Məhkəmə qərarları › İş №e-2(006)-664/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-664/2022

11.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-664/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MTK-ya qarşı «sənədlərin təqdim edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə qarşı «sənədlərin təqdim edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 51 nömrəli sifariş müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində iddiaçının sifarişi əsasında sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi təhvil verilməyi, iddiaçı isə qeyriyaşayış sahəsinin dəyəri olan, ümumilikdə 630.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyri-yaşayış sahəsinin dəyəri olan 630.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş və həmin məbləğin ödənilməsi barədə cavabdeh tərəfindən iddiaçıya maliyyə arayışı verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» xx.xx.2019-cu il tarixli Fərmanını nəzərə alaraq Cavabdeh1 MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının xx.xx.2019-cu il tarixli, 170 nömrəli qərarla dövlət tərəfindən istismarına icazə verilmişdir. Cavabdeh1 MMC-nin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olsa da, qanunvericilikdə sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması proseduru mənzil tikinti kooperativlərindən alınmış mənzillərdən fərqli olsa da, habelə binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» xx.xx.2019-cu il tarixli Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğuna nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə (qeyri-yaşayış sahələrinə) MTK-larda olduğu kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Bu barədə məlumat Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi internet səhifəsində dərc edilmişdir. Bu səbəbdən də qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş aidiyyəti sənədlərin (ümumi yığıncağın qərarı, protokoldan çıxarış, qeyri-yaşayış sahəsinin layihə-planı, tikinti obyektinin istismarına icazə aktı) Cavabdeh1 MMC tərəfindən iddiaçıya təqdim edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən dəfələrlə Cavabdeh1 MMC-nin rəhbərliyinə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, cavabdeh həmin sənədlərin iddiaçıya təqdim edilməsindən yayınmış və bu halın mövcudluğu iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində İddiaçı sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin (ümumi yığıncağın qərarı, protokoldan çıxarış, qeyri-yaşayış sahəsinin layihə-planı, tikinti obyektinin istismarına icazə aktı) İddiaçı təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət göstərmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5052/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərardad təqdim edilmişdir. Həmin qərardada əsasən mübahisə predmeti olan əmlakın "xxxx" MTK tərəfindən tikildiyi qeyd olunmuşdur və sənədləşdirilmə işləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə barışıq sazişi imzalandığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh1 MMC və "xxxx" MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində İddiaçı sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, onlar qeyd olunan iddiaya münasibətdə subyektiv cavabdeh deyillər. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdeh "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan «İcraçı» qismində Cavabdeh1 MMC ilə «Sifarişçi» qismində İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 51 nömrəli sifariş müqaviləsinin surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə «İcraçı» Cavabdeh1 MMC-nin inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının tərkibində «Sifarişçi» İddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin əsaslı tikintisinin sifariş edilməsindən, «İcraçı» Cavabdeh1 MMC tərəfindən isə həmin qeyri-yaşayış sahəsinin bu müqavilə ilə müəyyən edilmiş şərtlər və müddət daxilində, keyfiyyətlə və qüsursuz tikilib «Sifarişçi» İddiaçı təhvil verilməsindən ibarətdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin predmetində əsaslı tikintisi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsinin ölçüsü 300 kv.m. təşkil edir (maddə 2.2). «İcraçı» Cavabdeh1 MMC tərəfindən tikilərək «Sifarişçi» İddiaçı təhvil veriləcək ümumi sahəsi 300 kv.m.olan yaşayış sahəsinin qiyməti hər kv.m. üçün 2100 manat olmaqla, ümumilikdə 630.000 manat müəyyən edilir (maddə 3.1).

9. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyç arayışının surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 51 saylı sifariş müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə MMC-nin inşa etdiyi yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 300 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin əsaslı tikintisi sifariş edilmişdir. İddiaçı sifarişi müqaviləsinin 3-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyərinin tam hissəsi olaraq Cavabdeh1 MMC-nin xəzinəsinə 630.000 manat ödəmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5052/2017 saylı qərardadın surətindən görünür ki, iddiaçı "xxxx" MTK və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında barışıq sazişi bağlanmış, razılaşmayan əsasən Bakı şəhər İcra Hakimiyyəti 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş üzrə "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinə qarşı «Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın istismara qəbul edilməsi və sənədləşdirilməsi məsələsinin baxılması vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi» iddia tələbini qəbul edilmiş, razılaşmaya əsasən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq istismara qəbul sənədi nəzərə alınmaqla mövcud vəziyyətdə mövcud sənədlər əsasında mənzil və qeyri-yaşayış sahələrinin payçıların adına sənədləşdirilməsi üçün müvafiq işlər görülmüş, Bakı şəhər İcra Hakimiyyəti bu sənədləşməyə etiraz etməmişdir.

11. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinin surətindən görünür ki, həmin MMC-nin nizamnamə kapitalı 20 manat həcmindədir, hər biri 2 manat olmaqla 10 paydan ibarətdir, X1 (təsisçisi) nizamnamə kapitalının 100%-i, 20 manat olan 10 pay pul şəklində ödənilmişdir.

12. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinin surətindən görünür ki, həmin MTK-nın ilkin pay fonlu 20 manat həcmindədir və hər biri 1 manat olmaqla 20 manat paydan ibarətdir, pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimidir: X2 nizamnamə kapitalında 2,25 manat olan, 2,25 pay, 11,25% pul şəklində, X4 nizamnamə kapitalında 2,25 manat olan, 2,25 pay, 11,25% pul şəklində, X3 nizamnamə kapitalında 2,25 manat olan, 2,25 pay, 11,25% pul şəklində, X5 nizamnamə kapitalında 2,25 manat olan, 2,25 pay, 11,25% pul şəklində, Cavabdeh1 MMC nizamnamə kapitalında 11 manat olan, 11 pay, 55% pul şəklində.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 51 nömrəli sifariş müqaviləsinə əsasən Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi girişli, yüksəkmərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində iddiaçının sifarişi əsasında sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi təhvil verilməyi, iddiaçı isə qeyri-yaşayış sahəsinin dəyəri olan, ümumilikdə 630.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyri-yaşayış sahəsinin dəyəri olan 630.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 MMC ödəmiş və bu barədə cavabdeh tərəfindən iddiaçıya maliyyə arayışı verilmişdir. İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilmiş aidiyyəti sənədlərin (ümumi yığıncağın qərarı, protokoldan çıxarış, qeyriyaşayış sahəsinin layihə-planı, tikinti obyektinin istismarına icazə aktı) ona təqdim edilməsi ilə əlaqədar Cavabdeh1 MMC-yə dəfələrlə müraciətlər etmiş, lakin cavabdeh həmin sənədlərin iddiaçıya təqdim edilməsindən yayınmışdır. Bu səbəbdən iddiaçı qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin ona təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

17. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür.

22. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.

23. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

24. Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir.

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

26. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (maddə 113.2.). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (maddə 113.3.)

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsininşərh edilməsinə dair qərarındaki hüquqi mövqeyə görə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

28. Məhkəmə hesab edir ki, bu halda iddiaçıya qeyd olunan sənədlərin verilməməsi, onun həmin əmlakla bağlı rəsmi reyestrdə qeydiyyata alınmamasına görə əmlak üzərində sərəncam vermək hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir ki, buda iddiaçının bir başa mülkiyyət hüquqlarının pozulması deməkdir.

29. Odur ki, iddia tələbi qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin təqdim edilməsi hissəsi əsaslı hesab edilməli və təmin edilməlidir.

30. Məhkəmə iddia tələbinin sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MTK-nın üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.

31. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh1 MMC ilə sifariş müqaviləsi bağlansa da, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5052/2017 saylı qərardadı ilə ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın mənzillərin və qeyri-yaşayış sahələrinin təhvil-təslim verilməsi "xxxx" MTK-yə ötürülməsi müəyyən olunmuşdur. Hazırda İddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni Cavabdeh1 MMC-yə qarşı yönəldiyindən, həmin hüquqi şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz.

32. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

33. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh1 MMC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz.

35. Məhkəmə qeyd edir ki, "xxxx" MTK hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıdığından, iddia tələbi sənədlərin təqdim edilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması hissəsi əsaslı hesab edilməli və təmin edilməlidir.

36. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MTK-ya Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində İddiaçı sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin ümumi yığıncağın qərarın, protokoldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihə-planın, tikinti obyektinin istismarına icazə aktın İddiaçı verilməsi, iddia tələbi Cavabdeh1 MMC-ya qarşı münasibətdə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-ya Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində İddiaçı sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin - ümumi yığıncağın qərarın, protokoldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihə-planın, tikinti obyektinin istismara icazə aktının İddiaçı verilməsi həvalə edilsin. İddia tələbi Cavabdeh1 MMC-ya qarşı münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar