Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-612/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən qaytarılmış mallara görə 3280,98 manat pul vəsaitinin, qaytarılmalı olduğu pul vəsaitinin əsassız saxlanıldığına görə 5%-i həcmində, yəni ümumilikdə 109,33 manat həcmində faiz məbləğinin, hüquqi xidmət üçün ödənilmiş 214 manat həcmində pul vəsaitinin və 56,5 manat məbləğində dövlət rüsumunun, cəmi 3660,81 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı 11 sentyabr 2022-ci il tarixdə mülkiyyətində olan “AUDİ” markalı, Q7 modelli, **-KY-*** qeydiyyat nişanlı, nəqliyyat vasitəsi üçün Cavabdeh MMC-nin X2 Mərkəzindən (bundan sonra “Radius ATM”) 4 (dörd) ədəd eyni markalı (X3 4 SUV) və eyni ölçülü (285/45R20) şin almışdır. Qeyd olunan şinlərin alınması və şinlərin dəyişdirilməsi ilə bağlı göstərilmiş xidmətlərə görə iddiaçı tərəfindən Radius ATM-ə 3280,98 AZN (üç min iki yüz səksən manat və doxsan səkkiz qəpik) pul vəsaiti ödənilmişdir. Ödəniş iddiaçı tərəfindən bir dəfəyə verilsə də, bununla bağlı ona hər biri 1640,49 AZN (bir min altı yüz qırx manat və qırx doqquz qəpik) məbləğdə olmaqla iki satış çeki verilmişdir. Ona təqdim edilmiş satış çeklərinin ümumi məbləği 3280,98 AZN (üç min iki yüz səksən manat və doxsan səkkiz qəpik) təşkil edir. Bununla bağlı ona arasında 1 dəqiqə fərq olmaqla 2 ədəd xx.xx.2022-ci il tarixli satış çeki və 1 ədəd eyni tarixli qəbz verilmişdir. Lakin, alınmış şinlər onun nəqliyyat vasitəsinə quraşdırıldıqdan dərhal sonra, onlardan istifadə edilən zaman şinlərin həddindən artıq səsli olduğu aşkar olunmuşdur. Belə ki, istifadə edilərkən şinlər yolla təmasda olan zaman dözülməz səslər əmələ gətirir və nəqliyyat vasitəsi titrəməyə başlayırdı, surət artdıqca səs-küy və titrəmələr də artırdı. Bu səbəbdən iddiaçı nəqliyyat vasitəsindən istifadə edə bilməmiş və məcbur qalıb aldığı şinləri geri qaytarmalı olmuşdur. Bundan sonra, Radius ATM tərəfindən aldığı şinlər çıxarılıb əvvəlki şinlər quraşdırılmış və bu xidmət üçün iddiaçı əlavə 30,94 AZN (otuz manat doxsan dörd qəpik) məbləğində pul vəsaiti xidmət haqqı olaraq ödəmişdir. Bununla bağlı ona xx.xx.2022-ci il tarixli satış çeki verilmişdir. Şinlər dəyişildikdən sonra Radius ATM-in əməkdaşları ona bildirmişlər ki, şinlər üçün ödədiyi pulları hazırda qaytarmaq mümkün olmasa da, bir neçə günə, yəni tez bir zamanda geri qaytarılacaqdır. Bununla bağlı Radius ATM-in əməkdaşı Elnur Məmmədov özünü ona satış meneceri vəzifəsində işləyən şəxs kimi təqdim edib, mobil tel nömrəsini (050 334-74-94) verərək, onunla əlaqə saxlamağını tövsiyə etmişdir. Lakin, E.Məmmədova zəng etdikdə o, hər dəfə bir bəhanə gətirərək, qaytardığı şinlərin pulların iddiaçıya ödəməkdən boyun qaçırmışdır. Bir neçə gündən sonra, ümumiyyətlə ona bildirmişdir ki, pullar qaytarılmayacaq və onun zənglərinə cavab verməkdən imtina etmişdir. Baş verənlərlə bağlı iddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh MMC-nin X2 Mərkəzindən aldığı 4 (dörd) ədəd şinlərin qaytardığına görə ödədiyi 3280,98 AZN pul vəsaitini ona geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Lakin, qeyd edilən qurum tərəfindən iddiaçıya mobil telefon vasitəsi ilə zəng edilərək, qeyd olunan hadisə ilə bağlı Radius ATM-ə sorğunun göndərildiyini və sorğuya cavabın verilmədiyi bidirilmişdir. Beləliklə, bugünədək Cavabdeh MMC-nin X2 Mərkəzindən tərəfindən alınmış 4 (dörd) ədəd şinləri qaytardığı üçün, onlara görə ödədiyi 3280,98 AZN pul vəsaiti mənə geri qaytarılmamışdır. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia ərizəsində əks olunan məlumatlar həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixində Cavabdehnə aid “Radius” Təkər Mərkəzindən ümumi dəyəri 3150,58 manat olan “Michelin” markalı 4 ədəddən ibarət avtomobil şin dəsti əldə etmiş, eyni zamanda iddiaçının nəqliyyat vasitəsinə “Demontaj/montaj” 42,8 manat məbləğində xidmət göstərilmiş və 87,60 manay qiymətinə sığorta məhsulu satılmışdır. xx.xx.2022-ci il tarixində iddiaçı “Radius” Təkər Mərkəzinə yaxınlaşaraq Radius Plus” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 ilə danışmışdır. Danışıq telefon vasitəsilə aparılmaqla tərəflərindən qeydə alınmışdır. Təqdim olunan telefon danışığının məzmunundan məlum olur ki, İddiaçı iddia ərizəsində göstərdiyi kimi aldığı şinləri geri qaytarmamışdır. Danışın məzmunundan aydın olur ki, iddiaçı əvvəlcə aldığı və istismar etməyə başladığı malın (avtomobil şinlərinin) qaytarılması barədə danışıqlara başlasa da, sonradan öz fikrini dəyişmiş və şinlərin müvəqqəti olaraq cavabdeh müəssisədə saxlanılmasını, bununla da, istifadə olunmuş üçüncü şəxslərin satılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Telefon danışığının məzmunundan görünür ki, Radius Plus” MMC-nin direktoru Elnur Məmmədov iddiaçının istifadə olunmuş avtomobil şinlərini üçüncü şəxslərə satmaqda köməklik göstərmək kimi xahişinə cavab olaraq köməklik göstərməyə çalışacağına söz vermiş, lakin buna söz verməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi ləğv edilməmiş, həmin avtomobil şinləri iddiaçının mülkiyyətində qalmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı ilə cavabdeh müəssisə arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv olunmamış və həmin müqavilənin ləğvi üçün iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tələblər yerinə yetirilməmişdir. Əksinə, iddiaçı aldığı malın öz mülkiyyətində qalmaqla üçüncü şəxsə satılması üçün ona köməklik göstərilməsini xahiş etmiş, bunu sərbəst iradəsi kimi ifadə etmiş və həmin əvəzsiz köməkliyin nəticəsi barədə onun qarşısında hər hansı öhdəlik götürülməmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Audi Q7 Minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 014687№-li sifariş məktubundan görünür ki, İddiaçı tərəfindən “Radius” Təkər Mərkəzindən 3280,98 manat məbləğində 4 ədəd şin alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 28303 və 28302 №li çeklərin surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına ayrı-ayrılıqda 1640,49 manat olmaqla, ümumilikdə 3280,98 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 0147593№-li sifariş məktubundan görünür ki, İddiaçı tərəfindən aldığı şinlər demontaj edilmiş və bunun üçün onun tərəfindən 30,94 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 21 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda təkərlərin şirkətin servis mərkəzi tərəfindən müayinə edildiyi və heç bir qüsurun aşkarlanmadığı, tam yararlı və lazımi keyfiyyətdə olduğundan onun tələbinin təmin olunmasından imtina edildiyi bildirilmiş, həmçinin malın müayinə edilməsi barədə servis aktının surəti Dövlət Xidmətinə təqdim edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanan 08 fevral 2023-cü il tarixli məktubdan görünür ki, “Radius” Təkəri Mərkəzindən alınan “Michelin” markalı 4 ədəd avtomobil şininin ikinci əldən başqa şəxslərə satılmasında köməklik edilməsi barədə onun xahişinə əsasən həmin avtomobil şinləri anbara müvəqqəti saxlanc üçün qəbul olunmuş, lakin həmin şinləri almaq arzusunda olan şəxs olmamışdır. Buna görə də onun mülkiyyətində olan “Michelin” markalı 4 ədəd avtomobil şininin “Radius” Təkəri Mərkəzindən geri götürməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624-cü maddəsinə əsasən aliciya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Bu Məcəllənin 624.1 və 624.3cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə “Radius” Təkər Mərkəzindən avtomobili üçün 3280,98 manat pula 4 ədəd şin alınmış, şinlərin dəyişdirilməsi ilə bağlı göstərilmiş xidmətlərə görə pul vəsaiti ödənilmişdir. Lakin şinlər həddindən artıq səsli olduğundan, yəni keyfiyyətsiz mal olduğundan həmin malın lazımi keyfiyyətli malla əvəz edilməsi üçün 1 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə “Radius” Təkər Mərkəzinə geri qaytarılmışdır. Şinlər demontaj edildikdən sonra “Radius” Təkər Mərkəzi tərəfindən qəbul edilmiş, bununla da, şinlərin keyfiyyətsiz mal olduğu cavabdeh tərədindən dolayısı ilə qəbul edilmişdir. Lakin şinlərə görə iddiaçının ödədiyi pul vəsaiti İddiaçı geri qaytarılmamışdır. Cavabdehin nümayəndəsi iddiaçının Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovdan avtomobil şinlərini üçüncü şəxslərə satmaqda köməklik göstərməsini xahiş etdiyi üçün onları qəbul etdiyini, lakin buna söz vermədiyini bildirsə də, malın cavabdeh tərəfindən qəbul edilməsi və keyfiyyətli malla əvəz edilməməsi artıq malın qüsurlarının cavabadeh tərəfindən qəbul olunduğunu və iddiaçı tərəfindən ödədiyi pul məbləğinin qaytarılması ilə bağlı razılıq olmasına dair iddiaçının tələbində istinad etdiyi halların həqiqətə uyğun olduğunu sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən şinlər üçün cavabdeh “Radius” Təkər Mərkəzinə ödənilmiş 3280,98 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “qaytarmalı olduğu pul vəsaitinin əsassız saxlanıldığına görə 5 faiz həcmində pul vəsaitinin tutulması” yəni 109,33 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, həmin tələb əsaslıdır və qismən təmin olunmalıdır. Lakin, gecikdirilmiş vaxt üçün illik beş faiz pul vəsaiti xx.xx.2022-ci il tarixdən işə məhkəmədə baxılanadək, gecikmə vaxtı 8 aya görə deyil, 4 ay üçün hesablanmalıdır. (3280.98x5%)=164, (164:12)=13.66, (13.66x4) = 54.64 manat təşkil edir. Mülki işin materiallarında olan ödəniş çekindən görünür ki, hüquqi xidmət göstərilməsi ilə bağlı İddiaçı tərəfindən 214 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən (№**********) görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 56,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.06-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə 214 manat və həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56,50 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə qaytarılmış mallara görə 3280,98 (üç min iki yüz səksən manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti, 54,64 (əlli dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, hüquqi xidmət üçün ödənilmiş 214 (iki yüz on dörd) manat və dövlət rüsumu olaraq ödənilmiş 56,50 (əlli altı manat, əlli qəpik) manat, ümumilikdə 3606,12 (üç min altı yüz altı manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-612/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-612/2023
09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver