Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-662/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X5 və X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyan üçün 700 manat geri dönüş biletinin pulu, həmçinin hüquqi xərclər (dövlət rüsumu - 46 manat, vəkil xərcləri - 320 manat, etibarnamə - 20 manat və sənədlərin notarial qaydada təsdiqlənməsi - 20 manat) üçün 1.150 manat pul vəsaiti və mənəvi ziyan üçün 1.500 manat pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə X2 şəhərinə səyahət etmək üçün "xxxx" QSC-dən dəyəri 1.382,28 manat olan **********838 nömrəli bilet almışdır. Bilet əldə olunarkən iddiaçının əsas məqsədi məhz AZAL-ın pilotlarının idarə etdiyi təyyarələrlə səyahət etmək olmuşdur. Çünki, iddiaçı digər hava yolu şirkətləri ilə müqayisədə AZAL-ın daha təhlükəsiz və rahat uçuş həyata keçirdiyi qənaətindədir. İddiaçı xx.xx.2024-cü il tarixdən Bakıdan İzmirə biletdə də qeyd olunduğu kimi AZAL-a məxsus təyyarə və AZAL-ın əməkdaşlıq etdiyi peşəkar pilot heyəti ilə İzmir şəhərinə təhlükəsiz eniş etmiş, uçuşdan və göstərilən xidmətdən qismən razı qalmışdır. Lakin, xx.xx.2024-cü il tarixdə İzmirdən Bakıya qayıdarkən o, təyyarəyə minəndən sonra Bakıya AZAL-a məxsus təyyarə ilə yox, Litva dövlətinə məxsus (sonradan araşdırma nəticəsində məlum olmuşdur) Heston Airlines şirkətinə məxsus təyyarə ilə dönəcəyini öyrənmişdir. Həm yüksəkilik qorxusunun olması, həm bu uçuşun niyə AZAL ilə yox, digər hava yolu şirkəti ilə həyata keçirilməsi barədə əvvəlcədən məlumatlandırılmaması iddiaçıda ümumi əsəb gərginliyi yaratmış, təyyarədə daxili xidmətin isə istənilən keyfiyyətdə olmaması stress keçirməsinə səbəb olmuşdur. Təbii ki, müştəri kimi göstərilən xidmətdən narazı qalan iddiaçı öz etirazını AZAL-a rəsmi şəkildə elektron müraciət etməklə bildirmişdir. Lakin, AZAL bu etirazı şirkət kimi müştərilərlə bağlı gələcək fəaliyyətlərində səmərəli keyfiyyətə nəzarət sisteminin yaradılması üçün göstərilənlərin nəzərə alınacağını bildirməklə kifayətlənmişdir. Hesab edir şirkətin bu cür aldatma metodundan istifadə etməklə müştəri məmnuniyyətinin itirilməsinə səbəb olan halı sadəcə üzrxahlıq etməklə gələcək fəaliyyətlərində bu narazılığın olmaması üçün çalışacaqlarına işarə edən anlayış göstərməsi iddiaçı tərəfindən müsbət qarşılansa da, mövcud problemin bu cür yoluna qoyulması üçün əsas ola bilməz. Çünki, məhkəməyə müraciət etməzdən əvvəl AZAL-a göndərilən elektron müraciətdə iddiaçı aldadıldığı və uçuşdan narazı qaldığı üçün geri dönüş pulunun geri qaytarılmasını tələb etmişdir. AZAL isə iddiaçının pulunu qaytarmamış və yuxarıda qeyd olunan məzmunda üzrxahlıq ifadə etmişdir. İddiaçının məhkəməyə təqdim edəcəyi sənədlərdən də göründüyü ki, Litva dövlətinə məxsus (sonradan araşdırma nəticəsində məlum olmuşdur) Heston Airlines aviaşirkətinə məxsus təyyarə və orada olan heyətlə Bakıya uçuş etməsi işin mübahisəsiz halıdır. Bu hal AZAL tərəfindən iddiaçının müraciətinə verilmiş cavab məktubları ilə də öz təsdiqini tapır. Aldadılmağı, pulunun geri qaytarılmaması və sərnişinə bu cür laqeyd münasibət iddiaçıda ümumi əsəb gərginliyi yaratmışdır. Bu səbəbdən, iddiaçı hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, bu qüsur səbəbindən ona maddi və mənəvi ziyan dəymişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasının İzmir şəhərindən Bakıya Litva Respublikasının «Heston Airlines» şirkətinə məxsus təyyarə ilə uçuş etmişdir. Nəticədə o, uçuşun "xxxx" ilə yox, digər hava yolu şirkəti ilə həyata keçirilməsi barədə əvvəlcədən məlumatlandırılmaması səbəbindən ümumi əsəb gərginliyi yaşadığını, bununla da "xxxx"nın onu aldatdığını hesab edərək, dəymiş maddi ziyanın əvəzi olaraq 700 manat geri dönüş biletinin pulunun, həmçinin hüquqi xərclər (dövlət rüsumu - 46 manat, vəkil xərcləri - 320 manat, etibarnamə - 20 manat və sənədlərin notarial qaydada təsdiqlənməsi - 20 manat) üçün 1.150 manat və mənəvi ziyan üçün 1.500 manat pul vəsaitinin "xxxx" QSC-dən tutularaq ona ödənilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür (maddə 842.1.). Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır (maddə 842.2.). Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir (maddə 842.3.). Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır (maddə 846.1.). Göründüyü kimi, aviaşirkət sərnişin qarşısında öhdəliyini yerinə yetirmiş, göstərilən marşrut üzrə sərnişinin (iddiaçının) müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun daşınmasını həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası»nın 3.1.7-ci bəndinə əsasən aviaşirkətdən icarəyə götürülmüş hava gəmilərində yerinə yetirilən sərnişin, baqaj və yük daşınması aviaşirkətin (daşıyıcının) qaydaları və hava gəmisinin icarə müqaviləsinin şərtləri ilə tənzimlənir. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən, daşıyıcı hava gəmisinin bir tipini digər tipi ilə əvəz etmək hüququna malikdir. "xxxx" QSC (Lizinq alan) və «Heston Airlines» UAB (Lizinq verən) lizinq müqaviləsi əsasında əməkdaşlıq edir. Beynəlxalq aviasiya hüququnda ACMİ (Aircraft (hava gəmisi), Crew (ekipaj), Maintenance (texniki xidmət) və İnsurance (sığorta)) lizinq müqaviləsi adlı xüsusi bir müqavilə növü vardır, hansında ki hava gəmisi ekipaj ilə birlikdə lizinq verən tərəfindən lizinq alanın istifadəsinə verilir. ACMİ və ya digər adı ilə wet lease, hava yolları arasında bir icarə müqaviləsidir. Bu müqavilə çərçivəsində icarəyə verən hava yolu şirkəti digər hava yolu şirkətinə (icarəçi) təyyarə, heyət, texniki xidmət və sığorta təmin edir, icarəçi isə fəaliyyət göstərən saat başına ödəniş edir. Başqa sözlə, ACMİ bir hava yolunun uçuş əməliyyatını başqa bir hava yoluna həvalə etməsidir. ACMİ, adətən öz donanmasını genişləndirməyə ehtiyac duymadan müvəqqəti olaraq təyyarə tələbatını ödəmək üçün istifadə olunur. Məsələn, bayramlar, yüksək mövsümlər və ya planlaşdırılan texniki xidmət işləri zamanı tətbiq olunur. Burada başlıca məqsəd uçuşların intensivliyini nəzərə alaraq sərnişin məmnuniyyətini artırmaqdır. Heston Airlines, A320 təyyarələri ilə fəaliyyət göstərən və yüksək səviyyəli müştəri xidməti təklif edən İOSA sertifikatlı Avropa aviaşirkətidir. ACMİ müqaviləsinə əsasən, Heston Azərbaycan Hava Yollarının J2 kodu altında uçuşlar həyata keçirir və bütün kommersiya nəzarəti AZAL-a məxsusdur. Azərbaycan Hava Yolları, Heston-un J2 kodu ilə fəaliyyət göstərməsi üçün DMAA-dan bütün lazımi icazələri alıb. ACMİ geniş şəkildə tanınmış bir həll yoludur və bazarda təyyarə çatışmazlığı və təyyarə istehsalçılarının (Boeing və Airbus) çatdırılma gecikmələri səbəbindən qlobal tələbat artmaqdadır. Dünyanın aparıcı hava yolları, o cümlədən X11, Qatar, Qantas, British Airways və s. ən böyük ACMİ müştəriləridir. Ətraflı məlumat üçün əlavə edilmiş fayla baxmaq olar. Bundan əlavə, ekipaja dair bütün tələblərə riaiyət olunmasına (məsələn, lazımi sertifikat və icazələrin olmasına, tibbi müayinə barədə sənədlərin olmasına və s.) AZAL tərəfindən ciddi nəzarət olunur. Yuxarıda da qeyd edildiyi kimi, onlar AZAL adından uçuşlar yerinə yetirirlər. Mənəvi zərərin əsasları, sübutetmə yükü və ölçüsü kifayət qədər həssas məsələdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 3-cü maddəsinə əsasən «Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.» Hazırki tarixədək iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olması və onun mənəvi sarsıntı keçirməsi, bununla da onun sağlamlğının pozulması məhkəmə qarşısında sübut olunmamışdır. Göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin digər nümayəndəsi X5 məhkəmə iclasında M.Qurbanovun izahatına əlavələrinin olmadığını bildirdilər və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Müxtəlif yığımlar qəbzindən görünür ki, sərnişin İddiaçı "xxxx" QSC-dən WEWK8L rezervasiya kodlu bilet əldə etmişdir. Həmin biletdə qeyd olunan məlumatlardan görünür ki, iddiaçı 09 avqust 2024-cü il tarixdə saat 09:25-də (J2 8041, yer/oturacaq 28H) H.Əliyev adına X4 X10 Limanına yola düşmək (gəliş vaxtı 11:45), 17 avqust 2024-cü il tarixdə saat 12:50-də (J2 8042, yer/oturacaq 19H) X10 Limanından H.Əliyev adına X6 yola düşmək (gəliş vaxtı 16:50) hüququ verən bilet əldə etmişdir. Biletin qiyməti vergilərlə birlikdə 1.382,28 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin müvəqqəti uçota alınma haqqında bildirişindən görünür ki, X8 3 Limited, 631799 şirkətinə məxsus, "xxxx" QSC-yə 19 mart 2024-cü il tarixli müqaviləyə əsasən lizinqə verilmiş LY-MHL qeydiyyat nömrəli, 04108 seriya nömrəli, Airbus A320-214 növlü hava gəmisi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən müvəqqəti uçota alınmışdır. - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin müvəqqəti uçota alınma haqqında bildirişindən görünür ki, Heston Airlines, UAB, ********* şirkətinə məxsus, "xxxx" QSC-yə 19 mart 2024-cü il tarixli müqaviləyə əsasən lizinqə verilmiş LY-JAM qeydiyyat nömrəli, 05296 seriya nömrəli, A320-233 növlü hava gəmisi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən müvəqqəti uçota alınmışdır. - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin müvəqqəti uçota alınma haqqında bildirişindən görünür ki, X8 3 Limited, 631799 şirkətinə məxsus, "xxxx" QSC-yə 19 mart 2024-cü il tarixli müqaviləyə əsasən lizinqə verilmiş LY-PNG qeydiyyat nömrəli, 04075 seriya nömrəli, Airbus A320-214 növlü hava gəmisi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən müvəqqəti uçota alınmışdır. - İddiaçının cavabdehə ünvanladığı məktubdan görünür ki, iddiaçı subyektiv olaraq iradlarını cavabdehə ünvanlamış, cavabdeh isə müştəri məmnuniyyətinin təmin edilməsi baxımından iddiaçıya nəzakətli şəkildə cavab məktubu göndərmişdir. İddiaçı cavabdan məmnun olmamış, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uçuşun təmin və təşkili ilə bağlı ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdeh tərəfin təqdim etdiyi etirazda istinad edilən qanunvericiliyin tələbləri baxımından iddiaçının tələbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Mülki Məcəllənin 842.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. Mülki Məcəllənin 846.1-ci maddəsinə əsasən daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası»nın 3.1.7-ci bəndinə əsasən aviaşirkətdən icarəyə götürülmüş hava gəmilərində yerinə yetirilən sərnişin, baqaj və yük daşınması aviaşirkətin (daşıyıcının) qaydaları və hava gəmisinin icarə müqaviləsinin şərtləri ilə tənzimlənir. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən, daşıyıcı hava gəmisinin bir tipini digər tipi ilə əvəz etmək hüququna malikdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh "xxxx" QSC (Lizinq alan) və «Heston Airlines» UAB (Lizinq verən) lizinq müqaviləsi əsasında əməkdaşlıq edir. Beynəlxalq aviasiya hüququnda ACMİ (Aircraft (hava gəmisi), Crew (ekipaj), Maintenance (texniki xidmət) və İnsurance (sığorta)) lizinq müqaviləsi adlı xüsusi bir müqavilə növüdür, hansı ki, hava gəmisi ekipaj ilə birlikdə lizinq verən tərəfindən lizinq alanın istifadəsinə verilir. ACMİ və ya digər adı ilə “wet lease”, hava yolları arasında bir icarə müqaviləsidir. Həmin müqavilə çərçivəsində icarəyə verən hava yolu şirkəti digər hava yolu şirkətinə (icarəçi) təyyarə, heyət, texniki xidmət və sığorta təmin edir, icarəçi isə fəaliyyət göstərən saat başına ödəniş edir. Bununla da, ACMİ bir hava yolunun uçuş əməliyyatını başqa bir hava yoluna həvalə etmiş olur. ACMİ, adətən öz donanmasını genişləndirməyə ehtiyac duymadan müvəqqəti olaraq təyyarə tələbatını ödəmək üçün istifadə olunan bir lizinq növüdür. Qeyd edildiyi kimi, bayramlar, yüksək mövsümlər və ya planlaşdırılan texniki xidmət işləri zamanı tətbiq olunur. Burada başlıca məqsəd uçuşların intensivliyini nəzərə alaraq sərnişin məmnuniyyətini artırmaqdır. Heston Airlines, A320 təyyarələri ilə fəaliyyət göstərən və İOSA sertifikatlı Avropa aviaşirkətidir. Göründüyü kimi, ACMİ müqaviləsinə əsasən, Heston Azərbaycan Hava Yollarının J2 kodu altında uçuşlar həyata keçirir və bütün kommersiya nəzarəti AZAL-a məxsusdur. Azərbaycan Hava Yolları, Heston-un J2 kodu ilə fəaliyyət göstərməsi üçün DMAA-dan bütün lazımi icazələri də almışdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı "xxxx" QSC-yə müraciət edərək, bilet almış, aldığı bilet üzrə cavabdehin istifadəsində olan hava gəmilərindən istifadə etmiş, təyinat nöqtələrinə çatdırılmışdır. İddiaçı təyyarəni idarə edən pilotların "xxxx" QSC-nin pilotları olmadığını, yeməyin vaxtında verilmədiyini, ümumiyyətlə xidmətdən narazı qaldığını bildirsə də, təyyarəni idarə edən pilotlar "xxxx" QSC-nin tələblərinə cavab verən yüksək peşəkar və bacarıq sahibi olan pilotlar olmuş, digər xidmətlərin isə keyfiyyətsiz, qeyriqənaətbəxş olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, irəli sürülmüş tələblədən biri də mənəvi ziyanın ödənilməsi barədədir. Lakin qeyd edilməlidir ki, iddia tələbi maddi ziyan hissəsində yuxarıda sadalanmış olan hallara görə öz təsdiqini tapmadığı kimi, mənəvi ziyan tələbi hissəsində də sübuta yetirilməmişdir. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-662/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-662/2025
14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver