəki hazırki iddiaçı olmuşdur. Qedy edilən vəsait iddiaçının həyat yoldaşı ilə hazırki cavabdehin atası arasında yaranmış və bu tələbə onların tərəf olduğu iş üzrə həll edilməlidir (məhkəməyə iddia verildiyi təqdirdə). Bu səbəbdən məhkəmə iddiaçının iddiasının 10.000 manat hissəsində tələb etmək hüququnun olmadığını əsas gətirərək iddianı bu hissədə rədd edir. Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən “votsap” tətbiqi vasitəsilə aparılan yazışmaların sübut növü kimi qəbul edilə bilməz. Belə ki, qeyd edilən yazışmalar tərəflə arasında olmamaqla bu iş üzrə sübut növü kimidə qiymət verilməsi əsassız olacaqdır.
29. Məhkəmə eyni zamanda iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinə də qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.
30. Məhkəmə həmçinin qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır.
31. Qanunvericiliyə əsasən MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir.
32. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dindirilmiş şahidlərin verdiyi ifadələr məhz iddiaçının maraq və mənafeyinə uyğun verilən ifadələr və şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv olmayan məlumatlar kimi qiymətləndirilməlidir (həmçinin qətnamənin 26-ci abzasındakı hüquqi mövqe).
33. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
34. Məhkəmə iddia tələbinin rüsumla bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən iddia qaldırılması üçün ödənilmiş 226 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.
35. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir.
43. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.