Məhkəmə qərarları › İş №e-2(006)-6260/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6260/2024

29.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6260/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hər iki tərəf kommersiya hüquqi şəxsdir. İddia ərizəsindən həmçinin görünür ki, iddianın predmeti sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər təşkil edir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəmə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən (mədaxil qəbzi № **********) görünür ki, iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 86 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə həmçinin qeyd edir ki, qərardaddan verilən şikayətin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayət kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəmə aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. İddia ərizəsinin verilməsinə görə Bank "xxxx" ASC tərəfindən ödənilmiş 86 manat (mədaxil qəbzi № **********) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Bank "xxxx" ASC-yə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Şikayət Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar