Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6646/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 300 manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İsuzu NPR” markalı, 99JS353 dövlət qeydiyyat nişanlı avtomobil 17.12.2018-ci il tarixli PSS********** №-li “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh 05.10.2019-cu il tarixdə, saat 11:37 radələrində həmin avtomobili Bakı şəhəri, H.B.Əliyev küçəsində idarə edərkən “Toyota Prado” markalı, 99EN525 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Nəsimi rayon DYPŞnin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından, 07.10.2019-cu il tarixli AP0144265 saylı inzibati xəta haqqında protokolundan, 07.10.2019-cu il tarixli, TP3283963 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 2019-cu ilin 05 oktyabr saat 11:37 dəqiqədə H.B.Əliyev küçəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Toyota Prado” markalı, 99EN525 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı ‘icbari sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə cəmiyyəti ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir. 01.11.2019-cu il tarixli, 1-503/19 saylı sığorta ödəniş aktına və 12.11.2019-cu il tarixli **********7 saylı ödəniş tapşırığına əsasən 300 (üç yüz) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 300 (üç yüz) manat məbləği cavabdeh tərəfindən cəmiyyətinə qaytarılmalıdır. Cavabdehə bu barədə pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, 05.10.2019-cu il tarixdə, saat 11:37 radələrində o, “İsuzu NPR” markalı, 99JS353 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, H.B.Əliyev küçəsində “Toyota Prado” markalı, 99EN525 dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Avtomobilə zərər dəymişdir. Lakin zərərin məbləği düzgün müəyyən olunmamışdır. Odur ki, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən görünür ki, İsuzu NPR” markalı, 99JS353 dövlət qeydiyyat nişanlı avtomobil 17.12.2018-ci il tarixli PSS********** №-li “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətində sığortalanmışdır. İş materiallarında olan 07.10.2019-cu il tarixli AP0144265 saylı inzibati xəta haqqında protokolundan görünür ki, 2019-cu ilin 05 oktyabr saat 11:37 dəqiqədə H.B.Əliyev küçəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan 07.10.2019-cu il tarixli, TP3283963 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 01.11.2019-cu il tarixli, 1-503/19 saylı sığorta ödəniş aktından və 12.11.2019-cu il tarixli **********7 saylı ödəniş tapşırığından görünür ki, 300 (üç yüz) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. İş materiallarında olan «Qafkaz Tiçarət» MMÇ-nin Yekun aktından görünür ki, əvəz olunmalı ehtiyyat hissələrinin adı «saq stop» məbləğ 80 manat təşkil edir. Ehtiyyat hissələrin və təmir işlərinin ümumi ƏDV daxil dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 05.10.2019-cu il tarixdə, saat 11:37 radələrində həmin avtomobili Bakı şəhəri, H.B.Əliyev küçəsində idarə edərkən “Toyota Prado” markalı, 99EN525 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. 07.10.2019-cu il tarixli AP0144265 saylı inzibati xəta haqqında protokolu ilə çavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. “Toyota Prado” markalı, 99EN525 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər yoxlama aktına əsasən ehtiyyat hissələrin və təmir işlərinin ümumi ƏDV daxil dəyəri 300 manat təşkil edir. Lakin, işin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, dəymiş zərər 150 manat məbləğində qiymətlədirərək çavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 150 manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 150 manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-6646/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6646/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver