Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-631/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus "Mercedes-Benz GL 500”, **-KG-*** dovlət qeyydiyat nişanlı avtomobilinə dəymiş maddi zərər kimi 14.580 manat, mənəvi ziyan kimi 5.000 manat, vəkil xərci olaraq 100 manat, dövlət rüsumunun əvəzi kimi 150 manat, qəbul ediləcək məhkəmə qətnaməsi tam icra olunan vaxtadək, 19.08.2021-ci il tarixdən etibarən ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində cərimə pulu məbləği və avtomobilimin istifadəsiz vəziyyətdə qalması nəticəsində yararsız hala düşən ehtiyyat hissələrinin dəyəri müəyyən edilməklə cavabdeh "Paşa Sığorta” ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Mercedes-Benz GL 500”, **-KG-*** dovlət qeyydiyat nişanlı avtomobil "Paşa Sığorta” ASC tərəfindən kasko sığorta növündə 2018-ci il tarixdən hər il sığortalanır. Sonuncu dəfə 23.06.2021-ci ildə sığortalanmışdır. Hər il "Paşa Sığorta” ASC-yə 2000 manatdan çox sığorta haqqı ödənilir. 19.08.2021-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Bilgəh qəsəbəsində Yaşıl Abadlıq adlı restoranın qarşısında sığorta hadisəsi baş vermişdir. Belə ki, həmin istiqamətdə hərəkət edərkən, qəfildən yolun hərəkət hissəsinə it qaçdığından, o manevr qaydalarına uyğun olaraq, mümkün manevr hərəkətlərini edərək, avtomobil ilə itin vurulmasının qarşısını almışdır. Lakin, bu zaman avtomobilin sol hissəsi açıq və batmış vəziyyətdə olan lyuka düşdüyündən avtomobilin qabaq sol amartizatoru tam yararsız hala düşmüş, qabaq sol amartizator isə qismən yararsız vəziyyətə düşmüşdür. Hadisə nəticəsində avtomobilin əldə etdiyi digər texniki nasazlıqlar isə gözlə müşahidə olunmurdu belə ki, hava qaranlıq idi. Hadisə baş verdiyi yerdən bağ evinə yaxın məsafə olduğundan və hadisənin 01:30 radələrində baş verməsinə görə, o bağ evinə getmiş və səhər saat 09:30-dan etibarən "Paşa Sığorta” ASC-yə zəng etməyə başlamışdır. 11:30 radələrində onun zənginə cavab verilmiş və o hadisə barədə ASC-yə məlumat vermişdir. Bundan sonra"xxxx" ASC-nin əməkdaşı hadisə yerinə, gəlmiş öz qeydlərini aparmış və hadisə yerinin foto şəkillərini çəkmişdir. 24.08.2021-ci il tarixdə, "xxxx" ASC-nin SMS göstərişi ilə “Mercedes-Benz GL 500”, **-KG-*** dovlət qeyydiyat nişanlı avtomobilini 26.08.2021-ci il tarixdə “Toyota Servis”-ə (bundan sonra Servis) evakuator ilə gətirib Faiq adlı şəxsə təhvil vermişdir. Evakuatorla gətirməyinin səbəbi sığorta hadisəsi baş verdikdən sonra (19.08.2021-ci tarixdə) avtomobilinin qabaq hissəsinin yatmış vəziyyətdə olması və belə halda avtomobilin idarə olunmasının təhlükəli olmasi idi. "xxxx" ASC tərəfindən sığorta hadisəsi baş verməsi qəbul edilərək və bu hal müvafiq qaydada qeydiyyatdan kecirildikdən sonra, onun tərəfindən "xxxx" ASC-nin tələbi ilə 100 manat franşiza məbləği ödənilmiş (odənişi təsdiq edən sənəd əlavə olunur) və bundan sonra "xxxx" ASC avtomobilin təmirinə razılıq verilmişdir. Servis tərəfindən avtomobilin təmirinə başlanılarkən ona bildirilmişdir ki, "xxxx" ASC-yə məlumat verilmişdir ki, avtomobilin qabaq alt hissəsinə ziyan dəyib və qabaq alt hissəsində 8-9 ədəd ehtiyat hissəsi yenisi ilə əvəz olunmalıdır. Lakin, "xxxx" ASC tərəfindən Servisə göstəriş verilmişdir ki, avtomobilə istifadə olunmuş ehtiyyat hissələri quraşdırılsın. (“Avtomobil ölüxanası”-da istifadəyə yararsız avtomobillərin üzərində olan ehtiyyat hissələri). Halbuki, bu barədə ona məlumat verilməmişdir. Avtomobilinə istifadə olunmuş (Servis tərəfindən sonradan ona bildirilmişdir ki, həmin ehtiyyat hissələri “avtomobil ölüxanası”-da olan istifadəyə yararsız avtomobillərin üzərində olmuşdur) istifadəyə yararsız ehtiyat hissələri quraşdırıldıqdan sonra, ona xəbər verildi ki, avtomobilini 02.09.2021-ci il tarixdə təhvil ala bilər. 02.09.2021-ci il tarixdə avtomobilini təhvil alan zaman, aşkar etmişdir ki, onun avtomobilinə istifadə olunmuş ehtiyyat hissələri belə deyil, istifadəyə yararsız və mənşəyi bilinməyən ehtiyyat hissələri quraşdırılmışdır. Belə ki, həmin ehtiyyat hissələri avtomobil ölüxanasından istifadəyə yararsız avtomobillərin üzərindən çıxarılmış ehtiyyat hissələri olmuşdur. Həmin ehtiyyat hissələrinin alınması barədə qəbzlər və mənşəyini təsdiq edən sənədlər ona təqdim edilməmişdir. Buna görə də, avtomobilini bu vəziyyətdə təhvil almaqdan imtina etmişdir. Belə ki, istifadəyə yararsız avtomobillər texniki vəziyyətinə görə, yararsız olduğundan onların üzərindən çıxarılmış və onun avtomobilinə quraşdırılmış istifadəyə yararsız ehtiyyat hissələri ilə avtomobili idarə etmək onun və ətrafda olan insanların həyatına təhlükə yarada bilərdi, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilərdi. O, "xxxx" ASC-yə zəng edərək, bu barədə öz etirazlarını bildirmişdir. "xxxx" ASC tərəfindən ona bildirildi ki, 03.09.2021-ci il tarixdə şirkətin eksperti (halbuki, şirkətin ekspertiza fəaliyyəti göstərmək səlahiyyəti yoxdur, qanunvericilikdə bu təsbit edilməmişdir) gəlib, ehtiyyat hissələrinə baxış keçirəcək və nasazlıq aşkarlandığı halda yenisi ilə əvəz olunacaq. Bununla bağlı 03.09.2021-ci il tarixdə səhər saat 10:00 radələrində Servisə gələrkən müəyyən oldu ki, avtomoblə "xxxx" ASC-nin gostərişi ilə quraşdırılan istifadə edilmiş (“Avtomobil ölüxanası”da istifadəyə yararsız avtomobillərin üzərində olan ehtiyyat hissələri) amortizatorlar avtomobil dayanan yerdə xarab olmuş və avtomobil təmirdən əvvəlki kimi qabaq hissəsi yatmış vəziyyətdə dayanıb. İki saat ərzində "xxxx" ASC ilə mobil telefon ilə 7 dəfə əlaqə saxlamışdır ki, ekspertizanın aparılması saat neçəyə təyin edilib. Bundan sonra, Servis tərəfindən ona bildirildi ki, "xxxx" ASC tərəfindən saat 13:00 radələrində Servisin müdiriyyətinə göstəriş verilmişdir ki, sığortadan imtina edilib. Buna görə də, Servis avtomobilinin üzərinə quraşdırılan ehtiyyat hissələrini (“Avtomobil ölüxanası”-da istifadəyə yararsız avtomobillərin üzərində olan ehtiyyat hissələri) çıxararaq, avtomobilinə əvvəlki, öz üzərində olan ehtiyyat hissələrini quraşdırdı. Həmin ehtiyyat hissələrinin avtomobilindən çıxarılması və əvvəlki ehtiyyat hissələrinin quraşdırılması Servisə əvvəlcədən bildirilməklə, tərəfindən aparılan video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Servisin müdiriyyət tərəfindən ona şifahi formada bildirilən imtina rəsmi qaydada bu günə qədər təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, yuxarıda göstərilən hallar, yəni, avtomobilini təmirə göndərməklə, eləcə də avtomobilinə istifadəyə yararsız avtomobil ölüxanasında olan avtomobillərin üzərindən çıxarılaraq, avtomobilinə istifadəyə yararsız ehtiyyat hissələrinin quraşdırılması ilə "xxxx" ASC sığorta hadisəsinin baş verməsini qəbul etmişdir. Bundan sonra o Servis mərkəzinə və "xxxx" ASC-yə məktubla müraciət edərək, avtomobilinə “Avtomobil ölüxanası”-da istifadəyə yararsız avtomobillərin üzərində olan ehtiyyat hissələrinin deyil, normal vəziyyətdə olan, istifadəyə yararlı və mənşəyi müəyyən edilən (alınma mağazası müəyyən olan) ehtiyyat hissələrinin quraşdırılmasını xahiş etmişdir. Müraciətlərinə cavab verilmədiyindən "xxxx" ASC-yə 04.10.2021-ci il tarixdə pretenziya məktubu təqdim etdi (əlbəəl qəbul edilmişdir) və bildirişin icra edilməsinə 5 gün müddət müəyyən edilmişdir. Sonda "xxxx" ASC tərəfindən ona məktub göndərilmiş və baş vermiş sığorta hadisəsi barədə “Müvafiq dövlət orqanına sorğu verilməsi” bildirilmişdir. Halbuki, hansı orqana müraciət edilməsi və nə səbəbə müraciət edilməsi bildirilməmişdir. O dəfələrlə "xxxx" ASC-yə sığorta hadisəsi zamanı yol-nəqliyyat hadisəsi olmadığından Polis orqanlarına müraciət etmədiyini bildirmişdi. Belə ki, kasko sığorta qaydasında sığorta hadisəsi barədə yol-nəqliyyat hadisəsi olmadıqda Polis orqanlarına müraciət edilməsi qanunvericilikdə "Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nda nəzərdə tutulmamışdır. Bundan əlavə avtomobilinə dəymiş ziyanın müəyyən edilməsi üçün o "Əmlak Ekspert Mərkəzi” MMC-yə müraciət etmişdir. MMC-nin ƏEM/S 15-866/21 saylı 06.09.2021-ci il tarixli ekspert rəyinə əsasən, mülkiyyətində olan "Mercedes-Benz GL 500”, **-KG-*** dovlət qeyydiyat nişanlı avtomobilə 14580 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. 10.09.2021-ci il tarixdə "Mercedes-Benz GL 500”, **-KG-*** dovlət qeyydiyat nişanlı avtomobilini Servis mərkəzindən evakuatorla götürərək, bağ evinə gətirmişdir. Həmin vaxtdan etibarən avtomobil istifadəsiz vəziyyətdə qalmaqla yararsız vəziyyətə düşür. Bununla da avtomobilinin digər ehtiyyat hissələri sıradan çıxır. Belə ki, avtomobilin radiatoru, patrubkaları, pompası, mühərrikin sepləri və tarımladıcıları, yağ nasosu, arxa amartizatorlar, sükan idarəetmə kolonu, akumlyator, mühərrikin turboları, qabaq ön təkərlər və ön sağ və sol qranatlar yararsız hala düşmüşdür. Qeyd olunan ehtiyyat hissələrinin dəyəri müəyyən edilməlidir. Belə olan halda, məhkəmə əmətəəşünaslıq ekspertizasının təyin edilməsi zərurəti yaranır. Bundan başqa o avtomobilsiz qaldığından, stress və əsəb çəkdiyindən ona 5.000 manat mənəvi ziyan vurulmuşdur. Eyni zamanda ödədiyi vəkil xərci 100 manat və dövlət rüsumu 150 manatın cavadehdən tutularaq, ona ödənilməlidir. Sığorta hadisəsinin 19.08.2021-ci il tarixdə baş verməsini nəzərə alsaq, həmin tarixdən etibarən ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində cərimə hesablanmalı və ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın rədd edilməsini xahiş edərək bildirmişdir ki, sözügedən avtonəqiiyvat vasitəsinin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmamışdır. Halbuki sığortalı sığorta hadisəsinin baş verməsi barədə dərhal və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına məlumat verməli idi. Bununla da sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmuşdur. Bundan başqa baş vermiş hadisəni sığorta hadisəsi kimi əvvəllər qəbul etsələr də, hazırda bu məsələni ətraflı şəkildə araşdırdıqdan sonra hadisənin sığorta təminatı altına düşmədiyini qeyd edirlər. Məhkəmə iclasında ekspert qismində iştirak edən X5 izahat verərək bildirmişdir ki, mübahisəli maşınla bağlı olan qüsur aktlarının tarixləri ilə maşının buraxılış ili üzrə metodika ilə hesablanır. Onun öz vəsatəti əsasında yenidən başqa bir təşkilat tərəfindən verilən qüsur aktı təqdim edilmişdir. Həmin qüsur aktlarına əsasən köhnəlmə faizi tətbiq edilməklə avtomobilə hadisə nəticəsində dəymiş zərərin və avtomobilin dayanıqlı vəziyyətdə qalması nəticəsində dəymiş zərərin məbləği hesablanmışdır. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. AD seriyalı, 261986 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-KG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GL 500” minik markalı avtomobilin sahibi İddiaçıdur. Fiziki şəxslərə təqdim edilən “X1 Tam Sığorta Şəhadətnaməsi”-nin surətindən görünür ki, İddiaçı məxsus olan **-KG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GL 500” minik markalı avtomobil "xxxx" ASC tərəfindən 23.06.2021-ci il tarixindən 22.06.2022ci il tarixinə kimi 80.000 manat məbləğində tam sığorta olunmuşdur. Sığorta riskləri avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşya, üçüncü şəxsin qanunzidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkətləri, təbii fəlakətlərdən ibarətdir. İddiaçı "xxxx" ASC-yə ünvanladığı 19.08.2021-ci il tarixli ərizənin surətindən görünür ki, "xxxx" ASC-də sığortalanmış "Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobil 19.08.2021-ci il tarixdə Bilgəhdə “Yaşıl Abadlıq” restornanın qarşısında sığorta hadisəsinə uğramışdır. Bu hadisə ilə əlaqədar müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Mövcud şəhadətnamədə göstərilən risklər üzrə mənafelərini heç bir başqa sığotaçıda sığortaladırmamış və baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı ona aid olan sığorta sirri hesab edilən məlumatların üçüncü şəxslərə ötürülməsinə etiraz etmədiyini bildirmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 03.09.2021-ci il tarixli qüsur aktından görünür ki, 2013-cü il buraxılışlı “Mercedes Benz GL 500” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin ön alt saçka sağ, ön alt saçka sol, ön saffa sol, ön saffa sağ, ön stupitsiya sağ, ön stupitsiya sol, ön sol armatizator, ön sağ armatizator, sipər sağ, sipər sol zədələndiyi müəyyən edilmişdir. 12297 saylı, 01.09.2021-ci il tarixli E-Manat qəbzindən görünür ki, 100 manat məbləğində pul "xxxx" ASC-nin hesabına köçürülmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş 06.09.2021-ci il tarixli avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, 2013-cü il buraxılışlı “Mercedes Benz GL 500” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 14580,0 manat (14.080 manat ehtiyyat hissələri + 500 manat təmir xərci) məbləğində olduğu müəyyən edilmişdir. Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin "xxxx" ASC-nin 20.09.2021-ci il tarixli sorğu məktubuna 30.09.2021-ci il tarixli cavabının surətindən görünür ki, 19.08.2021-ci il tarixdə “Mersedes” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş YNH-si barədə Sabunçu RPİ DYPŞ-də heç bir məlumat yoxdur və Sabunçu RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən faktla bağlı heç bir qeydiyat aparılmamışdır. Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin "xxxx" ASC-nin 20.09.2021-ci il tarixli sorğu məktubuna 15.10.2021-ci il tarixli cavabının surətindən görünür ki, 19.08.2021-ci il tarixdə “Mersedes” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş YNH-si barədə Xəzər RPİ DYPŞ-də heç bir araşdırma aparılmamış, şöbənin icraatında araşdırma materialı olmamışdır. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış 02.11.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Xəzər RPİ-nin və Sabunçu RPİ-nin təqdim etdiyi sənədlərdən aydın olmuşdur ki, sözügedən avtonəqiiyyat vasitəsinin iştirakı ilə heç bir yol-nəqliyyat hadisəsinin qeydə alınmadığı bildirilmişdir. AR Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İ-MİC-1421/21 saylı sığorta müqaviləsi “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə" sığorta qaydalarının şərtləri əsasında bağlanmışdır və baş verə biləcək bütün hadisələr həmin qaydalar əsasında tənzimlənir. Həmin qaydaların 23.1.2-ci maddəsinə əsasən bu qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində, yəni hadisə barədə sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verilməməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda sığorta ödənişinin verilməsindən imtina edir. AR Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması səbəbindən "xxxx" ASC-nin 19 avqust 2021-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır. “X6" MMC-nin 27.01.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, 2013-cü il buraxılışlı “Mersedes Benz GL 500” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5888,12 manat məbləğində olduğu (dəyişilməli hissələrin dəyəri 3115,87 manat + təmir işlərinin dəyəri - 2772,25 manat) müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.02.2022-ci il tarixli, 09/9001-8/3212 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx"nin qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 14580,0 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 14080,0 manat; təmir- bərpa işlərinin qiyməti - 500,0 manat. Nəzəri hesablama yolu ilə, "xxxx"nin qiymətləndirmə aktındakı melumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11535,0 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti - 11035,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 500,0 manat. Nəzəri hesablama yolu ile, “X6" MMC-nin 27.01.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5315,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3115,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 2200,0 manat. Nəzəri hesablama yolu ilə, “X6“ MMC-nin 27.01.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mersedes Benz GL 500” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 4641,0 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti – 2441,0 manat. Təmir- bərpa işlərinin qiyməti -2200,0 manat. İşin mübahisələndirilməyən hallarından görünür ki, 24.05.2021-ci il tarixli İ-MİC- 1421/21 saylı “X1 Tam Sığorta Şəhadətnaməsi”-nə əsasən iddiaçıya məxsus "Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 23.06.2021-ci il 00:00-dan 23.06.2022-ci il saat 23:59-dək olan müddət üçün 80.000 manat məbləğində sığortalanmışdır. Şəhadətnaməyə əsasən şərtsiz azadolma məbləği 100 manat məbləğində müəyyən edilmiş, avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşya, üçüncü şəxsin qanunzidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkətləri, təbii fəlakətlər sığorta təminatlarına aid edilmişdir. İddiaçı 19.08.2021-ci il tarixdə "xxxx" ASC-yə müraciət edərək baş vermiş avtonəqliyyat hadisəsini təsvir etmiş, avtomobilin "xxxx" ASC tərəfindən təmir edilməsinə razılıq vermiş, tərəfindən 100 manat məbləğində azadolma məbləği ödənilmişdir. Hazırda avtomobilin keyfiyyətsiz təmir olunmasından narazı qalan iddiaçı məhkəməyə müraciət edərək sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin tam ödənilməsini xahiş edir, cavabdeh isə sığortalının səlahiyyətli dövlət orqanlarına müraciət etməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğuna istinad edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 923.1 və 923.2-ci maddələrinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Bu Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə cavabdeh tərəfin iddianın rədd olunması üçün irəli sürdüyü dəlil ilə əlaqədar yuxarıda sadalanan qanunvericilik normalarına istinadən qeyd edir ki, iddiaçının avtonəqliyyat hadisəsi barədə müvafiq dövlət orqanına məlumat verməməsi cavabdehi müvafiq quruma məlumat vermək vəzifəsindən azad etmirdi. Cavabdehin bu vəzifəsi Mülki Məcəllənin 923.2-ci maddəsinin göstərişindən irəli gəlir. Həmin maddəyə görə sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. İddiaçı sığorta hadisəsinin baş verməsi barədə cavabdehi (sığortaçını) məlumatlandırmış, lakin cavabdeh müvafiq quruma məlumat verməmişdir. Məhkəmə cavabdehin bu hala istinad etməsinin ağlabatan olmadığı qənaətini həm də onunla əsaslandırır ki, cavabdeh tərəfindən iddiaçının avtonəqliyyat hadisəsi barədə müvafiq məlumatı verməsindən dərhal sonra ondan sığorta hadisəsi nəticəsində dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsinin (azadolma hissəsinin) ödənilməsi, avtomobilin müvafiq təmirxanaya təqdim edilməsi xahiş edilmişdir. Mülki Məcəllənin 921.1-ci və 922.2-ci maddələrinə əsasən sığorta hadisəsinin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan halın olması müəyyən edilir. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 43-cü bəndinin tələblərinə görə yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisə yol-nəqliyyat hadisəsi sayılır. İddiaçının avtonəqliyyat hadisəsi barədə müvafiq dövlət orqanına məlumat verməməsinin cavabdehi sığorta ödənişini ödəmək vəzifəsindən azad etməməsi nəticəsinə gəlindiyindən məhkəmə hesab edir ki, hazırda məhkəmə araşdırması predmeti olan hallar hadisənin sığorta hadisəsi olub-olmaması məsələsi təşkil edir. Beləliklə tərəflər arasında bağlanmış əmlakın sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olduğundan və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəydiyindən, mübahisəyə səbəb olan hadisənin sığorta müqaviləsində nəzərdə tutulduğundan və bununla da sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yarandığından hazırki iddia təmin edilməlidir. Belə ki, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Baxılan iş üzrə tərəflər arasında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsindən görünür ki, sığorta riskləri bölməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (avtonəqliyyat hadisəsi) baş verdiyindən və bunun nəticəsində iddiaçı maddi zərər çəkdiyindən, o, hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.02.2022-ci il tarixli, 09/9001-8/3212 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx"nin qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11535,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə, “X6“ MMC-nin 27.01.2022-ci il tarixli qüsur aktındakı melumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mersedes Benz GL 500” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 4.641,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı məxsus “Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 11.535,0 manat məbləğdə müəyyən edildiyindən iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən İddiaçı xeyrinə sığorta ödənişi qismində 11.535,0 manat məbləğində pul tutulmalıdır. Belə ki, avtomobilin təmirbərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddianın istifadəsiz vəziyyətdə qalması nəticəsində avtomobilə dəymiş zərər ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus “Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin sığorta hadisəsinin baş verməsinə baxmayaraq sığorta ödənişini ödəmək üzrə vəzifəsini vaxtında icra etmədiyi üçün avtomobildə hal-hazıradək istismar olunmadan (sürülmədən) saxlanılması ilə əlaqədar yaranan defektlərin bərpa edilməsi üçün 4.641,0 manat məbləğində vəsaitin xərclənməsinin lazim olacağı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.02.2022-ci il tarixli, 09/9001-8/3212 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir. Məhkəmə iddiaçıya dəymiş maddi zərərə görə göstərilən məbləğdə pulun cavabdehdən İddiaçı xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Belə ki, zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi, həmçinin zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir dəbbə pulunun miqdarının 100 manat məbləğində təmin olunması ədalətli və ağlabatandır. İddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçının sığorta ödənişinin vaxtında həyata keçirilməməsi nəticəsində mənəvi zərər çəkməsi şübhəsizdir və məhkəmə, iddiaçıya dəymiş mənəvi zərəri 100 manat məbləğində qiymətləndirir. Beləliklə məhkəmə gəldiyi qənaətin əsaslarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişi kimi 11.535 manat, dəymiş maddi zərər kimi 4.641 manat, mənəvi zərər kimi 100 manat, ödənilməmiş dəbbə pulu kimi 100 manat, cəmi 16.376 manat cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 150 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İddia tələblərinin 50%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. İddiaçı hüquqi yardıma görə 100 manat məbləğində xərc çəkdiyini iddia etmiş, bununla bağlı da maliyyə sənədinin surətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının qəbzin əslini təqdim etmədiyinə, bununla da onun iddianın bu hissəsinin sübut edilməsi üçün qeyri-mötəbər sübuta istindad etdiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci kimi yalnız iddia ərizəsinin verilməsi üçün ödənilən dövlət rüsumu və ekspertiza xərci nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişi kimi 11.535 manat, dəymiş maddi zərər kimi 4.641 manat, mənəvi zərər kimi 100 manat, ödənilməmiş dəbbə pulu kimi 100 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manatın 75 manatı, cəmi 16.451 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-631/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-631/2022
25.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver