Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6559/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, Bakı şəhəri 42 saylı notariat ofisinə və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 8İ-1680 reyestr nömrəli icra qeydi və Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8i-6567 reyestr nömrəli icra qeydi ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Əvvəla, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsində Cavabdeh ASC cavabdeh kimi göstərilsə də, ona qarşı yönələn tələbin nədən ibarət olması müəyyən deyildir. Qeyd edilməlidir ki, icra qeydinin mübahisələndirilməsi zamanı iddiaya cavab verməli olan şəxs bank deyil, müvafiq icra qeydini vermiş notariat ofisi çıxış edir. Həmin işlərdə bank üçüncü şəxs qismində işə cəlb edilir. Verilmiş iddia ərizəsindən görünür ki, hazırkı tələb Bakı şəhəri 42 saylı və Bakı şəhəri 23 saylı notariat ofislərinə qarşı icra qeydlərinin ləğvi barədədir. Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən borclu İddiaçı, Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən isə borclu "xxxx" MMC-dir. Məhkəmə qeyd edir ki, icra qeydinin ləğvi tələbi üzrə iddiaya cavab verməli olan şəxs müvafiq qeydi verən notariat ofisi olduğundan, iddiaçıya izah edilir ki, hər bir icra qeydini verən notariat ofisini ayrı-ayrılıqda cavabdeh qismində göstərməklə, hər bir icra qeydi üzrə borclu yalnız özünə aid olan icra qeydini ayrı-ayrı icraatda mübahisələndirmək hüququna malikdir. Mülki-prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı tərəfindən cavabdehlərə qarşı hər birinə münasibətdə irəli sürülən tələblər barəsində ayrı-ayrılıqda iddia qaldırılmaqla məhkəməyə müraciət edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda iki müxtəlif notariat ofisi tərəfindən fərqli borclulara münasibətdə verilmiş icra qeydlərinin bir icraatda mübahisələndirilməsi həmin tələblərə birlikdə baxılmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aiddiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən (“Asan Pay" ödəniş portalı, mədaxil qəbzi **********07, tarix: 18.12.25, saat: 15:21:34) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, Bakı şəhəri 42 saylı notariat ofisinə və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. İddiaçı tərəfindən (“Asan Pay" ödəniş portalı, mədaxil qəbzi **********07, tarix: 18.12.25, saat: 15:21:34) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-6559/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6559/2025
22.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver