Məhkəmə qərarları › İş №e-2(006)-625/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-625/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-625/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı hüquqmüəyyənedici sənədlərin verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlərin (binada yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarını və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi)) ona təqdim edilməsinə dair öhdəliyinin Cavabdeh MTK-in üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK koperativi ilə “Payçı” kimi İddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış 16 yanvar 2012 il tarixli 081 saylı müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri S.Rəhimov və M.İbrahimov 53,55,57 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi olan 165.4 kv.metr olan 46 saylı mənzilin payçı kimi İddiaçı verilməyi, İddiaçı isə müqavilənin 3.1 və 3.2 bəndlərində müəyyənləşdirilmiş pul vəsaitini vaxtında ödəməyini öz öhdəliyinə götürmüş, mənzilin 081 saylı müqaviləyə (3.1; 3.2 bəndi) əsasən dəyəri hər bir kv. metri üçün 1000 manat olmaqla ümumilikdə 165 400 manat müəyyən olunmuş və xx.xx.2020-ci il tarixli 27 saylı maliyyə arayışına əsasən İddiaçı tərəfindən mənzilin dəyəri 081 saylı müqaviləyə əsasən tam ödənilmişdir. Maliyyə arayışında “İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdu” qeydlər apararaq, MTK rəhbərliyi tərəfindən imzalanmış, MTK-ya məxsus möhür ilə təsdiqlənmişdir. Lakin, bunlara baxmayaraq mənzilin çıxarışını alınması ilə bağlı tələb olunan sənədlərin əldə edilməsi üçün dəfələr ilə MTK-nın rəhbərinəvə işçilərinə sənədlərin ona təqdim edilməsi barədə şifahi və yazılı müraciətlərinə baxmayaraq, hər hansı qeyriqanuni səbəblər və bəhanələr gətirərək, sənədlər MTK tərəfindən ona bu günə kimi verilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsn izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan icraçı Cavabdeh MTK ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 081 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 379 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Cavabdeh MTK-nın Bakı şəhəri, S.Rəhimov 109 və M.İbrahimov 53, 55, 57 ünvanda inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) hesabına vəsaiti və imkanları hesabına tikilməklə buna əsasən Bakı şəhəri, S.Rəhimov 108 və M.İbrahimov 53, 55, 57 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 165.4 kv.m təşkil edən 3 otaq yaşayış sahəsinin Kooperativ tərəfindən Payçıya verilməsi Payçının isə həmin yaşayış sahəsini qəbul etməsini öz öhdəsinə götüməsi haqqında olmuşdur. İş materiallarında olan Cavabdeh MTK tərəfindən xx.xx.2012-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 081 saylı müqaviləyə əsasən ümumi sahəsi 165.4 kv.m olan 3 otaqlı 46 nömrəli mənzilinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan tərəflər arasında xx.xx.2012-ci il tarixli 081 saylı bağlanmış müqaviləyə əlavə olan qrafik üzrə 081№-li şəxsi vərəqədən görünür ki, müqavilə üzrə müəyyən edilmiş məbləğin-165400 manat vəsaitin ödənişi xx.xx.2012-ci il tarixdən başlayaraq 5 dəfəyə icra edilməklə xx.xx.2012-ci il tarixdə tamamlanmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında bağlanmış müqaviləni mübahisələndirməklə, Cavabdeh MTK ilə İddiaçı arasında hər hansı müqvilənin bağlanmadığını iddia edərək, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində Ekspertizaya təqdim edilmiş Kooperativ “Diplomat 2008" MTK-nın sədri E.Azayev şəxsində və payçı İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış №081 müqavilədə “tərəflərin imzaları" qrafasında payçı “İddiaçı" sözünün qarşısındakı imzanın İddiaçı tərəfindən icra olunması göstərilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməxətşünaslıq ekspertizasının dəyəri 127 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 081 saylı müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MTK iddiaçı tərəfindən alınan mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlər təhvil verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ünvan 5 ünvanda 165.4 kv.m olan 3 otaqlı 46 nömrəli mənzil üzrə müqavilə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 127 manat Cavabdeh MTK-dan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MTK-nin üzərinə ünvan 5 ünvanda 165.4 kv.m olan 3 otaqlı 46 nömrəli mənzil üzrə İddiaçı adına sənədləşdirilməsi, həmin mənzillərlə bağlı mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin (binada yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarını və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi) təhvil verilməsi vəzifəsi qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 127 manat Cavabdeh MTK-dan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar